Kədərə bələnmiş
fərəh
(Hekayə)
Qarabağ həsrətindən
dünyasını dəyişənlərə
Düşmüşdü. Çox düşmüşdü. Baxan yetmişdən yuxarı verərdi ki, aşağı yox. Halbuki əllini təzə adlamışdı. Saç-saqqal basmış, qəddi əyilmişdi. Ağarmış saqqalı onu bir az da yaşlı göstərirdi. İllah da qulağının üstünə tökülən, papağının altından uzanıb saqqalına qarışan ağ saçları baxanları darıxdırır, lap hövsələdən çıxarırdı.
Ona görə də bir dəfə
baxan daha baxmırdı. Elə bil illər idi su
görmürdü, vanna görmürdü, dəllək
görmürdü. Sanki bu cəmiyyətdə
yaşamırdı və bu cəmiyyətə hardansa səhvən
gəlib çıxmışdı. Halbuki belə deyildi və
bunun da belə olmadığını göydə Allah da
yaxşı bilirdi, onu tanıyanlar da. Onu əyən fikir idi,
dibi görünməyən fikir. Ha bu fikrin dibinə əyilirdi,
gedib çatmırdı. Əyilirdi, əyilirdi, bir də
görürdü ki, başı dizinə dəydi. Onda
ayılırdı və devikib az-maz ora-bura baxandan sonra fikir
onu təzədən məşum ağuşuna alırdı. O,
bu məşum ağuşda gedib-gedib təzədən dizlərinə
çatırdı və oradan o yana keçə bilmirdi. Dizləri
Çin səddinə dönürdü və qoymurdu onu fikrin
sonuna gedib çatsın, görsün bu dünyanın
axırı necə olacaq.
Adar-madar oğlu Qarabağ
müharibəsində həlak olmuşdu. Çox da uzaqlarda
yox, elə öz kəndlərində. Xanbulaq kəndində
qulluq eləyirdi.
Xanbulaqla Əzablını,
ortadakı bağları çıxsaq, cəmi-cümlətanı
iki təpə ayırırdı. Təpənin ikisi də
uzunşüllək idi. Biri Sarıcanın
xırmanlığına qədər uzanırdı, biri isə
Qayaburnu bağlarına. Qayaburnu bağlarına uzanan təpənin
arxası dərin dərə idi və bu dərə gedib Araza
çatırdı. Tank alayı da bu dərədə yerləşdirilmişdi
və oğlu da həmin alayda əsgər idi.
Oğlu pedaqoji universitetin
üçüncü kursunda oxuyurdu və kəndlərində
vəziyyət gərginləşdiyindən universiteti
yarımçıq qoyub kəndə gəlmişdi. Öz kəndlərində
bir taqım əsgər olsa da, o, Xanbulağı
seçmişdi. “Qoyun bir az da qəriblik çəkim”,
demişdi ata-anasına zarafatla. “Burda məni
qoymayacaqsınız döyüşməyə, elə o yana
gedib, bu yana gələcəksiniz.”
Həm də Xanbulaqdakı alay
tankçılar alayı idi və ora Məlikcana daha
yaxındı. Məlikcan erməni kəndiydi və Əzablını
gündə oradan top atəşinə tuturdular. Əzablı
ilə Məlikcan üzbəüz idi. Ikisi də dağ
döşündəydi. Fərq burasındaydı ki, Əzablı
güneydə, Məlikcan isə quzeydəydi. O boyda kənddən
görünən bircə ev idi ki, onun da eləcə
şiferı ağarırdı. Qalan evlər o bircə evdən
aşağıda, döşdə idi və evlərdən
aşağıda qalın Ərgünəş meşəsi
başlayırdı. Ona görə də Əzablının
yuxarısından atılan top Məlikcanı tutmurdu. Əzablıdan
atılan top yalnız Köşbəyi və Hadrutu tuturdu. Buna
görə də əzablılar topun ağzını
çevirmişdilər bu biri erməni kəndlərinə. Məlikcanın
heyifini o biri kəndlərdən çıxırdılar.
Xanbulaq isə Məlikcanın
çənəsinin altında idi və oranı yalnız bircə
təpə ayırırdı. O təpə hündür təpə
idi və qoymurdu ki, ermənilər Xanbulağa nə isə eləsinlər.
Tələbə-əsgəri
də çəkən həmin kəndlərin bir-birinə
bu yaxınlığı idi. Oradan Məlikcana hücum daha tez
olardı. Kəndlərinə atılan mərmilərin
heyifini elə tez çıxmaq istəyirdi ki. . . Döyüşmək
üçün sinəsi alışıb yanırdı.
