Şeirdən şeir kimi...
2004-10-cu İLLƏR AZƏRBAYCAN
POEZİYASI HAQQINDA QEYDLƏR
(Azərbaycan Yazıçılarının XII
qurultayı ərəfəsində poeziya ilə bağlı
müzakirədəki məruzənin mətni)
Bu günlərdə dilim dinc durmadı, “Ulduz” jurnalında başıma yığışan şairlərdən üçmərtəbəli Yazıçılar Birliyinin dördüncü mərtəbəsinə qalxan pilləkənlərin təxmini sayını soruşdum. Azarım başqaydı, əslində, bu sualı verənə qədər təklikdən, tənhalıqdan gileylənən bir topa qələm adamının sızıltısı beynimə düşmüşdü. Üstəlik, onların iş otağımda ayaqlarının birini götürüb o birini qoymaqları, əl-qol atmaları məndə əcaib vizual təəssürat yaradırdı: “Axı, insan iki əl, iki ayaqla necə tək ola bilər” kimi axmaq sual da bir yandan! Elə bu sualı başımdan qovmaq üçün pilləkənlərin sayını xəbər aldım, qoy zəhmət çəkib vurma cədvəlini xatırlasınlar, mən də sevinim ki, filanıncı pilləkəndən aşağıda təklik olmasa da, heç olmasa, rahatlıq var. Bax, mən bir azdan orda – o rahatlığın içində olacam, bu şairlərsə, “Ulduz”dan çıxıb bir yerdə pivə içəcəklər, şeir oxuyacaqlar, “K” hərfini axtaracaqlar. Qoy onlar pilləkənləri saysınlar, təxminən, yox, nə təxminən, lap dəqiq: telefon nömrəsi kimi...
Sərbəstdə yazanlar nala-mıxa vurdular, hecadakılar rəqəm dedilər, səhv, ya düz, Allah bilir, hə, onda ağlıma gəldi ki, hecada yazanda pilləkənləri də sayırsan, sərbəst şeirdə gözün ayağının altını görmür, ən yaxşısı liftə minməkdi, bu isə ağ şeirdi, məncə. Əruzdan qəsdən danışmıram. Əruz son vaxtlar dəhşət pozulub. Hamısı da əruzun içindəki “gül”, “ləb”, “sinə”, “yar”, “canan”, “xəlvət”(hələ bunlar abırlılarıdı) sözlərinin ucbatındandı; bu sözləri hansı vəznə yoldaş eləsən, tərbiyəsi pozular, əruz neyləsin?
Həmkarlarım pilləkənləri saymaqda olsunlar, mən sizə 2004-cü ildən üzübəri imkan eləyib oxuya bildiyim poeziya nümunələri haqqında danışım. Bu, əslində bir məruzə olmalıdı. “Məruzə” ərəb sözüdü, “ərz eləmək”, “bildirmək” anlamına gəlir. “Məruzə” sözünün “məruz” sözündən yarandığını təxmin eləmək üçünsə ərəbşünas olmaq gərəkmir. Yəqin ona görə Azərbaycan Yazıçılar Birliyinin bütün məruzələri həmişə basqılara məruz qalıb və qalacaq da.
Məruzəni hazırlayanda ədəbiyyat çap eləyən qəzet-jurnalları, şeir kitablarını bir də oxudum, “lit.az”, “kultaz.com”, “azadlıq.org” və başqa saytları açıb təzədən gözdən keçirdim, üç qisim: zəif, orta və gözəl nümunələrlə rastlaşdım, sevindim, kədərləndim və sonda yenidən sevindim. Əgər son altı ilin poetik nümunələri insana toxunursa, buna necə sevinməmək olar (Hesab eləyin ki, sondakı qənaətimi tələsib indidən sizinlə bölüşürəm)? Hərçənd mən tənqidçi Vaqif Yusifli qədər optimist deyiləm. Sitat: “Bilirik ki, poeziyaya maraq əvvəlki onilliklərdə olduğu kimi heç azalmayıb, bu xalqın damarlarından hələ də POEZİYA deyilən bir işıq seli axır və o işıq əsrlər keçdikcə öz nurunu əsirgəməyəcək”. Sitatın sonu. Amma mən şeirin artıq öldüyünü iddia eləyənlərdə də razılaşmıram. Ona görə yox ki, şeir ölsə, yəqin onun tabutuna bu sətirlərin müəllifi də girərdi. Yox, şeir ölməyib, sadəcə, diri şeirlərin sayı ölü şeirlərin nisbətində çox azdı. Dünyaya gələnlərin sayı dünyadan gedənlərin sayından az olduğu kimi. Mən bu məruzədə özü də, sözü də sağ olan şairlərdən danışmaq istəyirəm. Qoy özü sağ olmayıb sözü sağ olan sələflərimiz, sözü sağ olmayıb özü sağ olan müasirlərimiz məndən inciməsinlər.
...Bilmirəm, “Ulduz”a yığışan qələmdaşlarım mənim sözümü eşidib pilləkənləri sayır, ya yox, amma mən artıq 2004-10-cu illər Azərbaycan poeziyasını orta və yaşlı nəsil üzrə təsnif eləməyə başlayıram...
