SAMİR ÜÇÜN...

 

Əhvalının pis olmasını səsindən hiss etdim. Zəng vurub nahar etmək adı ilə iş yerimin yanındakı kafeyə çağırdı. Sürətli addımlarla binadan çıxdım. Soyuq başımı, qulaqlarımı dondururdu... Qaça-qaça girdim kafeyə. Küncdəki masa arxasında oturub siqaret çəkirdi. Təkcə zahirindən havanın soyuqluğunu unutduran bir istilik, doğmalıq duydum. Məni görüncə ayağa qalxıb yaxınlaşdı, sanki, min ildir görüşməyən adamlar kimi qucaqlaşdıq, üzündən öpdüm. Bir az hal-əhvaldan sonra sualımı birbaşa verdim:

– Nə olub Sənə?

– Heç nə. Salamatlıqdı. Bir az soyuqlamışam.

– Bunu başa düşdüm. Görürəm, səsin tutulub. Bəs nə olub?

– Başqa heeeç...

– Özünü mənə tanıdırsan?!

Sualımdan xeyli güldü. Amma gülüşündə də bir narahatlıq sezirdim. Səbəbi tez bilmək istəyirdim. Nədənsə, saçındakı ağlar fikrimi çəkdi:

– Saçının ağı artıb.

– Qocalıram da..!

Sözü elə qəmli dedi, sanki içimi yaxıb keçdi. Gülümsəməyə çalışdım.

– Bu bizdə nəsillikcədi. Nə qocalmaq? Baba uşaq olanda saçı ağarmışdı. Nəsə çətinliyin var? Uşaqlar yaxşıdı? Evdə bir şey olmayıb ki? – Ağlıma gələn sualları aramsız yağdırırdım ...

– Evdə hər şey əladı. Uşaqlar da yaxşıdılar. Sadəcə bir az yorğunam. Həm də bu çirkli mühit məni yorub. Başa düşürsən? Dincəlmək istəyirəm. Hamıdan, hər şeydən...

... Bu məqamda ofisiant sifarişi almaq üçün yaxınlaşdı. Səsinin tonunu dəyişmədən, onun üzünə baxmadan – Həmişəki kimi... – dedi. Ofisiant başının hərəkətiylə – oldu- deyib uzaqlaşdı.

Yenə bir siqaret yandırıb sözünə davam etdi:

– Səndən heç nə gizlədə bilmərəm. Həm də məsləhətin lazımdı. Bir iş görmək istəyirəm. Bilmirəm evdəkilərə necə deyim!

Barmaqlarının necə əsməsinə fikir verəndə həyəcan məni bürüdü. Axı O hər şeyə üstdən, ironik baxa bilir. Nə idi onu bu hala salan? Səbrim çatmırdı:

– Samir, sən allah tez de! Ürəyim partladı. Nə olub axı?

– Gedirəm... Xaricə. İşləməyə. Bir kompaniya ilə 5 illik müqavilə bağlamaq istəyirəm.

– Hara gedirsən? Nə işdir?

– Tikinti şirkətidir. Avropanın müxtəlif ölkələri ola bilər. Hara göndərsələr, gedərəm.

– Bəs nə işləyəcəksən? Bacararsan?

– Niyə bacarmıram?! Bağı tikən rus usta yadındadı? Kolya... Onun əlinin altında o qədər işləmişəm ki... – deyəndə elə bil başıma qaynar su boşaltdılar. Əsəbimi ifadə edəcək söz tapmaq çətindir. Kafedə olduğumuzu dərk etməsəydim, qışqırardım yəqin. Amma anamın tərbiyəsini xatırlayıb səsimi bir ton aşağı saldım:

– Sən dəli olmusan? 9 il oxumusan ki, indi gedib xaricdə palçıq qarışdıran işləyəsən? Başına iş qəhətdi?

– Yaxşı da... Palçıq qarışdırmaram. Daş daşıyaram...

– Necə də gülməlidir!!! İti beyinlisən də hə? Sualıma ideal cavab tapdın... Doğrudan dəli olmusan ey... Sən ailəni, uşaqları, ata-ananı burda qoyub hara gedirsən?

