Bənzərsiz xarakter sahibi

 

XEYRULLA MƏMMƏDOVUN 75 YAŞINA

 

“Gəlimli-gedimli, son ucu ölümlü dünya”da elə şəxsiyyətlər olub ki, onlar həmişə yaşadıqları zamanın fövqündə durmuş, cəmiyyətin sayılıb-seçilən bəndələri kimi daim diqqət mərkəzində qalmış, özünəməxsus, bənzərsiz, bir qədər də qeyri-adi xarakterləri ilə öz mikromühitlərini formalaşdırmış, insan mənzərələrinə necə deyərlər, rəng qatmışlar. Belə şəxslər mənim ömrümdən-günümdən, taleyimdən gəlib keçmiş və müəyyən mənada yetişib-püxtələşməyim, həyatda yerimi tutmağım, kamilləşməyim üçün vasitə rolunu oynamışlar. Şübhəsiz, xeyirxah, işıqlı əməllər yolçusuna çevrilmiş görkəmli ədəbiyyatşünas-alim, tanınmış müəllim-pedaqoq Xeyrulla Məmmədov, haqqında bəhs etmək istədiyim bu cür nurlu simalardan idi...

“İnsan doğulduğu, ərsəyə çatdığı təbiətin bir parçasıdır”. Hansısa filosofun söylədiyi bu qiymətli kəlamda həqiqət var. Lerikin Zuvand nahiyyəsində, çılpaq qayalıqlar arasında qərar tutan Hoveri kəndində dünyaya göz açan Xeyrulla Qulam oğlunun uşaqlıq çağları 1941-1945-ci illər müharibəsinə təsadüf eləmişdi. Qan-qada, ölüm-itim görməsə də, aclıq, səfalət, yoxsulluq kiçicik kənd uşağının canından-qanından keçmiş, ruhunu dəfələrlə sarsıtmış, onu oyatmışdı. Ancaq balaca Xeyrullanın doğulduğu məkan kasıb deyildi. Yəni bu torpaq həqiqətən bərəkətliydi, alın təri tökən, qədir-qiymətini bilən adamı beşqat, onqat mükafatlandırır, əvəzini artıqlamasıyla qaytarırdı. Ata-anası torpaq adamıydı, əkinçilik-biçinçilik onlar üçün dədə-babadan yadigar qalan qədim peşə, sənət sayılırdı və kökdən gələn bu sədaqət hissi Xeyrulla müəllimin kövrək qəlbini ölənəcən tərk etmədi.

Kefinin duru vaxtında üzündə-gözündə təbəssüm əskik olmazdı, mənimlə rastlaşan kimi çiçəyi çırxalayardı: “Şair, Zuvand yadıma düşüb, eşitdim Lerikə getmisən, bəs mənə niyə demədin, məmnuniyyətlə dağlara baş çəkər, bir qurtum bulaq suyu içib qayıdardım” – söyləyərdi. Rayona səfər edən zaman təbii ki, Xeyrulla müəllimlə yoldaş olmaq istərdim. Ancaq həlledici məqamda bu məğrur insanın bir vacib işi çıxar, qayğısı, problemi aşıb-daşar, Lerikə getməyə vaxt tapmazdı: “Qoy bu yarımçıq kitabları bitirim, əlyazmalarımı toplayım, imtahanları yola verim, mütləq o yerlərə birgə gedərik” – deyərdi. Beləliklə, başdan aşan iş-güc, qayğı imkan verməzdi bu insan ürəyinin səsinə qulaq assın, anadan olduğu yurd yerinə qayıtsın, könül xoşluğu ilə Zuvand çayının nəğməsini dinləsin, sal qayalarda səkən kəkliklərə tamaşa qılsın, ərik-alma kölgəsində doyunca dincəlsin. Ömür qatarı isə sağa-sola baxmadan ötürdü...

