Badisəba ananın Şəki ünvanı

 

Badisəba xanım son dərəcə məlahətli, gözü açıq, dilavər və mədəni xanımdır. Firidun bəy Köçərli kimi adamın təsiri dərhal duyulur. Mənimlə çox mehriban və eyni zamanda ciddi danışırdı. Tanış olan kimi Mirzə Fətəlinin təzə tapılşmış arxivindən söhbət açdı və bu arxivi üzə çıxartdığım üçün məndən razılıq elədi.

Əziz Şərif, professor

 

Evləri Qazaxdadı,

Qazax nə uzaxdadı,

Mənə yarsız deməyin,

Yarım var, uzaqdadı.

 

Firidun bəyin 1895-ci ildə

İrəvandan bacısı

Afərin xanıma yazdığı məktubdan

 

Görkəmli ədəbiyyatşünas-alim, maarifçilik tariximizdə misilsiz xidmətləri olan XIX əsrin sonu, XX əsrin əvvəllərində müəllimlər müəllimi kimi çox böyük nüfuz qazanan Firidun bəy Köçərlinin (1863-1920) həyat yoldaşı Badisəba xanım Mustafa ağa qızı Vəkilova 1881-ci il martın 2-də Qazax qəzasının Salahlı qəryəsində anadan olmuşdur. Onun qardaşları Məmməd ağa və İsmayıl ağa Qori Müəllimlər Seminariyasında şuşalı Firidun bəylə birgə oxuyurdular. 1897-ci ildə tələbə dostları ilə birgə Salahlıya gələn Firidun bəy Badisəba xanımla ailə qurmuşdur.

Firidun bəy Qoridə müəllim işləyəndə Badisəba xanımın təhsili ilə fərdi məşğul olmuş və onun maarifçi-qadım kimi yetişməsində böyük zəhmət çəkmişdir. Badisəba xanım öz xərcilə 1918-ci ildə Qazaxda “Yetim və qaçqın uşaqlar evi” açmışdır. 1920-ci ilin iyun ayında bolşevik-daşnaklar tərəfindən Gəncədə güllələnən Firidun bəydən sonra Badisəba xanım onun maarifçilik fəaliyyətinin davamçısı olmuşdur. Bakı Pedaqoji Texnikumunda müəllim işləyən Badisəba xanım həm də pedaqoji institutda ali təhsil almışdır.

1925-ci il mayın 1-də Maarif Komissarlığının əmrilə Badisəba xanım Köçərli Zaqatalaya göndərilmiş və orada ilk dəfə Pedaqoji Texnikum təşkil etmişdir. 1929-cu ildə isə Quba Pedaqoji Texnikumunun yaradıcısı olan bu fədakar qadın 1930-cu ildə Şəkidə 2 saylı uşaq evinin də yaradıcısı və direktoru olmuşdur. Yüzlərlə kimsəsiz uşağın böyüməsində və təhsil almasında Badisəba xanım Köçərlinin əvəzsiz xidməti var. Yorulmaz maarif xadiminin böyüməkdə olan balalarımıza təmannasız qayğısı əməkdar müəllim adı ilə, “Şərəf nişanı” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur.

Badisəba xanımın səmərəli xidməti mərhum yazıçı Hacıağa Cümşüdlünün “Badisəba” povestində və akademik Bəkir Nəbiyevin “Firidun bəy Köçərli” monoqrafiyasında öz əksini tapmışdır.

 

lll

 

Gecə yağan yağışdan sonra şəhərdə əməlli-başlı yaz bürküsü vardı. Bir fəsildə üç dəfə gəldiyim Şəkidə belə bürkü görməmişdim. Şəhərin sağı, solu və arxası yam-yaşıl meşə ilə əhatə olunsa da, sərinlikdən əsər-əlamət yox idi. Yalnız Qışlaq deyilən məhəllənin yanında şəhər eninə doğru uzanır. Ona görə də Təpəcənnət kəndi tərəfdən əsən sərin meh ürəkaçandır.

Şəkidə yağışlar sürətlə yağır, çox da çəkmir ki, kəsir. Az vaxtda sellər-sular oynaşır, yerdə bir gölməçə belə qalmır. Xan yaylağına sığınan Şəkidə ancaq yağışın bürkü nişanəsi qalır.

