Avropa Şurasında siyasi məhbus problemi və onun həlli yolları

 

Avropa Şurasının müstəqil ekspertlər qrupunun hazırladığı məruzənin təhlili göstərir ki, onlar öz araşdırmaları zamanı siyasi məhbusların mövcud olmasını müəyyən etmək məqsədi ilə heç bir konseptual yaxınlaşmadan istifadə etməmiş və yeni prinsiplər işləyib hazırlamamışlar. Müstəqil ekspertlər Amnesty İnternational təşkilatının istifadə etdiyi meyarlara müraciət edərək bildirmişlər ki, bu təşkilat “siyasi məhbusları” “siyasi motivlərlə cinayət törətmiş şəxslər” kimi müəyyən edir, əslində isə praktikada daha məhdud anlayışdan istifadə etmək olar, belə ki, “siyasi məhbus” anlayışı “siyasi və dini əqidələrinə görə həbs edilmiş insanlara” şamil edilməlidir (məruzənin 7-ci bəndi). Odur ki, müstəqil ekspertlər öz məruzələrində Amnesty İnternational təşkilatının meyarlarından yan keçmiş və Azərbaycanda siyasi məhbusların mövcud olmasını yoxlamaq üçün 1989-1990-cı illədə BMT-nin missiyasının Namibiyada və sonradan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Cənubi Afrika Respublikasında istifadə etdikləri “Nerqard prinsipləri”nə müraciət edərək (məruzənin 5-ci bəndi), bu prinsiplər əsasında hazırlanmış meyarları tətbiq etmişlər. Ekspertlər öz məruzələrində bu ölkələrin hökumətləri siyasi məhbusların mövcudluğunu qəbul etdiklərini qeyd etmişlər. Professor Nerqardın tədqiqatları göstərilmiş ölkələrdə milli barışıq missiyasının tərkib hissəsi idi. Belə ki, həmin dövrdə Namibiya və Cənubi Afrika Respublikasında bu ölkələrin cəmiyyətləri parçalanmış, həmin ərazilərdə milli, irqi zəmində qarşıdurma hökm sürürdü.   Azərbaycanda isə vəziyyət Namibiya və Cənubi Afrika Respublikasından köklü surətdə fərqli olmuş, cəmiyyədə parçalanma olmaması səbəbindən milli barışıq missiyasına da ehtiyac qalmamışdır. Bununla bərabər Azərbaycan hökuməti, Namibiya və Cənubi Afrika Respublikası hökumətlərindən fərqli olaraq, ölkədə siyasi məhbusların mövcudluğunu inkar etmişlər. Odur ki, Avropa Şurası ekspertlərinin və professor Nerqardın missiyaları biri-birindən köklü şəkildə fərqli olmuşdur. Bununla bağlı Avropa Şurası ekspertlərinin hazırladığı məruzənin 24-cü bəndində göstərilir: “Siyasi məhbus məsələsində bu terminin özü belə məhbusların mövcudluğunda ittiham olunan dövlətin daxili işlərinə müdaxilə edilməsini ehtiva edir”. Daha sonra ekspertlər qeyd edirlər ki, onlardan Ermənistan və Azərbaycanla əlaqədar rəy formalaşdırıb, təqdim etmək xahiş edilmişdir. Odur ki, “ekspertlər mövcud faktlara obyektiv baxdılar və ... qiymətləndirici mülahizə irəli sürüb rəy formalaşdırdılar”. Beləliklə, AŞ ekspertlərinin özlərinin etiraf etdiyi kimi onlar mahiyyət etibarı ilə sırf siyasi olan tapşırığı hüquqi anlayışlarla asaslandırmışlar və bu məqsədə nail olmaq üçün əvvəlcədən mülahizələr irəli sürmüş və sonradan isə bu mülahizələr əsasında rəy formalaşdırmışlar. Hesab edirik ki, belə yanaşma heç bir halda obyektiv sayıla bilməz.

