Avropa Şurasında siyasi məhbus
problemi və onun həlli yolları
IV məqalə
Kristof Ştrasserin “Azərbaycanda siyasi məhbuslar məsələsinin
izlənilməsi və siyasi məhbusların müəyyənləşdirilməsi”
adlı məruzəsinə baxış
Cənab Kristof
Ştrasserin hazırladığı məruzə (AS/Jur (2010)
28) özündə 22 bəndi birləşdirən 4 hissədən
və əlavədən ibarətdir. Məruzənin 1-ci bəndində
(Giriş) müəllif öz məqsədinin müvafiq olaraq
24 mart və 16 dekabr 2009-cu il tarixlərində məruzəçi
kimi təyin edildiyi iki mandatın (birinci mandat — Azərbaycanda
siyasi məhbus problemi üzrə xüsusi məruzəçi;
ikinci mandat — siyasi məhbusların mövcudluğunu müəyyən
etmək üçün meyarları hazırlamaq) icrasına
başlamaqdan ibarət olduğunu açıqlayaraq, “Azərbaycanda
siyasi məhbuslar probleminin uzun və ağrılı tarixinin
xülasəsini” verəcəyini qeyd edir və daha sonra “siyasi
məhbuslar üçün münasib və tanınan
anlayışın artıq mövcud olduğunu”
xatırladacağını və bu əsasla “Azərbaycanda
iddia edilən siyasi məhbusların xeyrinə” fəaliyyətini
planlı şəkildə qurmaqla məruzəni bitirəcəyini
yazır. Məruzənin 1-ci bəndinin sonunda cənab
K.Ştrasser Komitədən iki mandatın birləşdirilməsinə
razılıq verməsini və bu barədə Büronu məlumatlandırmasını,
həmçinin “Azərbaycanda icra edilməli iş
üçün əsas kimi eksretlər tərəfindən təqdim
edildiyi formada anlayışın (“siyasi məhbus”
anlayışı nəzərdə tutulur — Müəlliflər)
müəyyənləşdirilməsini bir daha təsdiq etməsini”
xahiş edəcəyini bildirir.
Göründüyü
kimi cənab K.Ştrasser hazırladığı məruzənin
1-ci bəndində öz niyyətlərini çılpaqlığı
ilə ortaya qoymuş, de-fakto məruzənin sonunda istəyəcəyi
nəticələri açıqlamışdır. Başqa
sözlə, Avropa Şurasının müstəqil ekspertlərinin
hazırladığı məruzənin (SG/Inf (2001) 34)
3-cü bəndində “siyasi məhbus” anlayışına
ümumi tərifin verilməsi ilə bağlı
yazdıqları “hər şey tərifin xidmət etməli
olduğu funksiyadan asılıdır” ifadəsi əsasında
fəaliyyət göstərəcəyini təsdiq
etdirmişdir. Bu ifadənin mahiyyətini hazırki
materialın 2-ci hissəsində
açıqladığımız üçün bir daha
ona qayıtmağa lüzum görmürük. Lakin qeyd etməliyik
ki, burada məruzənin əvvəlcədən alqoritm əsasında
hazırlanması qənaətinə gəlirik. Cənab K.
Ştrasserin hazırladığı bu alqoritmə görə
heç bir hüquqi normalara və obyektivliyə fikir vermədən
konkret nəticələrə nail olmaq mütləqdir, yəni
verilmiş parametrlərin necə dəyişməsindən
asılı olmayaraq funksiyanın son nəticələri
aşağıdakılardan ibarət olmalıdır:
A) AŞ-nın müstəqil
ekspertləri tərəfindən “siyasi məhbus”
anlayışı ilə bağlı təklif edilmiş
meyarlar anlaşılan və qəbul ediləndir;
B) Azərbaycanda siyasi məhbusların
mövcudluğu şübhə doğurmur;
C) hər iki mandat birləşməlidir.
Beləliklə, 1-ci bənd
ilə tanışlıq belə bir təəssürat
yaradır ki, cənab K.Ştrasser məruzəni hazırlayarkən
heç bir yaradıcı və orijinal ideyadan istifadə etməmiş,
əslində qərəzli və qeyri-obyektiv mövqedən
çıxış etmişdir.