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə nəşri olan “Poeziya günü” kitabında Balaş Azəroğlunun yeni şeirlərinə rast gələndə düzü təəccübləndim. Nədənsə onun özünü də, sözünü də unutmuşdum. Yalan deməyəcəm: son vaxtlar Arazdan yazan şairlərlə mənim aramda bir Araz axmağa başlayıb. Yəqin ona görə Balaş müəllimin mərhum həyat yoldaşı Mədinə Gülgünə yazdığı şeir mənə daha doğma gəldi:
Axır bir gün
Səninlə gedəcəyəm təzə evinə.
Daha nə sən tək
qalarsan onda
Nə də mən...
Qoşulub bir-birimizə
Gecələr bir yerdə gəlib
Baş çəkərik
köhnə yuvamıza,
Köhnə evimizə.
Söhrab Tahir son illər ərzində
də öz poetik mövqeyini qoruyub saxlaya bildi. 80
yaşını haqlayan Nəriman Həsənzadə haqda ən
yaxşı sözü onun yeni çapdan çıxan
seçilmiş əsərləri deyə bilər. Ramiz Məmmədzadə,
Qaçay Köçərli, Məmməd Aslan, Ağasəfa,
Yusif Həsənbəy, Səyavuş Məmmədzadə,
İlyas Tapdıq, Oqtay Rza, Kələntər Kələntərli
kimi ağsaqqal şairlər haqqında təzə fikir
tapmadığım üçün onların
yaşıdı Fikrət Sadıqdan iki örnək gətirmək
istəyirəm.
Niyə tale zalım olsun,
Göylər mənə
zamin olsun!
Bir dərə məzarım
olsun,
Bir dağı örtün
üstümə.
Növbəti misal:
Bu key o keyə deyir: okey!
O key bu keyə deyir: okey!
Bir halda ki hamının fikri
məndədi, məruzə haqda qənaətimi
xatırladıram. Məruzə “kim nə etməlidi” yox, “kim
nə edib” sualına cavab verir. İsim “kim”, “nə”, “hara”
suallarından birinə cavab verən kimi. Əgər məruzə
birinci suala cavab versə, mən Fikrət müəllimdən
“birinci növ” şeirdən daha çox yazmağı
xahiş eləyərdim.
Üst-başından, təhər-tövründən
də çiçək, yarpaq, lələk tökülən
Musa Yaqubun ənənəvi şeirə bu günəcən
sadiq qalmağı hərdən adamı riqqətə gətirir:
Görəsən, tək
durnam harda uyudu,
Kəkliyim yetdimi qaya
daşına?
Sulanan zəminin artıq
suyudu,
Buraxdım ömrümü
başlı-başına...
...Dostlar pilləkənləri
sayıb qurtardılar, deyəsən, mənimsə onları
dinləməyə hələ vaxtım yoxdu...
Vaxt demişkən, ötən
əyyamlar olsa, məruzədə rus tənqidçisi
V.Q.Belinskidən mütləq sitat verilərdi. Təxminən
belə: “Poeziya – həyatı yaradıcı surətdə
yenidən yaratmaqdadı. O şey ki həyatda ola bilməz, o,
poeziyada da yalandı. Poeziyanın bu cür müəyyənləşdirilməsi
fantaziyanı üzvi sürətdə ruhun digər
xüsusiyyətləri və daha çox ağılla
bağlayır. Həyatı əks etdirə bilmək
üçün hətta yaradıcılıq istedadı da
azdı: həyatı anlamaq üçün gərək
ağlın da olsun. Kim istəsə ki, kağız üzərində
də, yazdığı şeirlərdə də şairliyi
görünsün, o gərək əvvəlcə qəlbən
şair olsun. Poeziya təkcə kitablarda deyil, o – həyatın
nəfəsindədi”.
Belinskinin sözünə
söykək kimi, “525-ci qəzet”dən bir şeir oxumaq istəyirəm:
Deyəsən, bahar
Növbədənkənar gələcək.
İnsanlar lətifədən
əvvəl güləcək,
Canlılar doğulmazdan əvvəl
öləcək.
Belə getsə, gələcək
özü də
Çox tez gələcək.
Dünyada hər şair
öz üslubunu yaradır. Yuxarıdakı şeir Fikrət
Qoca üslubundadı. Onu gendən tanıyırsan. Amma
yaşıdı Abbas Abdullanı tanımaq üçün
mütləq yaxına gəlməlisən. Əvvəlki
vuran-tutan, dəli-dolu Kəpənəkçi balası indi dəyişib,
mülayimləşib. Bəlkə də qocalıqdandı:
Gözünə
döndüyüm qoca dünya
Məni də udacaqsan bir
gün.
Ürəyim qalacaq yer
üzündə
Heyf gedənə, yazıq
qalana.
Dostu Tofiq Abdinsə
qocalıb-eləməyib. Publisistika, şeir kitablarını
nəşr elətdirir, İnternetdən çıxmır və
özünü hələ də tələbə sayır: Rəsul
Rzanın tələbəsi.