Boz günlərdən bezikən
Tural bir gün ürəyini komandirinə açdı:
İcazə versəydiniz, o topun ağzını çevirərdim
Məlikcana tərəf. Komandır heyrətləndi və
sifəti gərildi:
– Necə? –
Mənə iki yoldaş
verin, görərsiniz. Komandirin maraq dolu baxışları
ölümdən belə qorxmayan bu cəsur əsgərin
üz-gözündə sayrışan ifadələrində
qaldı. Turalın sözündəki ciddiliyi görüb,
cavab verməyə tələsmədi. Ondan intizarla söz
gözləyən əsgərin önündə heyrətindən
dodağını çirmədi və xeyli susdu. Handan-hana
mülayimliklə:
– Elə bilirsən mən
özbaşınayam? – dedi.
– Mən də sənin kimi əmrə
tabeyəm də. Söhbət bitdi. Komandirin cavabından Tural
məyus olsa da, qəhrəmanlıq hissi ürəyini tərk
etmədi. Axşam gözlənilmədən hava döndü
və hər yerə kor duman çökdü. Tural ürək
qızdırdığı iki yoldaşı ilə bu dumandan
istifadə etmək qərarına gəldi. Gecənin bir aləmində
Məlikcanın qayalığındakı topun nəriltisi-gurultusu
ətraf kəndləri lərzəyə saldı. Adamlar səksəkə
içində evlərindən çəkilib ora-bura qulaq kəsildilər.
Lakin heç bir kəndə və heç bir evə mərmi
düşmədi. Çaşqınlıq içində
qalan adamlar səhəri dirigözlü açdılar. Səhər
şad bir xəbər bütün ətraf kəndlərə
yayıldı:
– “Beejə Xanbulaqdakı alayın
üç əsgəri Məlikcanı
çığnıyıf. Özü də öz
toplarıyla. Əsgərrərdən biri də, deyillər, Əzablı
Şahbazın oğlu oluf. Səggiz erməni əsgərini də
əsir gətiriflər.” Duran-duran Xanbulağa yollandı. Adamlar
o vaxt çatdılar ki, alay komandiri bütün əsgərləri
sıraya düzüb, özbaşına əməliyyat
keçirənlərə töhmət elan edir. Bu,
döyüşcülərdə əzmkarlığı
sındırmaq, vətənpərvərliyi öldürmək
idi. Gələnlər yer-yerdən kükrədilər:
– Ə, sən nə
danışırsan, əə? – Mükafatın, təltifindi,
ə, bu sənin?
– Ə, sən öl, bunun
başı xarafdı. – Hirsindən damarında qanı donan
Şahbaz kişi irəli yeridi:
– Kamandir, sən nə millətinnənsən?
Ani gülüşmə düşdü. Lakin Şahbaz
kişi halını pozmadı və əvvəlki ciddiliyini
saxladı. Komandir yarısaymaz, yarılaqeyd halda:
– Sən nə millətinnənsən?
– Mən, budey, bunnarın millətınnən!
– Əliylə gah əsgərlərı,
gah da toplaşan adamları göstərdi. Elə mən də
o millətdənəm.
– Yox, sən bu millətdən olana
oxşamırsan. Oxşasaydın, bu milləti qoruyannara
töhmət verməzdin. Sən ya satqınsan, ya da
qarışığın var. Komandir iş başında
yaxalanmış adam kimi tutuldu. Kal armud udan təki oldu. Deməyə
bir söz, cavab tapmadı və tez-tez udqundu. Şahbaz kişi
onun danışmağına imkan vermədi: – Sən
Şuşanı, Laçını, Qubaddını verif gəldin,
bəs eləmədi, ay oğraş? İndi də buraları
verməyə gəlifsən, qurumsaq?
– Döşünə yeriyib yaxasından yapışdı. Gələnəlr onun qolundan tutub araladılar. Sakitləşdirməyə çalışdılar. Komandir qapqara qaraldı. Şahbaz adamların əhatəsində kəməndə düşmüş kəhər at təki fınxırırdı. Onun dəlilləri və qəzəbi qarşısında inandırıcı bir söz deyə bilməyəcəyini kəsdirən komandir həsdədi: – Mən əmrə tabeyəm, nə yapışmısınız yaxamdan? Şahbaz bu sözdən daha da cinləndi və təzədən barıt kimi partladı:
– Ə, tüpürüm sənə də, sənə o əmr verənə də! Sənə o əmri verən Şuşadan sonra yoxa çıxan dəyil? Gedif oturmadı, ə, Maskvada? Sən də onun tayısan, alçax! Əl buyruğusan onun. . . Gəldiyin beş aydı, hələ bir şıqqıltını eşidən olmuyuf!! Komandir üzünə çırpılan ittihamlardan və yağdırılan suallardan boz-bulantıq gözlərini yerə dikmişdi, yastı sıfəti kömür kimi qaralmışdı. Şahbaz bu rütbəli buyruq quluyla danışmağın daha mənasız olduğunu anlayıb, onu qanlı-qanlı süzdü və yerə tüpürüb aralandı. Rayona, Başçının yanına getmək, yuxarılara zəng vurdurmaq istəyirdi. Gəldiyi yolu ayağına doladı. Böyük sevincə axışıb gələnlər də başlarını bulaya-bulaya məyus halda onun arxasınca dağılışdılar. Birdən elə bil kim isə Şahbaza dedi ki, dön bir geriyə bax. Baxdı və gördü ki, oğlu qürurla onun arxasınca baxır. Üzündə də bir razılıq ifadəsi donub qalıb. O da eyni iftixarla oğlunu süzdü. Lakin heç birinin ağlına gəlmədi ki, bu, onların son görüşü, son baxışmalarıdı.