Gönortaya yaxın Qurucana çayı boyunca üzü yuxarı yol aldım. Nə qədər yavaş yerisəm də isti məni təntitdi, pencəyimi çıxarıb çiynimə atdım. Şəkidə qədimi binalar bir-birindən o qədər gözəl və yaraşıqlıdır ki, istər-istəməz tez-tez dayanıb tamaşa etməyə məcbursan. Bu gözəllikləri görüb seyr etdikcə, qeyri-ixtiyari Aleksandr Dümanın: “Nuxa olduqca cazibədar, adamı heyran qoyan şəhərdir” – sözlərini xatırlayırsan.

Elə bu xatırlamaların axarında Firidun bəyin 1911-ci ilin may ayında Şəki haqqında heyranlıqla yazdığı cümlələri yadıma düşür. “M.F.Axundov həzrətlərinin anadan olmasından yüz il mürür etməsi münasibətilə risaleyi-yadigaranədir” kitabını yazarkən Şəkidə olan Firidun bəy şəhərin gözəlliyini belə təsvir edir:

“Sabiqdə Şəki əhli öz xanlarına tabe və çox zirək bir tayfa imiş. Şəhərin abü-havası mötədil və səlamətdir. Çahar fəsli çox düz və hər fəsli öz iqtizasına müvafiq gəlib keçir. Şəhərin içində hər tərəfə sular və çeşmələr axır; hər evin özünəməxsus məhəlləsi və bağçası olduğundan şəhər yaşıl yarpaqlar ilə əhatə olunubdur.

Ətrafda olan dağ ətəyindən Nuxaya tamaşa etdikdə gözün qabağında gözəl bir mənzərə açılır, ruh təzələnir. Uca və böyük ağacların arasından minarələr dəxi göy tərəfinə sərkeşlik edib, guya zəbani-hal ilə onlara deyir: Nə qədər siz uca olsanız da, bizim rütbəmiz və hörmətimiz sizinkindən əladır; bizim başımızdan “Allahü-Əkbər” sədası, sizin üstünüzdə qarğa dolaşalar qıqqıltısı eşidilir” (F.Köçərli “Azərbaycan ədəbiyyatı”, I cild, M.F.Axundov fəsli, səh. 419).

Elə-belə tək başına, heç kimdən, heç nə soruşmadan gedirəm. Aşağı Karvansaranı keçib sola dönürəm. Mehmanxanadan bir arzu ilə çıxmışam: 1930-cu ildə görkəmli maarifçi Badisəba xanım Köçərlinin təşkil etdiyi iki saylı uşaq evini tapmalıyam.

Dünən axşam ağsaqqal bir şəkilidən iki saylı uşaq evinin harada yerləşdiyini soruşdum. Təəccüblə üzümə baxıb dedi:

– Vallah, uşaq evini bilmirəm, amma bizdə internat məktəb var, oda Xan sarayına çatmamış Qurulcana çayının sağ sahilindədir.

– Ağsaqqal, mənə vaxtilə Badisəba xanım Köçərlinin işlədiyi uşaq evi...

– Hə, indi bildim Sizə hara lazımdır. Nömrəsini bilmirəm, ancaq bizim Şəkidə ora “Badisəba ananın yetimlər evi” deyirlər. Siz Çatqal dərəsi (el arasında Çaqqal dərəsi də deyirlər) adlı məhəlləyə getsəniz oranı çox asan taparsınız.

Xeyirxah qocanın məsləhəti ilə gəlib dörd yanı hasara alınmış bir abidəyə çatdım. Yarı açıq qapıdan içəri keçib üstündəki yazını oxudum: “1930-ilin aprelində Sovet hakimiyyətinə qarşı üsyan qaldırmış banditlərlə mübarizədə həlak olanların xatirəsinə”. Abidənin üzərində yazılmış soyadları oxuyanda məni ikrah hissi bürüdü. Bu üsyanda Milli ordumuzun mərd polkovniki Bəhram bəy Nəbibəyovun (1884-1930) başçılığı ilə xalqımızın igid oğulları son nəfəsinə qədər vuruşub həlak olublar. Yetmiş ildən çox onların adı “bandit” kimi sovetlər tarixində çəkilib. Təəssüf ki, azadlığımızı, istiqlaliyyətimizi boğan, yüzlərlə soydaşımızı qanına qəltan edən bolşevik-daşnaq əsgərlərinin “şərəfinə” qoyulmuş abidə hələ də qalır.

