Rəbiyyət Aslanova: “Azərbaycan
Yaxın Şərq, ərəb və yaxud Afrika ölkəsi
deyil”
“525”in MÜXBİRİNİN SUALLARINA PARLAMENTİN
İNSAN HAQLARI KOMİTƏSİNİN SƏDRİ, PROFESSOR RƏBİYYƏT
ASLANOVA CAVAB VERİR
– Rəbiyyət xanım,
müxalifət təmsilçilərinin bir qisminin araya gəldiyi
İctimai Palata özünün sonuncu toplantısında Azərbaycan
iqtidarı qarşısında bir sıra tələblərlə
çıxış edib. Yəni, bu qurum
hökumətin istefaya göndərilməsi, o cümlədən
parlamentin buraxılması, bir sıra konstitusion islahatların
həyata keçirilməsi tələbini irəli
sürüb. İctimai Palata bu tələblərə
əməl olunmayacağı təqdirdə, martın 12-dən
ölkədə kütləvi etiraz aksiyalarına
başlanılacağını da bəyan edib. Siz bir
– İctimai Palata dağılmayıb, hələ yaşayır?.. Bu qurumun səsləndirdiyi iddialar, tələblər, ümumiyyətlə, heç cür ciddi qəbul edilə bilməz. Azərbaycanda keçirilən seçkilərlə əlaqədar məsələ bugünlərdə ATƏT Parlament Assambleyasının sonuncu qış sessiyasında geniş müzakirə edildi və orada 7 noyabr seçkilərinin bütün demokratik tələblərə uyğun keçirildiyi birmənalı elan olundu. Bu gün bütün beynəlxalq təşkilatlar, Azərbaycanda seçkiləri müşahidə edən hər bir kəs də bu seçkilərin normal, şəffaf, azad və ədalətli şəkildə keçirildiyini etiraf edirlər. Yəni, bunlar müxlafətin həmişə inandığı və ümid etdiyi beynəlxalq təşkilatlar, missiyalardır ki, artıq öz mövqelərini bu şəkildə ortaya qoyublar. Eyni zamanda, Azərbaycan xalqı 7 noyabrda öz iradəsini ortaya qoyub, seçmək, seçilmək hüququndan istifadə edərək, bu böyük kampaniyanı gerçəkləşdirib. İndi fantastik ümidlərlə yaşayan bir qrup İctimai Palata üzvü hansısa tələbdə, iddiada bulunurlarsa, bu, Azərbaycan xalqının iradəsinə ziddir, onun ortaya qoyduğu seçim hüququna hörmətsizlikdir. Bu tələblər, iddialar heç bir halda gerçəkləşə bilməz, bunlar mümkün olan iş deyil. Açıq-aydın görünür ki, bu cür tələblərlə çıxış edən müxalifət nümayəndələrində artıq bir ideya qıtlığı var. Necə ola bilər ki, xalq öz seçimini edir, seçdiyi nümayəndələrini parlamentə göndərir, nəticədə parlament formalaşır və bu, beynəlxalq təşkilatlar, müşahidəçilər, ən əsası, Azərbaycan xalqı tərəfindən birmənalı qarşılanır, ancaq, bu, 3-4 nəfər tərəfindən qəbul edilmir? Azlıq çoxluğa tabedir. Bu, demokratik mərkəziyyət prinsipinin əsas məqamlarından biridir. Onlar çox söz deyə bilərlər. Bekarçılıqdır, başqa nə fikirləşə bilərlər? Bunların ortaya qoya biləcəyi rasional bir ideya yoxdur...
– Yəni, demək istəyirsiniz ki, heç kim onların arxasınca getməyəcək?
– Təbii ki, özləri kimi 3-5 adamdan başqa heç kim onların arxasınca getməyəcək. Xalq öz işində, gücündədir. Xalq mövcud reallığı, aparılan siyasəti çox normal qiymətləndirir. Bu başdan proqnoz verirəm, ayın 12-də də onların məlum çağırışları çox uğursuzluqla nəticələnəcək və ayın 13-də həmin o İctimai Palata başa düşəcək ki, onların siyasəti yalnız və yalnız iflasa məhkumdur...
– Ümumiyyətlə, necə hesab edirsiniz, son dövrlər Ərəb dünyasında yaşanan proseslər onu yaşadan və ssenariləşdirən güclər tərəfindən Azərbaycanda da təkrarlana bilər?