Doğrudan da, məruzənin
2-8 bəndlərindən ibarət olan 2-ci hissəsində Azərbaycanda
siyasi məhbuslarla bağlı Avropa Şurası çərçivəsində
aparılmış müzakirələr, qəbul edilmiş sənədlər
qeyd edilmiş, AŞPA sənədlərində qeyd edilmiş
problemin hələ də öz həllini tapmaması ilə
bağlı bir sıra tənqidi məqamlar göstərilmişdir.
Cənab K.Ştrasser 4-cü maddədə Azərbaycanın
Avropa Şurasına üzv qəbul edildiyi vaxtdan AŞPA-da 4 dəfə
(yanvar 2002-ci il, iyun 2003-cü il, yanvar 2004-cü il və iyun
2005-ci il) Azərbaycanda siyasi məhbus məsələsinə
baxdığını xatırlatmış və bu məsələ
ilə qəbul etdiyi 1457(2005) saylı Qətnamədə
Assambleyanın “qəti surətdə siyasi məhbuslar kimi
tanınan məhkumların azad edilməli olması barədə
prinsipal mövqeyini bir daha təsdiq” etməsini, “müstəqil
ekspertlər tərəfindən müəyyən edildiyi kimi,
qalan üç siyasi məhbusu azad etməklə və ya Azərbaycan
hakimiyyətinin təklif etdiyi kimi, yenidən məhkəmə
işi aparmaqla və ya apelyasiya məhkəməsi ilə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən
faktiki baxılması üçün onların məhkəmə
işinin açılması” zərurətini diqqətə
çatdırmışdır. Daha sonra cənab Ştrasser
4-cü bəndin sonunda məsələ ilə bağlı
1457(2005) saylı Qətnamədə Assambleyanın “Azərbaycan
hakimiyyətinin bu problemin həlli üçün hər bir
hüquqi vasitədən (amnistiya, daha yüksək instansiya məhkəmələrində
işə baxılması, şərti azadlıq,
sağlamlıq səbəblərinə görə azad edilmə,
əfv) istifadəni üzərinə götürməsini
müsbət” qarşıladığını bildirərək,
həmin məruzənin 5-ci bəndində yazır ki,
“...verilmiş vədlərə baxmayaraq, 2007-ci ilin
martından etibarən heç bir əfv fərmanı qəbul
edilməmişdir”.
Cənab Ştrasserin bu məlumatları
bizdə ciddi narahatlıq, təəccüb və təəssüf
hissləri yaradır. Belə ki, məruzəçinin bu məlumatları
həqiqətə uyğun deyil. Həqiqətən isə Azərbaycan
özünün verdiyi vədlərə sadiqlik nümayiş
etdirərək, mütəmadi olaraq əfv fərmanları və
amnistiya aktları qəbul etmişdir. Azərbaycanda tək
2010-cu il ərzində 2 əfv fərmanı (17 mart və 29
dekabr 2010-cu il) qəbul edilmişdir. 2010-cu ilin mart ayında qəbul
edilmiş əfv fərmanı ilə azadlıqdan məhrum
edilmiş 62, azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilmiş 7 məhkum cəzalarının
çəkilməmiş hissələrindən azad
edilmiş, ömürlük azadlıqdan məhrum edilmiş
bir məhkumun cəzası 20 il azadlıqdan məhrumetmə cəzası
ilə əvəzlənlənmiş, bir nəfər cərimə
cəzasından azad olunmuşdur. Əfv fərmanı ilə
“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət
Zahid də azadlığa buraxılmış, azadlıqdan məhrum
edilmiş və cəzasının çəkilməsi təxirə
salınmış bir qadın məhkum isə cəzadan azad
edilmişdir. 2010-cu ilin dekabrında qəbul edilmiş əfv
fərmanı isə bütövlükdə 92 məhbusa
şamil edilmişdir. Qeyd etməliyik ki, göstərilən əfv
fərmanları ilə yanaşı 2007-ci ildə Heydər Əliyevin
anadan olmasının 84 illiyi münasibətilə amnistiya
aktı qəbul edilmiş və bu aktla 9 mindən artıq məhkum
bağışlanmışdır.