– 5 il nədir ki? Tez gəlib keçəcək. Xaricdə işləyib heç olmasa özümə gün ağlayaram. Maddi vəziyyətimi yaxşılaşdıraram. Bu mühitdən də bir müddət uzaqlaşaram. Uşaqlar gedib atagildə yaşayarlar. Bilirsən, mənim qərarım qətidir. Özünü yorub fikrimi dəyişməyə çalışma. Sən mənə de görüm bunu evdə necə başa salım? Heç kimi incitmək istəmirəm. Amma yorulmuşam. Uzaqlaşmaq istəyirəm burdan. İnsan nə qədər səviyyəsiz, axmaq adamlardan söz götürər?! Verdikləri maaş da qəpik-quruş... Deyirsən, 9 il oxumuşam. Nə olsun? Buna baxan, qiymət verən var ki?

... Sualları qarşısında aciz idim. Amma istənilən halda onu fikrindən döndərməliydim. Ofisiant yeməkləri stolun üstünə düzənə kimi nə deyəcəyimi düşünürdüm. Ananas şirəsindən bir qurtum içib monoloquma başladım:

– Samir, dünya hər yerdə eynidir. O sənə elə gəlir ki, ölkədən getsən hər şey düzələcək. Yox, qaqaş... Vallah yox. Əgər xaricdə hər şey idealdırsa, onda niyə onlar psixiatora bizdən çox müraciət edirlər? Niyə boşanma, intihar, qətl halları daha çoxdu? Deməli, onlarda hər şey bizdən betərdi. . . – danışdıqlarımın cəfəngiyyat olduğunu özüm də dərk edirdim. Statistika vaxtı deyildi. Sadəcə deməyə başqa söz tapmırdım. Deyəsən, o da hər zaman dil-dil ötən bacısının danışmağa çətinlik çəkdiyini hiss etdi. Üzümə mehribancasına baxıb dedi:

– Yaxşı, bacı. Yeməyini ye. Nuş olsun. Bir azdan işə qayıtmalısan. Mən ancaq camaata qərarımı necə deməyin fikrini edirəm. Uşaqlar darıxacaqlar. Anagil də etiraz edəcəklər. Amma sən dəstək olsan, bir təhər yola gətirmək olar bunları.

Nənə demiş, ağzımda böyümüş tikəni şirə ilə bir təhər ötürdüm. Tərs-tərs üzünə baxıb dedim:

– Elə yerdə dəstək istəyirsən ki... Nə deyim sənə?! Tərslik edirsən... Dediyindən dönən deyilsən...

Sözlərimdən daha da pis olduğunu hiss etdim. Vəziyyəti yumşaltmaq üçün heç bir mövzu tapa bilmirdim. Eynəyi çıxarıb gözlərimi ovxaladım... Nədənsə danışmalıydım. Səsimə şıltaq bir ton qatıb dedim:

– Sən niyə mənim sonuncu hekayəmi tərifləmirsən? Hamı oxuyur, təbrik edir... Mənimsə qardaşım heç oxumur da...

– Səncə, mən indi hekayə oxumaq halındayam? Ədəbiyyat vaxtıdı?

– Əlbəttə. Oxumaq zamanı məhz indidi. Beynin sakitləşər. Lazımsız fikirlərdən ayrılarsan.

– Sən bu romantikandan əl çəkmirsən də... Az qalmısan deyəsən, ədəbiyyat çörəyi də əvəz edər...

– Yaman kinayəli danışırsan. Ədəbiyyat müharibələri durdurar. İnsanları birləşdirən ədəbiyyat deyil? Sən deyildin qızla münasibət qurmaq üçün məndən şeirlər öyrənib sms-lə göndərən. Kömək eləmədi sənə?..

– Heç Tanrı bəndəsinin sənin yanında gizlin işi olmasın. Yaddaş deyil e, kompyuterdi... İndi sən demək istəyirsən, bu halımı hansısa hekayə düzəldə bilər? – deyə güldü...

– Əlbəttə. Yerinə düşən yazı hətta ağ saçlarını da qaraldar. İnanmırsan? Sadəcə baxır onu kim yazır və necə yazır...

– Ouuu... Siz nə qədər də mistik məsələlərə toxunursuz? – dedi... Sonra nə fikirləşdisə, səsi sərtləşdi – Mən nə hayda, sən nə hayda? Bəsdi göylərdə uçdun... Düş bir az yerdə də gəz.