– “Ərəb dünyasında yaşananlar” fikrindən “ruhlanan” bu insanlara bir söz demək istərdim: Ərəb dünyasında olmadan, oradakı durumu görmədən, həmin məkandakı proseslərin mahiyyətini anlamadan “Ərəb dünyasında baş verənlər Azərbaycana da keçə bilər” ifadəsində, iddiasında bulunmasınlar. Ərəb dünyasını içəridən görmək, oradakı prosesləri gözəl anlamaq, onun iqtisadi tənəzzülünü, siyasi çöküşünü görmək və bundan sonra başa düşmək lazımdır ki, o proseslər heç zaman bu tərəflərə gələ bilməz. Mən yaxınlarda ərəb ölkələrindən qayıtmışam. Eyni zamanda, bir müddət öncə də orada olmuşam və oradakı durumu görmüşəm, yaxından müşahidə etmişəm. Mən orada yaşanan səfaləti, çətinliyi, daxili parçalanma prosesini, partiyalar arasındakı mübarizəni görmüşəm. Demək istəyirəm ki, hansısa bir məkanda baş verən, yaşanan prosesləri təhlil edərkən, onunla yaxından tanış olmaq, onu anlamaq lazımdır. Mexaniki şəkildə “orada baş verənlərin bu regionda da baş verməsi mümkündür” tezisini ortaya atmaq heç cür uğurlu variant deyil. Yəni, hər bir hadisənin başqa bir ölkəyə, məkana sirayət etməsi üçün o hadisəni yaşadan sosial-iqtisadi, siyasi səbəblər olmalıdır və bu baxımdan, bu prosesləri mexaniki şəkildə bir yerdən başqa yerə keçirmək, ixrac etmək olmaz. Ona görə yaxşı olardı ki, Ərəb dünyasında yaşananlardan “ruhlananlar” ilk öncə bu məqamları düzgün qiymətləndirsinlər və başa düşsünlər ki, Azərbaycan Yaxın Şərq, ərəb ölkəsi deyil. Onların iddiasınca, bu hadisə İngiltərədə də ola bilər, Fransada da, digərlərində də. Tamamilə səhv və yanlış mövqedir. Axı, bunlar tamamilə başqa-başqa məkanlar, mühitlər, iqtisadi, siyasi səviyyələrdir. Bunları qiymətləndirməyi bacarmaq lazımdır. Odur ki, onlar nə belə bir ümiddə olsunlar, nə də belə bir arzuda bulunsunlar. Nə Qərbi, nə Şərqi bilməyən bu insanlar özləri üçün bir illüziya yaratmasınlar. Bir daha qeyd edirəm, Azərbaycan Yaxın Şərq, ərəb və yaxud Afrika ölkəsi deyil. Azərbaycan güclü, qüdrətli bir ölkədir və Azərbaycanın bugünkü durumu bu ölkədə hansısa bir xoşagəlməyən ssenarinin reallaşması üçün heç bir əsas vermir.
– Amma Azərbaycanın özünün də kifayət qədər problemi var və bunlar elə dövlət rəhbərliyi səviyyəsində etiraf olunur...
