İlk addımın əbədi təntənəsi
Rəqs – incəsənətin
ən qədim növlərindəndir. Onun doğuluşu az
qala insanın torpaq üzərindəki ilk addımına qədər
gedib çıxır. Hər bir xalq, hər bir millət
öz rəqslərini formalaşdırıb. Bu rəqslərdə
ölkənin spesifikası, xalqın xarakteri, onun əməyinin
səciyyəsi əksini tapıb, zövqləri, meylləri
üzə çıxıb, istedadı qol-qanad açıb.
İncə naxışlarla çulğalaşan, müəyyən
ritmlərdə əksini tapan, vahid melodiya ilə bağlanan,
yüzillər boyunca qərarlaşan hərəkətlər
rəqslərin mahiyyətini təşkil edir.
Xalqların rəqs sənətinin
inkişafı onun başlıca formalarından birinin – baletin
doğulmasına gətirib çıxarıb.
– Balet müəyyən süjeti,
bütöv musiqi strukturu olan səhnə əsəridir.
...1940-cı il aprelin 18-də Azərbaycanın
mədəni həyatında əlamətdar hadisə baş
verdi, Əfrasiyab Bədəlbəylinin ilk milli baletimiz
sayılan “Qız qalası”nın premyerası oldu. Bu
faktın önəmi göz qabağındadır: yüzillər
boyunca qadının kənar adamın yanında
üzünü göstərməyə cəsarət etmədiyi
bir ölkədə professional musiqili teatr inkişaf etməyə
başladı, Azərbaycanın keçmişindən və
bu günündən söhbət açan balet doğuldu. Elə
bir balet ki, burada qadın qəhrəmanın obrazını bu
ölkənin övladı, azərbaycanlı qız, ilk azərbaycanlı
balerina Qəmər Almaszadə yaradırdı. Azərbaycan
klassik musiqisinin metri Üzeyir Hacıbəyovun təbirincə
desək, “Qəmər Almaszadə öz ifasında müasir
xoreoqrafiya sənətinin texnikasını xalq rəqs
yaradıcılığı ilə uğurla birləşdirə
bilib”. “Onun yaratdığı obraz, inandırıcı və
məqsədyönlüdür. O, azərbaycanlı
qadının faciəsinin təcəssümü olmaqla, uzaq fərəhsiz
keçmişi özündə xatırladaraq bizi həyəcanlandırır”.
“Azərbaycanlı qadının faciəsi...”
Gerçəkdən, müsəlman
Şərqinin müdhiş boğucu atmosferi nəinki onun təhsilə
gedən bütün yollarını bağlayır, hətta
mahnı oxumağı və rəqs kimi hər hansı
kiçicik bir əyləncəni belə qadağan edirdi. Nizaminin
müasiri və dostu olmuş Məhsətinin – istedadlı
şairə, müğənni və rəqqasənin nə
kimi təhqirlərə məruz qaldığını
xatırlamaq kifayətdir. İyirminci illərdə Bakı
teatrında Azərbaycanlı balerina yox idi. Belə bir fikir hələ
də özünə möhkəm yer etmişdi ki, bəs, səhnə
qadın üçün deyil. Qəmər, onun aktrisa olmaq
arzusuna qarşı etiraz edən atasının,
qohumlarının təzyiqi ilə üzləşdi. Təkcə
anası qızının istək və arzusunu başa
düşürdü. Beləcə, qızın rəqslərə
olan həvəsi ailə yasağına üstün gəldi və
12 yaşlı məktəbli professional səhnəyə
çıxdı. Qəmər Almaszadə baleti S.N.Keverkova və
Urusovanın özəl studiyasında öyrənməyə
başladı. Özünü baletə həsr etmək kimi
qarşısıalınmaz istək klassik rəqsin əsaslarını
mənimsəməkdə ona kömək etdi. 1930-cu ildə o,
M.F.Axundov adına Bakı Opera və Balet Teatrının səhnəsinə
çıxdı. Onun “Koreliya”dakı debütü
çoxlarının yaddaşına əbədi həkk
olundu. Həmin il milli teatrların Moskvada keçirilmiş
olimpiadasında o, təkcə balerina kimi
çıxış etmir, həm də “Namus” dram
tamaşasında Süsən rolunu ifa edir ki, bu da onun kifayət
qədər parlaq aktyorluq istedadından xəbər verirdi. 1931-ci
il Almaszadənin yaradıcı həyatında mərhələ
sayılır. Teatr Qliyerin “Qırmızı lalə” baleti
üzərində işə başlayır və Tao-Xoa rolunu
ona tapşırırlar. Söyləmək lazımdır ki,
on altı yaşlı bu qızcığaz obrazın
dramaturgiyasını çox səlis tuta bilmişdi. Lakin həmin
dövrdə onda sırf xoreoqrafik səriştə
çatışmırdı. O, özüdə bunu ilk
tamaşadaca hiss etmişdi. Elə həmin gün də təhsilini
davam etdirməyə qərar verdi.