– Sizin tanışınızın adı var, burda?

– Yox, – deyə dərhal cavab verdim, allah eləməsin, burada adı yazılanların hamısı xalqımızın düşməni olublar...

Bu ortayaşlı kişi hardan, nə vaxt gəldisə, səsindən diksinib, təəccüblə ona baxdım. Qısıq səslə danışan kişi elə bil yerin tərkindən çıxdı. Mənə şübhə ilə baxıb müti bir görkəmə düşdü.

– Qoxmayın, – deyib ona təsəlli verdim – daha bunların dövranı getdi. Sən Badisəba ananın uşaq evinin harada olduğunu mənə göstərərsənmi?

– Çıxaq yuxarıdakı yola, oradan görünür, – deyib şübhəli-şübhəli mənə başdan-ayağa yenidən baxdı.

Yola çıxdıq. Qəmbər daşı döşənmiş üzü yuxarı gedən yolun solundakı üç mərtəbəli qədimi bir binanı göstərdi.

...Mavi rəng çəkilmiş taxta qapıdan içəri keçdim. Daş pilləkənləri qalxıb geniş, səliqəli bir həyətə girdim. Bir azdan öyrəndim ki, bu yaraşıqlı ev 37-ci ildə güllələnmiş Rüstəm bəy Zülfüqarovun şəxsi mülkü imiş. Həyətdə sakitlik hökm sürürdü. Evin alt mərtəbəsindən yaşlı bir qadın çıxdı. Mənim ona yaxınlaşıb salam verməyimi gözləməyə amanı çatmayan qadın, uzaqdan yuxarını göstərib bərkdən:

– Direktor yuxarıdadı, uşaqlar da dərsdədirlər, – dedi.

Sərt dikdirli taxta pilləkənlə ikinci mərtəbəyə çıxdım. Sol tərəfdəki qapını açıb içəriyə boylandım. Zövqlə təmir olunmuş otaqda, güllər və çiçəklər göz oxşayırdı. Otağın baş tərəfində rəngli bir portret asılıb. Bu, Badisəba xanım Köçərlinin yağlı boya ilə işlənmiş əksidir. Altında heç bir yazı-filan olmasa da, vaxtı ilə yüzlərlə kimsəsizin anası olmuş, portretdəki ağbirçəyi dərhal tanıdım.

Xatirə otağında müasir mebel, pianino və xeyli kitablar divar boyu səliqə-səhmanla düzülüb. Stullardan birində oturub onun əzizi və xalqımızın ölməz ədəbiyyatşünası Firidun bəy Köçərli günlərini bir-bir xatırlayıram... Məni təsvirəgəlməz qəm, kədər ağuşuna alıb. Bura indi də uşaq evidir. Daha doğrusu, “Şəki qarışıq tipli uşaq evi”dir. Bu xoşuma gəlməyən rəsmin adını cöldə oxudum. Və dərhal fikrimdən keçdi ki, niyə lövhədə Badisəba ananın adı yoxdu. Axı o burda, məhz bu binada nə az, nə çox, düz iyirmi dörd il zəhmət çəkib, yüzlərlə kimsəsizə ana olub...

İlk görüşdən iradımı uşaq evinin tədris işləri üzrə direktor müavini Qurbanəli Cabbarova da bildirdim. O təəssüflə dedi ki, dəfələrlə yuxarı təşkilatlara müraciət etsək də, bir cavab yoxdur. Bircə təsəllimiz var ki, bütün Şəki əhalisi bura “Badisəba ananın uşaq evi” deyir.

Vaxtilə Badisəba ananın yaşadığı otağı görmək istədim. Qurbanəli müəllim mənə üçüncü mərtəbəyə çıxmağı təklif etdi. Sağ tərəfdəki birinci otağı açıb:

– Otuz il bu otaqda yaşayıb Badisəba ana, – dedi. Buranı muzey etmək istəyirik, hələlik onun haqqında sənədlər, foto-şəkillər və şəxsi əşyaları toplayırıq.

– Mənə məlumdur ki, Badisəba ana burada işləyəndə Roza adlı üç yaşlı qız uşağını övladlığa götürüb. Görəsən, sağdırmı Roza, bilmirsiniz?

