Göz qabağında
görünməyən adam
(Şair Telman Hüseyn Dədənin 70 yaşına
alqış əvəzi)
Dəqiq xatırlayıram. Gəncliyimdən,
onu tanıdığım illərdən, hansı şənliyə,
ədəbi məclisə dəvət olunmuşuqsa, qolumuza
girərək bizi böyük səmimiyyəti ilə
“aldadaraq” qabağa verib. Mərkəzi mətbuata
çıxmağa qədər: “Dədəm, bu məndən
yaxşı şairdi, onu çap elə, qoy tanınsın, mən
qaçmıram ki,?!” – deyib. Özü də sidqi dildən
ürəkdən deyib. Elə deyib ki, səmimiyyətinə
inanmayan nöyzən billah, Allahına inanmayıb.
Gözlərinin qarşısındakı ədalətsizliklər, zaman-zaman halal haqqını ala bilməməsi, onu özünü gizlətməyə, özündən qaçmağa, bəzən də cismani cəhətdən “yox eləməyə” gətirib çıxarıb. Özünü bu qədər zalımlığın və inamsızlığın əhatəsində dirçəldib “axı mən də varam” deyə bilməyini özünə sığışdırmayıb. Bəlkə də çox düşünüb-daşınıb: “Necə yəni, həm şeir yaz (söhbət şeirdən gedir) həm də minnət elə?!”
Beləcə
şair Telman Hüseyn Dədəyə dərd üstün gələndə
dərdlərini (yuxuları qarışıq) suya söyləmək
əvəzinə (cismən) məskunlaşdığı Bərdənin
Otuzikilər kəndindəki kənd qəbiristanlığındakı
ölülərə deyib. Deyib ki, hər gün aralarından
bulud kölgəsi kimi axıb keçdiyi insafsız və
zalım dirilərə nisbətən, pak ruhları ilə Ulu
torpağı bir az da paklandıran ölülər onun yerini,
qiymətini bilsinlər. Hələ ara bir onlara təzə
şeirlərini də oxuyub, ayaqüstü poeziya məclisi də
düzəldib.
Alnımdan axmayıb xəcalət təri,
Dostlarım bilir ki, haqq şairiyəm.
Çoxdu dirilərin xalq şairləri,
Mən də
ölülərin xalq şairiyəm.
Özünü gizlədikcə,
boyunu göstərmədikcə, yaxın-uzaq dərdlərini əl
içi kimi gördükcə, dağdan ağır dərdləri
bəmbəyaz varaqlar üstündə daha sanballı
“bitiş” tapıb, ürəklərin ovsunçusuna
çevrilmişdi. Bu bitgin, orijinal və fəlsəfi
poeziya nümunələri sadə kənd adamlarından
tutmuş, böyük şəhərimizin (Bakının)
oxucu auditoriyasınacan əl-əl, ağız-ağız, səs-səs
gəzirdi.
Mən ağrı çəkirəm,
dərd aram ola,
Dinləsən, sinəmdən
dərd səsi gəlir.
Bir yandan sağaldıb
salıram yola,
Bir yandan dərdlərin təzəsi
gəlir.
HAŞİYƏ: Mən
onunla tanışlaşanda hərbi xidmətdən yenicə qayıtmışdım.
O zaman Telman Hüseyn Dədənin “Təzə
tanışlarım” şeirlər kitabı (ilk şeirlər
kitabı) bir neçə ildi ki, doğulmuşdu. Sonralar: “Məni
bağışla”, “Üşüyən nəğmə”,
“Çığırğandan gələn səs” və
2010-cu ildə isə (ömrünün 30 illik bəhrəsi
olan) “Payın çox olsun dünya” şeir kitabları
oxucuların imtahanına gəndərilib.
Son şeir kitabları
doğulandan sonra da ədəbi ictimaiyyət bu şirin dilli,
çox istedadlı şair haqqında nə bir (yığcam
da olsa) monoqrafiyanın, nə də beş-altı kəlmə
xoş sözdən ibarət ədəbi yazının şahidi
olmadı.