Qəmər Almaszadə Moskvaya,
SSRİ Böyük Teatrı yanındakı xoreoqrafiya məktəbinə
gəlir, Leontyeva və Çekrıpinanın siniflərində
təhsil alır, Monyaxovanın sənətkarlığının
sirlərinə yiyələnir. O, yorulmadan çalışır.
Çünki, tələsmək lazımdır, axı vətəndə
onu gözləyirlər.
1934-cü ildə onu Bakıya
çağırırlar. M.F.Axundov adına Opera və Balet
teatrı Qliyerin “Şahsənəm” operasını
tamaşaya qoyur və ilk azərbaycanlı balerina rəqs səhnələrini
ifa edir (İran rəqsi və vakxanaliya). Daha sonra yenidən təhsilini
davam etdirir, ustalığını təkmilləşdirir. Bu
dəfə Leninqrad xoreoqrafiya məktəbində Romanova (Məşhur
balerina Qalina Ulanovanın anası) və Boçarovun siniflərində
oxuyur. Və 1937-ci ildə Bakıya qayıdır. Onun ilk
işi klassik repertuarın ən mürəkkəb
partiyalarından biri olan A.Adanın “Korsar” baletində Medora
rolu idi. Bu, özlüyündə onun yetkinlik imtahanı idi.
Çünki rol təkcə temperamentliyi deyil, həm də
formanın ciddi səlisliyini tələb edirdi. Qəmər
Almaszadənin təcrübəli pedaqoqların rəhbərliyi
altında keçdiyi məktəb dərhal öz
sözünü dedi. Balerina qüsursuz rəqs texnikası,
plastikası ilə seyrçilərin qəlbini fəth etdi. Gənc
aktrisa elə ilk günlərdən öz
bacarığını layiqincə nümayiş etdirdi. Lakin
o, şəxsi nailiyyəti ilə kifayətlənməyərək,
rəqs folklorunu ciddi şəkildə öyrənməyə
başlayır. 1938-ci il, Moskvada ilk Azərbaycan incəsənəti
və ədəbiyyatı dekadası keçirilir. Ansamblın
repertuarına Qəmər Almaszadənin quruluşunda bir
neçə xalq rəqsi daxil edilib. Burada gənc baletmeysterin
yaradıcı fantaziyası və rejissor tapıntıları
özünü büruzə verirdi. Bakı Opera
teatrının repertuarında bir milli baletin
olmadığı bir vaxtda, respublikanın rəqs sənəti
“Koroğlu”nun, “Nərgiz”in, “Şahsənəm”in opera
quruluşlarında öz əksini tapdı.
“Koroğlu”da kişilərin
döyüş rəqsi həyat eşqi, hərarət və
ehtirasla doludur. İndinin özündə də məni bir
tamaşaçı kimi bu rəqs ruhlandırır və sanki
dövrə vuranların sırasına qatır. O vaxt bu rəqs
ənənəvi operanın adi xor və kordebalet nömrələrindən
fərqlənirdi. Seyrçi təkcə bütövlükdə
deyil, həm də bu kollektivin ayrı-ayrı
iştirakçılarının rəqsini izləyir, lakin bu
zaman ansamblın ahəngi pozulmurdu. Operalarda qadın rəqsləri
çox lirik, yumşaq və gözəl olur. İlk dəfə
Azərbaycan xalq rəqsləri milli operalarda göründülər.