Məruzəni davam etdirmək
üçün sözü tənqidçi Arif Əmrahoğluna
vermək istəyirəm: “Yaxşı olmağa
çalışmayan, olduğu kimi yaşayan Füruzə xanım
əlindən gələni bacardığı dərəcədə
gerçəkləşdirməklə məşğuldu:
şeir yazır, ali məktəbdə dərs deyir.
Özünə bir dünya yaradıb. Fərqinə varsaq da,
varmasaq da, ətrafımızda qapısı həmişə
və hamının üzünə açıq bu
dünyanın ünvanı çox sadə və
yaddaqalandı: Füruzə Məmmədli dünyası!”
Arif müəllimə, mənə
dəstəyinə görə, təşəkkür eləyib
ədəbi fokusu çoxdan obyektivin gözündən
qıraqda qalmış Məmməd İsmayıla tuşlamaq
istəyirəm.
Dilək diləmişəm
illərdən bəri,
Deməsəm, bir günah,
desəm, bir günah!
Qoruya bilmədim mən sevənləri,
Məni sevənləri
qorusun Allah!
Azərbaycanda Türkiyə,
Türkiyədə Turan həsrətiylə yazıb-yaradan Məmməd
İsmayılı durğu işarələrindən daha
çox nidaya bənzətmək olar. Amma üç nöqtəyə
oxşayan ədiblərimiz də var: son illər millət,
dövlət zirvəsindən insana, real aləmdən virtual
aləmə adlayan Vaqif Səmədoğlu, hamı ona sarı
gəlsə də, öz yerindən tərpənməyən
Ramiz Rövşən, qanadlı uçmaqdan bezib qanadsız
uçmağa qərar verən Vaqif Bayatlı Odər.
Polyak qızı, mən sənə
Nəfəs deyim, ah deyim?
Çıxar xaçı
sinəndən
Mən bir “bismillah” deyim.
Bu şeir Vaqif Səmədoğlunundu.
O da, “Nəfəs” kitablar kitabını çap elətdirən
Ramiz Rövşən də, “Yupyumru bir eşq ilə”
şeirlər kitabında köhnə əşarlarını
yeni və gözlənilməz variasiyada təqdim eləyən
Vaqif Bayatlı Odər də ötən əsrdə bəs qədər
oxucuya “bismillah” dedirməyi bacarıb. Amma yeni əsrin oxucusu
şeir oxuyanda yox, şeir görəndə qorxur. Təəssüf.
Sonunda da üç nöqtə.
Bu günlərdə 70
yaşı yaxınlaşan, heç vaxt ad günü
keçirməyən, iclaslara qatılmayan, bir siqaretə
söykənib dünyaya baxan Ələkbər Salahzadənin
qapalı yaradıcılığı sanki mötərizə
içindədi. Ələkbər müəllim poetik mətləbi
nəinki oxucudan, nəinki qələm-vərəqdən, hətta
özündən də gizlədə bilir:
Adam bir yol
vaxt içindən bir iz,
bir yol
açıb gedə gələcəyə...
Yer üzündən,
bir üzündə,
şər üzündən,
lap özündən
köçüb gedə gələcəyə...
Nəsrini daha çox izlədiyim
Azər Abdulla haqda danışmağı növbəti məruzəçi
İlqar Fəhminin, Camal Yusifzadədən yazmağı
zamanın öhdəsinə buraxıram. Ənvər Əhməd
və Vahid Əziz yaradıcılığı isə vətəndaş
poeziyasından dissertasiya yazan tədqiqatçı alimlər
üçün kifayət qədər material verə bilər.
...“Ulduz”dan yerəcən pilləkənləri
sayan dostlarım məni aldatdı, geri dönmədilər,
amma mən pilləkənlərin sayını sizə mütləq
deyəcəm, indi əlimdə ağır yük var,
yuxarıdan daşıyıb aşağıya,
yaşlıdan cavana çatdırmalıyam...
Yuxarıdan söz
düşmüşkən: ədəbiyyatın və hakimiyyətin
ancaq yuxarı qatlarında qərarlaşan professor, millət vəkili
Nizami Cəfərov da bir vaxtlar Azərbaycan Yazıılar
Birliyinin qurultayında məruzə eləyib. Nizami müəllimin
təcrübəsini nəzərə alıb “mikrafonu” məmnuniyyətlə
ona uzadıram: “Ədəbi aləmlə ilk
tanışlığımda üç adın adətən
yanaşı çəkildiyini gördüm: Nüsrət Kəsəmənli,
Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu...
Sonralar onları da, tale necə birləşdirmişdisə, o
cür də hərəsini bir yana atdı. Müxtəlif
üslublar, yaradıcılıq maneraları üzərində
kökləndilər. Ancaq bu bir həqiqətdir ki, hər
üçü müasir Azərbaycan poeziyasında ən
nihilist mövqedən belə danılması mümkün
olmayan iz qoydular.