Bununla belə, müstəqil ekspertlərin “Nerqard prinsipləri” əsasında hazırladıqları meyarlara əsasən azadlıqdan məhrum edilmiş şəxslər aşağıdakı hallarda “siyasi məhbus” hesab edilməlidirlər (məruzənin 54-cü bəndi):

a) həbs İnsan Hüquqlarına dair Avropa Konvensiyasının və onun Protokolları ilə müəyyən edilmiş əsas zəmanətlərdən birinin, xüsusilə fikir, vicdan və din azadlıqları, ifadə və məlumat azadlığı, toplaşma və birləşmə azadlıqlarını pozmaqla həyata keçirilmişsə;

b) həbs hər hansı qanun pozuntusu ilə əlaqəsi olmadan sırf siyasi səbəblərə görə həyata keçirilmişsə;

c) həbsin müddəti və ya onun şərtləri siyasi motivlərə görə şəxsin günahkar hesab edildiyi və ya şübhəli bilindiyi hüquq pozuntusuna aydın şəkildə mütənasib deyilsə;

d) şəxs digər şəxslərlə müqayisədə siyasi motivlərə görə ayrıseçkiliyə yol verərək həbs edilibsə; və ya

e) həbs tamamilə ədalətsiz keçirilmiş məhkəmə prosesləri nəticəsində və hakimiyyət orqanlarının siyasi motivləri ilə əlaqədar olarsa.

Avropa Şurasının ekspertləri siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün qeyd edilən meyarları təklif etməklə yanaşı, “siyasi məhbus” anlayışının hədsiz dərəcədə qeyri-müəyyənliyi, onun müxtəlif, hətta bir-birinə zidd və qabaqcadan formalaşmış məqsədlərlə münasibliyi səbəbindən heç bir hüquqi məna kəsb etməməsi faktını etiraf etmişlər. Ekspertlər məruzənin 3-cü bəndində bununla bağlı göstərirlər: “Siyasi məhbus” anlayışı formal hüquqi termin deyil. Heç bir beynəlxalq sənəd, heç bir dövlətlərarası və ya qeyri-dövlət təşkilatlarının qərarı ondan aydın tərif verilmiş şəkildə istifadə etmir. Hazırkı tədqiqat göstərir ki, ümumi tərifin verilməsi ağlabatan dərəcədə təsəvvür edilə bilməz; hər şey tərifin xidmət etməli olduğu funksiyadan asılıdır”. Başqa sözlə, təklif edilən “siyasi məhbus” anlayışı əvvəlcədən müəyyən edilmiş məqsədə xidmət etməlidir, yəni hər hansı bir ekspert istənilən ölkədə siyasi məhbusların mütləq şəkildə mövcud olmasını sübuta yetirmək funksiyasını həyata keçirirsə, o göstərilən meyarları tətbiq edərək öz məqsədlərinə nail olacaqdır. Eyni zamanda, digər bir ekspert isə həmin ölkədə heç bir siyasi məhbusun olmadığını sübuta yetirmək funksiyasını yerinə yetirirsə, bu ekspert də göstərilən meyarlardan istifadə edərək öz məqsədlərinə nail olacaqdır. Beləliklə, Avropa Şurası ekspertlərinin təklif etdikləri meyarlar əvvəlcədən müəyyən edilmiş nəticəyə ximət edir ki, bu hər hansı qiymətləndirmədə obyektivlikdən çox uzaqdır və hüquqi baxımdan qəbul edilməzdir.

Məruzədə Avropa Şurasının ekspertləri göstərirlər ki, “siyasi cinayətlər” törədən şəxslər “siyasi məhbus” hesab edilə bilər. Bunun üçün həmin şəxslərin İnsan Hüquqlarına dair Avropa Konvensiyasının tələblərini pozmaqla tutulması və mühakimə edilməsi şərtdir. Digər tərəfdən “siyasi məhbus” və “siyasi cinayət” terminləri arasındakı əlaqənin təhlil edilməsi zərurəti haqqında danışarkən, ekspertlər belə bir əlaqənin mövcud olub olub-olmaması üzərində tərəddüd etmişlər (məruzənin 10-cu bəndi). Bununla yanaşı, ekspertlər məruzənin 16-cı bəndində bir daha vurğulayırlar ki, “siyasi məhbus” anlayışı indiyədək hüquqi təhlilin obyekti olmadığından, o, bütövlükdə müəyyənləşdirilməmişdir.

