Oralarda kimlər var: AKİF QƏHRƏMANOV-1
“YA OLDUĞUN KİMİ GÖRÜN, YA DA
GÖRÜNDÜYÜN KİMİ OL”.
Bütün xalqlarda və
bütün ölkələrdə ədəbiyyatın ən
populyar qollarından biri olan tərcümə hər zaman diqqət
mərkəzində olmuşdur.Və bizim də gündəlik
ədəbi müzakirələrdə tərcümə
işi çox mübahisə doğuran bir qol olmaqla, həm də
bizim dildən tərcümələrin taleyi də həmin
sahədə çalışan və bu sahəyə meyilli
yaradıcılarda fikir ayrılığına gətirib
çıxarmışdır.Təbii ki, bədii tərcümədən
başqa bu sahənin bir rəsmi materialların və dövlət
əhəmiyyətli sənədlərin və xəbərlərin,
məruzələrin tərcümə məsələsi də
var ki, bu da arasıra diqqətə gətirilmişdir. Bir
çox zaman da bədii tərcümə ilə məşğul
olan yaradıcılar elmi-populyar və siyasi ədəbiyyatla tərcümələrin
keyfiyyətindən şikayətçi olmuşlar.
Haqlı-haqsız.Elmi və siyasi əsərlərin tərcüməçiləri
bir çox çətinliklə üzləşir ki,bu
gün bu barədə o sahənin ən tanınmış və
ən uzun ömürlü yaradıcılarından biri ilə
üz-üzəyik.Sözün həqiqi mənasında hər
iki qanadda : bədii və rəsmi sənədlər tərcüməsində
ömrünün böyük bir hissəsini qoyan
AKİF QƏHRƏMANOV
proyektimizdədir.
–Akif bəy, uzun illərin
yaxın tanışları, üstəlik, qonşu olsaq da mən
Sizə hərtərəfli bələd olduğumu söyləyə
bilmərəm. Yəni birbaşa söz adamı olduğunuzu,
mənim tanıdığım ədəbiyyat
adamlarını tanıdığınızı, hətta
onların çoxu ilə yaxın olduğunuzu bilirəm. Amma
istəyirəm ki, özünüz haqqında məqbul
saydığınız çərçivədə məlumat
verəsiniz, oxucular bilsin ki, Siz kimsiniz, hardan və nədən
gəlib “ORALARDA KİMLƏR VAR” rubrikasına qonaq olursunuz.Girişdəki
məlumat məncə heç yetərli deyil.
–Elimizdə məsəl var,
deyərlər ki, adamı tanımaq üçün onunla
özü ağırlığında duz yemək
lazımdır. Biz Sizinlə tanış, qonşu, həmkar
olsaq da heç birimizin çəkisi qədər duz yeyə
bilməmişik. Bu, bir zarafatdır, ancaq hər zarafatda bir həqiqət
var. Qələm əhli olsaq da hərəmiz öz həyat
yolumuzla getmişik. Azərbaycan mediasında lap cavan mütəxəssislər
istisna olmaqla,mənim tanımadığım (həm də məni
tanımayan) adamlar azdır. Sadəcə, təbiətən hər
yola və kola baş vurmağı sevmədiyim
üçün geniş auditoriyada tanınmıram.
Özüm barədə nə
danışım? Valideynlərim kənddə işləsələr
də şəhər mühiti ilə yaxşı
tanış olub formalaşan müəllimlər olmuşlar.
Tibb institutunda təhsilini yarımçıq qoymuş anam
ibtidai sinif müəllimi, atam dil-ədəbiyyat müəllimi
idi. Atam həm də çox hörmətli ziyalı, el
ağsaqqalı, camaat məsləhətçisi idi.
Ağlım söz kəsəndən evimizdə məktəb-dərs
söhbətlərinin, elmi, ədəbi söhbətlərin
şahidi olmuşam. Humanistlik, xeyirxahlıq, zəhmətsevərlik
kəlmələri valideynlərimin dilindən əskik olmurdu.