Nüsrət Kəsəmənli
dünyadan, çox təəssüf ki, tez getdi, bununla belə
onun adamın iliyinə işləyən, həyatın
özü qədər təbii lirikası o qədər
canlıdır ki, müəllifin fiziki yoxluğuna bu günə
qədər inanmaq çətindir.
Sabir Rüstəmxanlı elə
gəncliyindən gələn xarakteri ilə nə qədər
ictimai-siyasi, ideoloji polemikalara qoşulsa da, bu sahədə nə
qədər parlaq görünsə də, özünəməxsus
şair obrazını yarada bildi... Və bu obraz onun
yaradıcı şəxsiyyətinin, genişmiqyaslı fəaliyyətinin,
elə bilirəm ki, mərkəzində dayanır.
Nüsrət Kəsəmənlinin
lirik-psixoloji, Sabir Rüstəmxanlının lirik-publisistik
üslubuna paralel olaraq üçlüyün
üçüncü nümayəndəsi Çingiz Əlioğlunun
lirik-metafizik üslubundan danışmaq olar. Hər
üç üslub eyni dərəcədə emosional, hətta
üsyankardır, ancaq üçüncü üslub həm də
eksperimentaldır... Nüsrət Kəsəmənli ilə
Sabir Rüstəmxanlının ilhamının obyekti,
fakturası həmişə çox konkret olduğu halda,
Çingiz Əlioğlunun şair ilhamı barədə bunu
demək olmaz; o, çox zaman tamamilə mücərrəd,
qeyri-müəyyən fakturadan – heç nədən şeir
yarada bilər (və bilir)!.. Çingiz Əlioğlunun
şeirlərində söz-leksikon o qədər güclü,
enerjilidir ki, qrammatikanı bütünlüklə
sıxışdırır, ikinci, hətta
üçüncü plana keçirir. O bunu edə bilər
(və edir)!.. ”
Adətən, kitab və
romanlara şifahi xeyir-dua verən Nizami Cəfərov bu dəfə
fikirlərini özü qələmə almağa
yaxşı ki, vaxt tapa bilib.
Azərbaycan ədəbiyyatının
az yazan, çox tanınan isimlərindən olan Zakir Fəxri
nəhayət uzun illərdən sonra kitab çıxardı.
“Qalmaz belə, qalmaz dünya” misrası Zakir müəllimin
kimlik kartı, eyniadlı kitab isə onun
külliyyatıdı. Zakir müəllimin yanında çox
ləngiməyək, yoxsa başımı qatıb məni də
yazmağa qoymayacaq.
Zəlimxan Yaqubun təkcə
adını çəkmək insanın üzündə
ilıq təbəssüm yaradır. Poeziyada da, vəzifədə
də, həyatda da Hüseyn Arifi xatırladan Zəlimxan
müəllim şeirlərini sözlə yox, səslə
yazır. Onun “Peyğəmbər” poemasını çətinliklə
oxusan da, yazdıqlarını öz dilindən məmnunluqla
dinləyirsən. Deyəsən, Çingiz Əlioğlu onu
hardasa “Azərbaycan poeziyasının imperatoru”
adlandırmışdı. Bilmirəm, ciddi, ya zarafatla...
Zarafat və mübaliğəsiz
deyərdim ki, artıq üzünü saqqal basmış qəzəl
janrının ən yaxşı nümunəsi Ələmdar
Mahirdir. Mahcamal, İsgəndər Etibar, Rafiq Dağlı, Əvəz
Qurbanlı,“Şəms” ədəbi birliyinin əksər
üzvlərinin qəzəl janrına marağı da diqqət
çəkir.
Artıq altmış
yaşını haqlamaqda olan Adil Mirseyid hələ də
eksperiment axtarışları və Paris sevdasından
doymayıb – qənaətindəyəm.
fransız şərabında
cinayət qoxusu var
divarların rəngində
intihar qorxusu var...
...mən talesiz adamam
müsyö baş qoşma
mənə
rus ruleti oynamaq keçir
könlümdən yenə.
Aydın məsələdi
ki, Adil Mirseyidi Fransaya səfir də göndərsələr,
o yenə Paris həsrətli şeirlər yazacaqdı. Adil
taleyə Tanrı kimi baxır, amma yaşıdı Əlisəmid
Kür nə şeirdə, nə də həyatda kimsəyə
baş əymək istəyir. Əlisəmidin elə kür
şeiri var ki, talenin üstünə bıçaq çəkmək
cürətindədi. İşğal altında olan kəndini
(həm də təxəllüsünü!) iki kərə
ziyafət eləyən Musa Urud isə, dostlardan fərqli
olaraq, sadəcə,taleyini yaşayır: “Hər nə
varsa...”
Ötən əsrin
sonlarında çıxardıqları “Yol” qəzetiylə ədəbi
mühitdə canlanmağı bacaranlardan biri də Rasətdi.
Azərbaycan Yazıçılar Birliyinin nəşrlərində
imzasına rast gəlmədiyim Rasətin portallardakı fəallığı
hələ də qəzet və jurnallara əlyazma
daşıyan yaşıdları üçün örnək
ola bilər.
