Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları təqdim olunub

 

 Ötən gün Muzey Mərkəzində Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi gerçəkləşib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə qeyri-maddi mədəni irsinin qorunması, inkişafı, təbliği və gələcək nəsillərə ötürülməsi ilə bağlı görülən işlər haqqında danışaraq bildirib ki, görülən işlərin nəticəsində bu gün Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil olunub: “Nazirlik tərəfindən təsdiq edilmiş proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilərək, cari il üçün Şabran, Lənkəran və İsmayıllı müxtəlif sahələr üzrə paytaxt şəhərləri təyin edilib. Proqrama uyğun olaraq il ərzində Şabran, Lənkəran və İsmayıllı şəhərlərində təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, “dəyirmi masa”ların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik. Azərbaycanın qədim və zəngin mətbəxinin də YUNESKO-nun siyahısına salınması qarşıda duran məqsədlərdəndir. Bu layihə əhali tərəfindən yüksək qarşılandığına görə, biz bu layihəni 2014-cü ilə qədər davam etdirəcəyik. Keçirilən tədbirlərin həcmi də genişləndirəcəyik. Söhbət xalq yaradıcılığının nəsildən nəslə ötürülərək zərrə qədər itirilməməsindən söhbət gedir”.

Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verildiyini açıqlayan nazir, sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparıldığını qeyd edib. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı “2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub. Nazir həmçinin qeyd edib ki, hazırda nazirlik tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası, abidələrin dövlət reyestri, inventar pasportlaşdırılması, “Muğam-tur, aşıq-tur, xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutlarının yaradılması” və digər proqramlar, layihələr üzərində iş aparılır.

 Nazirliyin əməkdaşı Vüqar Məmmədov “2010-2014-cü illər xalq yaradıcılığı paytaxtları” proqramının icrası, Şabran, Lənkəran və İsmayıllı rayonları icra hakimiyyətlərinin nümayəndələri isə il ərzində keçiriləcək tədbirlərlə bağlı iştirakçılara məlumat veriblər. Tədbirdə həmçinin ötən il paytaxt seçilmiş rayonların mədəniyyət və turizm idarələrinin nümayəndələri mükafatlandırılıblar. Bundan başqa cari ildə paytaxt elan olunan şəhərlərin müvafiq qurumlarının rəhbərlərinə xatirə kubokları və fəxri diplomlar təqdim edilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 4 mart.- S.7.