–Sağdır, əlbəttə, Mehdi Hüseynzadə küçəsindəki on saylı evdə yaşayır.

...Şəkililərə məxsus xoşsimalı, cəld yerişli, gözlərindən gülən bir ana bulud kimi tutulur. Roza Hədibullah qızı Həşimova Badisəba xanımın adını eşidən kimi gözlərində yaş gilələndi. Bizi də kövrəltdi. Bir xeyli özünü ələ ala bilmir, titrək, kövrək səslə: anama qurban olum, Allah ona rəhmət eləsin, bax-bax buramda yaşayır – deyib, sol əlini ürəyinin başına qoyur. Mənim nurum, pakım, gözümün işığıdı analar-anası Badisəbam...

Həyacandan əsən, hər şeyi birdən danışıb qurtarmaq istəyən Roza xanıma təsəlli verə bilmirəm. Qurbanəli müəllimin dinməyi, məsləhəti onu az da olsa toxdadır.

– Yaxşı, Roza xanım, necə oldu ki, yüzlərlə uşaqdan Badisəba ana sizi seçdi, sizi övladlığa götürdü?

– Yox, ay oğul, düz demədin, Badisəba ana heç kəsi seçməzdi.

O, uşaq evindəki dörd yüzdən çox uşağa eyni ana qayğısı, ana gözü ilə baxırdı. Mən 1926-cı ildə Şəkidə anadan olmuşam. İki yaşım tamam olar-olmaz anam ölüb. Atamı 1929-cu ildə “xalq düşməni” eləyib tutublar. O, müəllim olub. Mən bir il nökərimizin ümidinə qalmışam. Sonra bibim Xubnisəyə veriblər. Dörd yaşıma qədər bibim saxlayıb. Bibim ərə gedəndə gətirib məni aşağı məscidin yanındakı yetimxanaya verib. 1930-cu ildə gəlib oradan təşkil elədiyi yetimxanaya uşaq seçən Badisəba ana məni də gətirib.

Yeddi yaşıma çatmışdım, bibim hədiyyə ilə gəldi. Nə qədər yalvardısa vermədi Badisəba ana, “harda ölmüşdün indiyədək” – dedi, – birdən hirslə, buyur, apar, əlini mənə uzatdı. Mən dərhal Badisəba anamın dizini qucaqlayıb ağladım, hönkürə-hönkürə:

– Yox, istəmirəm, nə hədiyyəsini, nə özünü. Ana, qurban olum vermə məni ona...

Badisəba ana sərt səslə:

– Get, sənəd gətir ki, Roza həqiqətən sənin qardaşın qızıdır. Bunu hökumət mənə sənədlə verib.

Bibim:

– Sənəd yoxdu, hardan alım – dedi. Sənədlər it-bat olub.

– Yaxşı ki, yoxdu. Heç olsa da verən deyildim. Özümün övladım yoxdu, Rozanı özüm götürüb övlad kimi böyüdəcəm.

Bundan sonra məni özü ilə üçüncü mərtəbəyə, evinə apardı. O gündən onunla yaşadım. Məni özü ilə yatızdırardı. Qorxurdu ki, bibim gəlib oğurlayıb aparar məni...

– Roza xanım, heç həyat yoldaşı Firidun bəy Köçərlidən danışırdımı?

– Danışırdı nədi, ay oğul. Deynən heç dilindən düşərdimi onun adı. Nəyə əl atırdın, deyirdi, Firidun bəyin yadigarıdı. Nədən danışırdın, deyirdi, Firidun bəy belə deyərdi. İlahi, insanın insana nə boyda məhəbbəti, nə ülvi sevgisi olarmış.

Gümüş qabın içində yumurta boyda ləli vardı. Pəncərənin pərdələrini saldırar, qapını da bağlatdırardı. Otaq tam qaranlıq olanda gümüş qabın ağzını açardı. Ləlin işığında Quran oxuyardı. O vaxt “Allahsızlar ittiaqı” vardı. Möhübbəli adlı cavan bir oğlan qapı-qapı gəzib allahsız bileti paylayırdı. Bir dəfə Möhübbəli bizə də gəldi. Badisəba anaya da təklif elədi. Anam bərk əsəbləşirdi. “Rədd ol, – dedi, biqeyrət, tutduğun işdən xəbərin var, get papağını qoy qabağına yaxşı-yaxşı fikirləş... Allahsız da insan olar?