Özü də, əgər
“Leyli və Məcnun”, “Şah İsmayıl”, “Arşın mal
alan”, “Əsli və Kərəm”də rəqslər hələ
dramaturji funksiya daşımırdılarsa, M.Maqomayevin “Nərgiz”ində
(1935) “Yallı” xorovod rəqsi mübarizəyə qalxan
xalqın obrazını yaradırdı. Ü.Hacıbəyovun
“Koroğlu” operasında da (1937) rəqslər xeyli yer tuturdu.
“Koroğlu” operasındakı rəqslər moskvalıları
vəcdə gətirmişdi. Qəmər Almaszadənin milli rəqs
stili öz incə duyğuları ilə xüsusi fərqlənirdi.
“Prima-balerina Qəmər Almaszadə – tamamilə müstəsna
bir təzahürdür. O, nağıllarda olduğu kimi rəqs
edir. Onu görmək lazımdır, çünki onun
bütün rəqs sənətkarlığını
sözlə ifadə etmək mümkünsüzdür”. SSRİ
xalq aktrisası, müğənni V.V.Davidova belə
yazırdı. Bu uğurdan, Moskvanın onu xoş
qarşılamasından qol-qanad açan Qəmər Almaszadə
inamla klassik repertuarın aparıcı partiyaları üzərində
işləməyə başlayır. Mariya, Esmeralda, Maşa, Raymonda, Kitri,
Odetta, Odiliya, Tao-Xoa kimi rollar bir-birini əvəz edir. Öz
istedadının mahiyyəti baxımından Qəmər
Almaszadəyə Odetta obrazı daha yaxındır. Bu partiyada
ifası təbiidir. Balerina Odiliyanın da cizgilərini tapa
bilmişdi. Şər dühanın qızı onun
ifasında şux bir sevinc içərisindədir. Onun məkri
gülüşün, fərəhin, məftun etmənin
stixiyasında, virtuoz variasiyasında duyulan şərdən aldığı
həzz və ləzzətdə açılır. Klassik
baletdən milli “Qız qalası”, “Gülşən”, “Yeddi
gözəl” tamaşalarına yol gəlir. Klassik rəqsi
milli Azərbaycan rəqs elementləri ilə bacarıqla
uzlaşdırmaqla aktrisa bu partiyaların əsl mənada
klassik traktovkalarını yaratmışdı. Onun dərin
sevgi ilə yaratdığı Gülyanaq obrazı bu gün gənc
balerinalar üçün özünəməxsus “etalona”
çevrilib. “Qız qalası” ilə Azərbaycan balet sənətinin
şərəfli səhifəsi açılır. Balerina
öz qəhrəmanının daxili aləmini son dərəcə
incəliklə açır. Başlanğıcda bu dəcəl
və şən, demək olar yeniyetmə bir
qızcığazdır. Onun kövrək
utancaqlığı və saf işvəsi Poladla
görüşündəki lirik-oynaq rəqslərdə
açıq duyulur. Toy zamanı onun işıqlı sevinc
hissləri ilə dolu cazibəsi və mənəvi gözəlliyi
nə qədər saf və təmizdir. Bu xoş anlarda qəfildən
Cəhangir xan peyda olur. O gəlib ki, qəşəng
qızları öz hərəmxanasına aparsın.
Hökmdarın nəzəri Gülyanağın üzərində
dayanır. Onu özünə arvad edir. Sonluq, aydınlaşma
sürətlə yaxınlaşır. Onun tragizmi həm mənəvi
qüvvə, həm də ümidsizliklə şərtlənib.
Gülyanaq intihar etməyi qəti qərara alıb və
qapının arxasından asta addımları eşidib
özünü dənizə atır, amma xəbəri olmur
ki, bu Polad idi, onun yanına tələsirdi...
1950-ci ilin dekabrı. Bakı
teatrının səhnəsində yeni Azərbaycan baleti –
S.Hacıbəyovun “Gülşən”i göstərilir.
