SÖYÜD ÇUBUĞU İLƏ GÖZƏL OLEANDRIN NAĞILI

 

 “Nağıllar” silsiləsindən

 

Qonşu bağın bağbanı yol ayrıcının kənarında bir söyüd çubuğu əkdi ki, böyüsün, böyük ağac olsun və yoldan ötən yolçular bu söyüdün kölgəsində dincələ bilsinlər.

Söyüd Çubuğu suyu çox sevirdi və Bağban hər axşam gün çəkiləndə, sərin düşəndə, bir böyük dolça su gətirib, o sütül çubuğu sulayırdı.

 

lll

 

Günlər beləcə keçdi və o Söyüd çubuğu axşamlar doyunca su içə-içə yavaş-yavaş cücərməyə başladı, sonra körpə budaqları çıxdı, yarpaqları açıldı və daha gün günorta yerinə gələndə o Söyüd Çubuğunun nazik kölgəsi də yol ayrıcına düşürdü.

Hər şey gözəl idi: günəşin istisi, axşamın sərini, doyunca su və o Söyüd Çubuğu bu dünyanı sevə-sevə böyüyürdü, təkcə külək bərk əsəndə onun nazik gövdəsini o tərəf-bu tərəfə elə əyirdi ki, az qalırdı qırılsın.

Bağban saraya yığılmış odunun arasından elə o Söyüd Çubuğu uzunluğunda, ondan bir az yoğun bir odun seçib, Söyüd Çubuğunun yanında yerə basdırdı və çubuğu nazik kəndirlə oduna bağladı ki, daha külək əsəndə əyilməsin.

 

lll

 

Söyüd Çubuğu zərif səsi ilə sevincək:

– Salam,- dedi.

Odun kədərli, bir az da xırıltılı səsi ilə:

– Salam,- dedi, sonra Söyüd çubuğunun heç ağlına da gəlməyən dəhşətli sözlər söylədi.- Yaxşı ki, bağban məni gətirdi, sənə dayaq olam. İnsanlar məni ya sobada yandırıb, istimə qızınacaqdılar, ya da manqalda yandırıb, kömürümdə kabab bişirəcəkdilər.

Söyüd Çubuğu heç vaxt ağlına gəlməyəcək bu dəhşətli sözləri eşidəndə, sonra da fikirləşəndə ki, bu Odun ocaqda yana bilərmiş, birdən-birə kövrəldi və ağladı.

Söyüd Çubuğunun beləcə kövrəlməyi, bu cür ağlamağı Oduna çox təsir etdi və o, var gücü ilə özünü nazik çubuğa sıxdı. Söyüd çubuğu bu gücü, bu bərkliyi hiss etdi – bundan sonra külək nə edə bilərdi?

Söyüd Çubuğu onsuz da onu gətirib bu gözəl yolayrıcında əkən, hər axşam onu doyunca sulayan Bağbanı çox istəyirdi, ancaq yazıq Odunun həmin sözlərindən sonra, Bağbanı daha da çox istədi. Nəvaziş dolu zərif səsi ilə Odundan soruşdu:

– Sən hansı ağacdansan?

Odun:

– Mən heç bilmirəm ki, hansı ağacdanam...- dedi.- Axı, mən odunam, qurumuşam, yaddaşım da quruyub...

Düzdür, odun qurumuşdu, yaddaşı da itmişdi, ancaq Söyüd Çubuğu ondan gələn yüngül və gözəl bir qoxu duyurdu və bu duyğu, elə bil, onsuz da nazik kəndirlə Oduna bağlanmış Söyüd Çubuğunu dayağına daha da yaxınlaşdırırdı, doğmalaşdırırdı.

 

lll

 

Bir neçə gün keçdi, Söyüd Çubuğu yavaş-yavaş dayağının istisini də hiss etməyə başladı və istisi beləcə hiss olunmağa başlayırdısa, deməli, dayağının səsindəki o kədər azalacaqdı, çünki Söyüd Çubuğu sövq-təbii bunu da hiss edirdi ki, əgər bu yerlər, bu torpaq, bu hava, bu qonşuluq dayağının xoşuna gəlməsəydi, istisi də gəlməzdi.

 

lll

 

Bağban hər axşam Söyüd Çubuğunu suladıqca, Odun da hiss edirdi ki, elə bil, yaddaşı təzədən oyanmağa başlayır və çox uzaqlardan gələn bir duman içində böyük bir ağac-kolun budağı olduğu vaxtlar ani yanıb-sönən görüntülər kimi, yadına düşürdü, ona elə gəlirdi ki, hansısa bir yuxudan sonra yavaş-yavaş təzədən bu gözəl dünyaya baxır, torpağa basdırılmış hissəsində bir tərpəniş duyurdu, elə bil, kök atırdı və bir axşam Bağban gəlib, Söyüd Çubuğunu sulayandan sonra birdən-birə, qəflətən adı odunun yadına düşdü: oleandr!

O, gözəl ətirli və iri pənbə-çəhrayı güllər açmış böyük ağac-kolun bir budağı idi və zalım Bağban – indi Söyüd Çubuğunu hər axşam beləcə sulayıb-bəsləyən bu Bağban – mişarı əlinə alıb, o böyük oleandrı budamağı o dəhşətli anlar da Odunun yadına düşdü, ona elə gəldi ki, Bağbanın əlindəki mişarın dişləri təzədən onun gövdəsinə girir...

 

lll

 

Günlər keçdikcə, Söyüd Çubuğunun hiss etdiyi o isti artmağa başlayırdı və get-gedə artan bu isti onu həmişəki kimi doyunca nəfəs almağa qoymurdu, onu yandırmağa başlayırdı. Soyüd Çubuğu burasını da hiss edirdi ki, deyəsən dayağı torpaqda kök atmağa başlayır və Söyüd Çubuğu əvvəlcə buna sevindi ki, dayağı tamam qurumayıb.

