Avropa Şurasında siyasi məhbus
problemi və onun həlli yolları
III
məqalə
Qeyd edilənlərə baxmayaraq, müstəqil ekspertlər qrupunun məruzəsində müəyyən edilmiş meyarlara əsaslanaraq, AŞPA 24 yanvar 2002-ci ildə “Azərbaycanda siyasi məhbuslar” adlı 1272 saylı qətnamə qəbul etmiş və həmin qətnamədə Azərbaycanda siyasi məhbuslar olması barədə qərar öz əksini tapmışdır. Diqqəti çəkən məqamlardan biri ondan ibarətdir ki, müstəqil ekspertlər qrupunun hazırladığı məruzə Ermənistan və Azərbaycanda siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün meyarları özündə əks etdirsə də, AŞPA-nın qəbul etdiyi 1272(2002) saylı qətnamə yalnız Azərbaycana aid olmuşdur və Ermənistanla bağlı nə əvvəlcə, nə də sonradan analoji qətnamə qəbul edilməmişdir.
Avropa Şurası Parlament Assambleyasının 2003-cü il iyunun 26-da keçirilən növbəti sessiyasında Azərbaycanda siyasi məhbuslar məsələsi barədə Hüquq məsələləri və insan hüquqları komitəsinin üzvü, belçikalı deputat Corc Klerfayt məruzə ilə çıxış etmiş və məruzədə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək, Avropa Şurasına üzv qəbul edildiyi vaxt “siyasi məhbus” problemi ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirmiş, müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxsləri “siyasi məhbus” kimi qələmə vermişdir. Klerfaytın hazırladığı məruzədə Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olması ilə bağlı 16 yanvar 2001-ci ildə qəbul edilmiş amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə yerlərindən təqribən 2300 şəxs azadlığa buraxılması, 800 şəxsin cəzasının yarıya endirilməsi, 4400 şəxsin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalardan azad edilməsi, istintaq orqanları və məhkəmələr tərəfindən 1300 şəxs barəsində cinayət təqibinə xitam verilməsi, o cümlədən Azərbaycan Prezidentinin 17 iyun 2003-cü il tarixli fərmanı ilə 106 məhbusun azad olunması və azad olunanlar sırasında hüquq müdafiə təşkilatları tərəfindən “siyasi məhbus” kimi tanınan məhkumların böyk əksəriyyətinin olması faktları öz əksini tapmamışdır. Azərbaycan nümayəndə heyəti gündəliyə salınmış “siyasi məhbus” haqqında məruzənin ziddiyyətli olduğunu və seçkiqabağı vəziyyətə təsir etmək məqsədi güddüyünü bildirərək, qeyd etmişdir ki, Azərbaycan Avropa Şurasına daxil olduğu vaxtdan bəri bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı 716 nəfərdən ibarət “siyasi məhbus” siyahısı 527 nəfər azalmışdır, bu isə o deməkdir ki, Azərbaycanın Avropa Şurasındakı üzvlüyü dövründə bəzi qeyri-hökumət təşkilatlarının “siyasi məhbus” hesab etdiyi 527 dustaq azadlığa buraxılmışdır. Müzakirələr zamanı çıxış edən deputatların əksəriyyəti Klerfaytın məruzəsinin qərəzli və səthi xarakter daşımasını, Avropa Şurasının meyarlarına uyğun gəlmədiyini, ekspertlər qrupunun rəyi ilə məruzəçinin mövqeyinin ziddiyyət təşkil etdiyini vurğulamışlar. Nəhayət, AŞPA Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı məruzəni ziddiyyətli sayaraq yenidən işləmək üçün komitəyə qaytarılması barədə qərar qəbul etmişdir.