Gecə ermənilər Əzablıya qəflətən hücum etdilər. Tanklar elə bil qeybdən peyda oldu. Hamı çaş-baş qalmışdı. “Yolları minadan kim təmizlədi?” Tanklardan, toplardan açılan atəş kəndin qıraq evlərini alova bürüdü. Kəndə vəlvələ düşdü. Taqımdan da bir xəbər yox idi. Elə bil kənddə heç taqım olmamışdı. Ayılan canını götürüb qaçdı. Uşaq-böyük – hamı özünü aşağı bağlara təpdi. Xanbulağa həyəcanlı zənglər vurulsa da, eyni xəbər alındı: “alay dərə aşağı sallanıb Araz qırağına getdi.” “Ay namərdlər.” Kəndlərinin odlara qalandığını görən Tural özünü alayın “Villis”inə saldı. Maşına oturmağıyla yerdən götürməyi bir oldu. Yanan kəndlərinin hayına çatmaq, düşmənin öhdəsindən təkbaşına gəlmək istəyirdi. Yalnız birinci təpəni aşandan sonra yanındakı oturacağa ani baxa bildi. Daraq torbasına baxırdı – toxtaqlıq üçün. Avtomatını sinəsindən açmamışdı. Çatmağıyla döyüşə atılmaq istəyirdi. “Gəlirəm, köpəkuşağı! Kənd almağı sizə göstərərəm indı.” Ehtiyat üçün işıqları yandırmamışdı – uzaqdan vura bilərdilər. Ikinci təpəni aşıb, asfalt yola çıxdı. Qarşıdakı yol onların kəndinə dönürdü. Bu yolu getmək istəmədi. Sağ tərəfə döndü. Döşü qalxıb erməniləri arxadan biçmək istəyirdi. Təkbaşına üzbəüz vuruşmaq çətin olardı. Çatdırmazdı, qəfil gülləyə tuş gələ bilərdi. Artezianın yanındakı arxı keçəndə maşın sucağa düşdü və yoldan çıxdı. Sol tərəf yarğan olmalıydı. Ani olaraq kiçik gözlüyü yandırdı ki, səmti tapa bilsin. Elə bu da bəs elədi. Bu an, elə bu an qarşı döşün yuxarısında pusquda dayanmış tankdan atəş açıldı və “Villis” yerindəcə havaya sovruldu. Ermənilər Toğrulun meyidini üç gün nəzarətdə saxladılar. Yalnız dördüncü günün gecəsi Şahbaz bir neçə kişiylə onun paralanmış cəsədini bir adyala büküb götürə bildi. Elə oradanca bağiçi cığırla aparıb qəbirisatanlıqda dəfn etdilər. lll Gəldiyi neçə gün idi. Heç kimə uyuşmurdu. Tanıdığı bir adam da yox idi ki, qulaq yoldaşı olsun. Eləcə aşağı düşür, təkcə gəzinir, yola çıxıb ötənə-keçənə tamaşa eləyirdi. Ötüb keçənlər də yolun qırağında dayanan bu nimdaş geyimli, saqqal basmış qocaya ani nəzər salıb, onu boş-bekar, sərsəri bir adam hesab edir, keçib gedirdilər.
O, salamsız-kəlamsız
ötüb keçən adamların yadlığından
bezikir, gözlərini təzədən arxadan gələnlərə
dikirdi. Arxadan gələnlər də əvvəlkilər kimi
səssiz-səmirsiz ötürdülər. Elə bil bu şəhərdə
hamı bir-biriylə küsülü idi. “Hayıf dəyil kənd.
. . adama bir ağacadan salam verirlər – tanıdı,
tanımadı. Salam ki Allahın salamıdı, verəndə
nolar?” Tələbələrin köçü
başlamışdı. Deyəsən, günorta idi. Əli
çantalı qızlar dəstə-dəstə gəlib
ötürdülər. Oğlanlar isə gah topa-topa, gah
iki-bir, üç-bir gəlirdilər. Qocanın ürəyi
atlandı. Fövrən qabağa, tinə sarı yeridi. Gələnlər
burdan yataqxanalara dağılışırdılar. Gah dəstə-dəstə
ötən, deyən-gülən qızlara baxdı, gah da
topa-topa gələn oğlanlara. Ən çox da gözü
oğlanların topasında qalırdı. Bir topa yaxınlaşanda
aradığını görmür, gözlərini həmin
topanın başı üzərindən arxadan gələn
topaya dikirdi. Elə bil Tural indicə gələn bu
topaların birinin ortasından çıxıb, onun
üstünə yüyürəcəkdi. Gələnlər
seyrəlirdi. Həyəcandan dodaqları səyriməyə
başladı. Dözmədi. Yaxınlaşan növbəti
topaya yanaşdı. Elə-eləcə ortalığa dilləndi:
– Ay bala, ay oğul, Tural siznən
gedib gəlirdi? Oğlanlar ani duruxdular və sanki sualı
anlamadılar. Çiyinlərini çəkib ötdülər.