Qonşuluğumuzda keçmiş bəy oğlu vardı. Fərhad bəy Zülfüqarov bizə tez-tez gələrdi. Səliqəli geyimli, şirin danışıqlı, yaraşıqlı cavan adam idi, otuz yaşı ancaq olardı. Bankda işləyirdi. Axşam üstü bizə gəldi. Həyacanla:

– Ay Badisəba ana, neyləmisən. Axı, o Möhübbəli şuqulun biridir, sən də onu acılamısan. Əşi, bir parça kardon biletdi, al at, qalsın evdə onunla sən dinsiz olmayacaqdın ki?...

Anam hirslə:

– Fərhad bəy, nəsli-nəcabətinə layiq olmayan sözü danışma. Qoy, getsin nə gədəlik eləyir başqasının qapısında eləsin. Bir o qalmışdı pak evimi “Allahsız bileti” ilə murdarlayam. Heç bilirsən Firidun bəy yuxuma girib məni necə töhmətləndirərdi.

Möhübbəli o gedən oldu. Birdə bizim qapıya gəlmədi.

Evdə Firidun bəyin gümüş qaşığını, bıçağını, lampasını və nəlbəkisini də ayrıca saxlayardı. Qızıldan papiros qabı vardı, üstündə “Firidun bəy Köçərli” yazılmışdı. Çəkisi dörd yüz əlli qram idi.

Evimizdə onun ən çox əzizlədiyi, ağlaya-ağlaya vərəqləyib baxdığı bir böyük albom vardı. Mən onu zorla yerdən qaldırardım. Üstündə rusca gümüşdən iri hərflərlə “F.K.” yazılmışdı. Onu 1895-ci il oktyabrın 23-də İrəvan gimnaziyasının müdavimləri Firidun bəyə avtoqrafla hədiyyə vermişdilər. Orada Firidun bəyin çərkəzi geyimdə, Badisəba xanımla, qohumları ilə, qardaşları İsmayıl və Məmmədağa Vəkilovla, tələbələrilə, Şuşada, Qori və Tiflisdə çəkilmiş çoxlu fotoşəkilləri saxlanılırdı. Axı, Firidun bəy on il İrəvan gimnaziyasında tərbiyəçi-müəllim işləmişdi.

Badisəba ana Firidun bəyin iki dəst paltarını saxlayırdı. Bir dəsti çərkəzi formada, o birisi kostyum idi. Corabına kimi yuyub-ütüləyib sandığa yığmışdı. Deyirdi ki, Firidun bəy mütləq gələcək, o məni tək tənha yetim qoymaz. Firidun bəy öləsi adam deyil. Hər axşam ona Quran oxuyardı. Əziz gündə, aşurada halva bişirib, uşaqlara paylayardı. Amma demirdi ki, halva Firidun bəyə görə bişirilib. Ehtiyat edirdi. Gözü yolda, qulağı səsdə idi...

Bir dəfə soruşdum ana, Firidun bəyi niyə tutublar ki?

– Biləmmədik, ay bala, 1920-ci il mayın 31-də axşam üstü gəlib Qazaxdan qızıl ordu əsgərləri apardılar. Soruşdum ki, hara aparırsız. Dedilər ki, tezliklə qayıdıcaq. O gedən oldu...

Çox vaxt çarpayıdan düşüb yerdə yatardı. Çarpayı boş ola-ola niyə yerdə yatırsan, ay ana? – deyə soruşanda cavab verərdi ki, Firidun bəy kimi can torpaqda yatsın, mən çarpayıda... Bilirdi, çox yaxşı bilirdi ki, Firidun bəyi bolşevik-daşnaklar 1920-ci ilin iyununda Gəncədə güllələyiblər. Amma yenə ümidini üzmürdü. “Axı onun günahı nəydi? O, aydan arı, sudan duru bir insan idi” – deyib, yanıb-yaxılardı.

Badisəba anam danışırdı ki, Qoridə yaşayanda bir gün Firidun bəylə şəhərə gəzməyə çıxmışdıq. Bizə bir qaraçı rast gəldi. Qabağımızı kəsib dedi ki, qoyun falınıza baxım. Firidun bəy razı olmadı. Aralanıb: “gəl, bəri – dedi. – Boş şeydir, inanma bunların danışığına”. Mən getmədim. Qaraçı falıma baxıb əvvəlcə xoş sözlər dedi. Sonra bir addım da irəli atıb, pıçıltı ilə: “Sənin ərin dəmirdən, yəni güllədən öləcək. Sən özün isə uzun ömür sürəcəksən” – dedi.