Xeyrulla Məmmədov çılğın xarakterli, əqidəli insan idi, heç kəs, lap Allahın bacısı oğlu da onu məcbur edə bilməzdi ki, qatığa qara desin, yaxud nəyinsə hesabına məsləkindən döndərsin. Əsl istedad sahibi, talantlı şəxs gözünün işığıydı, belələri ilə dünyanın o başına daş daşımağa da gedərdi. Cəmiyyətin küt, savadsız, yerində olmayan ünsürünə də özünəməxsus münasibəti vardı. Bu təbəqəni yaxına buraxmır, ortada pərdə saxlayırdı. Bir sözlə, bəsit adam Xeyrulla müəllimin gözünün düşməniydi, nadanla, yelbeyinlə rastlaşanda toyda da, yasda da haqqında danışır, gen gəzirdi. Xeyrulla müəllimin bu açıq-aşkar, nümayişkaranə münasibəti ona bəzən xeyir gətirmir, düşmən qazandırırdı. O, isə böyük əqidəsindən, məsləkindən, xarakterindən dönən deyildi.

Məşhur alman filosofu Artur Şopenhayerin sözləri yada düşür: “Bayağı adam o adamdır ki, ümumiyyətlə insan kökünə xas olan cəhətlərdən başqa heç bir xüsusiyyəti ilə başqalarından seçilmir. Doğrudan da milyonlarla özünə bənzər məxluqlara xas olan cəhətlərdən başqa heç nə ilə seçilməyən şəxsin dəyəri nə ola bilər? Belə varlıqlar növ daxilində mövcud olan tələbatdan başqa heç nə iddiasında olmamalıdırlar. Onlar təbiətin fabrik məhsullarıdır. Təbiidir ki, böyük və alicənab doğulanlar bu dünyada təcrid və tənha olacaqlar”. Xeyrulla müəllim də cəmiyyətdə daim hərəkətin, orijinallığın, dinamik inkişafın tərəfdarıydı, yekrəng insanları sevmir, cəmiyyətin düşünə bilməyən tərəfin qəti əleyhdarıydı. Çünki o, özü nadir istedad-savad sahibiydi, taleyinə alimlik düşmüşdü və bu şərəfli qismət sanki boyuna biçilmişdi. Həqiqətən Xeyrulla Məmmədov təpədən-dırnağacan alim idi və XIX-XX əsr Azərbaycan ədəbiyyatının kamil bilicisiydi və söylədikləri, yazdıqları aksioma kimi ədəbiyyatşünaslar tərəfindən birmənalı surətdə qəbul olunurdu.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış filoloq-alim Əziz Mirəhmədovla isti münasibətləri vardı. Qocaman alim cavan həmkarı ilə mübahisə edir, onun fikirlərini, ağıllı mühakimələrini dinləyir, öz rəyini axırda ortaya qoyurdu. O, deyirdi, o alim alim deyil, arxivdə işləyə bilmir, Xeyrulla Məmmədov geniş eridusiyaya, sağlam təfəkkürə malik araşdırıcı – tədqiqatçıdır, arxivlərin tozunu uda-uda klassik irsimizin sirrini açır, sabahkı nəsil üçün gözəl kitablar yazıb nəşr etdirir, yadigar saxlayır. Yeri gəlmişkən, köhnə ziyalı nəslinə mənsub alim kimi tanınan akademik Kamal Talıbzadə də, Əziz Mirəhmədov da, Abbas Zamanov da Xeyrulla Qulam oğlunun xidmətlərini yüksək dəyərləndirirdilər.

Bir dəfə EA-nın bağında Xeyrulla müəllimlə rastlaşdım. O, mehribancasına əlimdən bərk-bərk tutub saxladı. Dedi, indicə Əziz Mirəhmədov gələcək, səni tanış edəcəyəm, vaxtın varsa, gözləyək. Mən sakit tərzdə başımın işarəsilə bu təklifə razılaşdım. Az sonra qocaman tətqiqatçı-alim ağır-ağır gəlib çıxdı. Bu xoşsifət, gözlərindən nur yağan alicənab kişiylə tanış oldum. Biz gəzə-gəzə Xeyrulla müəllimin mənzilinə doğru səmt götürdük. Heç demə, onlar evə gedəcəklərini irəlicədən nəzərdə tutublarmış. Mən nə qədər etiraz eləsəm də, Xeyrulla müəllimin qonaqpərvərliyi güc gəldi. Evə çatdıq. Mən bu gözlənilməz görüşün mənasını anlayar-anlamaz Xeyrulla müəllim kitablarının içindən bir qovluq çıxartdı. Təxminən on beş səhifədən ibarət əlyazmanı birnəfəsə bizə oxudu. Bu məqalə Əziz müəllimin yaradıcılığı barədə idi. “Bircə vergülünə də etirazım yoxdur, ver “Azərbaycan” jurnalına, getsin” – deyə Əziz Mirəhmədov razılığını bildirdi. O məqalə çap olundu, həqiqətən Xeyrulla Məmmədov qısa, konkret, lakonik ştrixlərlə zəngin bir yaradıcılıq yolu keçmiş nəhəng ədəbiyyatşünas alimin obrazını yaratmışdı.