Qoca ümidsiz-ümidsiz gözlərini axırda gələn
topaya dikdi. Həmin topa da keçib gedəndən donra o, bir
xeyli yerində hərəkətsiz qaldı. Küçədə
tək-tək adam görünəndə o, ayaqlarını
sürüyə-sürüyə yataqxanaya sarı getdi. Günəş
içəridə pəncərənin qabağında
çöküb qalmışdı. Fikrə necə
getmişdisə, elə bil ərinin hənirini duymadı. Eləcə
gözünü pəncərənin şüşəsindən
harasa zilləyib hərəkətsiz qaldı. Qoca
qılçalarının hovunu almaq üçün
çarpayıya sarı yönələndə qapı astaca
döyüldü və azacıq aralandı. Şüvərək
bir oğlan idi. – Əmi, sizi aşağıda
çağırırlar. – dedi və qapını
örtdü. Şahbaz qaşlarını çatdı.
Öz-özünə: – Kim olar, balam? – dedi və qapıya
yönəldi. Arxadan Günəş elə bil quyunun dibindən
dilləndi: – Yəqin Fərman olar. Şahbaz aşağı,
pilləkənin başına düşdü. Gördü ki,
həyətdə bir qara “Cip” dayanıb və bir kişi də
əlini köhnədənqalma basketbol
meydançasının dirəyinə söykəyib yola
baxır. Kişi yana baxdığından üzü tam
görünmürdü. Şahbaz bir neçə pillə
düşüb dayandı. Necə olmasa hüzr sahibiydi. Dirəyə
söykənən kişi döndü. Şahbazı
görüncə ağır-ağır ona tərəf gəldi.
Şahbaz da asta-asta pillələri düşdü. Ikisi də
zənlə bir-birinə baxdı. Fərman yeznəsini
tanımaqda çox çətinlik çəkdi. Şahbaz
on-oniki günün içində tamam qocalmış,
saç-saqqal basmışdı. Çuxura
düşmüş gözləri amansız bir kədərin
caynaqlarında öləzimiş halda bozarırdı. Fərman
elə bil ziyarətə yox, gerçəkdən hüzrə
gəlmişdi. Ikisi də bir-birini tanıyınca, qara buluda
döndü. Ikisi də doldu və ayaq saxladı. Şahbaz
hönkürtüsünü boğdu və üzünü
çevirdi. Fərman da döndü. Ikisinin də
gözündən yaş selləndi. Şahbaz gözlərini
əllərinin künəsiylə silib çevriləndə
gördü ki, Fərman əlində tutduğu
ütülü cib dəsmalıyla gözünün
yaşını qurudur. “Rəhmətliyi çox isdiyirdi,
qoymurdu korruq çəksin” Yaxınlaşdılar. Yerə
baxa-baxa kökslərini ötürdülər. Bir-birlərinə
baxmağa elə bil cürətləri çatmırdı.
Sanki bu hadisədə ikisi də suçlu idi. Bir xeyli beləcə
susdular. Handan-hana Şahbaz soruşdu: – Hardan bildin burdayıq?
– Çox soraqlaşdım. Gümanım gələn hər
yerə baş çəkdim. Axırda bura gəldim.
Şahbaz dinmədi. Nə sağ ol dedi, nə də
dil-ağız elədi. Bir ailə kimiydilər. Belədə
nə dil-ağız? Kimdən kimə? Bu, yadlıq olardı.
– Gəlmişəm sizi aparmağa.
– Fərman içindəki kədərdən
sıyrıldı və birdən dedi. Şahbaz alındı.
Boğulan kimi oldu. Cavab verməyə tələsmədi. Iksi
də yerə baxdı. Elə bil yerdə eyni filmə
baxırdılar. Fərman kənddən
çıxmış sayılan adamlardan biriydi. Böyük
hörmət sahibiydi. Kəndə tez-tez gələrdi. Illah da
yayda. Hər gələndə də əmisigilə
düşərdi. Əmisini, bibisini təzələyərdi.
O hər gələndə bibisi təzə paltar geyərdi. Fərman
alıb, deyərdi. Qulluğunda durardı əziz-əziz.