Bu nə tale idi, heç
özü də bilə bilmirdi. Bu qədər diqqətsizlik,
bu qədər unutqanlıq biganəlik nədən idi axı.
Budur yenə də “həmin koordinat, həmin dalğa”. O, kiməsə
deməliydimi ki, mənim kitablarım haqqında danış,
mənim yaradıcılığımla bağlı ürəyindəkiləri
yaz, məni televiziya görüşlərinə dəvət
elə! Bəlkə də olardı... Ancaq Telman Hüseyn Dədənin
aldığı ailə tərbiyəsi, xüsusən də
xarakterindəki ağıryana və ağayanalıq buna imkan
verməzdi.
Cəmiyyət dəyişməmiş
zamanda müxtəlif aşınmalar olmamış bundan bir qədər
yaxşıydı bəlkə də. Dövr dəyişəndən,
imperiya öz ömrünü başa vurduqdan sonra bircə
qazancı 1997-ci ildə Azərbaycan Yazıçılar
Birliyinin üzvülüyünə qəbul edilməsi oldu. Vəssalam...
Sonra, sonra... itirdilər, axtarmadılar. Nə o zamankı tələbə
(üzdə olan tələbə, ziyalı dostlar), nə də
tələbəykən imzaları tanınan şair
dostları. Axı onlarla 1972-ci ilə qədər Lenin
adına APİ-də düz 5 il bir otağın
havasını udub, biri-birinin paltarını geyinməyə qədər
doğma olmuşdular?! Səviyyəli ali təhsilli filoloqlar
kimi təyinləşdirilmişdilər. Azərbaycanımızın
müxtəlif bölgələrinə. Bakıda qalanları
da az olmamışdı...
Beləcə unuduldu. Bakı
ədəbi mühitindən uzaq bir əyalətə
atılmış gözəl bir şair istedadlı filoloq,
publisist. Sonra başladı küsməyə, hər kəsdən
uzaq gəzməyə. Bir müddətdən sonra çox cəhd
eləsə də böyük ailə qayğıları,
müəyyən maddi sıxıntılar imkan vermədi ki,
bir də Bakıya qayıdıb, istədiyi ömrü
yaşasın.
Şair Telman Hüseyn Dədəni
dostlarından, ədəbi mühitdən aralı düşmək
bir qədər də xanənişin eləmişdi – “kəndin
qulağı”ndan uzağa getmirdi. Onu başa düşmək
çətin deyildi.
Həmişə göz
qabağında, dildə-ağızda, xanəndələrin nəğmələrindəydi
nazənin şeirləri... qılınc kimi sözləri.
Özünü isə gördüm deyən yox idi. Qəzetlər,
jurnallar susurdu. Elə bil mətbuata həb verib keyitmişdilər
onu. Telman Hüseyn Dədə itmişdi – ay buludda itən
kimi. Belə bir istedadı isə axtarmaq bir kimsə
üçün bəlkə də gərəksiz olduğu qədər
də ağılagəlməz idi.
Onun
yaradıcılığını dönə-dönə
öyrənəndən sonra bu qənatə gəlirsən ki,
Telman Hüseyn Dədə dərdin yekəsini
pıçıltıyla çox sadə şəkildə həzin-həzin
deyə bilir. Dərdin naləsini pıçıldamaq hər
şairə nəsib olan səadət deyil.
Mənə bəd xəbəri
qəfil verməyin,
Kədərin ağlayan dili
olaram.
Mənə şad xəbəri
qəfil verməyin,
Qəfil bir sevincdən dəli
olaram.