Bu prinsipləri əməlləri ilə də
doğruldurdular.Söz valideynlərimdən
düşmüşkən onu da qeyd etmək istəyirəm
ki, atam ərəb əlifbasını yaxşı bildiyinə,
bu əlifba ilə çap edilmiş zəngin kitabxanaya malik
olduğuna görə rayon ziyalıları arasında şəriksiz
lider idi. Əsərləri çağdaş əlifba ilə
çıxmayan, sovet cəza aparatının
repressiyalarına məruz qalan klassiklər, alim və
ziyalılar haqqında kim nə bilmək istəsəydi, atama
müraciət edirdi. O da ərinmədən öz
kitabxanasından müvafiq kitabları tapır və
maraqlananlara oxuyurdu. Bir epizod heç vaxt yadımdan
çıxmayacaq: Hüseyn Cavid bəraət alan gün
evimizdə böyük şadyanalıq vardı. Atam hardansa
onun ərəb əlifbası ilə çap edilmiş bir
neçə kitabını eşib
çıxartmışdı. O günün gecəsi atam
evimizin bir otağında iyirmiyədək adama səhərə
qədər böyük Cavidin əsərlərini
oxumuşdu. Klassiklərimizdən elə şövqlə
danışırdı ki, adam valeh olurdu. Bir dəfə mən
onun gənc müəllimlərə Cəfər
Cabbarlının erkən vəfat etməsinə baxmayaraq
çox böyük işlər gördüyünü, dilin
inkişafı və zənginləşməsi
üçün ciddi səylər göstərdiyini, gözəl
əsərlər yazmaqla yanaşı tərcümə ilə
də məşğul olduğunu necə ehtirasla
danışdığının şahidi oldum. Elə o
gündən də tərcüməçi olmaq qərarına
gəldim.
Oxuduğumuz məktəbdə
rus dili və xarici dil müəllimləri tez-tez dəyişdiyindən
bu dilləri sistemli öyrənə bilmirdik. Ailəmizdə
övladların tən yarısı rus məktəbində
oxuduğu üçün evimizdə rus dil yad dil deyildi. Rus məktəbində
oxuyan qardaşlarımdan geri qalmamaq üçün mən də
rayonun mərkəzi kitabxanasından rus dilində olan başa
düşdüyüm və düşmədiyim bütün
kitabları alıb oxumuşdum. Rus dilini belə öyrənmişəm.
Heç kəslə rusca danışmağa cəsarət etməsəm
də azərbaycanca oxuduğum mətnləri xəyalən
rus dilinə çevirirdim. Düşüncələrimi
müzakirə etməyə çəkinirdim. Valideynlərimiz
bizdən evdə yalnız Azərbaycan dilində
danışmağı tələb edirdilər, fiziki qüvvə
tələb edən çoxlu ev işini yerinə yetirməklə
yanaşı yaxşı oxumaq da qarşımızda
qoyulmuş vəzifələr idi.
Atam dinimizi yaxşı bilsə
də sovet məktəbində işlədiyinə görə
dindən çox nadir hallarda danışardı. Evdə isə
tez-tez bizə Məhəmməd Peyğəmbərin (s.ə.s.)
bu kəlamını xatırladırdı ki, “cənnətə
aparan yollar çoxdur. Onların ən qısası elmdən
keçənidir”. Əslində bizə anladırdı ki, hər
şey bir yana, elminiz olsa, cənnətliksiniz. Bu didaktikanın
bizə faydası yəqin ki, olmuşdur. Mən bax, belə
bir mühitdə tərbiyə alıb böyümüşəm.
Qalan göstəricilərim əksər
sovet uşaqlarında olduğu kimidir: orta məktəb, əsgərlik,
zavod-fabrik işi, ali təhsil,yaxşı iş tapmaq
uğrunda mübarizə. Əsgərlik dedim, yadıma bir
epizod düşdü. Sərhəd
qoşunlarında xidmət edirdim. Bir gün hissəmizə kəşfiyyat
zabitləri gəldilər.Növbətçi məni rəisin
yanına göndərdi. İlk dəfə gördüyüm
bir kapitan məndən fars dilini bilib-bilmədiyimi
soruşdu.Dedim ki, bilmirəm. Sonra parad formasını geyməyimi
əmr edib məni özləri ilə başqa bir zastavaya
apardılar.Yolda mənə dedilər ki, sərhədi pozub
İrandan biz tərəfə keçərkən
yaxalanmış bir sərhəd pozuçusunu dindirməliyəm.
Qəribə hisslər keçirirdim.Tərcümədən
nə isə anladığımı hardan öyrəndikləri
mənim üçün bugünədək qaranlıq
qalır.Məncə, o əhvalatda etimadı kifayət qədər
doğrultmamışdım, amma həmin hadisə mənə
bir dərs oldu. Və bəlkə də məhz tərcüməçilik
qabiliyyətimə görə məni sonradan sıravi əsgər
ikən yerli kənd sovetinə deputat seçmişdilər.