Qohumlar növbələşərdilər Fərmanı
çağırmağa. Bir dəfə də Şahbaz qonaq
çağırdı. Ayağı altında toğlu kəsdi.
Yedilər, içdilər. Kənddən danışdılar.
Uşaqlıq xatirələrini çözələdilər.
Kəndin saf havasından, axar-baxarlı olduğundan söhbət
açdılar.
– Buranın havasından
olmaz. – dedi Fərman. – Dünyanı ayaqlamışam, belə
havalı yer görməmişəm. Hara gedirəmsə,
darıxıram. Vaxt tapan kimi də qaçıb gəlirəm
bura ki, bir az dincəlim. Heyif dəyil kəndimiz! . .
Dağından dağı, bağından bağı,
çayından çayı. Bulaqları da şarhaşar. Görmürsən,
burdan baxanda Araz görünür. Heyif dəyil bura. . . Ancaq
heç vaxt arvadını gətirməzdi. Həmişə
tək gələrdi. Arvadı bircə dəfə gələn
idi. Onnan da ayağını kəsmişdi, daha gətirmirdi. “O
nə bilir buranın qədrini, onunku odu yaxşıca onu-bunu
yığsın başına qeybət eləsin.” Arvadı qədim
qaim şəhərdən idi. Çox dilli və ədalıydı.
Hamıya yuxarıdan baxırdı. Illah da əri tərəfdən
olanlara. Amma öz qohumlarına şirin idi. Əziz tuturdu
hamısını. Gələnləri olanda tez əl-ayağa
düşürdü. Beş-altı cürə xörək
bişirirdi, stollar açırdı. Deyirdilər,
gülürdülər. Elə bil Fərman torpaqdan
çıxmışdı, heç kəsi yox idi. Bunlar isə
göydən enmişdilər və çox idilər. Ər tərəfdən
biri azıb gələndə ya acılanırdı, ya da
şərə düşürdü. Elə o gedən gedirdi.
Bir dəfə Günəş gülə-gülə
oğlundan soruşmuşdu: – Bibin sənə necə
baxır? Toğrul ağzını büzüb
üzünü çevirmişdi: – Bir stəkan çay da
vermir adama. Gərək Fərman deyə, sonra. Onda da mətbəxdən
Fərmanı çağırır: – Gəl apar! Gülüşmüşdülər.
Ancaq bu gülüşdən sonra tez də məyus olmuşdular.
– Dayın yaxşı adamdı, bala! Fikir vermə. Yad
qızına satmıyajıyıx ha o cürə
dayını. Film bitdi. Ikisi də baxışlarını
yerdən çəkdilər. Ağır-ağır, bir az da
düşüncəli halda Şahbaz dilləndi:
– Bura yaxşıdı,
daş-divarrardan, tələbələrdən Turalın iyini
alıram. Elə bil heç əliminən
basdırmamışam, indicə buralardan çıxıf gələjək.
– Gözləri yenidən sulandı və səsi boğuldu. Üzünü
yenə yana çevirdi. Fərman da doluxsundu. O da çevrikdi.
Elə bil kürəyinə dəyirman daşı yüklədilər.
Aralığa ağır bir sükut çökdü. Xeyli
susdular. Handan-hana Fərman qəddini düzəltdi və qəti
qərarını verdi: – Mən sizi aparmağa gəlmişəm.
Get xalaqızını da götür gəl. Şahbaz bir
xeyli onun üzünə baxdı və məlul-məlul: – Nə
deyirəm. – dedi. Elə bil Fərmanın kürəyindən
dəyirman daşını götürdülər. Təsəlli
verməyə, yeznəsini yüngülləşdirməyə
çalışdı: – Bura sizi tay da üzər. – dedi.
– Nə var bu quş damında. Taxta
sexim var, sahəsi genişdi. Mətbəxli, hamamlı otaq
tikdirmişəm ərazisində. Sizə ora rahat olar. Həm
də həyət-bacasında başınız qarışar.
Şahbaz aralandı. Fərman onun ürəyindəki
qayğını hiss etmişdi. Bu qayğı Şahbazın
üzündən çəkilən kimi yəqinliyi qətiləşdi.
“Səhv eləmişəm. O vaxt səhv eləmişəm.
Öz elimdən aralanmağımın nəticəsi belə
olmalıdı. Yazıq anam deyərdi: uzaq yerin
halvasını hoza ilə döyərlər, qanmadım o
vaxt. Indi cəzamdı çəkirəm”. Şahbazla Günəş
bir yerdə qayıtdı. Fərman irəli yeridi. – Allah səbr
versin, bacı. – dedi. – Gərək belə olmayaydı. Ürəyini
çox üzmə, səbrli ol. Özünü də qoru,
Şahbazı da. – Maşına tarəf döndü. Günəş
də əri kimi heç bir söz demədi. Üçü
də maşına əyləşdi. Bir neçə
küçədən sonra sexə çatdılar. Həyət
darvazası açıq idi. Fərman maşını
içəri saldı. Yerdən tikdirdiyi tikilinin
qabağında saxladı.