Məlum olduğu kimi XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının çiçəkləndiyi dövrlərdir. Xeyrulla Məmmədov məhz bu qızıl dövrü tədqiqat obyektinə çevirmişdi. Onun elmi tədqiqatları bu böyük mərhələni tam əhatə edirdi: A.A.Bakıxanov, Q.B.Zakir, B.B.Şakir, X.Natəvan, M.F.Axundov, M.M.Nəvvab, Ə.Qasir, N.B.Vəzirov, S.M.Qənizadə, A.Çernyayevski, Ə.B.Haqverdiyev, C.M.Qənizadə, R.B.Qutqaşınlı, H.B.Zərdabi, M.Ə. Sabir, Ə.Qəmküsar, C.Məmmədquluzadə , T.Şahbazi, Ö.F. Nemanzadə, F.B.Köçərli, M.Hadi vəbaşqa şair, nasir və maarifçilərin əsərlərini məhəbbətlə araşdıran alim məharətlə o ötən illərin rəsmini çəkmiş, mətbu orqanları bitdə-bitdə oxumuş, qiymətini vermiş, müasir dövrün süzgəcindən keçirə-keçirə dəyərə mindirmişdir.

Eyni zamanda Xeyrulla Məmmədov təpədən-dırnağacan pedaqoq idi, maarif şamının işığını qəlbində alovlandırmışdı. O şamın odu dilim-dilim ətrafa yayılır, başına adamları toplayır, ziyalı təbəqənin, aydan arı, sudan duru atmosferini formalaşdırırdı. Çünki Xeyrulla müəllim ötən əsrin 50-ci illərində Azərbaycan məmləkətindəki yeganə universitetin filologiya fakültəsinin əlaçı məzunuydu, təyinatla doğma Lerikinə dönmüşdü. İxtisasca müəllimlik isə onu həmişəlik bu peşəyə bağlamışdı. O, çalışdığı pedaqoji institutda (indiki Pedaqoji Universitet) irəli çəkilmiş, qəbul komissiyasının məsul katibi, dekan, kafedra müdiri olmuş, saysız-hesabsız tələbə gənclərin, gələcək ədəbiyyat və dil müəllimlərinin qəlblərində maarif işığını şölələndirmişdi...

Xeyrulla müəllim onu başa düşməyənlər, anlamayanlar üçün bağlı qapı idi, “çətin adam” ləqəbi qazanmışdı. Bu da təsadüfi deyildi, çünki Xeyrulla Məmmədov təkcə alim kimi sonsuz elmi mülahizələrində deyil, həm də həyatda prinsipial xarakter sahibi kimi ad çıxarmışdı. Onun bəyənmədiyi, qəbul eləmədiyi zəif dissertasiya, mənasız monoqrafiya elm adına parodiya idi və o, cəsarətlə döşünü qabağa verir, hədəfi tənqid etməkdən çəkinmir, məğrurcasına başını dik tutub gəzirdi. Ancaq o cavan ki, arxasız idi, elm yolunu təsadüfən seçmirdi, zəhmətkeş idi, Xeyrulla müəllim cəfakeşcəsinə ona kömək əlini uzadır, hətta ilk məqalələrini redaktə eləməkdən çəkinmir, əsl insanlıq nümunəsi göstərirdi. Professor Zeydulla Ağayev deyirdi ki, Xeyrulla Məmmədov dağlar oğludur, ona görə həmişə dağlar kimi məğrurdur, əyilməyi sevmir. Vaxtilə tələbəsi olmuş sabiq millət vəkili, professor Nizami Xudiyev Xeyrulla Məmmədovu “parlaq şəxsiyyət” adlandırır, onunla fəxr etdiyini söyləyirdi. “Bir tələbəni ki, Xeyrulla müəllim qapıdan qaytardı, deməli, külli-aləm də yığışsaydı, xeyri olmazdı, gərək o şəxs özünü doğruldaydı, sonra qiymət alaydı. Məsləhət-məşvərətdə, pedaqoji ustalıqda, öyrətməkdə tayı-bərabəri yox idi” (Rafiq Yusifoğlu, “Göyərçin” jurnalının baş redaktoru, filologiya elmləri doktoru).

