SƏS
(Esse-kollaj) Muğam
işığında təksəsli, çoxsəsli
düşüncələr
(Əvvəli ötən şənbə saylarımızda)
Amma bir ümid qalır, dəli
bir ümid: göylər bizim göylərdir, qaynarlıq,
istilik bizim istilikdir. O göylər də, o istilik də bizi
gözləyir. Və heç vaxt bizi atmayacaq.
Çox şükür. Nə
yaxşı ki, göylər var, yeri-göyü yaradan var,
bütövlük, iç-içəlik, vəhdət-ilahi vəhdət
var.
Kiçik zəkadan
Böyük Zəkaya, zərrədən külə gedən
yolda Alimin səsi də var.
Trans halətində,
şüurumuzun, hissimizin bizim alışmadığımız
biçimində Alim fəzadan Böyük Zəka bilgilərini
şaman, dərviş kstazı, çoşğusu ilə
bizlərə çatdırır.
Təbiətin
sirrini açan, insanın mübhəmliyini ortaya qoyan bu səs
beyinlərin gizli qapılarını O biri dünyaya –
İlahi dünyaya açır.
Alimin səsinin
əks-sədası, dinləyənin ürəyidir. Bu səs həmin
ürəkdə rəngini alır, axtardığını
tapır və ona qoşulur. Nitşe, buna
“qarşılıqlı əzabduyma” deyir. Alim deyir ki, bu fəryad sənin fəryadındır,
mən gətirmişəm.
İnsanın ən
çox unutduğu və unutmaq istədiyi şey yaşadığı
zamandır – yaşdır. İnsanın
Zamanı aldatmaq istəyi imkansızdır. Zaman amansızdır. O heç kəsə
güzəşt etmir. Zaman insanın deyil, Allahın
halıdır.
FÜZULİDƏN
ALİMƏ, ALİMDƏN FÜZULİYƏ
Ulu Füzuli, Məcnun
dünyaya gələndə ağlamasına “Axır
günün əvvəl eyləyib yad, axıtdı
şirişkü, qıldı fəryad” – deyə qəzavü-qədər
anlamını verirsə, bir pərivəşin körpəni
sakitləşdirmək üçün onu qucağına
alıb bağrına basmasını və həmin anda
uşağın ovunub sakitləşməsini “Zatında
çün var idi məhəbbət, Məhbubu görüncə
tutdu ülfət” – deyə mənalandırır.
Əslində, zatında məhəbbət, eşq olmayan Füzulini anlamaz.
Dərdinin dərmanı
dərd olan Füzulini normal, adi temperamentlə oxumaq olmaz. Belə ifa
günahdır. “Leyli və Məcnun”u
yazmağa başlarkən şairin fikir-xəyal içində
məchul yola baxıb “Düşdü səfərim diyari-dərdə”
deməsi dərdsizləri öz vətənindən dərd məmləkətinə
göndərməsidir.
Ən
böyük dərd və ən böyük təhlükə
bilməkdir. Bilmək – qapılarını dərdin üzünə
açmaqdır. “Bilmək bu yetər ki, bilmək
olmaz...”
Məcnunun
maddi dünyanın sərvətlərindən məhrumiyyət
xoşbəxtliyi “Bir zövqə iki cahan vermir”də ifadə
olunan, pərvanı səadəti onun ikiqat (bu dünyadan məhrumiyyət
– ölüm, özünü öldürmək, O dünyadan
məhrumiyyət – ölüm) eşq şəhidliyidir. Bu eşq
sevincini, ölüm qədərini Alimin zəngulələri,
təriflərarası dünya boşluğunu andıran
sükutu, yenidən çağlaşması, inləməsi
eşq girdabını anlatmaqdır.
“Söz darəsi
deyil bu əval”. Sözə sığmayanı səsi
sığışdırma ehtirası Füzulidən Alimə
uzanan yolun bir dayanacağıdır. “Dərdü-ələm
dənizi aşıb daşan” Məcnun səhra gecəsində
ay işığı ilə danışır:
Yandı canım hicr ilə, vəslü
rüxi yar istərəm,
Dərdməndi-firqətəm
dərmani-didar
istərəm...
Bu yanğı
Alimin səsində sağalmaz könül yarasının
ağrısıdır – dərddir, möhnətdir, məşəqqətdir. “Bu bir kitab
sözdür fəhm edən əhli-halə”. Zatında məhəbbət mayası olmayan, nə
bu sözü, nə bu səsi anlamayacaq.
Bu dünyasını da, o
dünyasını da yandırıb kül-kül Məcnun
–
Bir görməyə yarı
can verərsən,
Bir zövqə iki cahan verərsən...-
məntiqi içində xoşbəxtdir.