– Buradı, – dedi, – düşək.
– Hər üç qapı birdən açıldı. Fərman
otağı göstərərək:
– Bura sizindi, hər şəraiti
də var – hamamı, mətbəxi. Ayaq yolu da, ode, hovuzdan o
yanki quruludu. Içəridə hər şey var, alıb
qoymuşam. Gündə, günaşırı da gələcəm.
Gələ bilməyəndə də sürücümü
göndərəcəm, nə lazımsa alıb gətirəcək.
Di siz keçin içəri, tanış olun, mən də
sexə dəyib qayıdıram. İçəridə,
doğrudan da, hər şey var idi. Ərzaq dolu torbalar mətbəxdə
yan-yana düzülmüşdü. Otaq da rahat və
işıqlı idi. Qapıda bir oğlan göründü. Qucağında
taxta qırıntıları var idi.
– Fərman müəllim deyir,
xalaqızı bir samavar çayı qoysun, gəlirəm.
– Çiltikləri yerə
töküb getdi. Günəş əl-ayağa
düşdü. Mətbəxin küncündə qoyulmuş
samovarı götürüb bayıra çıxdı. Hovuzun
yanındakı krantdan doldurub, tikili ilə incir
ağacının arasında od saldı. Fərman gəldi.
Tikilinin yanında, hasarın böyründə aralıqda
qoyulmuş stolun arxasına keçdi. Stul çəkib oturdu.
Şahbaz da gəlib onunla oturdu.
– Hə, necədi buralar? – Fərman
dilləndi. – Quşunuz qondu ya yox? Əsas quşun
qonmağıdı.
– Səsinə-sözünə
nikbinlik qatdı və əlavə etdi: – İstər adam
olsun, istər mülk olsun, istərsə də lap elə
dağ-dərə olsun, gərək adamın quşu qona. Adamın
ki, bir yerə, bir adama siftədən quşu qonmadı –
heç nə, apar qaytar. Günəşin kədər
çökmüş üzünə işıq gəldi: –
Yaxşıdı, ay qağa, vallah! Allah canını sağ
eləsin. Suyu var, həyəti var. Otaq da çox rahatdı. Ayrı
tay nə lazımdı ki. . . Fərman məmnun qaldı.
Samovar paqqıldayıb yerində ləngərləndi. Günəş
dudkeşı açdı və açan kimi də buğ
dudkeşdən göyə fışqırdı. Samovarın
hikkə-havası soyudu. – İçəridə kapron qutularda
dağ çiçəkləri var, onlardan dəmlə. Hərəsindən
iki çimdik atsan bəs eləyər. Günəş
otağa getdi. Çox çəkmədi bir əlində
çaynik, o biri əlində konfet dolu qənd qabı geri
qayıtdı. Çayniki doldurub dəmkeşin üstünə
qoydu və dəsmala bükdü. Araya çökən
sükutu samovarın dızıltısı pozurdu. – Bir iş
olsaydı, mən də əl qatardım. – Şahbaz dedi və
sozalıb öləzimiş gözlərini Fərmanın
üzünə dikdi. – İş deyəndə, bunnan belə
sizə nə iş! Qıyaram heç sizin işləməyinizə?
Eləcə buralarda ləkdən-zaddan qayırın, sulayın,
vəssalam! Başınız qarışsın. Heç biri
dinmədi. Ortalığa intizar dolu sükut
çökdü. Hiss olunurdu ki, Şahbaz ciddi bir işlə
məşqul olmaq istəyir. Ancaq hansı işlə? Bax,
müəmma burada idi.
– Burda nə var ki! Buranı bir saata
belləyərəm. – Şahbaz aralığa dedi. Fərman
gülümsündü. Qohumunun timsalında
qarşısında halal, namuslu, işlək bir kəndçi
obrazı canlanırdı. O, Şahbaza böyük rəğbətlə
baxırdı. Zəhmətdən yoğrulmuş bu kəndçi
qohumunun ürəyini qırmamaq üçün: – Fikirləşərəm.
– dedi və iştahla çayını içdi.
– Çoxdandı samovar
çayı içmirdim, xalaqızı. Allah razı olsun.
– Allah sənin də köməyin
olsun, xalaoğlu! Gətirdin bizə rahat yer verdin, arxa durdun. .
. Allah ürəyinə görə versin, Allah səni minbudaq
eləsin. Çox sağ ol, çox razıyıq. Günəşin
alqışı, razılığı Fərmanın ürəyindəki
düyünü yavaş-yavaş yumşaldırdı. O,
çoxdan idi belə alqış, belə dua-səna
eşitmirdi. Nə evdə, nə çöldə. Məmnun-məmnun
ayağa qalxdı. Şahbaz da, Günəş də durdu. Fərman
maşına doğru gedə-gedə Şahbaza tərəf
döndü və gülə-gülə: – Qohum, deyəsən,
sən mənim xalam qızını tək qoymaq istəyirsən
axı. Qorxmursan sənə çay verməyə?