Qeyd edilən faktlar göstərir
ki, cənab Ştrasser hazırladığı məruzə
ilə Avropa Şurası deputatlarına və,
bütövlükdə, Avropa Şurasına üzv olan
dövlətlərin ictimaiyyətlərinə Azərbaycanla
bağlı yalan və səhv məlumat verməklə, Azərbaycan
dövlətinin beynəlxalq səviyyədə
formalaşmış imicinə ciddi ziyan vurmuş və Avropa
Şurasına üzv olan dövlətlərin ictimaiyyətlərinin
düzgün məlumat almaq hüquqlarını kobud şəkildə
pozmuşdur. Burada əsas məsələ isə cənab
Ştrasserin belə məlumatları yaymasında məqsədyönlü,
qərəzli mövqedən çıxış edib-etməməsi
və ya onun xüsusi məruzəçi kimi ölkədə
gedən proseslərdən xəbərsiz olub-olmamasından
ibarətdir. Belə ki, məruzəçi məqsədyönlü,
qərəzli mövqedən çıxış edərək
yalan və səhv məlumat yaymaqda israrlıdırsa, onda o bu
fəaliyyətinə görə məsuliyyət
daşıyır. Digər tərəfdən, məruzəçi
ölkədə gedən proseslərdən hali olmayaraq səhv
və yalan məlumat yayırsa, onda o, məruzəçi kimi
həvalə edilmiş mandata ciddi yanaşmamış və
bu mandatın öhdəsindən gələ bilməmişdir.
Hesab edirik ki, hər halda cənab Ştrasser bu məsələ
ilə bağlı öz mövqeyini
açıqlamalıdır.
Bununla yanaşı
vurğulamaq lazımdır ki, məruzədə “siyasi məhbus”
probleminin aradan qaldırılması istiqamətində Azərbaycanın
milli məhkəmə-hüquq sistemidə aparılan islahatlar
və onların pozitiv nəticələri, əfv fərmanları
və amnistiya aktlarının qəbul edilməsi nəticəsində
“siyasi məhbus” olması iddia edilənlərin böyük əksəriyyətinin
azadlığa buraxılması kimi fəaliyyəti öz əksini
tapmamışdır və ya bu faklar qeyd edilmişsə belə,
onların əhəmiyyəti ciddi şəkildə
azaldılmışdır. Bu məsələlərlə
bağlı milli QHT-lərdən yalnız Azərbaycan
İnsan Hüquqları Federasiyası təşkilatının
təqdim etdiyi məlumatlara istinad edir (məruzənin 5-ci bəndi)
və ölkədə bu məsələ ilə bağlı
fəaliyyət göstərən 100-dən artıq QHT-nin məlumatlarına
məhəl belə qoymur.
Lakin məruzənin 2-ci bəndində
ciddi bir məqam diqqəti xüsusilə cəlb edir və cənab
K.Ştrasserin öz mülahizələrində nə dərəcədə
“obyektiv” və “qərəzsiz” mövqedən
çıxış etməsini bir daha nümayiş etdirir.
Belə ki, məruzəçi 2-ci bənddə göstərir
ki, Azərbaycanda siyasi məhbus məsələsinin tarixi
ölkənin Ermənistanla birlikdə Avropa Şurasına qəbul
edilməsinə dair danışıqlar vaxtına təsadüf
edir və təşkilata qəbul 25 yanvar 2001-ci ildə
qüvvəyə minmişdir. Daha sonra cənab K.Ştrasser
“fikrini bildirməyən dövlətlərin Azərbaycan və
Ermənistanın təşkilata qəbul edilməsinə
müqavimətini dəf etmək üçün kompromis həll
üsulu tapıldı” ifadəsində “Ermənistanın”
sözündən sonra qeyd işarəsi (ingiliscə dilində
“footnote” — Müəlliflər) qoyaraq, həmin səhifənin
sonunda yazır ki, “Ermənistan da bura aid idi; lakin kiçik
sayda məhkəmə işləri dərhal həll
edilmişdi; bu səbəbdən məqsədəuyğun
olaraq, mən bu andan yalnız Azərbaycandakı siyasi məhbuslara
istinad edəcəyəm”. Çox maraqlıdır, deyilmi?!
