Ölülərin ölməzliyi
və ya diri ölülərin dərdi
Əbədilik arzusu və ölüm qorxusu! Ta qədimlərdən insan düşüncəsini məşğul edən əsas problem! Ölümsüzlük arzusu insanı sehrli alma, dirilik suyu haqqında nağıllar, əfsanələr düzüb-qoşmağa vadar edib, kimyagərlər minillər boyu insana əbədiyyət bəxş edən iksir axtarıb, lakin bütün bunlar bir xülya olaraq qalıb.
Cəlil Məmmədquluzadənin yüz il öncə yazdığı ölməz “Ölülər”i də məhz bu axtarışların absurdluğuna bir işarədir. Amma “Ölülər”də əsas problem ölülərin dirilməsi yox, dirilərin “ölümüdür”. Burda ölməz olan bircə şey var – “ölülüyün” ölməzliyi! Nadanlığın, cəhalətin, şarlatanlığın əbədiyyəti! Bu, Makedoniyalı İskəndər zamanında da beləydi, Kefli İskəndər vaxtında da! Makedoniya şahının içə bilmədiyi dirilik suyu ilə Danabaş ziyalısının vurduğu arağın arasında isə mahiyyətcə elə bir fərq yoxdur. Hər ikisində fiasko! Makedoniyalı İskəndər dirilik suyuna çata bilmədiyi kimi, Kefli İskəndərin arağı da onun dərdinə dərman ola bilmir.
Eyni anologiyanı İsa ilə Nəsrullah arasında da aparmaq olar! Xristian peyğəmbəri Lazarı diriltdi, amma xristian dünyasını mənəvi ölümdən qurtara bilmədi. İnsanlıq naminə çarmıxa çəkildi, amma bu çarmıx xaça dönüb milyardlarla xristianın boynundan asıldı. Müsəlman Şeyxi bir az da irəli getdi – ölülərin siyahısını tutdu, “kütləvi diriltmə əməliyyatı” aparmaq istədi. Amma neyləsin ki, ölü sahibləri özü buna razı olmadı?! Getdilər fikirləşməyə! Hələ də fikirləşirlər! Tənqidçi Əsəd Cahangirin dediyi kimi, “batmanqılınc yazıçımız” Aqil Abbasın “Ölülər” pyesi bunu sübut edir!
Aqil Abbas “Ölülər” strukturu əsasında yazdığı eyniadlı pyesində çağdaş diri ölüləri göstərə-göstərə gülür. O, dahi Mirzə Cəlil tematika və problematikasına girişməyə cəsarət elədiyi üçün əsərin epiqrafında ustadı Cəlil Məmmədquluzadənin əziz ruhundan üzrxahlıq istəyir. Dəyərli Aqil bəyin pyesi haqqında danışmazdan öncə çox bəyəndiyim bu kiçik əfvnaməni, bu səmimi etirafı və ustada olan böyük sevgini diqqətinizə çatdırmaq istəyirəm:
“Mirzə Cəlil mənim üçün günəşdi, havadı, sudu, torpaqdı. Mənə elə gəlir ki, onlarsız yaşamaq mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz də yaşaya bilməzdim və bilmərəm. Və Mirzə Cəlil elə bir yazıçıdır ki, yüz dəfə oxuyursan, təzədi. Elə bil birinci dəfədi oxuyursan. Hər dəfə oxuyanda sənin üçün ayrı bir dünya açılır. Mirzə Cəlilin vaxtında bilmirəm neçə Qurbanəli bəy olub, neçə Novruzəli, neçə Xudayar bəy, neçə Şeyx Nəsrullah... amma bunlar indi o qədər çoxdular ki?!
Çoxdandı məni ağrıdan bir dərd içimdə yaraya dönüb. Nə qədər eləyirdim o dərdi içimdən çıxara bilmirdim, yaza bilmirdim. Gücüm çatmırdı. Bilmirəm neçənci dəfədi yenidən “Ölülər”i oxuyurdum. Və Mirzə Cəlil əlini əbədi dünyadan atdı mənim qəlbimdəki o dərdi dartıb qopartdı. Görən Mirzə Cəlil məni bağışlayarmı ki, mən onun “Ölülər” əsərini belə yazmaq qərarına gəldim?!”
