Türkün kitabı, Türkçülüyün tərənnümü

 

“Bir məqalədə “Qaldır türkün bayrağını” kitabı haqqında əhatəli bilgi vermək, geniş söz demək mümkün deyildir. Əsasən milli qürur, milli şüur, türk milli mədəniyyəti kitabın qayəsini və məramını təşkil edir. Türk milliyətçiliyi bu kitabda fikrin sənət, düşüncə şəcərəsi kimi özünü biruzə verir. Bu əsər həm də Eldar İsmayılı türkçülüyə böyük məhəbbəti olan şair kimi bir daha təsdiqləyir. Bundan əvvəlki əsərlərində olduğu kimi “Qaldır türkün bayrağını” kitabı da şairin mübarizlik, cəsarət, ağıl, məslək və ideal baxımdan bədii təxəyyülünün ifadəsidir”. Bu fikirlər Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həmsədri, Avropa Akademiyasının Türk Dünyası təmsilçisi, BMT-nin Mədəniyyət səfiri, professor Elçin İsgəndərzadəyə məxsusdur.

Tanınmış şair-yazıçı, publisist Eldar İsmayılın yenicə işıq üzü görən “Qaldır türkün bayrağını” kitabına yazılmış ön sözdən seçdiyim bu sitat həm də özümü sığortalamaq cəhdidir. Yəni bəribaşdan mən də etiraf edirəm ki, kiçik bir yazıda kitabın əhatəli təhlilini vermək iddiasından uzağam. Sadəcə olaraq, uzun illərdir bir yerdə işlədiyim, yaradıcılığına və millət, Vətən yanğısına yaxından bələd olduğum üsyankar, realist bir şairin yeni kitabında toplanmış şeirlər və poemalar haqqında düşüncələrimi oxucularla bölüşmək istəyirəm.

Nədən başlamağa isə çətinlik çəkmirəm. Müəllif özü sanki əlimdən tutub istiqamət verir: “Mən bir şair-yazıçı olaraq Türkiyədə baş verən olaylara öz münasibətimi əvvəllər də bildirmişəm, bu gün də bildirməkdə davam edirəm. Bütün bunlar bir vulkan kimi mənim içimdən püskürüb qalxır. 2002-ci ildə futbol üzrə dünya çempionatında Türkiyə millisinin üçüncü yeri tutması Azərbaycanda sonsuz bir coşqu ilə qarşılandı. Gənclər Bakıda və əyalət şəhərlərində gecə səhərə qədər Türkiyə-Azərbaycan bayraqları əllərində meydanlarda, küçələrdə bayram əhval-ruhiyyəsi yaşadılar. Həmin günlərdə mənim də sevincimin həddi-hüdudu yox idi.”

Həddi-hüdudu olmayan bu sevinc “Ucalt türkün bayrağını” şeirinə çevirildi. Başdan-başa bayram içində olan doğma Azərbaycanın, doğma Türkiyənin eyni hissləri yaşamasını tərənnüm edən şair bütün dünyanın izlədiyi bir idman yarışmasındakı qələbəyə görə ucalan türk bayrağını daha yüksəkliklərdə görmək arzusundadır:

 

Arkadaşım, harda olsan,

Min də olsan, bir də olsan.

Göydə olsan, yerdə olsan,

Ucalt türkün bayrağını.

 

Təpədən-dırnağa türkçü olan, şeirlərində və poemalarında, tarixi romanlarında, publisistik əsərlərində türk dünyasının üzləşdiyi çətinlikləri önə çəkən Eldar İsmayıl yeni kitabında da ənənəsinə sadiq qalıb. Daha doğrusu, bu ənənəni bir az da möhkəmləndirib. Belə ki, 376 səhifəlik “Qaldır türkün bayrağını” kitabında türkçülüklə bağlı olmayan bir misraya, bir sətirə rast gəlinmir.

Şairin türk sevgisi əbədidir, sonsuzdur, çünki bunun tarixi kökləri var. Hələ uşaqlıq illərində babası Dəli İsmayılın Osmanlı imperiyasından, Antanta dövlətlərinin Türkiyəyə basqısından, Çanaqqala savaşından, türklərin Bakıda, Qubada, İrəvanda Azərbaycan türklərini rus-daşnak birləşmələrindən xilas etməsindən böyük məhəbbətlə danışması onun yaddaşında dərin izlər buraxmışdı. Yadında qalanlar, sonra öz gözləri ilə gördükləri, dünya düzənində türklərə qarşı basqıların “müasir variant”ları Eldar İsmayıla yaradıcılığının əsas hədəflərini göstərmişdi.