Görünür ki, cənab K. Ştrasser ya Ermənistanda
mövcud olan real vəziyyətddən tam xəbərsizdir, ya
da bilərəkdən Avropa Şurasının deputatlarına
və bu təşkilata üzv dövlətlərin ictimaiyyətlərinə
reallığı əks etdirməyən səhv məlumatlar
verir. Belə məlumatların yayılması ilə
bağlı fikirlərimizi yuxarıda qeyd etdiyimizə görə,
onun üzərində bir daha dayanmağa ehtiyac
görmürük və hər halda bu firkin məsuliyyətini
cənab K.Ştrasser özü daşıyır.
Əslində Ermənistanda
mövcud olan real vəziyyət cənab K.Ştrasserin fikrinin
tam əksindən ibarətdir. Belə ki, Ermənistanın
tanınmış hüquq müdafiəçisi, hələ
2001-ci ilin mart ayında öz müsahibəsində bildirirdi
ki, İnsan Hüquqlarına dair Ümumdünya Bəyannaməsində
göstərilmiş 30 maddənin hamısı üzrə Ermənistanda
insan hüquqları pozulur, məhkəmə sistemi respublikada
yuxarıdan aşağıya qədər
korrupsiyalaşıb, əslində hakimlər müstəqil
deyillər, onlar yalnız qanundan asılı deyillər,
bütün cinayət proseslərinin gedişi zamanı zalda
avtomatla silahlanmış mühafizəçilər
dayanır, polisin özbaşınalığı baş
alıb gedir, ilkin saxlama kameralarında saxlanılanların
sonrakı taleyi həll olunur, məhz orada qərar qəbul
edilir, demək olar ki, bütün həbs edilənlər
psixoloji və fiziki təsirə məruz qalırlar (“Exo” qəzeti,
¹24, 1 mart 2001). Ola bilsin ki, cənab Ştrasser Ermənistanda
Köçəryanın prezidentliyi dövründə
mövcud olan bu acınacaqlı vəziyyətdən hali
olmamışdır. Zənnimizcə, cənab Ştrasser
2008-ci ildə Ermənistanda keçirilmiş president
seçkilərindən sonra seçkilərin nəticələrinin
saxtalaşdırıldığını iddia edən dinc
nümayişçilərə qarşı silah işlədilməsindən,
rəsmi məlumatlara görə 10-a qədər insanın həlak
olmasından, yalnız dinc etiraz mitinqlərində iştirak
etdiklərinə və ya müxalifət partiyalarının
üzvləri olduqlarına görə yüzlərlə Ermənistan
vətəndaşlarının həbs edilərək, məhkəmələr
tərəfindən müxtəlif müddətlərə
mühakimə edilmələrindən xəbərsiz deyil.
Cənab K.Ştrasserin
hazırladığı məruzənin 9-18-ci bəndləri
Avropa Şurasının müstəqil ekspertlərinin təklif
etdikləri “siyasi məhbus” anlayışına həsr
edilmişdir və “siyasi məhbus” olduqları iddia edilən
şəxsin həbs edildiyi pozuntunun xarakterinə görə
fərqlənən çərçivələr göstərilmişdir.