Mən əsəbləşib qaraçıya ağır söz dedim: “Mənim ərim elə kişidir ki, onsuz bir gün yaşamaq lazımım deyil. Səfeh-səfeh danışma” – deyib qaraçıdan aralandım.

Firidun bəyə bu barədə heç nə deməsəm də, üç dörd gün özümə gələ bilmədim.

Badisəba anam köksünü ötürüb: İndi görürsən qızım, mən dözümlüyəm, on ildən çoxdur Firidun bəy gəlib çıxmır, mən isə hələ də yaşayıram.

Bir gün mənə dedi ki, get, Fərhad bəyi çağır gəlsin bizə. Fərhad bəyə dedi ki, gərək sən mənim xətrimə Şuşaya gedəsən. Mənə xəbər çatıb ki, övladımız olmadığına görə Firidun bəy vaxtilə Şuşada məndən gizli evlənibmiş. Deyirlər bir oğlu qalıb. Onu dəqiqləşdir, qayıt. Sonra özüm gedib o oğlanı gətirəcəm. Qoy gəlsin, yurduna yiyə dursun, axı o, Firidun bəyin yadigarıdı. Mənim üçün çox əzizdi. Sonra ona Firidun bəyin Şuşadakı qohumlarının adlarını verdi. Bir neçə şuşalı ağsaqqal, ağbirçək adı çəkib tapşırdı ki, onlarla görüş, soruş, onlar mütləq bilərlər, tanıyarlar Firidun bəyin oğlunu.

Bir həftədən sonra Şuşadan qayıdan Fərhad bəy şad xəbər gətirə bilmədi. Anam çox məyus oldu.

Əllinci illər idi, dəqiq ili yadımda deyil.

Bir dəfə də dərsdən gələndə gördüm anam yır-yığış eləyir. Mənə bir qəzet göstərib sevinclə dedi ki, bu qəzetdə elan yazılıb ki, Firidun Köçərli adlı gənc aspirant, elmlər namizədi adı almaq üçün Universitetdə müdafiə edəcəkdir. Bu, yəqin ki, Firidun bəyin yadigarıdır. Gedib oğlanı axtaracam, Universitetdə olar, onu tapmaq asandı.

İlahi, anam necə sevinirdi. Onun qəddi-qaməti düzəlmişdi, üzü sevinc işığı ilə dolu idi. Onun sevincdolu, şən vüqarı indi də gözümün qabağındadı. Elə bil ilk görüşə gedən cavan qız uşağı idi.

Amma dörd-beş gün sonra qayıdan Badisəba anam qanadı qırılmış quşa bənzəyirdi. Durub-oturub Qazax ləhcəsində yana-yana deyirdi:

– Ay Firidun bəy, a evi yıxılmışın oğlu, bu qədər də uzaq səfər olarmı?....

– Roza xanım, şahid oldum ki, Badisəba anaya hüdudsuz məhəbbətiniz var. Şübhəsiz ki, o da sizə az qayğı göstərməyib, o çətin, ağır uşaqlıq illərinizdə sizə ana əvəzi olub. Çox sağ olun ki, onun xatirəsini yaşadırsınız. Bayaqdan fikir verirəm nəvələrinizdən heç birini “Badisəba” – deyə çağırmırsınız.

Roza xanım ovcundakı güllü dəsmalla göz yaşlarını silib, qəddini düzəltdi. Ötkən və məğrur səslə:

– Anamın adını heç bir nəvəmə qoymaram. Ona görə yox ki, nəvələrim ona layiq deyillər. Bəlkə də layiqdirlər. Amma o adı, o insanı, Badisəba anamı qəlbimdə, varlığımda yaşadıram, yaşadacam.

– Roza xanım, Firidun bəyin tələbələrindən, Badisəba ananın qohumlarından onun yanına gəlib-gedən olurdumu?