Şahbazın tüklü üzünün arasından
dodaqları qaçdı:
– Ta işdim dana, nə qədər
içəjəm. Gülüşdülər. Fərmana da
bu lazım idi. Onların qüssə dolu ürəklərinə
işıq sala bilmişdi. Maşının
qapısını açıb oturdu: – Di sağ olun! – Sağ
ol! – Sağ ol! Ər-arvad maşın uzaqlaşana qədər
arxasınca baxdılar. Hər ikisinin üzündə bir
könül xoşluğu, razılıq vardı. İkisi də
stolun qırağında təzəcə oturmuşdular ki,
maşın darvazada təzədən göründü. Gələn
sürücü idi. Yerə düşüb
maşının arxa oturacağından iki bağlama
çıxartdı və gətirib stolun üstünə
qoydu: – Fərman müəllim göndərib. Sizə
çatacaq. – dedi və qayıdıb getdi. Günəş
yerindən qalxdı və bağlamaları elə stolun
üstündəcə açdı. Birində kişi dəsti,
digərində isə qadın geyimləri vardı. O, birdən-birə
elə bil kədər dünyasından silkinib
çıxdı və üzü-gözü tamam
işıq saçdı. Fəxrlə kişi dəstinin
asılqanından tutdu və yuxarı qaldırıb Fərmana
alqış eləməyə başladı: – Allah
başınnan töksün, ay qağa! Allah kölgəni
qalın eləsin, ay qağa. Allah ruzu-bərəkətini bol
eləsin, ay qağa! Sanki xalası oğlu əlində
tutduğu kişi dəstinin içindəydi və Günəş
də ona alqış eləyirdi, dualar
yağdırırdı. Elə bil handan-hana duaları
qurtardı və kiridi. Geyimləri təzədən
bağlamalara bükə-bükə sevinc dolu
baxışlarını ərinin üzünə tikdi. Şahbazın
da üzündə razılıq ifadələri
sayrışırdı. Qəddi xeyli düzəlmişdi.
Öz içindən dikəlməyə
başlamışdı. – Mən gedim rahat başımı
yuyum, sən də bir-iki çilik at samovar isti qalsın. Bağlamaları
götürüb içəri getdi. Şahbaz əlüstü
samovara iki çilik atdı. Axşam yavaş-yavaş
düşürdü. Darvazanın üstündən
asılmış lampanın işığı getdikcə
artırdı. Gündüzlə axşam səssizcə
ayrılırdı. Həyətə sükut
çökmüşdü. Iş vaxtı
qurtardığından sexin işçiləri çəkilib
getmişdilər. Bayaqdan səsləri həyəti
başına götürən dəzgahlar susmuşdu.
Şahbaz həyəti bir kəndçi marağıyla
süzdü. Baxışlarını hər yerə
dolandırdı. Sabah belləyəcəyi yerləri vərəvurdladı.
Bir istədi elə indi durb başlasın yer qazmağa, amma nə
isə ürəyi qalxmadı. Həvəsi içindən
qaynaqlanmadı. Eləcə oturub ora-bura baxmağa
başladı. Gözü damdakı köhnə şiferlərin
üstündəki yaşıl, qonur xallarında
qalmışdı. Yumru-yumru xallar qaya mamırlarını
xatırladırdı. Eynən kəndlərinin
arxasındakı qayaların mamırlarına bənzəyirdi.
Bircə fərq burasındaydı ki, şiferlərin
üstündəki mamırcıqlar balaca-balacaydılar. Hələ
böyüyüb birləşməmişdilər, ot
bağlamamışdılar. Şiferin altında
yuvalamış sərçələr axşamın
düşdüyündənmi, ya nədənsə yaman
hay-küy salmışdılar. Sanki qaranlığın
düşməsini istəmədiklərindən səslərini
başlarına almışdılar. Sanki hələ oynamaq,
şənlənmək istəyirdilər. Hey cikkildəşir,
dəstə-dəstə şiferin altından
çıxıb uçuşur, təzədən
yuvalarının ağzına qonub haray-həşir
salırdılar. “Bəlkə yuvalarına ilan girib?”