Hirsləndiyini başa düşdüm. Amma içimdə hansısa qüvvə düz yolda olduğumu deyirdi. Bu dialoqla onu fikrindən daşındıra biləcəyimi düşünürdüm. Çətin riyazi məsələnin həllini tapmış məktəbli kimi sevincək dedim:

– Gəl bir müqavilə bağlayaq. Mən sənin yubileyinə kimi elə hekayə yazacam, anlayacaqsan ki, 5 il yox ey, 5 gün də burdan uzaqda yaşaya bilməzsən. Və heç yerə getməyəcəksən.

– Doğrudan? Nə deyim? Yaz da... Amma nəsə inanmağım gəlmir. Sənin hekayən cibimdəki pulu artıracaq, ya mühiti təmizləyəcək?

Birdən Casio yadıma düşdü. Saatımı deyirəm. İşə qayıtmalıydım. Bədbin notlarla sağollaşmaq istəmədim. Zarafata salıb dedim:

– İşə qaçmalıyam. Yeməyim də qaldı. İmkan vermədin ki... Köhnə xasiyyətindi... Bilərəkdən başımı qatmısan, yeməyimi özün yeyəsən...

– Paaah... Olmaz sənin dietik, dadsız yeməklərindən.

– Sən deyildin uşaq vaxtı əlimdən şokoladları alıb yeyən? – deyib güldüm. Ayağa qalxıb paltomu geyindim. O da qalxdı. Saçını qarışdırıb, üzündən öpdüm. – sözümüz sözdür. Sən hekayəni gözlə. Gör indi bacın nə yazacaq... – deyib sürətlə kafedən çıxdım.

... Martın qoxusunu hiss etdikcə bədbinləşirdim. Hərdən özümü söyürdüm də: “Yekə-yekə danışmaq deyil ey səninçün... nə oldu? belə yazaram, belə asaram, belə kəsərəm... Kafedəki görüşün üstündən bir həftə keçib, hələ bir sətir də olsun yazmamısan...” Yaza bilmirdim. Onun həyatı ilə bağlı istənilən hadisəni hekayəyə çevirmək olardı. Amma bu mövzular fikrini dəyişən deyildi. Ona burdakı həyatının gözəlliyini anladacaq nə isə yazmalı idim... Günlər keçdikcə hirslənirdim.

... Həftə sonu bağa yığışmaq planlaşdırırdılar. Bəlkə valideynləri danışdırım – deyə düşündüm. Səhərdən hamımız bağda idik. Samir ailəsini göndərsə də özü axşam gəlməli idi.

Televizorda sevimli yazıçıma həsr olunmuş verilişə baxırdım. Anamın mətbəxdən səsi gəldi: “Sən kompyuterini bunlara aid videolar, yazılarla doldurmusan... Haqqında bilmədiyin nəsə qalıb bəyəm? Dur gəl bir camaatla da otur...” Mətbəxə keçəndə xəmir yoğuran anamın saçlarını una batmış gördüm. Samirin saçındakı ağları xatırlatdım...

– Qaqaşın yubileyinə hekayə yazmaq istəyirəm. Bir mövzu de.

Anam gözlənilməz reaksiya verdi. Sanki elə belə də olmalıdı və mövzunu çoxdan fikirləşib:

– Nə bilim... Bacı-qardaş münasibətlərindən yaz da. Səni o böyüdüb. Biz işləyirdik. Bütün günü onunla qalırdın. Səni dəcəlliyinə görə cəzalandırmaq istəyəndə dayanmadan yalvarırdı... “Bacıya heç nə demə... Əl vurma bacıya...” – deyirdi. Səndən də həmişə soruşardılar ki, ananı çox istəyirsən, atanı. Deyərdin qaqaşı...

Birdən elə bil anamın yadına nəsə düşdü, gözü yol çəkdi:

– Atan xəstələnəndə O 4 günə 8 kilo arıqlamışdı. Sutkalarla yatmırdı. Yadına gəlir?

Anam bunu deyə-deyə əlindəki xəmiri daha hüzünlə yoğurmağa başladı. Bu mənə işarə idi. Mövzunu dərinləşdirməməli idim. Mətbəxi tərk etdim. Atama yaxınlaşıb, sevimli həmsöhbətimlə bir az ordan-burdan danışdım. Eyni sualı ona da verdim:

– Samirə hekayə yazmaq istəyirəm. Nəsə fikrin var? Nədən yaza bilərəm?

– Çox şey yaza bilərsən... Uşağlığıvuzdan yazginən. Yadundadı o İnstuta girəndə sevinməmişdi? Çünki həmin il sən imtamnan kesilmişdün... Bunı necəsə fırrad yaz da...