Mədəniyyət və
Turizm Nazirliyində məsul vəzifədə
çalışan, iş otağından nadir hallarda
çıxa bilən Vaqif Bəhmənli entuziazmı
hesabına hekayə, məqalə və əlbəttə,
şeir yazmağa vaxt tapır. “Poeziya” kitabına
yazdığım “on söz və yüzlərlə işarə”dən
bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm:
Mənə elə gəlir
ki, Vaqif müəllimin indiyəcən nə xətrinə dəyən
olub, nə də o, bir kimsənin ürəyini qırıb. O
bu dünyada bu dünyayla hesabı açmadan yaşayır:
O:O. Amma şeirləri belə deyil, ürəyi
qırılanı da var, ürək qıranı da; sənə
toxunanı da tapa bilərsən, sənin toxunduğunu da!
Şeirlərində hesab çoxdan açılıb. Kimin
xeyrinə – bax bunu HESAB SAHİBİNDƏN soruşmaq
lazımdı.
Ötən illər ərzində
Rafiq Yusifoğlu, Hamlet İsaxanlı, Paşa Qəlbinur və
Elçin İsgəndərzadə həm alim, həm də
şair kimi elmə və ədəbiyyata bacardıqları qədər
xeyir verməyə çalışdılar.
Bu günlərdə mənə
– redaktə eləmək üçün – son dərəcə
maraqlı bir xanım haqda material göndərmişdilər.
Azərbaycan əsilli madam Gübek şəkil çəkir,
mahnı bəstələyir, ssenari yazır, alpinizmlə məşğul
olur. O, Monako krallığında rəsmi nikaha girən ilk azərbaycanlı
kimi də diqqətimi çəkdi. Nədənsə, Mahirə
Abdullanı xatırladım: şeir yazan, psixoloq, rəsm
çəkən, proza və publisistika ilə məşğul
olan Mahirə xanımı. Onun çoxşaxəli
yaradıcılığı adamı – hansı Mahirə
Abdulladan danışasan – sualı ilə üz-üzə
qoyur.
İslam Sadıq,
Şöhrət Qaraoğlu, Rüstəm Behrudi, Xosrov Natil,
Yalçın Qoca, Samir Sədaqətoğlu, Şərif
Ağayar, Zahir Əzəmət, Nazim Əhmədli, İltifat
Saleh, Ramiz Qusarçaylı, Sabir Sarvan, Məmməd İlqar,
Məmməd Dəmirçioğlu, İnqilab Orxan, Məhəmməd
Astanbəyli, Rafael İncəyurd, Vüqar Əlisoy, Əlişirin
Şükürlü, Rizvan Nəsiboğlu, Elsevər Məsim,
Qədiməli Əhməd, İsmayıl İmanzadə, Əziz
Musa, Namizəd Xalidoğlu, Mübariz Məsimoğlu, Əhməd
Qəşəmoğlu, Qurban Cəbrayıl, Sevinc Arzulu, Elnarə
Şəms, Simuzər Nüsrətbəyli, Güləmayıl,
Reyhan Kənan, Zərəngiz Dəmirçi, Mənsurə
Qaçayqızı, Esmira Məhiqızı, Sevinc
Nuruqızı, Gülşən Behbudqızı... Hələ
siyahıda şeirin nə qədər oğlu, qızı
var? Amma onlar haqda az-çox yazılıb-deyildiyindən diqqətimizi
diqqətdən kənarda qalan bir imzaya yönəldək –
Xasay Mehdizadəyə. Şeirləri də özü kimi təvazökar
və utancaq.
Çətin ki, tapasan bu səs-soraqla,
Mən kiprik altında bir
damla suyam.
Dindirmək istəsən,
ağzımı bağla,
Onda daha yaxşı
danışasıyam.
Şeirlərini oxuduğum
müəlliflərin siyahısını bir də gözdən
keçirirəm. Taleh Həmid, Allahverdi Təhləli, Mehman
Qaraxanlı,Kəmaləddin Qədim, Vasif Qurbanzadə, Fəxri
Müslüm,Kənan Hacı, Sevil Gültən, Akif Əhmədgil,
Adil Şirin,Tofiq Qaraqaya, Fərəc Fərəcli, Mahmud Vəli,
Avdı Qoşqar, Adil Cəmil, Ağacəfər Həsənli,
Musa Ələkbərli, Barat Vüsal, Sabir Yusifoğlu, İsa
Sevər, İbrahim İlyaslı, Bəydadaş Cəfərli,
Yafəs Türksəs, Dayandur Sevgin, Elbariz Məmmədli,
Vasif Süleyman, Xatirə Rəhimbəyli, Eldar İsgəndərzadə,
Əbülfət Mədətoğlu, Kəramət, Əlirza
Həsrət, Valeh Bahaduroğlu, Sərvaz Hüseynoğlu, Əli
Nəcəfxanlı, Zakir Sadatlı, Ədalət Salman, Saday
Şəkərli, Fəxrəddin Əsəd, Tərlan, Tofiq
Nurəli, Fəxrəddin Ziya, Gülxani Pənah, Nazilə
Gültac, Namiq Hacıheydərli, “Pərvanə” və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri (yeri gəlmişkən:
yaradıcılığında bir sıra keyfiyyət dəyişikliyi
aparan Əkbər Qoşalı DGTYB başqanı kimi
türkdilli mədəniyyətlərin inteqrasiyasında da
xeyli iş görür). Hələ bu hamısı deyil: Zirəddin
Qafarlı, Vahid Aslan, İbrahimxəlil, Rafiq Hümbət, Nəsib
Nəbioğlu, Fəxrəddin Meydanlı, Rəşid
Faxralı, Səxavət Talıblı, Elbəyi Cəlaloğlu,
Mirdamət Əziz, Kəmalə Ağayeva, Şəfəq
Sahibli, Aləmzər Sadiqqızı, Mina Rəşid, Həyat
Şəmi, Rəsmiyyə Sabir. İmkanım olsa, onların
hər biri haqda danışardım.