AŞPA-nın Azərbaycanda siyasi məhbus məsələləri üzrə məruzəçisi Malkolm Bryusun məruzəsinin 2005-ci ilin iyun ayında ətraflı müzakirəsindən sonra Azərbaycanda “siyasi məhbus” məsələsi bir qədər səngimiş, Malkolm Bryus Azərbaycanda siyasi məhbus problemi mövcud olmaması qənaətinə gələrək məruzəçi postundan istefa vermiş, süni surətdə yaradılmış bu mövzuyla əlaqədar Azərbaycan üzrə yeni məruzəçi təyin olunmasına ehtiyac qalmamışdı. Siyasi məhbus problemi üzrə məruzəçi postunun ləğv edilməsinə baxmayaraq “siyasi məhbus problemi” adlandırılan məsələnin hüquqi vasitələrlə həll edilməsinə və bu məsələnin tam bağlanmasına nail olmaq məqsədilə Azərbaycanın rəsmi strukturlarının təşəbbüsü ilə 11 iyun 2005-ci ildə hakimiyyət nümayəndələri və hüquq müdafiəçilərindən ibarət tərkibdə İşçi Qrupu yaradılmış və birgə memorandum imzalanmışdır. Həmin İşçi Qrupu fəaliyyətini sonradan İnsan Hüquqları üzrə İşçi Qrupu kimi davam etdirmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikasi ilə Avropa Şurası arasinda konstruktiv davamli əməkdaşlıqda maraqlı olmayan qüvvələrin cəhdləri nəticəsində qondarma “Azərbaycanda siyasi məhbus problemi” vaxtaşırı AŞ Hüquq məsələləri və insan hüquqları komitəsində gündəmə gətirilmişdir. AR Prezidentinin 2005-ci il martın 20-də imzaladığı əfv fərmanı ilə Avropa Şurasının müxtəlif siyahılarında göstərilən 53 məhbus da daxil olmaqla, cəmi 114 nəfər (o cümlədən adları tez-tez hallandırılan R.Qazıyev, N.Əfəndiyev, F.Muxtarov, T.Qasımov və digərləri) azadlığa buraxılmışdır. Avropa Şurasının müstəqil ekspertlər qrupu tərəfindən “siyasi məhbus” hesab edilmiş şəxslərdən üçünün işinə yenidən baxılmış (E.Əmiraslanov, A.Kazımov və S.Poladov), bütün qalan “siyasi məhbus” hesab edilmiş şəxslər isə azadlığa buraxılmışlar. Bundan əlavə, hüquq müdafiə təşkilatlarının siyahılarında göstərilən 4 nəfər məhkəmələr tərəfindən, 30-dan çoxu isə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2005-ci il tarixli fərmanı ilə əfv olunaraq azadlığa buraxılmışlar. Hüquq müdafiəçilərinin siyahılarında adları çəkilən daha 10 nəfər “siyasi məhbus” AR Prezidentinin 19 mart 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa çıxmış, 1 nəfərin cəzasının müddəti azaldılmış və 1 nəfərin şərti cəzası ləğv edilmişdir.
Qeyd etməliyik ki, Azərbaycanın
dövlət müstəqilliyi dövründə,
bütövlükdə, 8 amnistiya aktı və 48 əfv fərmanı
qəbul edirmişdir. Bunlardan 7 amnistiya aktı və 32 əfv
fərmanı 1995-2003-cü illər ərzində cənab
Heydər Əliyevin prezidentliyi dövründə qəbul
edilmişdir. Həmin amnistiya aktları 77 mindən çox
insana şamil edilmiş, bunlardan 21325 nəfəri cəzasının
çəkilməmiş hissəsindən azad olunmuşdur. Qəbul
edilmiş əfv fərmanları ilə 3 mindən artıq
şəxs bağışlanaraq cəzalarından azad
edilmişdir ki, bunların sırasında 1994-1995-ci illərdə
dövlət çevrilişi cəhdlərində iştirak
etmiş və AŞ tərəfindən iddia edilən “siyasi
məhbuslar” da olmuşdur. Cənab İlham Əliyevin
prezidentliyi dövründə 2003-cü ilin sonlarından
2011-ci ilin fevral ayınadək Azərbaycanda qəbul
edilmiş 1 amnistiya aktı və imzalanmış 16 əfv fərmanı
10-minə qədər məhbusa şamil edilmişdir. Bununla
yanaşı, bu və ya digər cinayət işlərinə
baxarkən hakimlər tərəfindən törədilmiş
hüquq pozuntularının, o cümlədən yeni “siyasi məhbus”
kimi qiymətləndirilə biləcək məhbusların
meydana gəlməsinin qarşısını almaq məqsədilə
Məhkəmə-Hüquq Şurasında mütəmadi olaraq
hakimlərin fəaliyyəti haqqında müzakirələr
aparılmış və Şuranın tövsiyələri əsasında
indiyədək 100-dən çox hakim müxtəlif cəzalara
məruz qalmış, 30-dan çox hakimin fəaliyyətini
davam etdirməsi tövsiyə edilməmiş, 10-dan artıq
hakimin fəaliyyəti isə vaxtından əvvəl
dayandırılmışdır. Hakim vəzifəsinə
namizədlərin peşəkar bacarıqlara yiyələnməsi
üçün xüsusi proqrama uyğun olaraq təlim
kursları təşkil edilmiş və bu məqsədlə
Avropa Şurası ilə birgə tanınmış beynəlxalq
ekspertlər, ədliyyə və prokurorluq işçilərindən
ibarət təlim komissiyası yaradılmışdır. 2009-cu
il may ayında 60 vakant hakim vəzifəsi yerinə 438 namizədin
iştirakı ilə test imtahanı keçirilmiş və
