Gənc şairin yeni yaradıcılıq uğuru
Gənc şair Ramil Mərzilinin “Alın yazım” adlı yeni şeirlər toplusu işıq üzü görüb. Şeirləri “Ağdam”, “Ekoloji həyat” və “Xan çinar” qəzetlərində çap olunmuş, bir neçə elmi-kütləvi mövzuda məqaləsi məcmuələrdə dərc edilmiş gənc müəllifin indiyədək “Unutmaq sevməkdən daha çətindir” və “Sənli sənsizəm” adlı kitabları çıxıb. Hazırda Ramil “Hikmətli sözlər” toplusu üzərində işləyir.
“Alın yazım” kitabında gənc şairin sevgi, vətən, ana, doğmalıq, yurd həsrəti digər mövzularda şeirləri toplanıb. Bu şeirlərdə Ramilin daxili aləminin mənzərəsi, vəfasızlığa, yalana, xəyanətə qarşı qaldırdığı poetik üsyan, vətən dərdi, ana, torpaq məhəbbəti və saf sevgi hissləri öz ifadəsini tapıb.
Sənin vəfasızdan nə oldu fərqin?
Alışan qəlbimi etdin didərgin
Sınsa da mənliyim hər saat, hər gün
Mənə cəllad olan ürəyi sevdim...
Axı səndə nəyi sevdim?!
Müəllifin vətənlə bağlı yazdıqları arasında doğma yurduna həsr etdiyi “Ağdam” şeiri xüsusilə diqqəti çəkir.
Çox dahilər
yetirib, qanqal yox, gül bitirib,
Altı min şəhid verib doğma yurdum – Ağdamım.
Musiqi dünyasıdır,
ömrümün mənasıdır,
Xalqımızın yasıdır doğma yurdum – Ağdamım.
Kitaba daxil edilən təsirli nümunələr
sırasında ana haqqında şeirlər ayrıca yer tutur. Onlardan birinə
nəzər salaq:
Bütün canlılarçün
ən əziz, doğma
Körpə balasıdır – bu, bir qaydadır.
Mənim də balam var, sevgidə
amma
Anam balamdan da üstün
qatdadır.
Balam əzizdirsə
canımdan da çox,
Anamın istəyi Allaha qədər.
Ana sevgisinə
bərabər hiss yox,
Bir ana gülüşü dünyaya dəyər.
Bunlardan əlavə,
Ramilin “Alın yazım”, “O dünya gözəli, mən isə buyam”, “Dörd divar”, “Harayım yox, hayım yox”, “Yaşamağa dəyərmi”,
“Tənhalıq”, “Unutmaq
olmur ki”, “Yalan dünya”, “Gizli məhəbbətim”,
“Dəniz qucağı”,
“Qarabağdan dünyaya”
və başqa şeirləri də maraq doğurur.
İnanırıq ki, Ramilin poetik
yaradıcılığı daha da inkişaf
edəcək və gənc müəllif tezliklə oxucularını
yeni və daha uğurlu şeirlərlə sevindirəcək.
GÜNEL
525-ci qəzet.-
2011.- 3 mart.- S.7.