Türk dünyasına qara əllərin uzandığı, istər daxildən, istərsə də xaricdən türkdilli xalqların birliyinə əngəllər törədildiyi bir vaxtda Azərbaycan və Türkiyənin- “İki qan qardaşı, qeyrət qardaşı”nın birliyi zərurətə çevirilir.

“Cüt bayraq önündə canını qoyan” soydaşlarımızın birliyindən ruhlanan şairin sevinci necə də təbiidir: 

 

Ankara bir çıraq, Bakı bir atəş,

Qəlbləri isidər hər qor, hər atəş.

Günəşdən savayı yenə var günəş,

Günəş Azərbaycan, günəş Türkiyə!

Gərək yer üzünə şəfəq çiləsin

Qardaş Azərbaycan, qardaş Türkiyə!

 

“Türklüyümdə böyüyəm mən” deyən Eldar İsmayılın qürur mənbəyi türk dünyasının qəhrəmanlıq tarixidir. Bu qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri də Çanaqqala savaşıdır. Seyid Onbaşı cəsurluğunu göstərmiş yüz minlərlə türk oğlu hər qarış torpaq uğrunda gözünü qırpmadan öz canını vermişdir:

 

Bir qara daşdan ötrü

On bir nəfər qan töküb.

On bir nəfər bu daşı

Öz al qanına büküb.

 

Qəhrəmanlıq zirvəsi olan Çanaqqala savaşını istedadlı qələm sahibi həm də poetik yüksəkliyə ucaldıb:

 

O daşı qoruyn siz,

O daş Vətən daşıdı.

Savaşda yenilməyən

Mehmetciyin yaşıdı!

 

Günümüzün mühüm hadisələrini operativ surətdə özündə əks etdirməsi Eldar İsmayıl yaradıcılığını səciyyələndirən başlıca xüsusiyyətlərdəndir. Elə bir tarixi gün, ictimai maraq kəsb edən hadisə yoxdur ki, onun yaradıcılıq emalatxanasında cilalanaraq nəsrə, yaxud poetik nümunəyə çevirilməsin. “Erməni soyqırımı” kimi qələmə verilən 24 apreli ermənilərin yalan günü adlandıran şair “Sınır açılsınmı, açılmasınmı...” dilemması qarşısında qalmağa lüzum görmür:

 

Erməniyə qapı açmaq,-

Fəlakətə, xəyanətə,

Cinayətə qapı açmaq...

Şər işlərə, böhtanlara,

Ədavətə qapı açmaq...

Bu bəlalar ötməyincə

Açma sınır qapısını.

Nə qədər ki, həqarət var

Açma sınır qapısını.

 

E.İsmayıl qardaş Türkiyədə baş vermiş zəlzələnin dəhşətlərini qələmə alanda nə qədər kədərlidirsə, İğdırın girəcəyində “Qoç Koroğlunu at belində” görməkdən o qədər fərəhlidir. 58 ildən sonra böyük türk şairi Nazim Hikmətin Türkiyə vətəndaşlığına qoyulmuş qadağanın aradan qaldırılmasını da eyni sevinclə qarşılayır: “Nazim əbədilik qayıtdı Türkiyəni sevməyə, Türkiyədə yaşamağa!”

Türk olmağın çətinliyini yana-yana xatırladan E.İsmayıl “Atam türk, anam türk” adlı çox qısa şeirində lakonik sualını həm də konkret cavaba çevirməyi bacarır:

 

Atam türk, anam türk,

Ulu soyadım,

Elim-obam türk.

Nənəm, babam türk,

Xalam, bibim türk.

Bütün əslimiz,

Nəslimiz türk qanlı,

Mən isə azərbaycanlı?!