Məcnun
sağalmazlığının, ölümü ilə
öpüşən Leyli bəxtəvərliyinin fəzası,
məkanı dərd deyilən şeyin özüdür.
Getdin o yerə ki, getmək
olmaz,
Yetdin o yerə
ki, yetmək olmaz.
Alimin özünü də
dərd içində boğan o səs
hardan gəlir, ilahi?!
“Bu heyran olduğundandır
ki, heyran olduğun bilməz...”
O gecə anladım ki,
muğamatın yanından keçib getmək olmaz. Muğamatın fəlsəfəsinə dalmadan Şərqi
anlamaq olmaz.
Muğamın
içindən keçib getməklə Şərqə
ulaşa bilərsən.
Muğam bir
güzgüdür. Baxıb özünü görürsən.
Bəzən də görə bilmirsən.
Muğam bir ibadətdir.
Həyatın
gözəlliyindən yazmaq asandır, həyatın
gücündən, qüdrətindən, qəhrəmanlıqlarından
yazmaq da çətin deyil.
Ölümün
gözəlliyindən, dərdin hüsnündən, məhrumiyyətlərin
xoşbəxtliyindən yazmaq çətindir. Çətindən
çətin. Hissə-hissə, qəlpə
-qəlpə ölməsən, ölümün gözəlliyini
yarada bilməzsən. Füzulinin
yaratdığı ölüm gözəlliyi – eşq
dastanı Alimin səsində ölüm təntənəsi,
eşq apofeozudur.
...Alimin konsert gecəsində
bir daha məşhur ispan matadorunun sözünü
xatırladım: “Bu iki yüz min adam
öküzün ölməyinə yox, mənim ölməyimə
baxmağa gəlib. Başqa bir ehtiras onları
bir yerə yığa bilməz”. O gün qəfəsdəki
quş kimi çırpınıb səs-səs, xanə-xanə
ölən Alimi gördüm. Biz də o
böyük salona Alimin ölümündən zövq almaq
üçün yığılmışdıq. Alim nə qədər ölürdüsə, biz o qədər
dirilirdik. Alimin öz beyninin
damarlarını bir-bir necə kəsdiyinin
xırçıltısını eşidirdim. Dünyaya min tellə bağlı olan bizlər bu
xırıltının səsindən də zövq
alırdıq.
Səhnədə
üç döşəkçə qoyulmuşdu. Ortada Alim, özündən
solda kaman, sağda tar.
Alimin əlində
qaval var. Vəcdin-ekstazın bir məqamında o qaval da
ağırlıq eləyir. O zaman əlindəki qavalı da yerə
qoyub, barmaqlarının, əlinin gücü ilə
oxumağına davam edir.
ƏBƏDİYYƏT
İnsanın
qanındakı dəmir onu kosmik aləmlə bağlayan ən
mühüm göstəricilərdən biridir. Maqnit
tufanlarına, göy cisimlərinin qabarıb çəkilmələrinə
ilk reaksiya verən qanın tərkibindəki dəmirdir.
Qan kimi səsin
də tərkibində dəmir var. Mən səsdəki o dəmirin
fiziki göstəricisinin nə olduğunu dəqiqliyi ilə
bilməsəm də, səsin mənliyini, özünəməxsusluğunu
müəyyənləşdirən amillərdən biri həmin
o dəmirin azlığı-çoxluğu ilə
bağlıdır. Dəmirin varlığı və nisbəti
cingiltilik deyil, daha çox tembrlərin, tonallıqların,
intonemlərin, tezliklərin hüdudları arasındakı
seçimlilik, məlahəti yaradan vahidlərin dən-dən,
sıra-sıra olması, fərqliliyi və təbiət səslərinə
sonsuz şəkildə bir-birinə
yaxınlaşmasıdır.
– Hara baxırsan?
– Uzaqlara.
– Kimi axtarırsan?
– İtirdiklərimi.
– Xoşbəxtsənmi, bədbəxtsənmi?
– Bədbəxtliyim qədər
xoşbəxtəm, xoşbəxtliyim qədər bədbəxtəm.
– Baxdığın
uzaqların sonu varmı?
– Sonu əbədiyyətdir.
– Qiyamət
yaxınlaşırmı?
– Qiyamət çoxdan
başlayıb, sonuna da az qalıb.
– Bizi
bağışlayırsanmı?
– Bağışlayan mən
deyiləm, Allahdır.
