Bakıda Azərbaycan İnvestisiya
Sammiti keçirilir
Dünən Bakıda Azərbaycan İnvestisiya Sammiti işə başlayıb. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və “Euroconvention Conferences” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbir iki gün davam edəcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun icraçı direktoru Adil Məmmədov bildirib ki, sammitdə dünyanın müxtəlif ölkələrindən (ABŞ, Almaniya, İngiltərə, BƏƏ, İspaniya, Fransa, Honqkonq və s.) investorlar iştirak edir: “Bunun özü Azərbaycanda xarici investorların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, ölkəmizin uğurlu investisiya məkanı kimi tanındığını göstərir. Sayı 50-dən artıq olan investorlar maliyyə, kənd təsərrüfatı, tikinti, alternativ enerji sektorlarını təmsil edir. Onların əksəriyyəti Azərbaycana ilk dəfədir gəlir”. A.Məmmədovun sözlərinə görə, investorların məqsədi Azərbaycanı öyrənmək və buradakı investisiya mühiti barədə məlumat almaqdır: “Azərbaycan tərəfi onlara həm qanunvericilik, həm də biznes şəraiti haqqında geniş məlumat verəcək”. Onun sözlərinə görə, investorları iqtisadiyyatın kənd təsərrüfatı, inşaat, alternativ energetika kimi müxtəlif sahələrin maliyyələşdirilməsi maraqlandırır. “İnvestorların əksəriyyəti Azərbaycanda ilk dəfə olurlar və onların əsas məqsədi ölkə haqqında maksimum məlumat əldə etməkdir. Biz də öz növbəmizdə, bunu onlara təqdim edirik”, – deyə, fond rəhbəri bildirib. Sammitdə çıxış edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, dünya maliyyə böhranı bir sıra ölkələrin iqtisadiyyatının müxtəlif sahələrinə mənfi təsir göstərib, lakin Azərbaycan düşünülmüş strategiya nəticəsində davamlı iqtisadi artımı saxlamağa nail olub. “2010-cu il Azərbaycan üçün uğurlu olub: ÜDM artımı 5%, həmçinin qeyri-neft sektorunda 7,9% təşkil edib, qeyri-neft sənayesinin artımı isə 6,6% təşkil edib. Azərbaycan dinamik inkişaf edir. Məlumdur ki, investorlar daha çox siyasi və iqtisadi cəhətdən sabit ölkələrdə yatırımlara maraq göstərirlər. Azərbaycan məhz belə ölkələrdəndir. Azərbaycan iqtisadiyyatına həm yerli, həm də xarici investorların yatırımlar etməsi diqqətəlayiq haldır. Qısa vaxt ərzində ölkədə uğurlu sahibkarlıq mühiti formalaşıb. “Hesab edirəm ki, bugünkü tədbir Azərbaycanda əlverişli investisiya mühitinin olmasının əlamətidir” – deyə, Səfərov qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda yerli və xarici investorlar üçün bərabər şərait yaradılıb. Bununla yanaşı o, qeyd edib ki, Azərbaycan sahibkarları xaricdə daha aktiv fəaliyyət göstərirlər. “Euroconvention Conferences” şirkətinin sədri Klaudio Kassuto iqtisadi əlaqələrin genişlənməsində işgüzar görüşlərin, biznes-forum və sammitlərin əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib, Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb.
Tədbir çərçivəsində Cənubi Qafqaz və Xəzər dənizi regionunda ticarət, investisiya və biznes imkanları ilə bağlı keçirilmiş müzakirələrdə Azpromo prezidenti Adil Məmmədov Azərbaycanın ölkə təqdimatı ilə çıxış edib, həmçinin Xəzər dənizi regionunda Beynəlxalq Maliyyə Korporasiyasının fəaliyyəti, Şərqi Avropa və Cənubi Qafqazda rəqabət qabiliyyətlilik, xarici investorlar üçün Azərbaycanda yaradılmış əlverişli şərait, Azərbaycanın biznes və investisiya mühiti ilə bağlı fikir mübadiləsi aparılıb. Sammit çərçivəsində Azərbaycanda bank və maliyyə sektorunun inkişaf perspektivləri də müzakirə olunub. Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev rəhbərlik etdiyi qurumun fəaliyyəti və qeyri-neft sektorunda həyata keçirilən layihələr, Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri isə Azərbaycan iqtisadiyyatı üçün maliyyə sektorunun əhəmiyyəti, AYİB-in Azərbaycandakı fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər. Həmçinin kiçik biznesin inkişafı, sığorta bazarı, xarici kapitalın ölkəyə daxil olma imkanları barədə də fikir mübadiləsi aparılıb.
Sammitdə “Dünyada sürətlə inkişaf edən sahələrdən biri kimi alternativ enerji bazarı” və “Kənd təsərrüfatı və qida sənayesində açılan dayanıqlı biznes imkanları” mövzularında məruzələr dinlənilib, Azərbaycanın alternativ enerji imkanları, ölkədə kənd təsərrüfatının inkişafı, bu sahədə həyata keçirilən dövlət proqramları, eləcə də aqrar sektorun maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bugün isə “Azərbaycan İnvestisiya Sammiti – 2011” çərçivəsində ölkədə telekommunikasiya sektorunun inkişafı, bu sahənin investisiya imkanları, nəqliyyat və yol infrastrukturu ilə bağlı müzakirələr aparılacaq.
Ülkər NƏBİYEVA
525-ci qəzet.-
2011.- 3 mart.- S.2.