Avropa Şurası ekspertlərinin “siyasi cinayətlər” törədən şəxslərin “siyasi məhbus” hesab edilə bilməsi ilə bağlı fikirləri öz-özlüyündə təcüb doğurur. Belə ki, ekspertlərin təklif etdiyi meyarlar əsasında Avropa Şurası Azərbaycanda siyasi motivlərlə törətdikləri cinayətlərə görə həbs edilmiş və bəzi QHT-lərin tərtib etdiyi siyahılarda “siyasi məhbus” kimi göstərilmiş bir sıra məhbusların azad edilməsinə təkid etmişdir və Azərbaycan hakimiyyəti vaxtaşırı həmin şəxsləri cəzadan azad emişdir. Lakin bu problem sonradan təlaşlı bir xarakter almış, Azərbaycan cəmiyyəti “siyasi məhbus” kimi azad edilmiş şəxslərin azadlığa çıxdıqdan sonra törətdikləri ağır cinayətlərin şahidi olmuşdur. Nümunə üçün 1997-ci il 9 yanvarda Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə quldurluqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş Vüqar Dadaşovun adını çəkmək olar. Adı çəkilən şəxs Avropa Şurası tərəfindən “siyasi məhbus” kimi tanınmışdır və məhz Avropa Şurasının təkidi ilə “siyasi məhbus” kimi azadlığa çıxarılmışdır. İctimai cəhətdən təhlükəli olan bu şəxs islah yolunu seçməmiş, əksinə azadlıq əldə etdikdən sonra tamahkar məqsədlərə nail olmaq üçün ( 276 ABŞ $ mənfəət əldə etmişdir) ata, ana və kiçik yaşlı uşaqdan ibarət ailənin üzvlərini öldürməklə seriyalı qətllər törətmişdir. Vüqar Dadaşov törətdiyi cinayəti ört-basdır etmək məqsədilə körpə uşağı yandırmışdır ki, bu da ictimaiyyətin sonsuz qəzəbinə tuş gəlmişdi. Bu Avropa Şurasının təkidi ilə “siyasi məhbus” adı altında cəza çəkməkdən azad edilmiş şəxslər tərəfindən törədilmiş yeganə təkrar cinayətlə bağlı hal deyil (N.Əfəndiyev və digərləri buna misal ola bilər).

Digər hallardan birində “siyasi məhbus” siyahısına R.İsmayılov, eyni zamanda Bakıdakı metro stansiyada partlayış törətməklə, terror aktı həyata keçirmiş, 14 yerli sakini qətlə yetirən və 20-dən çox uşağa xətər yetirən şəxslər də daxil edilmişdir. Bakı metropolitenində bomba quraşdırmaqda günahlandırılan və Ali Məhkəmənin qərarı ilə terrorizmdə ittihamlandırılan R.Məsimov da “siyasi məhbus” siyahısına daxil edilmişdir. Onun törətdiyi partlayış nəticəsində 11 nəfər həlak olmuş, 25 nəfər isə ağır bədən xəsarəti almışdır. Məhkəmə müəyyən etmişdir ki, bu qruplar tərəfindən təşkil edilmiş həmin cinayətlər siyasi motivlərlə törədilmişdir və terror aktları kimi təsnif edilmişdir. Bundan başqa, belə faktlar az deyildir.

Beləliklə, qeyd edilən faktlar siyasi cinayətlər, başqa sözlə siyasi motivlərlə cinayətlər törətmiş şəxslərin siyasi məhbus hesab edilməsinini cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu bir daha sübuta yetirir. Bu faktlar həmçinin “siyasi cinayət” və “siyasi məhbus” anlayışı arasında sıx əlaqələrin mövcudluğunda israrlı olmaq, “siyasi cinayət” tərətmiş şəxsləri “siyasi məhbus” hesab etmək istənilən sivil cəmiyyət üçün uzağagedən faciələrlə nəticələnə bilər. “Siyasi cinayətlər” törədən şəxslərin “siyasi məhbus” hesab edilməsi üçün onların İnsan Hüquqlarına dair Avropa Konvensiyasının tələblərini pozmaqla tutulması və mühakimə edilməsi şərtinə gəldikdə isə qeyd etmək lazımdır ki, nə adı çəkilən Konvensiyada, nə də Avropa Şurasının hər hansı bir sənədində belə bir müddəa yoxdur. Odur ki, ekspertlərin bu yanaşması hüquqi nöqteyi-nəzərdən də özünü doğrultmur.