BALIQ DİLİ
Akvariumda üzən
balıqlara baxıram. Burda hər şey canlıdır: otlar, yosunlar, klevetkilər,
al-əlvan balıqlar. Bu qapalı birgəyaşayış
əmin-amanlıq, sevgi qoxuyur. Süzə-süzə
gedən rəng-rəng balıqları uzun buynuzcuqları ilə
parazitlərdən təmizləyən klevetkilərin
qayğısı ananın balaya münasibətindən daha
çox aşiqin məşuqəyə münasibətidir.
Bu səssizliyin
içində eşitdiyim səsə diksinirəm. Balıqların
sürətli hərəkətləri, sərt
dönüşləri süzgün baxışları mənim
beynimdə səsə çevrilirdi. Bax bu
qırmızı balıq okeandakı sevgilisindən ayrı
düşüb yanıqlı-yanıqlı “Segah” oxuyur.
Bənövşə rəngli ağ
zolaqlı balıq dənizdəki anasından atasının
didarına can atan övlad-balıqdır. Pəsdən
“Çahargah” oxuyur. O sarı rəngli gözəllər
gözəli çayda itirdiyi Məcnunu “Bayatı-Şiraz”
diliylə səsləyir, haraylayır.
Bu kəpənək
kimi alabəzək balıq da, bu süd kimi ağappaq yavru da,
bu dupduru şəffaf balıq da arayır, axtarır, nalə
çəkib hayqırırlar. Bu harmoniyanın
içində rəngdən və hərəkətdən
başqa bir şey olmasa da, rəngin, hərəkətin səsə
çevrilmiş həqiqəti məni ram edir və bu bilinməzliyin
əsrarına çəkib aparır.
Və dəhşətli
şəkildə balıq olub üzmək istəyirəm,
balıq dilində öz dərdimi oxumaq istəyirəm.
İstəyirəm ki, səssizliyin səsi olum
və ordakı mübhəmliyi ifadə etmək gücündə,
qüdrətində olum.
ÖLÜM ZAMANIN ADIDIR
Yanlış
anlamayın, bu mənim və ya məndən yazan dostumun hekayəsi,
romanı deyil.
Bu, səsin hekayəsi, səsin romanıdır.
Mən bir gün ölüb bu dünyadan
köçüb gedəcəyəm. Bu
dünyaya gələn milyardlarla insan kimi. Amma
səs ölməyəcək.
Səs
başqa bir bədəndə yaşayacaq. Adamlar
ölür, səs ölmür. Səs
başqa cilvə, başqa hüsn qazanacaq. Başqasının adıyla dünya evinə girəcək.
Yaşaya-yaşaya yeni şöhrət, ün qazanacaq və
bir gün o adam da öləcək və səs
yenə qalacaq. Və beləcə əbədiyyət
qədər yaşayacaq səs.
Bu səs
Allahın verdiyi əmanətdir. Əmanətə xəyanət
olmaz, qardaş.
Ölüm iki cürdür:
içərilərdən gələn ölüm və
dışarıdan gələn ölüm. Dışarıdan
gələn ölüm düşmən gülləsindən
qəzadan gəlib yaşamaq istəyən, həyata doymayan
canı yaxalayır. İçəridən
gələn ölüm sinsi-sinsi gəlib damla-damla cana-qana
yayılan, yaşamın qol damarlarını br-bir kəsən
ölümdür. Amma hər ikisi qəzavü
qədərdir və labüddür.
Ölüm səssizliyinin
də öz səsi var. Bu səs həmişə ah-fəğan,
göz yaşı, nalə deyil. Bir də
ölümü gəlin kimi təptəzə görən
şəbi-əruz sevdalıları var. Ölüm yeni həyatın
başlanğıcı, köhnə həyatın sonudur.
Ölüm mövcudluğun yeni qapısı,
yeni vadinin ilk addımıdır.
Səsin yalnız qara və ağ rəngi deyil, min bir çaları
ölümün sonsuzluğunu, çoxanlamlığını
ifadə etməyə cəhd edir.
Əfsus! Sevgili yarım gecə
gəldi,
gecə getdi.
Heç bilmədim
ömrüm necə gəldi,
necə getdi.
– deyən
şairin geridə qalan eşqi ilə yeni üfüqdə
görünən eşqin vəhdətini görməmək,
dünyanı görməmək, həyatın fəlsəfəsini
anlamamaqdır.
VƏTƏN
Bir müğənninin
sözünü xatırlayıram: tarın son pərdələrini
zəngulə ilə döymək (əslində toxunmaq) hər
müğənninin işi deyil. “Yandıran
segahı” oxumaq üçün bəzən tarın son pərdəsi
də kifayət etmir. Səs gəlib elə
həddə yetişir ki, içindəki tufanı ifadə edə
bilmir. Hiss edirsən ki, səni qovurub yandıran hiss səsin
imkanlarına sığmır. Bax, o zaman
qalırsan içindən qırıla-qırıla. Yazı yazan üç nöqtə qoyub canın
qurtarır. Bəs biz neyləyək?!