Aqil Abbasın və Mirzə Cəlilin “Ölülər”ini müqayisə etmək istərdim. Aqil bəyin adını ona görə birinci çəkirəm ki, əvvəla, onu heç olmasa görmüşəm, ikincisi, onun ölüləriylə az-çox da olsa, tanışlığım var. Aqil bəyin ölüləri həm də mənim ölülərimdi: həm diridirlər, həm də ölüdürlər. Mirzə Cəlilin ölüləri isə əksinə, həm ölüdürlər və həm də diridilər. Çünki o, öz ölülərini ölməyə qoymayıb. Aqil Abbas isə diriləri öldürməyə çalışıb. Mənim nə kimyagərlik, nə də Şeyx Nəsrullahlıq iddiam var. Bu, sadəcə, bir oyundur. Mirzə Cəlilin “Ölülər”indəki obrazlarla Aqil Abbasın prototiplərindən ibarət hibrid bir səhnə düzəltmək istəyirəm. Təsəvvür edin ki, Hacı Həsənin evindəki Şeyx Nəsrullah yox, cənab Tasyedir.
“...Üçüncü məclis vaqe olur şəhərin kənarında, qəbristanın yanında. Çox cəmiyyət ayaqyalın, şalvar və tumanlarını dizədək çırmayıb, əllərini əllərinin üstünə qoyub, ayaq üstə durublar. Ortalıqda Tasye cənabları uca daşın üstünə çıxıb, oturub danışır. Sağ tərəfində Şeyx Əhməd, sol tərəfində Hacı Həsən və ətrafında adamlar hamısı, İskəndərdən və övrətlərdən savayı.
Tasye (Əlində xeyli sənədlər): “Bəli, əziz qaçqın və məcburi köçkün qardaşlar, elə ATƏT-in Minsk qrupunu məhz ona görə yaratdılar ki, bu məsələni çözsün. Neçə illərdir bu yollarda əziyyət çəkirik, əlimizdən gələni edirik ki, sizlər doğma torpaqlarınıza, evinizə-eşiyinizə, əzizlərinizin yatdığı qəbiristanlıqlara dönəsiz. ATƏT-in Kəraməti böyükdür. Bizlər olmasaq, ruslar Tiflisi çoxdan işğal etmişdilər. Rusiya məhz bizdən qorxduğu üçün geri çəkildi. İndi də gücümüzü Ermənistana göstərəcəyik. Baxın artıq İtqapanı qaytarırlar. Kimdir deyən ki, ermənilər daha Qarabağı qaytarmayacaqlar. Əziz qaçqın və məcburi köçkün qardaşlarım! Məsələ belədir ki, Ermənistan Qarabağı birdən-birə deyil, mərhələ-mərhələ boşaltmağa razılıq verir. Mənim sizlərlə görüşümün məqsədi də odur ki, sizinlə bir ümumi razılığa gələk. Görək nə deyirsiz. Hansı şəhərdən, hansı kənddən başlayaq?”
Yaxud Kefli
İskəndər məhz bu cür danışır: “Hə,
ATƏT-in baş lotusu yenə
sizə atdı?! İndi növbə mənimdi. İndi mənə
qulaq asın! Adamı
bir il aldadarlar, üç il aldadarlar, beş il aldadarlar. Görün bu ATƏT-in,
Avropanın lotuları sizi neçə ildi aldadırlar. Bu
sizin tarix kitabınızda qan ilə yazılmış bir səhifədir.
Sizdən sonra gələnlər
bu kitabı vərəqləyib bu səhifəni görəndə
sizi yada salıb deyəcəklər (ucadan), tfu sizin
üzünüzə. Ə, ermənilər heç Beemteni it
yerinə qoymurlar, ondakı ATƏT ola! Ə, bu ATƏTin, MATƏTin
boş-boş sözlərinə nə vaxta qədər inanacaqsınız?! Hərəniz əlinizə
bir çomaq götürüb ermənilərin üstünə
getsəniz, erməni İrəvanacan qaçar! Tfu sizin
üzünüzə. Bu araq şüşəsidir. ATƏT-in
lotuları hər dəfə gəlib
boş-boş qırıldadanda, mən bu şüşədən
araq içirdim ki, dəli olmayım! Mənim adım Kefli
İsgəndərdi, bəs sizin adınızı nə qoyaq? Mən dağları,
daşları, quşları, fələkləri, ulduzları
şahid çəkib soruşuram, bu camaata nə ad qoymaq olar?