test imtahanı 30-dək beynəlxalq və yerli QHT tərəfindən
müşahidə edilmişdir. Nəhayət, Azərbaycanda
dünyanın 30 ölkəsindən 70-ə qədər
ekspertin, o cümlədən AŞPA, ATƏT PA, Avropa
Parlamentinin və BMT-nin müxtəlif strukturlarının
nümayəndələrinin iştirakı ilə 2005-ci ildə
“siyasi məhbus” problemi və 2008-ci ildə isə “Azərbaycanda
siyasi hüquqların müdafiəsi — yeni meyarlar”
mövzusunda beynəlxalq konfranslar keçirilmişdir. Bu beynəlxalq
konfransların qətnamə və bəyanatlarnda “siyasi məhbus”
anlayışının beynəlxalq-hüquqi təbiətinin
təyin olunmaması, heç bir beynəlxalq sənəddə,
o cümlədən Avropa Şurasının
ümumtanınmış rəsmi sənədlərində
öz əksini tapmaması, habelə qərarları presedent
hüququ qüvvəsinə malik olan İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin praktikasında bu
anlayışdan istifadə edilməməsi
vurğulanmış, “siyasi məhbus” meyarlarını
özündə əks etdirən “Siyasi Məhbus Problemi
üzrə Avropa Konvensiyası”nın işlənib
hazırlanması və qəbul edilməsi zərurəti
göstərilmişdir. Həmin qətnamələr və bəyanatlar
AŞPA-ya təqdim edilməsinə baxmayaraq, uzun müddət
qeyd edilən konfranslarda iştirak etmiş çoxsaylı
beynəlxalq ekspertlərin hazırladığı bu sənədlərə
Avropa Şurası tərəfindən heç bir reaksiya
verilməmişdir. Qeyd edilməlidir ki, qondarma “siyasi məhbus”
problemi mütəmadi olaraq ölkədə Prezident və
parlament seçkiləri, AŞPA-nın növbəti
sessiyaları ərəfəsində süni şəkildə
müzakirələr mövzusuna çevrilmiş və həm
ölkə daxilində, həm də onun hüdudlarından kənarda
bəzi dairələr tərəfindən genişmiqyaslı
və qərəşli kampaniya formasında Azərbaycana
qarşı siyasi təsir vasitəsi kimi istifadə
edilmişdir. Bu qeyri-obyektiv xarakterli kampaniyaların
qarşısını almaq və problemin əsl mahiyyətini
ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycanda
fəaliyyət göstərən bir çox QHT-lər, o
cümlədən öz sıralarında 70-dən çox
QHT-ni birləşdirən “Siyasi məhbus problemləri üzrə
Şura” təcrübəli ekspertlər qrupu
formalaşdırmışdır. Eksperlər qrupu Avropa
Şurası tərəfindən “siyasi məhbus” kimi
tanınmış 100-dən artıq məhbusun cinayət
işlərini araşdırmış və onların “siyasi
məhbus” kimi tanınmasının heç bir hüquqi əsasının
olmaması barədə birmənalı nəticəyə gəlmiş,
hətta “siyasi məhbus” kimi tanınanlar arasında uşaq
oğurluğu və terrorçuluq, dövlət
çevrilişi cəhdləri və digər zorakı cinayətkar
əməllər törətmiş insanların olduğunu
aşkar etmişdir. Həmin QHT-lərin rəhbərləri
aşkarladıqları faklarla bağlı AŞ rəhbərliyini
məlumatlandırmış, Avropa Şurası deputatları
ilə ikitərəfli və çoxtərəfli
görüşlər zamanı bu faktları onların diqqətlərinə
çatdırmışlar.
Bununla bərabər, həmin təşkilatlar
ardıcıl olaraq bəyanatlarla AŞ rəhbərliyi və
deputatlarına müraciət etmişlər. Bu bəyanatlada
vurğulanmışdır ki, hər hansı bir siyasi partiya və
hərəkat üzvü olmasından və ya yüksək səviyyəli
dövlət məmuru olmasından asılı olmayaraq hər
kəs törətdiyi cinayətlərə görə qanun
qarşısında cavab verməlidir və bu məsələyə
siyasi don geyindirmək demokratik, hüquqi dövlətin
ikişafı və vətəndaş cəmiyyətin
formalaşmasının başlıca amili olan hüququn
aliliyi prinsipinə ziddir. Törədilmiş bir neçə
cinayət əməllərinin təhqiqatı və ya məhkəmə
prosesləri zamanı müstəntiq və ya hakimlər tərəfindən
buraxılmış səhvlər həmin cinayətkarların
“siyasi məhbus” kimi tanınmasına əsas vermir, bu məsələlər
siyasi deyil, hüquqi müstəvidə həllini
tapmalıdır və əgər kimsə milli məhkəmə-hüquq
sistemində qəbul edilmiş qərarlardan razı deyilsə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə
müraciət etmək hüququna malikdir. Bu bəyanatlarda
vurğulanmışdır ki, heç bir ümumqəbul
edilmiş hüquqi meyar və beynəlxalq-hüquqi sənəd
olmadan ayrıseçkiliyə yol verərək 47 üzv
dövlətdən yalnız Azərbaycana qarşı siyasi məhbus
probleminin olması barədə iddia etmək və Azərbaycanda
siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin
təyin edilməsi beynəlxalq hüquq normaları ilə
ziddiyyət təşkil etməkdən əlavə, nə
Ümumavropa dəyərlərinə, nə də Avropa
Şurasının prinsiplərinə uyğun deyil və bu
beynəlxalq qurumun öz nüfüzuna olan böyük zərbədir.