Bəzən Seyid Şuşinski sayağı
ağzında deyil, burnumda oxuyuram, bəzən səssiz-filansız
inləyirsən, hıçqırırsan, təbiəti,
canlıları təqlid edirsən... fəqət içindəki
boşluq dolmur ki, dolmur. Ürəyindəki
yanğının üstünə su səpə bilmirsən.
Səsin
kökü olmayanda o səs təbii gücünü itirir. Səsin bəkarəti,
dərinliyi də yox olub gedir. Kök, lad, melodik
quruluş da dərin, çox dərin qaynaqlardan gəlmirsə,
o kimə lazımdır?
Zabul Qasım
öləndə C.Qaryağdıoğlu deyib ki, ay zalımlar
Qasım ölmədi ey, “Zabul” öldü. Zabulu da,
Rastı da, Çahargahı da ölməzliyə
qovuşduran ifaçının adını həmin
muğama, türküyə möhürləyən səsin
sahibidir.
Səslər də,
bu torpaqlar kimi, ana dilimiz kimi bizim Vətənimizdir.
GÜC
“Biz cinsəl
güclə yazırıq” – deyən Lev Tolstoy Z.Freydi
çoxdan qabaqlamışdı. Zahirən vulqar
görünən bu həqiqəti nə şəkildə
deyirsənsə de, ondakı gerçəklik payını
inkar edə bilməzsən. Hər
şair, rəssam kimi müğənni də o potensialla
özünüifadəyə məhkumdur.
Yaş kiçikdirsə mən
bu gerçəyi fiziki-bioloji şəkildə hiss edirəm. Allah insana hər şey verir. Sonra
verdiklərini ondan tək-tək alır. Yerdə
qalan xatirədir, yaddaşdakı qırıq-qırıq
naxışlardır. İnsan
yavaş-yavaş hər şeyi unutmağa başlayır və
yaddaşını zərrə-zərrə azaldaraq tənhalaşmağa
başlayır. Və nəhayət, insan
özünü, öz yaddaşını unudur. Özünü unutmanın adı
ölümdür. Ölüm – yəni sənin
yaddaşını tərketmə, yaxud yaddaşın səni
tərketməsidir. Hər ikisi eyni sürəcdir,
yaxud eyni sürəcə iki baxışdır.
Səsin
fiziki-bioloji varlığında ömrün bütün
aşamalarını dəqiqliyi ilə ifadə edir. Uşaq səsi,
yeniyetmə səsi, yetkinlik səsi, qocalıq səsi və
ölüm səssizliyi.
Musiqişünas
F.Şuşinski Cabbar Qaryağdıoğlundan danışarkən
yazır: “İran məclislərinin birində Cabbar
Qaryağdıoğlundan soruşmuşlar:
– Qafqazda sənə rəqib olan
ikinci bir xanəndə varmı?
Cabbar Qayyağdıoğlu
demişdir:
– Qafqazda mənə rəqib
olan iki xanəndə vardır: biri Zabul Qasım, o biri isə
Məşədi Məmməddir. Ancaq mənim
xoşbəxtliyimdən birincinin zil səsi, digərinin isə
dərin musiqi savadı yoxdur”.
Hərdən bu sualı məndən
də soruşurlar: bəzən ciddi, bəzən zarafatla. Mən də musiqi savadı məsələsində
iddialı deyiləm. Füzulidən, Seyid Əzimdən
hazırladığım qəzəlləri də işləyərkən
ustadlarla məsləhətləşirəm. Cabbar usta,
Seyid usta, Xan usta, Hacıbaba usta... kimi
savadlı da deyiləm. Nə klassiklərimiz kimi, nə də
Yaqub usta kimi, nə Kürdoğlu usta kimi
zil səs iddiam var.
Bəs mənim
iddiam nədədir, nədir? Yox, mənim
iddiam-filanım yoxdur. Heç kəslə
də yarışıb eləmirəm. Mən
özümü, içimi oxuyuram. Oxuyanda
da hər şeyi – bütün dünyanı, insanları
unuduram. Bir xəbəri ürəyimin
başından, yer üzündən göylərə
daşımaq istəyirəm. Hiss edirəm ki, bu xəbəri
çatdırmasam, yerinə yetişdirməsəm həyatım
puç olacaq, bu dünyadan günahlı, suçlu getməyə
məhkum olacağam. Mənim ən böyük
rəqibim də, dostum da, düşmənim də özüməm.
(Ardı gələn şənbə sayımızda)
KAMİL VƏLİ
525-ci qəzet.- 2011.- 5 mart.- S.22.