Burada müstəqil ekspertlərin məruzəsindəki
mülahizələr olduqları kimi istifadə edilmədən
təkrar olaraq göstərilmiş və heç bir yeni
prinsipial yaxınlaşma nümayiş etdirilməmişdir. Cənab
Ştrasser məruzənin sübutun
ağırlığı ilə bağlı 15-ci bəndində
müstəqil ekspertlərdən biri olmuş cənab Stefan Treçelin
“cavabdeh ölkə sözügedən şəxsin İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
aydınlaşdırdığı kimi İnsan
Hüquqlarına dair Avropa Konvensiyasının tələblərinə
tam uyğun olaraq saxlanıldığını müəyyən
etməyənə, işin mahiyyəti baxımından,
proporsionallıq və ayrıseçkiliyin olmaması tələblərinə
riayət etməyənə və azadlıqdan məhrum edilmənin
ədalətli məhkəmə prosesinin nəticəsi olana qədər,
həmin şəxs siyasi məhbus kimi nəzərdə
tutulacaqdır” kimi mülahizəsinə iqtibas edərək,
sübutetmə məsuliyyətini yenidən ərazisində
siyasi məhbusun mövcudluğu iddia edilən dövlətin
üzərinə qoyulmalı olduğunu bildirir. Biz bu məsələ
ilə bağlı müstəqil ekspertlərin məruzəsini
təhlil edərkən mövqeyimizi bildirmişik və qeyd
etmişik ki, sübut etmək vəzifəsi cavabdehin deyil,
iddiaçının üzərinə düşür və
bu hüququn təməl prinsiplərindən biridir. Cənab
K.Ştrasserin istifadə etdiyi iqtibasdakı “İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
aydınlaşdırdığı kimi İnsan
Hüquqlarına dair Avropa Konvensiyasının tələblərinə
tam uyğun olaraq saxlanıldığını müəyyən
etməyənə ... qədər, həmin şəxs siyasi məhbus
kimi nəzərdə tutulacaqdır” fikirlərilə
bağlı qeyd etməliyik ki, İnsan Hüquqları üzrə
Avropa Məhkəməsi özünün heç bir qərarında
Konvensiyanın müddəalarının pozulması ilə
müşayiət olunmaqla həbs edilmiş şəxsin
siyasi məhbus kimi nəzərdə tutulması barədə
müddəa yoxdur və bir daha bildirmək istərdik ki, bu Məhkəmə,
ümumiyyətlə, bu anlayışdan istifadə etmir.
Cənab K.Ştrasserin
hazırlamış olduğu məruzədə yeganə
yenilik kimi 18-ci bənddə göstərilən fikirləri
qiymətləndirmək olar, belə ki, burada məruzəçi
siyasi məhbus problemin öz həllini tapması
üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
və Parlament Assambleyası arasında rolların
bölünməsi təklifi ilə çıxış
etmişdir. O, yazır: “Siyasi məhbuslar”ın müəyyən
edilməsi üçün meyarlar adətən İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinə aid
edilir. Siyasi məhbus Konvensiyanın (xüsusilə, 5, 6 və
10-cu maddələri) pozulması nəticəsində
saxlanılan şəxsdir”. Hesab edirik ki, məruzəçinin
bu fikirləri ilə qətiyyən razılaşmaq olmaz. Belə
ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
heç vaxt siyasi məhbus meyarları
hazırlamamışdır və yalnız öz
yurisdiksiyasına aid olan, yəni Konvensiyanın pozulması ilə
müşayiət olunan işlərə baxmış
(Konvensiyada “siyasi məhbus” anlayışı və onunla bağlı
maddə yoxdur !!!) və müvafiq qərarlar qəbul
etmişdir. Bundan əlavə, Məhkəmə öz qərarlarında
Konvensiyanın 5, 6 və 10-cu maddələrinin pozulması ilə
həbs edilmiş şəxsləri heç vaxt siyasi məhbus
adlandırmamışdır.