 

“Hrant Dinki öldürdülər” şeirində İstanbulun orta göbəyində oturub “Aqos” adlı qəzet buraxan, türklərin əleyhinə çıxışlar edən baş redaktorun bir gənc tərəfindən öldürülməsinə bəzi qüvvələrin müəmmalı reaksiyası ciddi tənqid olunur. “Hamımız erməniyik, hamımız Dinkik.” şüarı haqlı olaraq şairi qəzəbləndirir:

 

“Hrantölüb, qatil məlum...

O şüarın utancı var.

O şüarın qarnı altda

Müəmmalı bir sancı var.

 

Barəsində söhbət açdığımız kitabda Türkiyənin keçmişi, bu günü və gələcəyi bir şair, yazıçı təxəyyülündən keçərək böyük ustalıqla bədiiləşdirilib. Hegemon dövlətlərin özəl maraqlarına bir vətəndaş, bir türk, bir yazar kimi sərt münasibət bildirməsi də Eldar İsmayılın prinsipal, güzəştsiz mövqeyini ortaya qoyur.

Xaricdəki qüvvələrin daxildəki havadarlarına “37 Türkiyədə”, “Oyan, Türkiyə, oyan”, “Ergenekondan“Ergenekona” poemalarında və onlarla şeirində şair sözün əsl mənasında mənəviyyat dərsi keçir, onları tarixin ağır sınaqlarından ibrət götürməyə çağırır.

Türkiyənin tarixində isə ibrət götürməli şəxsiyyətlər çox olub və bu sırada Mustafa Atatürkün yeri əvəzedilməzdir. Mübaliğəsiz demək olar ki, ürəklərdə heykəlləşən türk dünyasının böyük oğluna Eldar İsmayıl da poetik bir heykəl qoyub.- “Türkün xilaskarı” poemasını nəzərdə tuturam.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının dosenti Məfkurə Hüseynovanın bu günlərdə işıq üzü görən “Eldar İsmayıl yaradıcılığının bəzi aspektləri” kitabında bu poema peşəkarcasına təhlil olunub. “Dünyanı heyrətə gətirən sərkərdə” məqaləsində ədəbi-tənqidçi mövzuya uyğun poetik formalardan məharətlə istifadə edilməsini poemanın bədii siqlətini artıran amil kimi dəyərləndirib: “Azərbaycan dilinin poetik-bədii imkanlarından geniş istifadə edən müəllif milli-əxlaqi dəyərlərə söykənərək oxucunu yüksək mənəvi amallara səfərbər edə bilmişdir. Vətən məhəbbəti, yurd sevgisi, türkçülük ideyaları bu əsərin ana xəttini təşkil edir. Həmin dövrdə ictimai-siyasi gerçəkliklərin bədii inkişafına müvəffəq olan sənətkar bir tarixi şəxsiyyət kimi Atatürkün gerçək, canlı obrazını yaratmışdır.”

Türkiyənin dünya şöhrətli alimi, həkimi və ictimai xadimi İhsan Doğramacıya həsr olunan poema da dolğunluğu, məna yükü və “Heydər babaya salam” şeiri üslubunda yazılması ilə yadda qalır.

Kitabda “Ulu Turan yolunda” poemasından hissələr də yer alıb. Poemada uşaqlıq və gənclik illəri sürgündə keçən texnika elmləri doktoru, professor, dünya şöhrətli yol-tikinti mühəndisi Əli Əliyevin həyat yolundan bəhs olunur. Burada da türkçülük ideyalarının təbliğini və tərənnümünü önə çıxardan müəllif ayrı-ayrı zaman kəsiyində baş verən ictimai-siyasi proseslərin tarixi köklərini araşdırır, türk dünyasını birliyə çağırır:

 

İstəsək ki, biz son qoyaq əngələ,

Gərək sözlə əməlimiz düz gələ.

Qardaş kimi hər an verib əl-ələ,

Sülh bayrağı almaq üçün birləşək.

 

Fikirlərimi o inamla tamamlayıram ki, “Qaldır türkün bayrağını” kitabı türkə böyüklüyünü inandıran, dostunu-düşmənlərini tanıdan, birliyinin yolunu göstərən dəyərli bir çap məhsulu kimi bütün türksevərlərin rəğbətini qazanacaq, türk bayrağı isə həmişə layiq olduğu ucalıqda dalğalanacaq.

 

 

Arif MƏMMƏDLİ,

şair-publisist

 

525-ci qəzet.- 2011.- 3 mart.- S.7.