Qeyd dəftərimdə
Rafael Tağızadənin bir misrasının altından xətt
çəkmişəm. Görək o nə xətdir elə?
“Cəbhə bölgəsində qoz qabıqdan elə
çıxır ki, düşmən səs eşidib atəş
açmasın”. Yox, Rafael dəqiq belə yazmayıb, mən
misranı bu şəklə salmışam. Son illər həm
proza, həm də poeziyada özünəməxsus nümunələr
yaradan Əjdər Olun realist şeir tabloları ədəbi sərgimizin
gözəgəlimli yerində asılıb. Sağ qolunu
Qarabağ müharibəsində itirmiş
döyüşçünün obrazına siz də
baxın.
Tək qol – təkcə
qanaddı,
yetməsə də
uçmağa,
Amma ki, bəs eləyir tək
balamı
qucmağa.
Bircə şeyə
yanıram, nə yara,
nə xəstəlik –
Əldən getdi Qarabağ,
sağ qolum da üstəlik...
Qarabağ mövzusunda Ədalət
Əsgəroğlu “Dərdimizin qan rəngi” adlı poema
yazıb müxtəlif dillərə tərcümə elətdirdi.
Onun “Soydaş” poeması isə, adından
göründüyü kimi, xaricdə yaşayan həmvətənlərimizə
həsr olunmaqla, mövzu aktuallığı ilə
seçilir. Bu mənzum hekayələrdə forma və məzmun
nə qədər yenidirsə, Əsgəroğlunun şeirlərindəki
ab-hava – nə az, nə çox – elə bir o qədər qədimdi:
Əsgəroğlu, aç
düyünü
Gör Mövlamın
gördüyünü.
Yoxsa sənin beş
gününü
Qaraldar, bir gün eyləməz.
80-ci illərin dəyərli
imzalarından olan Şaiq Vəlinin yeni şeirlərinə
rast gəlmədim; Maarif Soltan, hərdən də olsa,
şeirlərinin altındakı tarixi təzələməyi
bacardı; Zahid Sarıtorpaq isə inanılmaz dərəcədə
dəyişib:
Ömür bir ayin kimi bitər
hərgah
Zikrinə qoşulmağa nəfəsi
çatmaz kimsənin
Gün yalamış qar kimi
Ləhləyər
göyün aydınlığına
Qaraçuxası
yatmış ömür
Amma dibində
üzüldüyü
Gül kolundan xəbəri olmaz.
Ənənəvi şeiri
modernizmə dəyişənlərdən biri – son beş ildə
Azərbaycanda beş, xaricdə beş kitab basdıran Qəşəm
Nəcəfzadənin məhsuldarlığı diqqət
çəkir. 2007-ci ildə Hollandiyada keçirilən 38-ci
Beynəlxalq Poeziya Festivalında iştirak eləyən Qəşəm,
çoxumuzdan fərqli olaraq, öz saytını və xarici əlaqələrini
qurmağı bacardı. Onun yaradıcılığı da
müəllifin özü kimi qalmaqallıdı. Qəşəm
Nəcəfzadəni novator adlandıranlar da, ümumiyyətlə,
bəyənməyənlər də var. Maraqlısı budur
ki, Qəşəm öz şeirləriylə iki qardaşın
– Azərbaycanın tanınmış tənqidçiləri
Vaqif və Cavanşir Yusiflilərin arasında nifaq sala bilib.
Yenə şeirimlə tək
qaldım
Yenə sehr ilə
bağlandım...
Yenə dünya o tərəfdə
Mən də...
Bu yandan saxlandım...
Aranda yaşayıb-yaradan Nisəbəyimin
şeirləri təndirdən çıxan çörək
kimi istidir (Təndir deyəndə Fərqanənin eyniadlı
şeiri yada düşür:
Əyninə özgə don
geyməyən anam
Təndir tüstüsündən
yüz don geyinib.
Başını bir kəsə
əyməyən anam
Təndirə çatanda min
yol əyilib.)