Cənab K.Ştrasser
Konvensiyanın səlahiyyətli izahının İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinə məxsus
olmasını, “iddia olunan siyasi məhbusların bir sıra məhkəmə
işlərinin ya milli məhkəmələrdə, ya da
İnsan Hüquqları üzrə Avropa Məhkəməsində
hələ də gözləməsi” faktını
xatırladır. O, daha sonra “Məhkəmənin hal-hazırda
sistematik hüquq pozuntuları nəticəsində oxşar fərdi
müraciətlərin axınına məruz qalmasını nəzərə
alaraq” və məruzəçilərin “potensial hüquq
pozuntularının modelini müəyyən etmək və
göstərmək üçün fərdi məhkəmə
işlərinə istinad etməkdə və mümkün həlləri
təklif etmək məqsədilə belə işlərə
rəy bildirməkdə” azad olduqlarını bildirərək,
yazır ki, “Assambleya belə məsələlərə
müraciət edərək və milli hakimiyyət
orqanlarına həll yolları təklif edərək, Məhkəməyə
müraciətlərin axınını azaltmağa kömək
edə biləcək töhfə verə bilər” və bunun
üçün Assambleyanın “həmişəki kimi faktiki
olaraq hüquqi cəhətdən əsaslandırılmış
şəkildə Strasburq Məhkəməsinin
yurisdiksiyasına tamamilə uyğun” davranmalı
olacağını bildirir. Başqa sözlə, cənab
Ştrasser dolayısı yolla nə az, nə çox insan
hüquqları sahəsində
yeganə
ixtisaslaşdırılmış mexanizm olan İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin səlahiyyətlərinin
bir hissəsinin Parlament Assambleyasına, daha doğrusu insan
hüquqlarını pozmasında cavabdeh ölkə üzrə
məruzəçiyə (Azərbaycan timsalında isə
özünə — müəllif) verilməsi təklifi ilə
çıxış edir. Bu təklifin
öz-özlüyündə nə dərəcədə təhlükəli
olması məsələsinə toxunmadan qeyd etməliyik ki, həmin
təklif qəbul ediləcəyi halda Avropa Şurası
Nizamnaməsinin 3-cü maddəsində ehtiva edilmiş və
bu təşkilatın təməl prinsiplərindən biri
olan “hüququn aliliyi” prinsipi ilə ciddi ziddiyyət təşkil
etməklə, Avropa Şurası çərçivəsində
mövcud olan effektiv hüquqi mexanizmin məhvinə gətirib
çıxara bilər. Bundan əlavə, cənab
K.Ştrasser belə bir təkliflə çıxış
etməklə, həm də siyasi Azərbaycanda məhbus məsələləri
üzrə xüsusi məruzəçi kimi ölkəmizdə
eksperiment aparmaq iddiasında bulunmuş olur. Bu məsələ
ilə bağlı birmənalı şəkildə cənab
K.Ştrasserin diqqətinə çatdırmaq istərdik ki,
Azərbaycan poliqon deyil, müstəqil dövlətdir, hər
hansı məruzəçinin ayrıseçkilik və qərəzli
mövqedən çıxış edərək hər
hansı bir dövlət, o cümlədən Azərbaycan
üzərində eksperiment aparması yolverilməzdir.
Məruzənin qısa təhlili
göstərir ki, cənab K.Ştrasser bu sənədi
hazırlayarkən heç bir yeni ideyalar və prinsiplər təklif
etməmişdir, qeyri-obyektivlik və qərəzli mövqe
nümayiş etdirmiş, Avropa Şurasının üzvü
olan 47 dövlət sırasında Azərbaycana qarşı
olan ayrıseçkiliyə hüquqi don geyindirməyə
çalışmış, “hüququn aliliyi” prinsipinə
zidd təkliflə çıxış etmişdir. Odur ki, təqdim
edilmiş məruzənin Assambleyaya müzakirəyə
çıxarılması və müzakirə edilərək
qəbul edilməsi gələcəkdə ciddi fəsadlara gətirib
çıxaracağı qaçılmaz olacaqdır.
Belə bir halda gündəmə
belə bir sual çıxır: Avropa Şurasında siyasi məhbus
problemini necə həll etmək olar?
