Xalq şairi Nəriman Həsənzadənin
80 yaşı qeyd edilib
YUBİLEYLƏ BAĞLI MƏRASİM
DİLLƏR UNİVERSİTETİNDƏ TƏŞKİL
OLUNUB
Dünən Dillər Universitetində xalq şairi, dramaturq Nəriman Həsənzadənin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə millət vəkilləri, hökumət rəsmiləri, tanınmış ictimai xadimlər, ədəbiyyat nümayəndələri, universitetin professor-müəllim heyəti iştirak edib.
Yubiley mərasimində çıxış edən Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri Fəridə Səfiyeva şairin yubileyinin burada keçirilməsinin təsadüfi olmadığını bildirib. Universitetdə belə tədbirlərin mütəmadi keçirildiyini qeyd edən kafedra müdiri indi də Nəriman Həsənzadə poeziyasının işığına yığışdıqlarını söyləyib. N.Həsənzadənin milli ruhda şeirlər yazdığını deyən F.Səfiyeva qeyd edib ki, şair qlobal proseslərə vətəndaşlıq mövqeyindən yanaşır. Şairin yaradıcılığının fərqli istiqamətlərindən danışan kafedra müdiri N.Həsənzadəni “hər dövrdə müasir şair” adlandırıb.
Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi universitetdə növbəti, amma qeyri-adi tədbirin keçirilməsindən məmnunluğunu dilə gətirib. Görkəmli şairin, Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan Nəriman Həsənzadənin 80 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini bildirən rektor S.Seyidov şairi “sakit və mülayim lider” adlandırıb: “Nəriman Həsənzadə ünsiyyət bacarığı ilə hamını öz ətrafına yığmağı bacaran şəxsiyyətdir. Adətən insanları öz ətrafına siyasi liderlər, siyasətçilər yığa bilər. Onların danışıq tərzi, emosiyaları insanları inandırır. Amma Nəriman Həsənzadə sakit və mülayim liderdir. Hər dəfə çıxış edəndə xoş aura yaranır. O, tutduğu mövqe ilə bu ada layiq görülüb”. Çıxışının sonunda S. Seyidov “Nəriman Həsənzadə universitetimizin dostudur, biz bununla fəxr edirik. Arzumuzdur ki, 100 illik yubileyinizi də burada qeyd edəsiniz, Nəriman müəllim” – deyib.
“Azərbaycan ədəbiyyatı” kafedrasının müəllimi Elmira Mustafayeva şairin yaradıcılığı haqqında danışıb, onun lirik şeirlər ustası, maraqlı dramlar müəllifi kimi tanındığını qeyd edib.
Professor Nizaməddin Şəmsizadə şairin yubileyini Dillər Universitetində təşkil etdiklərinə görə Nəriman Həsənzadənin dostları adından rektor S.Seyidova təşəkkür edib. N.Həsənzadəni kütlənin yox, xalqın şairi kimi xarakterizə edən N.Şəmsizadə şairin Azərbaycan oxucusuna onun kimliyini çatdıran şeirlər yazdığını da vurğulayıb.
Yubiley mərasimində iştirak edənlərə öz təşəkkürünü bildirən Nəriman Həsənzadə yazdığı “Qaçaq Kərəm” şeirini səsləndirib. Sonra tədbirdə Dillər Universitetinin tələbələrinin ifasında şairin şeirlərindən ibarət hazırlanan ədəbi kompozisiya, yeni çapdan çıxan “Nuru paşa” kitabından parçalar təqdim olunub. Eyni zamanda, şairin ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirləri də diqqətə çatdırılıb.
Yubiley mərasimi konsert proqramı ilə yekunlaşıb.
S.QARAYEVA
525-ci qəzet.-
2011.- 4 mart.- S.7.