Doğrudan da böyük
ürəklərin dünyanı dərk sərhəddi,
saxlanc yeri intəhasız olurmuş. O yerə torpaq itkisi, vətən
ağrıları və s. nələr-nələr
sığışdığı kimi dost qayğısı,
həmdəm nisgili də gen bol yerləşirmiş. Yaxın
zamanlarda ömür-gün dostunu itirən şair, taleyinin bu əvəzsiz
zərbəsini (geniş formatda olmasa da) ömür
ekranına çıxardı. Ömür
yoldaşının “təzə geyin, şux görün!” istəyini
özünə böyük dərd eləyən şairin
poetik rəsmlərindən olan “Təzə paltar”ın bir bəndinə
boylanaq:
Gecikmiş
qayğıdı, ta neçə deyim,
Mənim də bəxtimə ləngimək
duşub.
Toxunma sən allah, dəymə qoy
geyim,
Soluxmuş paltarlar rəngimə
düşüb.
Bu şeirin yazılma tarixi
ildən artıq olmasına baxmayaraq onunla ötən il
çap olunmuş “Payın çox olsun dünya” şeirlər
və poemalar kitabında rastlaşmışıq. Fürsətdən
istifadə edərək şairimizi bu növbəti uğur
münasibətilə ürəkdən təbrik edirik!
...İki il əvvəlin
söhbətidi. Qibləm kimi sevdiyim Bərdəyə üz
tutmuşdum. İstəkli şairlə
görüşdük. Həmişəki adətimizlə
şəhərin arasıyla gəzinə-gəzinə bir
xeyli dərdləşdik (Bu dərdləşmələrimizdən
də heç olmaz!). Birdən dayanıb üzümə diqqətlə
baxdı. Və astadan: – Dərdin alım mən bəxti gətirməyən
şairəm. Göz qabağında ola-ola itirilən oldum.
İndi də baxıram ki, heç məni tapmaq istəyən
yoxdu. Çalış səni itirməsinlər! – dedi... Bir
siqaret yandırıb, sızqa zümzümə elədi:
Kəpəzin beli yalan,
Üstündə
gölü yalan.
Ölülər ölü
yalan,
Dirilər sağ
yalanmış.
Dillənmədim. Bildim ki, təzə
yazdığı şeirdəndi. Axı o, təzə
şeirini bizlərə həmişə cirə ilə – bənd-bənd
“yedirirdi”?!
Şeir məni tutmuşdu.
Bir qədər də kövrəltmişdi... Ardınca bir
tufan gözləyirdim, o da gəldi:
Can çox canlar içində,
Ömür anlar içində.
Bu yalanlar içində –
Telman ən çox
yalanmış.
Dünyam
qarışmışdı, selləmə bir
“yağış”a düşmüşdüm. Özüm də
ağlamaq istəyirdim. Qəribəsi bu idi ki, bu
“yağışdan”, bu “seldən” qurtulmaq istəmirdim. Niyəsi
bəlkə də cavabsızdı bu səssiz-möcüzəli
sualın.
“Payın çox olsun
dünya” şeirlər və poemalar kitabındakı
yanakı çəkdirdiyi ağ saçlı (duruşundan
yorğunluq tökülən) şəklinə baxdım. Nəsə
qəfil yadıma dadlı-dadlı siqaret çəkməyi və
özünü yandıra-yandıra şeir söyləməyi
düşdü:
Yazsam da yüzdən birini,
Bir sözüm almır
yerini.
Cırın Telmanın
şeirini –
Qaytarın vurun
başına.
...Yazısının
finalında yadıma düşdü ki, bu günlərdə
istedadlı şair, unudulmaz dost Telman Hüseyn Dədənin
70 yaşıdı... 50-nə inanmadığım kimi, 70-nə
də inanmıram.
Əziz şairimizi,
ömrünün 50 ilini çağdaş poeziyamızın
inkişafına həsr eləyən bu mötəbər
kişinin 70 yaşını təbrik edir, ona can
sağlığı və möhtəşəm sənət
ucalıqları diləyirik.
Rizvan NƏSİBOĞLU
525-ci qəzet.- 2011.- 5 mart.- S.28.