Siyasi məhbus probleminin həlli yolları
Avropa Şurası çərçivəsində
siyasi məhbus probleminin obyektiv, qərəzsiz və hüquqi
nöqteyi-nəzərdən korrekt şəkildə həllinə
nail olmaq üçün hesab edirik ki,
— “siyasi məhbus”
anlayışı və onun meyarları siyasi konyunkturalara yol
verilmədən və konkret hüquqi prinsiplər əsasında
yenidən işlənib hazırlanmalıdır;
— üzv dövlətlərdə
siyasi məhbus problemləri üzrə xüsusi məruzənin
və “siyasi məhbus” anlayışının
hazırlanması mandatı eyni bir nəfərə verilə
bilməz;
— “siyasi məhbus”
anlayışı və onun meyarlarının Avropa
Şurasına üzv dövlətlərdən yalnız birinə
münasibətdə hazırlanması və tətbiq edilməsi
AŞ Nizamnaməsinin 3-cü maddəsində ehtiva edilmiş
“hüququn aliliyi” və “üzv dövlətlərin bərabərliyi”
prinsipləri ilə ziddiyyət təşkil etdiyinə
görə yolverilməzdir;
— yeni hazırlanmış
“siyasi məhbus” anlayışı və onun meyarları
AŞPA-nın Plenar iclaslarında müzakirə edilərək
qəbul edilmiş və Avropa Şurasına üzv dövlətlərin
heç bir ayrıseçkiliyə yol vermədən
hamısı üçün məcburi xarakter daşıyan
sənəddə öz əksini tapmalıdır. Belə bir
Avropa Şurasının üzv dövlətləri tərəfindən
ümumtanınmış sənəd “Siyasi məhbus problemlərinə
dair Avropa Konvensiyası” və ya AŞPA-nın qəbul
etmiş olduğu “Avropa Şurasına üzv dövlətlərdə
siyasi məhbus problemi və onun həlli yolları” adlı Qətnamə
ola bilər;
— Avropa Şurasının
üzv dövlətləri tərəfindən
ümumtanınmış sənəddə siyasi məhbusların
mövcudluğunu müəyyənləşdirəcək
hüquqi mexanizm öz əksini tapmalıdır. Bu səlahiyyət
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
yurisdiksiyasına aid edilə bilər və ya analoji formada fəaliyyət
göstərəcək qurum təsis edilə bilər;
— ümumtanınmış sənədin
layihəsini hazırlamaq üçün Hüquq məsələləri
və insan hüquqları komitəsində siyasi məhbus
problemləri üzrə alt komitənin yaradılması zəruridir.
Müvafiq sənəd hazırlanaraq qəbul edildikdən sonra
alt komitə öz fəaliyyətini heç bir
ayrıseçkiliyə yol vermədən üzv dövlətlərdə
siyasi məhbus problemləri üzrə monitorinqlər həyata
keçirməklə davam etdirməlidir.
Ümid edirik ki, bu təkliflər
kifayət qədər obyektivliyi əks etdirir və, nəhayət,
Avropa Şurasında uzun müddətdir ki, davam edən
müzakirələrə son qoyaraq, siyasi məsələlərin
siyasi müstəvidə, hüquqi məsələlərin isə
hüquqi müstəvidə həllinə nail olmaqda
yardımçı olacaqdır.
Nəticə
Biz bu materialı
hazırlayarkən qarşımıza “Azərbaycanda siyasi məhbus
var, yoxsa yox?” sualına cavab vermək məqsədi
qoymamışıq. Zənnimizcə, mövcud hüquqi
çərçivə bu sualı birmənalı
cavablandırmağa imkan vermir. Belə ki, problemlə
bağlı hazırda nə universal səviyyədə, nə
nə Avropa Şurası çərçivəsində
ümumtanınmış sənəd, nə də qərarları
presedent qüvvəsinə malik olan beynəlxalq məhkəmələrin,
o cümlədən İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin müvafiq qərarları mövcud
deyildir.
Bizim əsas məqsədimiz
Avropa Şurası çərçivəsində problemlə
bağlı siyasi spekulyasiyalar və konyunkturalara əsaslanaraq,
ayrıseçkiliyə yol verilməklə qərarların qəbul
edilməsinin qarşısını almaqdan, problemin həlli
ilə bağlı müstəqil mövqe nümayiş etdirərək
müvafiq hüquqi mexanizmin yaradılması istiqamətində
təklif verməkdən ibarət olmuşdur. Ümid edirik ki,
müəyyən dərəcədə olsa belə, bu məqsədə
nail ola bilmişik və irəli sürdüyümüz təkliflər
problemin həllində pozitiv rol oynayacaqdır.
Elxan SÜLEYMANOV,
Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin üzvü,
AŞPA-nın Hüquq Məsələləri
və İnsan Haqları Komitəsinin üzvü
525-ci qəzet.- 2011.- 4 mart.- S.4.