Ancaq sonra dayağının kökləri torpağın içində yavaş-yavaş onun köklərinə sarmaşırdı, Söyüd çubuğunu doyunca su içməyə qoymurdu.

Söyüd çubuğu bilmirdi ki, onun dayağı oleandr ağac-koldur; oleandrlar da söyüdlər kimi, suyu çox sevirlər.

 

lll

 

Oleandrın yaddaşı artıq tamam oyanmışdı və o, mişarlanıb ayrıldığı öz doğma ağacının xiffətini çəkirdi, o doğma yerləri, ətrafındakı doğma budaqları, o böyük ağac-kolun iri pənbə-çəhrayı güllərini xatırladıqca, gövdəsinin, təzəcə çıxmağa başlamış köklərinin, yavaş-yavaş cücərmək istəyən qabığının bütün hüceyrələri ilə Bağbana nifrət edirdi və elə bil, bu nifrət ona daha artıq güc verirdi, güclü kökləri Söyüd Çubuğunun köklərinə sırmaşıb, onları qamarlayaraq, yaşamaq, öz nəslini davam etdirmək ehtirası ilə Bağbanın hər axşam gətirib tökdüyü suyu içirdi.

 

lll

 

Söyüd Çubuğu get-gedə zəifləyirdi və o eləcə zəif səslə dayağına şikayət etdi:

– Mən nəfəs ala bilmirəm, su içə bilmirəm...

Düzdür, gövdəsinin lap dərinlərində Oleandr Sütül Çubuğa acıyırdı, ancaq nə etmək olardı?

Oleandr, elə bil, özü-özü ilə danışırdı, yavaşdan:

– Mən də yaşamaq istəyirəm...- dedi.- Axı mən daha odun deyiləm... Və onun səsindəki o kədər də daha itmişdi.

 

lll

 

     Söyüd Çubuğu o qədər zəifləmişdi ki, dayağının səsindəki o kədərin itməyinə, dayağının daha odun olmadığına sevinə bilmirdi, gözlərin yumurdu və nəsə fikirləşməyə də gücü çatmırdı.

Oleandrın quru hüceyrələri şirə ilə dolurdu və o, gözgörəti artan bir həvəslə, ehtirasla, eşqlə yolayrıcındakı havanı bütün içinə çəkdikcə, uzanmış və şaxələnmiş kökləri ilə bolluca su içdikcə, Söyüd Çubuğu qurumağa başladı.

 

lll

 

Bağban bir axşam da su gətirəndə, gördü ki, Söyüd Çubuğuna dayaq basdırdığı Odunun gövdəsi çırtlayıb, cücərməyə başlayıb və bu dünyada çox yaşadığı üçün, uzun ömrü boyu dünyanın hər üzünü gördüyü üçün, buna təəccüb etmədi, təkcə gülümsəyib, başını buladı, cücərən dayağı da dartıb çıxartmadı, çünki sərrast bağban gözü ilə gördü ki, kiçik yarpaqları solub sallanmış bu Söyüd Çubuğundan daha bir şey çıxmayacaq.

Bir axşam da yolayrıcına su gətirəndə, Bağban əməlli-başlı cücərmiş dayağın yanında solub-saralmış Söyüd Çubuğunu dartıb çıxartdı və bağa apararaq, bir küncə toplayıb od vurduğu çör-çöpün içinə atdı.

Hələ tamam qurumamış Söyüd Çubuğu ocaqda yanıb, külə döndü.

 

 lll

 

Aylar, illər keçdi, fəsillər bir-birini əvəz etdi, o Odun yoğunlayıb ana gövdəyə çevrildi, oleandr böyüyüb nəhəng bir ağac-kol oldu və onun içində daha heç bir xiffət yox idi, o, güclü qolları, budaqları, iri pənbə-çəhrayı gülləri ilə fəxr edirdi və o güllərin gözəl ətri bütün yolayrıcına yayılmışdı.

Bu yollardan ötən yolçular o nəhəng pənbə-çəhrayı gül çələngini hələ xeyli uzaqdan görürdülər və yolayrıcında ayaq saxlayıb, günün altında adamın üzünə gülən, uzun yarpaqları yay-qış həmişə yamyaşıl olan bu böyük oelandra baxırdı, onun hər tərəfi bürümüş gözəl qoxusu ilə nəfəs alırdı.

Bir dəfə bir uşaq o biri uşağa dedi:

– Bax, qızılgülün tikanları var, adamın əlinə batır. Ancaq bu güllərin heç tikanı da yoxdur!..

 

lll

 

Oleandr insanların dilini bilmirdi və o uşağın nə dediyini başa düşmədi, ancaq yanında dayanıb, güllərini qoxuyan o uşağın ürəyindəki sevinci duydu və daha artıq bir qürurla güllərinə, budaqlarına, yamyaşıl uzun yarpaqlarına baxdı.

 

lll

 

Və hərdən də yanıb külə dönmüş o Söyüd Çubuğunun ruhu uçub gəlib uzaqdan o oleandra baxırdı, amma oleandr, əlbəttə, onu görmürdü, Söyüd Çubuğunun havadan ona dikilmiş baxışlarını hiss etmirdi, çünki oleandr canlı idi, canlılar isə ruhları görmürlər.

 

lll

 

Və o böyük, gözəl Oleandr bu dünyadan həzz ala-ala yaşayırdı.

10 iyul 2009.

Z u ğ u l b a.

 

 

ELÇİN

 

525-ci qəzet.- 2011.- 5 mart.- S.21.