Xeyrulla müəllim Azərbaycanın hər guşəsində, obasında tanınırdı. Ölkəmizin elə şəhəri, qəsəbəsi, kəndi yox idi ki, o ünvanda dərs dediyi tələbələrindən olmasın. Onların arasında say-seçmə vəzifə sahibləri də olurdu, müəllimlik peşəsini hər cür naz-nemətdən üstün tutan, el-obasının balalarını maarifləndirən sadə simalar da. Bu şəxslər Xeyrulla müəllimin başına and içir, hörmətini saxlayırdılar. Belə isti, təmənnasız müəllim-tələbə münasibəti hər kəsə nəsib olmur.

Xeyrulla Məmmədovla dəfələrlə səfərlərə çıxmış, xeyirdə-şərdə olmuşam. Onunla hər görüş, hər səfər ayrıca bir maraqlı tarix idi. O, yer-yurd təəssübü çəkməyi bacarırdı. Bir gün yenə zəng etdi, hal-əhvaldan sonra Lerikə getməyə hazırlaşdığını, məni də özüylə aparmaq istədiyini qısaca bildirdi. Az sonra tanınmış xeyriyyəçi-ziyalı Ehtiram Miriyev Lerikdə Çayrud kənd orta məktəbinin yetirməsi, şair Xanlar Həmidin yaradıcılıq gecəsinin keçiriləcəyi dəqiq tarixi söylədi. Sözün qısası, Ehtiramın dəstəyi ilə doğma torpağa səfər etdik, o nəğməli-musiqili, şeirli günün ləzzətini birgə daddıq. Xanlar Həmid borclu qalmadı, Xeyrulla Məmmədova ünvanladığı şeirini həvəslə, şövqlə oxudu:

 

Sən alim oğlusan bizim dağların,

Başında Savalan, Kömürgöy qarı.

Köksündəki qürur, dözüm dağların,

Alnında – Cəngəsər, Zuvand yolları.

 

Alova büküldü sözün bahar, qış,

İllərin gülüdü saçlarında dən.

Deyirəm, bəlkə də boylanır günəş,

Sənin ürəyinin pəncərəsindən.

 

... Mərmər pillələri qalxıb-enəndə,

Bizim dağ yolları yadına düşdü.

Dağ-səma qovuşdu geniş sinəndə,

Ucalıq, təmizlik adına düşdü...

 

Xeyrulla Məmmədov hər yerə tələsə-tələsə gedirdi. Elə ölümə doğru da iti addımlarla yüyürdü. Hamını həm inandırdı, həm də inandırmadı, çaşdırdı. Ölümün üzü isə boz idi, zarafatı sevmirdi. İndi “Qurd Qapısı” yaxınlığındakı məzarlıqda ruhu ölməzlik nəğməsi oxuya-oxuya mürgüləyir. Nə yaxşı, Lerikə gedən yol bu qəbiristanlığın yanından keçir. Xeyrulla müəllim qəfildən durub ismarıc göndərsə, aparıb Zuvanda çatdırarlar...

“Lerik” dedim, yadıma düşdü. Dağlar şəhərində görkəmli ədəbiyyatşünas-alim, əvəzsiz ziyalı, böyük şəxsiyyət Xeyrulla Qulam oğlu Məmmədovun adına küçə verilib. Bu xeyirxah məsələdə Azərbaycan Respublikası EA-nın və Yazıçılar Birliyinin rəylərini ölkə rəhbərliyi dəyərləndirib. Xeyrulla Qulam oğlunu özünün müəllimi və məsləkdaşı adlandıran filologiya elmləri doktoru, professor-türkoloq Elman Quliyevin göstərdiyi fədakarlıq isə danılmazdır.

 

 

Ağacəfər HƏSƏNLİ

 

525-ci qəzet.- 2011.- 3 mart.- S.7.