Atamın belə dərin, fəlsəfi məsələləri özünəməxsus ağır tonla, amma sadə, pafossuz danışmasından şənləndim. Burda ona sataşmasaydım olmazdı:

– Dünyanın istənilən yerində səninlə danışan adam özünü Abşeronda hiss edəcək. Xəzər də, Şanı da, Neft də, Düşbərə də... sənin sözündədi... İdeyaya görə sağ ol. Amma çətin məsələdi. – deyib otaqdan çıxdım.

... Yox... Daha təsirli nə isə tapmalı idim. Həm də bunlar onun özünün yadındadı. Yeni heç nə oxumayacaq yazdığımdan. Getmək qərarı barədə atamgilə heç nə deyə bilmirdim... Ümidim ancaq hekayəyə idi...

Həyətə çıxıb Tut ağacının dövrəsində gəzişirdim. Telefonu açıb köhnə sms-ləri, qeydləri, yarımçıq yazılarımı oxumağa başladım. Bəlkə ordan bir cümlə, ya da söz tutdu məni... Beynim elə bil işləmirdi. Birdən evin qapısı açıldı, Samirin oğlu həyətə çıxdı...

– Get evə, soyuq olar sənə.

– Vini...

– Mən Vini deyiləm... Bibi de mənə.

– Bibi, gəlim də yanına...

Bildim Allahın bəlasına yox desəm ağlayacaq:

– Yaxşı gəl. Amma qalın geyin, sonra gəl.

Üstündən iki dəqiqə keçməmiş gördüm yanımdadı.

– Vini...

– Demədim bibi de mənə...

– Bibi...

– Ay can... Adına qurban! Nədi balam?

– Sən ağlayırsan?

Bu sualdan doğrudan da ağlamaq istədim. 5 yaşında uşaq məni necə hiss etmişdi?! Əlindən tutub skamyaya tərəf apardım. Oturdum. Çıxdı oturdu qucağımda mənimlə üz-üzə. Başını sığalladım. O da sırqalarımla, saçlarımla oynamağa başladı. Uşaq gözəlliyin dilini bilirdi, deyəsən.

– Bibi, sənə nə olub?

– Sən bibinin nəyisən?

– Canı... Bibi sənə nə olub?

Sanki heç uşaq deyildi qabağımdakı adam. İndi mənə qoşulub bütün məsələləri həll edəcəkdi. Hekayə də yazacaqdı, atasının da işlərin yoluna qoyacaqdı, hətta çirkli mühiti də gözəlləşdirəcəkdi. Bilmirəm niyə, amma 5 yaşlı qoruyucu mələklə çox açıq danışmaq istədim:

– Ata uzağa getmək istəyir, balam. Bibi də ona görə fikir edir.

– Niyə? – uşağın gözləri doldu.

– Gedir ki, çoxlu işləsin, pul yığsın. Sonra qayıdıb sənə oyuncaqlar, maşın alsın... – deyəndə uşaq qucağımdan yerə atılıb evə qaçdı.

...Vay-vay... Gedib anamgilə desəydi, aləm dəyəcəkdi bir-birinə. Özümü danlayırdım: ürəyini açmağa adam tapdın da... Birdən evdən çıxıb qaça-qaça gəldi yanıma. Tez-tez nəsə deyirdi, amma başa düşmürdüm.

– Nə olub, balam?

– Bibi, bunları ver ataya... – deyərək əlimi açıb qəpikləri qoydu ovcuma: on, beş, üç və bir qəpiklik. Cəmisi on doqquz qəpik. Bütün bədənim əsməyə başladı.

– Bunlar səndə hardandı?

– Nənə vermişdi. Ver ataya ki, getməsin. Ver, denən bəsündi...

– Yaxşı, ağıllı bala. Verərəm. İndi qaç evə. Soyuqdu...

...Ovcumdakı 19 qəpiyə baxıb nə edəcəyimi bilmirdim. Telefonu götürüb Samirə sms yazdım: “Oğlun, səninçün 19 qəpik pul yığıb. Bəsindi. Bu da Sənin HEKAYƏn...”

P.S. – Bağışla, ağıllım, hekayə yaza bilmədim Sənə. Hələ çox balacasan. Böyü... 30 yaşın olanda yazaram. Adını da qoyarıq “Samir üçün”. . .

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2011.- 5 mart.- S.20.