Eyni hərarəti Məlahət
Yusifqızının, Bəsti Əlibəylinin şeirlərindən
də duymaq olar. Azərbaycan Milli Elmlər Akademiyası Nizami
adına Ədəbiyyat İnstitutunda 2009-cu ilin ədəbi
yekunlarına həsr olunmuş məruzədə adı
uğurlu imzalar içrə çəkilən
Narıngülün şeirləri isə, əksinə, buz
kimi soyuqdu:
Son vaxtlar oxuduğum fəlsəfə
kitabları və adamlar
Məni çıxılmaza
aparır
Çəkilib bir küncdə
Adamlardan gizlənmək istəyirəm,
Utanıram
Adamların məni sevməməsindən.
80-ci illər
poeziyasının az tanınan imzalarından olan Baloğlan Cəlil
İdrisi ölkədən uzaq düşsə də, yaxşı
ki, qələmdən aralanmayıb. Hərdən uzaq
başqırd ellərindən onun namələrini alıram:
Mən böyük şair
ola bilərdim
ən böyük!..
...İndi mən –
Baloğlan Cəlil İdrisi
Bir-iki söz yiyəsi
Yalnız və yalqız
Qürbətdə
oğlanlarım üçün yaşayır
O qız üçün
yazır
Vətən üçün
ölürəm...
Qürbətdə Azərbaycan
poeziyasını təmsil edənlərdən biri də bir
vaxtlar – mənim kimi – qonşu respublikaya oxumağa göndərilən
və hələ də Estoniyadan geri dönməyə macal
tapmayan Xaqani Qayıblıdı. Tartu Universiteti türk dili mərkəzinin
rəhbəri işləyən Xaqaninin ( o, həm də
“Ulduz” jurnalı redaksiya heyətinin üzvüdü) “40
yaşım, 40 sözüm” şeirlər kitabı müəllifdən
hələ çox şey ummağa əsas verir. Sultan Mərzili
son vaxtlar saytlardan düşmədiyindən adama qərib gəlmir.
Onun moskvalı həmkarı Nəsib Nəbioğlu ədəbiyyatımızın
təbliğində gücü çatan işdən
yapışır.
Məruzəmin
üstünü saysız-hesabsız sitat və elmi məqalələrdən
özəklərlə örtmək istəməzdim,
çünki onsuz da məruzənin içində adam
çoxluğundan hava çatmır. Bəzi imzaların
üzərində dayanmaq da olardı, amma arxadan gələn
siqnal səsləri vaxt tıxacından xəbər verir.
Odur ki, ənənəçi
İlham Qəhrəmanın, modernist Əlizadə Nurinin,
sürrealist Xaqani Hasın, postmodernist Həmid Herisçinin,
Rasim Qaracanın, Murad Köhnəqalanın
yaradıcılığından ayrıca danışa bilmirəm.
Güney Azərbaycan, Qarabağ, Naxçıvan,
Borçalı, eləcə də o biri yurd yerlərimizin ədəbi
mühitini “Ulduz”da işıqlandırmağı
planlaşdırdığımız üçün onlar
haqda sözüm sonraya qalsın!
Qeyd dəftərçəmdə
Balayar Sadiqin “Əzrayılın ayaq izləri xəcalətdən
yerə girmişdi” misrası, Azad Yaşarın “Cinayətkar”
şeiri və Faiq Balabəylinin “Zindan” silsiləsinin
altından yaşıl xətt çəkilib. Etimad
Başkeçidin folklor assosiasiyalı üslubundan “Nabran
novellası” kitabımda qənaətlərimi
bölüşmüşəm. “Notasiya” silsiləsi əslində
çoxdan tanıdığım Salamın hecada
darıxmağından başqa bir şey deyil: o, elə əvvəlki
Salamdı!
“Torqovı peyzajı”
kitabı və “Polonez” poemasını oxuduğum Elxan Zal
Qaraxanlı əski ozan təfəkkürü ilə modern
düşüncəni bir araya gətirmək
amacındadı. Torqovı küçəsində XXI əsrin
adamını qəfil qədim əyyam mənzərələriylə
rastlaşdıran Elxanın şeirlərində nələrə,
kimlərə rast gəlmirsən: Misir sivilizasiyasına aid
olan Amon-Ra, Osiris, İzida; Şumer və Göytürk mədəniyyətinin
qəhrəmanları: İştar, Tan-Ra, İmay, Çulpan,
Ötügen, Alp Ər Tonqa; qədim yunan mifologiyasından:
Esxil, Helen, Paris, Orfey; eləcə də, Çe Gevara, Zəki
Müren, Elton Con.
Biz dollar
yaşılının nəşəsindəyik
Daha Çe Gevara zamanı
deyil
Marksı da unudub məktəblərdə
Tərli şüşələrdən
pivə çəkə-çəkə
Azadlığa heykəl
qoyduq ruslu-türklü.