düşündü Şahbaz. Inanmadı. “Bakının
göbəyində ilan nə gəzir.” Həm də sərçələrin
səsində həyəcan, qorxu-təlaş yox, nə isə
bir sevinc duyulurdu. Elə bil toy eləyirdilər. Sanki indicə
gəlin köçürəcəkdilər. Bircə musiqiləri
çatmırdı. Elə özləri oynayır,
atılıb-düşürdülər. Yenə bir dəstə
içəridən çıxdı və çöldəkilər
özünü içəri təpdilər. Sonra
çöldəkilər də şaqraq civiltilərlə
yuvaya girdilər. “Verin gəlinimizi aparaq də, axşam
düşdü axı.” Şahbaz elə heyrətlənmişdi
ki, hər şeyi unutmuşdu. Bütün fikri sərçələrin
oyununda idi. Birdən bütün sərçələr
yuvadan eyni anda çıxdılar və topası ilə incir
ağacıyla sexin divarı arasına, işıq düşən
yerə qondular. Yenə səsləri başlarına
düşdü və yerlərində hoppanıb-düşməyə
başladılar. Civ-civ sala-sala o bunun yerinə keçdi, bu
onun. Şahbaz doğrudan-doğruya elə bil toya
baxırdı. “Kərəminə şükür, ilahi,
quşların da toyu olurmuş.” İndiyə qədər belə
şeyi nə görmüşdü, nə də
eşitmişdi. Dördgözlə sərçələrə
tamaşa edirdi. Bilmək olmurdu bu sərçələrin
içində bəy hansıdı, gəlin hansı.
Hamısı elə civildəşə-civildəşə
yerini dəyişir, atılıb-düşür, hay-küy
salırdı. Sanki səsləriylə bir-birlərini daha da həvəsləndirirdilər.
Birdən halay dayandı. Sanki sərçələrin
hamısının ayağı asfaltda qıra batdı,
heç biri yerindən tərpənə bilmədi. Dövrə
vuranların hamısı ayaqları üstə
çökdü və ortadakı sərçəyə
baxdı. Ortadakı sərçə bir-iki dəfə
hoppanıb qabağa atıldı və heyi tükəndi. Böyrü
üstə yıxıldı və sarı dimdiyini
açıb yumdu. Bu, bala sərçə idi. Demə, sərçələr
bala uçururmuş. Halaydan bəziləri uçub məyyus
halda incir ağacına qondu, bəziləri isə yuvaya
çəkildi. Sonra incir ağacına qonanlar da
pırıltıyla yuvalarına uçdular. Yerdə iki sərçə
qaldı. Biri bala sərçənin qabağında
dayandı, o biri isə arxasında. Ikisi də ortada asfalt
üstündə uzanıb qalmış bala sərçəyə
məlul-məlul baxmağa başladılar. Hiss olunurdu ki,
onlar ata-ana idilər. Balanın tərpənmədiyini görən
arxadakı sərçə deyəsən ümidünü
üzdü. O da o biriləri kimi yuvaya uçdu. Bu, ata sərçə
idi. Qaldı bircə qarşıda dayanan sərçə.
O, bir-iki addım qabağa atlandı
və balanın düz qarşısında dayandı. Maddım-maddım
gözlərini ona dikdi. Deyəsən balasının diri
olub-olmadığını özü bilmək istəyirdı.
Bu, ana sərçə idi. Dözümlü, fədakar ana!
Beləcə xeyli keçdi. Ana sərçə elə bil
yerindəcə heykələ dönmüşdü. Sərçə
heykəlinə. Nə o tərpənirdi, nə də
balası. Nəhayət, ana sərçə də uçub
getdi. Asfalt üstə qalan təkcə bala sərçənin
ölüsü oldu. Yuxarıda, yuvaya tam sakitlik
çökmüşdü. Toy hüzürə
çevrilmişdi. Gördüyü mənzərədən
Şahbaz necə təsirlənmişdisə oturduğu yerdə
lam qalmışdı. O, ölmüş sərçə
balasına baxır, gözləri önünə igid
Turalın necə həlak olduğunu gətirirdi. Qulağında
tank atəşi guruldayır, oğlu “Villis” maşınla
birlikdə göyə qalxıb parça-tikə olurdu. O, daha
bala sərçə ölüsünə baxa bilmədi.
Gözünü ondan çəkib gah incir ağacına, gah
da damın şiferlərinə tamaşa eləməyə
başladı. Hara baxdısa nəzərləri elə bir
nöqtədə cəmləşdi. O nöqtədə tank
gurladı, Tural da, maşın da göyə sovruldu. Bu an
qapı açıldı və Günəş başı
çalmalı içəridən çıxdı. Şahbaz
necə həyəcanlandısa ürəyi gupp eləyib yerə
düşdü. “Görsə, bu saat bayılacaq, vallah.” Ilan
vurmuş kimi, yerindən dik sıçradı.
Ölmüş sərçə balasını bir anda
götürüb hasarın o üzünə atdı. Təşvişlə
arvadına baxdı. Heç nədən xəbəri olmayan
Günəş stolun arxasına keçdi. Şahbazın
ürəyi yavaş-yavaş yerinə qayıtdı.
“Yaxşı ki, görmədi.” Həyəcanı çəkildi.
O, böyük bir xatadan qurtarıbmış kimi, asta-asta stola
tərəf getdi.
Cavad ZEYNAL
525-ci qəzet.- 2011.- 3 mart.- S.6.