O vədə hamısı bir səslə
cavab verər: “Ölülər!” Və bizdən sonra gələn
nəsillər illər uzunu sizi yada salıb bir səslə
deyəcəklər: “Ölülər!”
Və ya Mirzə Cəlil əsəri
–“Yenə bir kişi gəlib yapışır qızın əlindən
və aparır. Bu minvalla üçüncü və
dördüncü qızı İskəndər yola salır.
Qızlar başlarını aşağı salıb
alçaqdan ağlaya-ağlaya musiqinin səsiylə
çıxıb gedirlər. Camaat da başını
aşağı salıb, məyus durur. Axırıncı
qız yola düşəndə İskəndər araq
şüşəsini çəkir başına və
boş şüşəni yerə vurur. Yavaş-yavaş pərdə
enir və musiqi çalır” – kimi yox, məhz bu cür
qurtarır: “Camaat başını salıb aşağı.
İsgəndər araq şüşəsini çəkir
başına və boş şüşəni vurur yerə.
Yavaş-yavaş pərdə enir və musiqi kəsilir.”
Oyun qurtardı. Amma mən
sizə daha bir oyun təklif eləyə bilərəm. İki
“Ölülər”i bir kənara qoyub öz ölülərinizi
yazmağı. Kömək də eləyə bilərəm. Əgər
siz ədəbiyyata yeni gəlmisinizsə və
özünüzü indidən dahi sayırsınızsa, bəribaşdan
Şeyx Nəsrullahın rolunu öz üzərinizə
götürmüş olacaqsınız. Qalan obrazları tapmaq
çətin olmayacaq. Çünki cavan və iddialı
vaxtı hamı Şeyx Nəsrullah olur. Hətta
yanındakı o biri obrazlar da. Əgər siz orta
yaşlısınızsa, Hacı Həsən də pis deyil.
Çünki bu yaş “aşağını və
yuxarını” yola vermək dövrüdür. Siz elə
bilirsiniz Hacı Həsən öz ciyərparasını
(İskəndəri) çox istəmirdi, yoxsa Şeyx Nəsrullahın
lotu olduğunu bilmirdi? Bilirdi! Amma onu da bilirdi ki, nə oğlu
İskəndəri içkidən ayırmaqla dünya düzələsidi,
nə də Şeyx Nəsrullahı ifşa eləməklə.
Düzünə qalsa, Şeyx Nəsrullahın bir dəfə
aldatdığı adamları Hacı Həsən yüz dəfə
aldatmışdı. Özünün Nəsrullaha
aldanmağının isə çox sadə izahı var: Hətta
tiranlar da hərdən məğlub olmaq istəyir. Yox, əgər
siz yaşlı nəsilsinizsə, onda ölülər haqda əsər
oxumaq xoşunuza gəlməyəcək. Amma ola da bilər ki,
gəlsin və sizdən olsa, Şeyx Nəsrullah, doğurdan
da, ölüləri dirildərdi. Axı kim təzədən
dünyaya gəlmək istəməzdi? Ona görə
yaşlı nəslin finalı məhz bu cür olardı:
Şeyx Nəsrullah əmr eləyir və bütün
ölülər qəbirdən qalxır. Yaxud cənab Tasye
cibindən qərar çıxardır və işğal
olunmuş kəndlərində ölmək istəyən
qocalar öz doğma yurd yerlərinə qayıdırlar.
Ölməyə yox a! Onlar ümid eləyir ki, ayaqları
öz torpaqlarına dəysə, ölməyəcəklər.
Yaxşısı budur, “Ölülər”i yenidən
yazmağı heç kimə həvalə eləməyək.
İki “Ölülər”imiz var, bəsdi. Mən ikisindən
bir yazı düzəltmək istədim, amma ərindim. Ona
görə ki, bir günün dirisi min ilin ölüsündən
daha xeyirlidi. Hollivud filmi yadınızdadı? Çay
töküb içməyə ərinən oğlan deyir: “Mən
Brus Lidən güclüyəm, çünki o ölüb.” Əgər
Mirzə Cəlilin əsəri bu gün də
aktuallığını itirmirsə, Aqil Abbas həmin pyesin əsasında
növbəti “Ölüləri” yazırsa, deməli, hələ
bizim öləsi, lap elə öldürüləsi çox
çatışmazlıqlarımız var.
Elvin BAKİROĞLU
525-ci qəzet.- 2011.- 5 mart.- S.19.