Ötən beş-altı il
ərzində xaricdə ən çox çap olunan həmkarlarımızdan
biri də Səlim Babullaoğludu. Dünya ədəbiyyatından
nümunələri dilimizə çevirən Səlim öz
şeirlərini də əcnəbi dillərə tərcümə
elətdirməyə imkan tapıb və müsbət rəylər
qazanıb. Onun “İlyas Köçmənin şəkil dəftəri”
kitabı tərtibat, forma və üslubuna görə diqqəti
çəkir. “Maskalı adamların himni”ndə oxuyuruq:
Kim oxuyur
alnımızdakı
sətir-sətir
qırışları kim?
Hansı dilçi, hansı
xəttat,
Axı, bu yazılara baxan
kimsə
bu xətti tanımaz...
...Kim bilir, bəlkə elə
bizim özümüz də
arada güzgüyə baxanda
çaşmalıyıq
bəlkə biz də
özümüzə arabir
özgə üzüylə
baxmalıyıq.
Həmişə
başqalarının şeirindən yazan Əsəd Cahangir
birdən-birə iki poema – “O adam” və “Namaz” – qələmə
aldı. Əslində, bu heç də birdən-birə
olmadı. Əsəd hələ Cahangir yox, Əsədli
olanda şeir yazırdı. Qoy bu da məruzənin ilginc
açıqlaması olsun! Əsəd öz poemasında sufi ənənələrini
modern versiyada təqdim etməyə çalışır:
Baxma qanlı dişinə,
yaquardı, vaşaqdı,
Nə ki var dördayaqlı,
Ömrünün sonunacan
iməkləyən
uşaqdı.
Ağzı süd iyi verir
qanəmər vəhşilərin.
Azərbaycanda nadir hallarda
rast gəlinən şair cütlüyü: Dəyanət
Osmanlı-Səhər, Xanəmir-Ayişə isimləri nədənsə
adamda müqayisə marağı yaradır. “İlk və son”
modernist şeirlər kitabının müəllifi Dəyanət
ənənəçi Səhərlə tamam başqa ampluada
dayanır.
Xanəmirlə Ayişə
xanımın torpağısa bir yerdən
götürülüb. Fərq ondadır ki, Xanəmiri anlamaq
üçün təkcə şeirin dilini bilmək bəs
eləmir, gərək quş dilindən də baş
çıxarasan:
ey dili qafil fil faili
məchul fani f...
dili söz tutmayıb
gözü tütləyən
beyni fikir uçurtmayan
oğlumun başında
gün işığı
qaynayır
gün şaxıyır can
oynayır
Əkrəm Əylislinin Fikrət
Qoca haqda yazısında belə bir passaj var: “Şeir, ola bilər
ki, başa düşülməsin. Heç başa
düşülmədiyi də olur. Amma şeir əgər
şeirdisə, ola bilməz ki, heç vaxt başa
düşülməsin”. Mən bu məruzədə nə
indi, nə də gələcəkdə anlaşılacaq
şeirlərdən danışmayacağam. Onlara hər yerdə
rast gəlmək olar (yaxşı şeir deyil ki,
çıraqla axtarasan): “Ulduz”da, “Azərbaycan”da, “525”də, “Ədəbiyyat
qəzeti”ndə, “Alatoran”da, “lit.az”da, “kultaz.com”da,
“azadlıq.org”da, “Bayatı” kitab mağazasında,
“Akademiya-kitab”da. Mən onlardan nümunə gətirməklə
yuxarıda adı çəkilən şairlərə
hörmətsizlik eləmiş olardım. Onları toplayıb
Anar müəllimin çoxdan yaratmaq istədiyi “Küftə”
mükafatına (AYB sədri “Əsli ilə Kərəm
çöllü-biyabanda kefdədilər, Sarmaşıblar
bir-birinə sanki küftədilər” şeirini oxuyandan sonra
bu fikrə düşüb) təqdim eləməyəsə bəhanə
axtarmayacam.
Ey prus cavanı, sən gərək
müsəlman olasan,
Həsrətdən vüsala
keç,
sünnətin
öldürdü məni...
Nuridə Atəşinin son
şeiriylə bu mövzunu qapadaq. Həm də ayrılıq
vaxtıdı. “Bəs ayrılıq nədir ki – bir addım,
Nə fərqi var, sən atdın, mən atdım” (İlqar Fəhmi).
Hərəmiz bir addım atıb 2004-10-cu illər Azərbaycan
poeziyasını gəzib dolandıq. O ki qaldı söhbətin
əvvəlinə, yəni “Ulduz”dan yerə qədər pilləkənlərin
sayına, onu heç mən özüm də dəqiq bilmirəm.
Bildiyim odur ki, əruzda, hecada, sərbəstdə yazılan
bircə şeirlə də yerdən “Ulduz”a, yəni səmaya
çatmaq olar.
Məruzə, iclas adətən
adamı yorur, yatanlar, hətta yuxu görənlər də
olur.
Əgər məruzəm
sizi yatmağa qoymadısa, lütfən, məni təbrik eləyin.
Yox, yatdınızsa, onda
2004-10-cu illər Azərbaycan poeziyasını bir yuxu bilin...
Qulu AĞSƏS
525-ci qəzet.- 2011.- 5 mart.- S.26-28.