Nizami Gəncəvi demişkən, kamil bir palançı olsa
da insan, yaxşıdır yarımçıq
papaqçılıqdan. Yəni demək istəyirəm ki,həyatda
nəyə nail olmuşamsa,hamısı üçün tərcüməçiliyimə
borcluyam.
–Sənət və yazı aləmində təbii bir hal kimi pərdəarxası insanlar olur və mən də Sizi həmin pərdəarxası yaradıcılardan biri sayırdım. Sonradan bilmişəm ki, Sizin kifayət qədər əhatəli yaradıcılıq bioqrafiyanız var. Bir az da bu barədə danışaq.
–Vaxtı ilə SSRİ Ali Sovetinə dəvət almışdım. Rəhbərlik məsləhət görmədi.Azərbaycanımızın isə demək olar bütün ali idarəetmə orqanlarında tərcümə işlərinə cəlb edilmişəm. Ən müxtəlif dövlət sənədləri ilə işləməli olmuşam. Bunu kimə danışmalı idim? Amma onu deyə bilərəm ki, həmişə tərcümə ilə məşğul olsam da mətbuatda orijinal yazılarla da çıxış etmişəm. Gülmək üçün deyirəm, amma faktdır: “Azərbaycan pioneri” qəzetində ilk məqaləm 1955-ci ildə, ikinci yazım isə 1975-ci ildə dərc olunmuşdur. Bu spesifik tarix müqayisəsini ona görə xatırlatdım ki, yaradıcılıq sahəsində naşı və təsadüfi adam olmadığımı “gözə soxum”. Bədii təxəyyül sarıdan axsadığıma görə kitab yazmasam da publisistik yazılarla, siyasi şərhlər və icmallarla, Azərbaycan dilinin məsələlərinə aid yazılarla respublikanın ən müxtəlif qəzet və jurnallarında yazılar çap etdirmişəm, radio və televiziyada çıxışlarım olub. Əlbəttə, özümü yetkin və məhsuldar jurnalistlərə tay tutmaq fikrindən çox uzağam. Deməli,pərdəarxası insan olmağımın bir səbəbi fərdi xarakterimdən irəli gəlirsə, digər səbəbi qısa mənzərəsini şərh etdiyim həyat yolu ilə bağlıdır. Bu yerdə fikrimi bir hikmətli sözlə də izah etməyi vacib sayıram: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Mənasını yəqin ki, hamı anlayır. Həyat təcrübəmə arxalanıb qəti deyirəm ki, insanlar, xüsusən də ambisiyalı insanlar heç vaxt olduqları kimi görünmək istəmirlər, göründükləri kimi isə ola bilmirlər. Bir insanın öz üstünlüklərini biruzə verməməkdə iki əsası olur. Əvvələn, üstünlüklərindən öz xeyrinə istifadə etdiyini gözdən yayındırır. İkincisi də, şəxsi fayda güdməsə belə “gözdəymə” faktorundan qorxur. Bəs onda göründüyü kimi niyə ola bilmir? Çünki insan həmişə cəmiyyətdə özünü həqiqətdə olduğundan daha yaxşı qələmə verməyə çalışır. Bunu zahirən, bəzək-düzək hesabına bacarsa da, daxili imkanlarının məhdudluğu üzündən əməli surətdə sübut edə, göstərə bilmir. Adətən birinci cəhət güclü, ikinci cəhət zəif adamlara xasdır.
Başqa bir insan qrupu da olur və mən özümü həmin qrupa aid etmək istərdim. Tutduğu vəzifəyə, dövlət qulluğunda yerinə yetirdiyi tapşırıqlara, əgər alim və ya ixtiraçıdırsa, sirr qorumalı olduğuna görə hətta yaxın bildiyi adamlarla, doğmalarla geniş, açıq ünsiyyətdən çəkinən adamlar vardır. Onlar cəmiyyətdə həmişə qəribəlik təsəvvürü yaradırlar. Kooperativ ticarətində satıcı, zavodlarda çilingər, Metropolitendə yanğınsöndürən, AzərTAc-da tərcüməçi-redaktor, “Azərnəşr”də siyasi ədəbiyyat redaksiyasının müdiri, “Kommunist” qəzeti redaksiyasında beynəlxalq həyat və tərcümə şöbəsinin müdiri və nəhayət, ölkənin ən ali idarəetmə orqanında sektor müdiri vəzifələrində çalışmış bir adamın fəaliyyətinin əhatə dairəsini təsəvvür etmək çətin olmaz, məncə. Bir qədər hesablamaya baş vursam inciməzsiniz yəqin.
(Davam edəcək.)
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 5 mart.- S.23.