Librettonun müəllifi, quruluşçu və baş rolun
ifaçısı – Qəmər Almaszadədir. O artıq
özünü kllasik baletdə təsdiqləmişdi və
eyni zamanda Azərbaycan rəqsinin dərin bilicisi kimi
tanınırdı. Bu keyfiyyətləri özündə birləşdirməsi
Almaszadəyə yeni mürəkkəb vəzifənin öhdəsindən
gəlməyə imkan verdi. Baletdə zəhmət
hökmrandır.
“Gülşən”dən iki
il sonra Qara Qarayevin “Yeddi gözəl” baleti səhnəyə
qoyuldu. Libretto – Sionimski və Rəhman Hidayətzadənin,
quruluş – Qusevin idi. Konsultant isə Qəmər Almaszadə
idi. Baletin premyerası 9 noyabr 1953-cü ildə oldu. Dahi
şair Nizaminin dərin fəlsəfi ideyalarını təcəssüm
etdirən bu əsərdə onun
yaradıcılığındakı əsas istiqamətlərdən
biri – xalqın və hökmdarın qarşılıqlı
münasibəti yer alır. Ayişənin xalqın fəlakətləri
fonunda cərəyan edən faciəsi musiqidə və
xoreoqrafiyada öz gerçək həllini tapmışdı.
Tamaşanın milli koloritinin mükəmməl təqdimatı,
heç şübhəsiz, Qəmər Almaszadənin – baletin
əsas partiyasının ifaçısının və
buradakı bir sıra milli rəqslərin
quruluşçusunun xidməti sayəsində idi.
1954-cü ildən etibarən
Qəmər Almaszadə M.F.Axundov adına Azərbaycan Dövlət
Opera və Balet Teatrının balet truppasına rəhbərlik
edir. 1980-ci ildə isə təqaüdə çıxır.
Qəmər Almaszadə
“Qırmızı lalə”, “Şopeniana”, “Laurensiya”,
“Qızıl açar”, “Yatmış gözəl” və s.
kimi tamaşalara quruluş verib. 1969-cu ildə daha bir Azərbaycan
baleti həyata vəsiqə aldı. Bu, Azərbaycan bəstəkarı
Fikrət Əmirovun artıq məşhurlaşmış olan
və geniş populyarlıq qazanmış “Şur” simfonik muğamına
müraciət etmiş xoreoqrafın yaradıcı
bioqrafiyasının daha bir zəfəri idi. Simfonik bir əsərin
– xarakter etibarilə fərqli bölmələri olan
muğamın materialında nəsə bütöv, vahid
süjet xətti olan bir şey yaratmağa çalışan
baletmeyster xeyli çətinliklərlə üzləşmişdi.
“Şur” son dərəcədə bədii taktla,
xoreoqrafiyanın klassik əsaslarını pozmadan
hazırlanmışdı. Teatrlaşdırılmış
milli rəqsin yaradılma prinsipi dünyanın bir çox
xoreoqrafiya kollektivlərində uğurla həllini tapır,
onun təcəssümünü biz Azərbaycan baletlərində
görürük. “Şur” baleti ilə yanaşı, “Xəzər
balladası”, “Leyli və Məcnun”, “Qobustan kölgələri”,
“Kaleydoskop” kimi birpərdəli baletlər buna misaldır. Bu
tamaşalar yaradıcı prinsiplərin genişliyini göstərir.
Bizlər, gənc baletmeysterlər və artistlər
bütün bunlarla tərbiyə olunuruq.
SSRİ xalq artisti, Dövlət
Mükafatı laureatı Qəmər Almaszadə məktəbi
– keçmiş sovet baletində ən mükəmməl məktəblərdəndir.
Təkcə Azərbaycanda deyil, dünyanın bir çox səhnələrində
çıxış etmiş Leyla Vəkilova, Rəfiqə
Axundova, Siqnadze, Tamilla Şirəliyeva və bir çox digər
balerinalar məhz bu məktəbin yetirmələridir.
Eynullayev Tahir,
Sankt-Peterburq Teatr Sənəti
Akademiyasının aspirantura məzunu,
Beynəlxalq Müsabiqələr laureatı
525-ci qəzet.- 2011.- 4 mart.- S.6.