Avropa Şurası ekspertləri düzgün olaraq siyasi fikirlərinə görə mühakimə edilmiş şəxsləri siyasi məhbus hesab edirlər. Lakin onların sonrakı təhlili şübhələr doğurur və hüquqi nöqteyi-nəzərdən düzgün hesab edilə bilməz. Belə ki, məruzənin 28-ci bəndinə əsasən ölkə ərazisinin bir hissəsini dövlətdən ayırmaq, başqa sözlə separatçılıq haqqında səsləndirilən fikirlər də İnsan Hüquqlarının Müdafiəsinə dair Avropa Konvensiyasının 10-cu maddəsilə müdafiə edilir və belə fikirlərin səsləndirən insanların mühakimə edilməsi ədalətsizlikdir. Ekspertlər yazırlar ki, “belə fikirlərə görə cəzalandırma, həmin cəzanın qanunauyğun və zəruri prosessual təminatı gözlənilməklə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci paraqrafı ilə müəyyən edilmiş məqsədlərə uyğun tətbiq edildiyi halda belə, “demokratik cəmiyyətdə zəruri” hal hesab edilə bilməz. Başqa sözlə, belə fikirlərin səsləndirilməsini təqib etmək üçün heç bir “təsirli ictimai ehtiyac” yoxdur. Əgər ifadə azadlığından bu cür istifadə edən şəxs cəza çəkirsə və ya şübhəlinilən şəxs qismində tutulubsa, həmin şəxs siyasi məhbus olacaqdır”. Ekspertlərin qeyd etdikləri “demokratik cəmiyyətdə zəruri” ha və “təsirli ictimai ehtiyac” ifadələrinin nə universal, nə də Ümumavropa anlayışları mövcud deyil. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “təsirli ictimai ehtiyac” ifadəsini konkret ölkədəki real vəziyyətlə əlaqələndirir. Eyni zamanda bununla bağlı qeyd etmək lazımdır ki, dövlət müstəqilliyini bərpa etdiyi andan indiyədək keçən tarix boyu Azərbaycan separatçılıqla mübarizə şəraitində yaşayır. Bu fakt AŞPA-nın 25 yanvar 2005-ci il tarixdə Böyük Britaniyalı deputat David Atkinsonun hazırladığı məruzə əsasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 nömrəli Qətnaməsində də öz təsdiqini tapmışdır. Qətnamədə AŞPA Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təssüfləndiyini bildirərək, yüz minlərlə insanın hələ də köçkün olmasını və acınacaqlı şəraitdə yaşamasını, Azərbaycan ərazisinin əhəmiyyətli hissələrinin hələ də erməni qüvvələri tərəfindən işğal edilməsini və separatçı qüvvələrin hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət etməsini bildirmişdir. Qeyd etmək lazımdır ki, 1988-1994-cü illər ərzində ermənilərdən ibarət qeyri-qanuni silahlı birləşmələr və terrorçu qruplar tərəfindən Azərbaycana qarşı 373 terror aktı törədilmişdir. Separatçılıq məqsədilə etnik zəmində həyata keçirilmiş bu terror akları nəticəsində minlərlə Azərbaycan vətəndaşı öldürülmüş və müxtəlif dərəcəli xəsarət almışdır. Hesab edirik ki, belə bir vəziyyətdə “təsirli ictimai ehtiyac” anlayışının mənası Azərbaycandakı vəziyyətdən tam məlumatı olmayan müstəqil ekspertlər qpupunun rəyi əsasında deyil, Azərbaycan ictimaiyyətinin rəyi əsasında müəyyən edilməlidir.

Avropa Şurasının müstəqil ekspertlərinin hazırladıqları məruzədə diqqəti çəkən məqamlardan biri də sübutetmə vəzifəsinin siyasi məhbusun mövcudluğu güman edilən cavbdeh dövlətin üzərinə qoyulmasıdır. Ekspertlər məruzənin 46-cı bəndində qeyd edirlər ki, siyasi məhbusun mövcudluğu güman edilən “cavabdeh dövlət” sözügedən məhbusların İnsan Hüquqlarına dair Avropa Konvensiyasına uyğun şəkildə həbs edildiyini sübut edə bilməzsə, həmin şəxslər siyasi məhbus hesab edilməlidir. Lakin “sübut etmək vəzifəsi cavbdehin deyil, iddiaçının üzərinə düşür” hüququn təməl prinsiplərindən biridir və müstəqil ekspertlərin yanaşması bu prinsiplə açıq-aşkar ziddiyyət təşkil edir ki, bu Avropa Şurası ekspertlərinin tətbiq etdikləri yanaşmanın qeyri-obyektivliyini bir daha sübuta yetirir.