– Gələnlərdən ən çox yadımda qalan Səməd Vurğun olub. Səməd gələndə uşaqlar kefdə-damaqda olurdular. Heç vaxt əliboş gəlməzdi. Oğlanlara şalvar, köynək, qızlara çit don, saçlarına bağlamağa lent, balacalara isə çoxlu konfet və oyuncaq gətirərdi. Oğlan uşaqlarını yığıb meşəyə aparar, bulaq başında yedizdirib-içizdirərdi. Ağaca çıxıb uşaqlara meyvə yığardı. Üst-başını bulayanda Badisəba ana onu danlaya-danlaya bulaşıqlı paltarını özü yuyardı. Səməd Vurğun onu “a bıjı” – deyə çağırardı.

Əliboş gəlməyən bir də Əli adında Firidun bəyin tələbəsi vardı, o da çox gələrdi. Əli Səbrini anam “oğlum” – deyə çağırardı. Deyirdi ki, Əli Qoridə oxuyanda Firidun bəy onu övladlığa götürmüşdü. Müharibə başlanmamış Əli daha gəlmədi. Bir dəfə Səməd Vurğun gələndə anam Əlini soruşdu. Anam soruşduqca Səməd Vurğun eşitməməzliyə vururdu. Anam ərklə üstünə qışqıranda Səməd Vurğun sakitcə ona nəsə dedi. Anam “balam vay” – deyib, ağladı. Məlum oldu ki Əlini 1937-ci ildə həbs edib sürgünə göndəriblər.

Bacısı oğlu Fəxri Vəkilov gələndə çox qalardı. Bəzən bir həftə, on gün anası Dürnətnisa ilə qalardılar. Uşaq evinə yardım almaqda bacısı oğlunun köməyi çox olurdu. Müğənni Bülbülün, Rəşid bəy Əfəndiyevin gəlməyi də yadımdadır. Rəşid bəy o qədər qocalmışdı ki, qolundan tutub zorla gətirərdilər.

Şəkidən ən çox anamla söhbətə gələn Əbdürəhman Abdullayev olurdu. O, gərəkkı, raykomda işləyirdi. Deputatlıqdan çox danışardılar. Axı anam Badisəba üç çağırış – 1946-cı ildən 1952-ci ilə kimi Şəki şəhər Sovetinin deputatı olmuşdur. Həm də Şəhər Deputat Komissiyasının sədri idi. Oğlan uşaqlarını başına yığıb şəhərin abadlaşdırılmasına aparardı. Anamın təşəbbüsü ilə Ağamalıoğlu küçəsində, pioner parkı salınmışdı.

– Roza xanım, bəs toyunuzu necə, Badisəba ana gördümü, sizin xoşbəxtliyinizin şahidi oldumu?

– On yeddi yaşım tamam olanda dedi ki, səni ərə verəcəm. Mən özüm də on yeddi yaşımda Firidun bəylə ailə qurmuşam. O, qardaşlarım – İsmayılla, Məmmədağa ilə Qori Seminariyasında birgə oxumuşdu. Bir dəfə qış tətilində Salahlıya gələndə məni görüb bəyənmişdi. – Ana, – dedim, – mən Bakıya oxumağa getmək istəyirəm. – Buraxmaram, – dedi, – gözəl-göyçək qızsan, səni götürüb qaçırdarlar, mən tək-tənha qalaram, mənə də yazığın gəlsin. Qonşumuz Teymur yaxşı cavandı, əxlaqlı oğlandı. Onun da taleyi səninkinə oxşayır, o da bəy nəslindəndi, atasını bolşeviklər həbs edib güllələyiblər. Fərhad bəy kimi ağıllı qohumu var. Baş-başa verib, xoşbəxt yaşayarsınız. Bilərəm ki, səni xoşbəxt elədim, arxayın ölərəm. Anam məni Teymura ərə verdi. Toydan bir neçə gün sonra Bakıya getməyə hazırlaşdı. 1954-cü ilin yanvar ayında dedi ki, gedirəm Bakıya, pensiyaya çıxıb, qayıdıb gələcəm, ev alacam. Sən, mən, Teymur birgə yaşayarıq.

Qatarda gedəndə ona bərk soyuq dəyir, xəstələnir. Dörd gün sonra teleqram aldım. Yazırdı ki, təcili gəl. Dərhal yola düşdüm. Son nəfəsinə çatdım...

 

 

Şəmistan NƏZİRLİ

 

525-ci qəzet.- 2011.- 5 mart.- S.24-25.