– Əgər Azərbaycanda mövcud olan problemlər dövlət səviyyəsində etiraf olunursa, bu o deməkdir ki, siyasi iradə bu problemlərin aradan qaldırılması üçün çox ciddi tədbirlər görür. Demokratiyanın özəl prinsipi də odur ki, hər hansı bir nöqsanı görüb, onu aradan qaldırmaq üçün cəhd edəsən. Cəmiyyətin içərisində gedən proseslər həmişə rəvan axınla getmir. Bu inkişafın yüksəliş, eniş məqamları, çətinlikləri, insan psixologiyası, insan qafasında olan stereotiplər var. Bu gün əgər biz korrupsiyadan və ona qarşı mübarizədən danışırıqsa, bu o deməkdir ki, Azərbaycan bu məsələdə çox ciddidir, qətidir və maraqlıdır. Bu, eyni zamanda, təkcə korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunların qəbulu deyil, həm də bu qanunların reallaşması üçün gerçək mexanizmin işlənilib hazırlanmasıdır ki, onunla da əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiya fəaliyyət göstərir. Qeyd edim ki, bu gün bu proses çox şəffaf aparılır. Azərbaycan vətəndaşına bir daha sübut olundu ki, dövlət başçısı bu məsələnin üzərində çox ciddi şəkildə dayanıb və onun həllinə çalışır. Bununla belə etiraf etməliyik ki, qafalarda olan məlum sterotiplərin dəyişməsi də çətin məsələdir. O rüşvətxor, korrupsioner məmur heç də bir anın içində dəyişə bilməz. Amma bununla yanaşı, bu sterotipləri də dəyişmək, qırmaq, dağıtmaq lazımdır. Hər şey şəffaf olmalıdır. Bir daha deyirəm, bu, çox çətin prosesdir, ancaq Azərbaycan cəmiyyəti bu prosesdən də keçəcək. Bəzən insanlara elə gəlir ki, bu, çox tez bir müddətdə başa çatmalıdır. Bu, belə deyil. Bu, adi bir kampaniya deyil. Bu, mütəmadi davam edən və edəcək bir prosesdir. Eyni zamanda, kimlərsə ümid edir ki, bu, bir kampaniyadır, tez müddətdə aradan keçib gedəcək, hər şey əvvəlki kimi olacaq, yox, hər şey əvvəlki kimi olmayacaq. “Bəlkə də qaytardılar” fikri artıq bitib. Biz dəyişməliyik, Azərbaycan insanı dəyişməlidir, imkan verməməlidir ki, kimlərsə korrupsiyaya meyl etsin. Hər kəsin məsuliyyəti var, elə korrupsiyaya yuvarlananın da, korrupsiya üçün şərait yaradanın da. Bütün bunlarla yanaşı mən inanıram ki, korrupsiyaya qarşı mübarizə istiqamətində dövlət rəhbərliyi səviyyəsində atılan addımların çox uğurlu nəticələri olacaq.
– Yeri gəlmişkən, İctimai Palata ilə, yaxud bütövlükdə radikal adlandırılan müxalif kəsimlə dialoqa gedilməsi necə, mümkündürmü?
– Dialoq çox gözəl
bir ideyadır. Dialoq cəmiyyətin
bünövrəsidir, əsasıdır. Dialoq
“mən və sən” düşüncəsindən “biz”
düşüncəsinə keçməkdir. Dialoq həmrəylikdir. Dialoq eyni
bir problemin həllində ortaq məxrəcə gəlməkdir.
Yeni Azərbaycan Partiyası olaraq da biz həmişə
digər partiyalara dialoq təklifində bulunmuşuq, hər
zaman mövcud problemləri birgə çözmək, ən
rasional ideyaları bölüşmək arzusunda olmuşuq,
amma təəssüf ki, bunun qarşılığında
tamamilə başqa mənzərə ilə
qarşılaşmışıq. Mitinqlərə
çağırış, dövlət
başçısına, yüksək vəzifəli dövlət
məmurlarına qarşı ağlagəlməz ittihamlar, hədyanlar
və sair səsləndirilib, ortaya qoyulub. Bunu
səsləndirən insanlar konkret olaraq bir təkliflə
çıxış etməyiblər. Məgər
mitinqə çıxmaqdır təklif? Hər
halda fikirlər, ideyalar çoxdur. İqtidar
tərəfdə də, müxalifət tərəfdə də
kifayət sayda iqtisadçılar var, yaxşı olar ki, onlar
bu və ya digər iqtisadi proqramın həllində bir araya gəlsinlər.
İndiyə qədər görməmişəm,
onlar desinlər ki, bizim filan məsələyə həsr
olunmuş Dəyimi masamız var, gəlin, oturaq, fikirləşək
ki, bu dövlətin sabahkı tərəqqisi
üçün hansı addımı atsaq, yaxşı olar.
Yaxud tərəfin fikri yaxşıdır, gəlin
onu dəstəkləyək, bu tərəfin fikri
yaxşıdır, gəlin onu dəstəkləyək.
Təəssüflər olsun ki, onlar indiyə qədər
bu yöndə rasional bir fikir, təklif səsləndirməyiblər.
“Gəlin çıxaq meydana”,
çıxdıq, bəs sonra? Deyəsən,
hələ də 2003-cü ildə olanlar – pəncərə
sındırmaq, maşın əzmək və sair,
yadlarından çıxmayıb. Bunlar
artıq keçib gedib. Dünyanın
heç bir yerində belə bir şey yoxdur. Ona görə rasional ideyalar, fikirlər fikirləşib
ortaya qoymaq lazımdır. Bu zaman onlarla
diskussiyalara da, dialoqa da getmək olar.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 3 mart.- S.5.