Nəhayət, Avropa Şurasının müstəqil ekspertlərinin hazırladığı məruzədə diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, məruzədə cinayət törətmiş insanların “siyasi məhbus” hesab edilməsi üçün onların İnsan Hüquqlarına dair Avropa Konvensiyası və onun Protokolları ilə müəyyən edilmiş normalardan birinin pozulması ilə mühakimə edilməsi şərt kimi göstərilir və bu şərt ekspertlərin məruzənin 54-cü bəndində əksini tapmış meyarlardan biri kimi göstərilmişdir. Bununla bağlı, yuxarıda qeyd etdiyimiz kimi, nə Konvensiyada, nə onun Protokollarında, nə də Avropa Şurasının hər hansı bir sənədində müvafiq müddəa yoxdur. Habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bütün üzv dövlətlər üçün presedent xarakteri daşıyan qərarlarında belə pozuntular ilə mühakimə edilmiş şəxsləri “siyasi məhbus” adlandırmır və bu Məhkəmə öz fəaliyyətində ümumiyyətlə “siyasi məhbus” anlayışından istifadə etmir. Bu isə, zənnimizcə, həmin anlayışın hüquqi təbiətinin qeyri-müəyyənliyi ilə bağlıdır. Belə bir hal isə bir daha Avropa Şurası çərçivəsində bu və ya digər məhkum edilmiş şəxsin “siyasi məhbus” kimi qiymətləndirilməsinin heç bir hüquqi mexanizmlərinin olmamasından xəbər verir. Onda belə bir məntiqi sual ortaya çıxır: Avropa Şurası çərçivəsində İnsan Hüquqlarına dair Avropa Konvensiyası və onun Protokolları ilə müəyyən edilmiş normalardan birinin pozulması ilə mühakimə edilmiş şəxslərin “siyasi məhbus” hesab edilməsi haqqında qərar qəbul etmək səlahiyyəti bu təşkilatın hansı qurumuna və ya kimə məxsusdur? Bu adi sual deyildir. Belə ki, üzv ölkələrdə həbsdə olan şəxslər milli məhkəmələrin qərarlarına əsasən mühakimə edilmişlər. Milli qanunvericiliyə əsasən məhkəmələrin qərarlarından narazı və ya hüquqları pozulmuş tərəf yüksək instansiya məhkəmələrinə müraciət edərək, öz pozulmuş hüquqlarının bərpasına nail ola bilərlər. Bu mümkün olmadıqda isə onlar müvafiq prosedur qaydalarına riayət edərək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərlər. Deməli, milli hüquq-məhkəmə sistemi səviyyəsində İnsan Hüquqlarına dair Avropa Konvensiyası və onun Protokollarının hər hansı müddəasının pozulması və ya pozulmaması barədə qərar qəbul etmək Avropa Məhkəməsinin müstəsna yurisdiksiyasına aiddir. Lakin Avropa Şurasının müstəqil ekspertlər qrupunun hazırladığı məruzənin məntiqinə əsasən bu səlahiyyət müvafiq ölkə üzrə təyin edilmiş məruzəçiyə verilir ki, bu da Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsində öz əksini tapmış hüququn aliliyi prinsipi ilə kobud ziddiyət təşkil edir.

Beləliklə, Avropa Şurasının müstəqil ekspertlərinin hazırladıqları məruzə də obyektiv xarakter daşımır və siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün həmin məruzədə göstərilmiş meyarlar “siyasi məhbus” anlayışının hüquqi təbiətinə aydınlıq gətirmək əvəzinə, daha çox qeyri-müəyyənlik gətirmiş olur. Odur ki, bu meyarlar əsasında siyasi məhbusların mövcudluğunun müəyyən edilməsi (universal səviyyədə müvafiq beynəlxalq-hüquqi normaların mövcud olmadığı bir şəraitdə) Avropa Şurası çərçivəsində qəbul edilmiş və bütün üzv dövlətlərə şamil edilən və ya şamil edilə biləcək hüquqi normalarla uzlaşmır. Buna görə də bu meyarlar Avropa Şurasının qəbul etmiş olduğu hüquqi normalar sayıla bilməzlər.

 

 

Elxan SÜLEYMANOV,

Azərbaycanın AŞPA-dakı

nümayəndə heyətinin üzvü,

AŞPA-nın Hüquq Məsələləri

və İnsan Haqları Komitəsinin üzvü 

 

525-ci qəzet.- 2011.- 2 mart.- S.4.