Buna baxmayaraq, Azərbaycan Respublikasi ilə Avropa Şurası
arasında konstruktiv davamlı əməkdaşlıqda
maraqlı olmayan qüvvələrin cəhdləri nəticəsində
qondarma “Azərbaycanda siyasi məhbus problemi”
vaxtaşırı AŞ PA Hüquqi məsələlər və
insan hüquqları komitəsində gündəmə gətirilmişdir.
Nəhayət, 2008-ci ildə həmin komitə “siyasi məhbus”
anlayışının beynəlxalq hüquqda təyin
olunmamasını, Avropa Şurasının rəsmi sənədlərində
öz əksini tapmamasını, o cümlədən qərarları
presedent hüququ qüvvəsinə malik olan İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
praktikasında bu anlayışdan istifadə edilməməsini
nəzərə alaraq “Azərbaycanda siyasi məhbus problemi”
kimi iddialarin hüquqi əsasları olmadığı və
Avropa Şurasında “siyasi məhbus” məsələsi ilə
bağlı bütün üzv dövlətlərə
şamil edilə biləcək müvafiq sənədin və
meyarların işlənib hazırlanaraq qəbul edilməsinin
vacibliyi qənaətinə gəlmişlər. Bu məqsədlə
AŞPA Bürosu 2009-cu ildə Avropa Şurası çərçivəsində
“siyasi məhbus” anlayışının meyarlarının
işlənib hazırlanması və bu məsələ ilə
bağlı müvafiq sənədin qəbul edilməsinə
qədər üzv ölkələrə siyasi məhbus
problemi üzrə təyin edilmiş məruzəçilərin
fəaliyyətinin dayandırılması barədə qərar
qəbul etmişdir. Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, AŞ-nin Hüquqi məsələlər və
insan hüquqları komitəsində qondarma “siyasi məhbus”
problemi 2009-cu ilin əvvəllərində yenidən gündəmə
gətirilmiş və həmin komitənin 24 mart 2009-cu ildə
keçirilmiş iclasında Avropa Şurasının
üzvü olan 47 ölkədən yalnız Azərbaycanda
siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin
təyin edilməsi barədə qərar qəbul
edilmişdir. Beləliklə, həmin iclasda Almaniyalı
deputat Kristof Ştrasser Azərbaycanda siyasi məhbus problemi
üzrə xüsusi məruzəçinin təyin
edilmişdir. Hüquqi məsələlər və insan
hüquqları komitəsi 16 dekabr 2009-cu ildə keçirilən
iclasında Azərbaycana qarşı bir daha
açıq-aşkar qərəzli mövqe nümayiş
etdirmişdir. Belə ki, həmin komitə “siyasi məhbus”
anlayışının meyarlarının və bu məsələ
ilə bağlı müvafiq sənədin işlənib
hazırlanmasını özünün təyin etmiş
olduğu Azərbaycanda siyasi məhbus problemi üzrə
xüsusi məruzəçi Kristof Ştrasserə həvalə
etmişdir. Başqa sözlə, cənab K. Ştrasserə
özünün hazırlayacağı meyarlar əsasında
Azərbaycanda siyasi məhbuslar haqqında məruzə
hazırlamaq tapşırılmışdır. Nəhayət,
cənab K. Ştrasser tərəfindən “Azərbaycanda siyasi
məhbuslar məsələsinin izlənilməsi və siyasi
məhbusların müəyyənləşdirilməsi”
adlı məruzə hazırlanaraq Hüquq məsələləri
və insan hüquqları komitəsində 17 iyun 2010-cu il
tarixdə rəsmi sənəd kimi qəbul edilmişdir (AS/Jur
(2010) 28).
Elxan SÜLEYMANOV,
Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin üzvü,
AŞPA-nın Hüquq Məsələləri
və İnsan Haqları Komitəsinin üzvü
525-ci qəzet.- 2011.- 3 mart.- S.4.