Peyğəmbər şairi, haqq aşiqi

 

Xalq şairi Zəlimxan Yaqub İranda da çox sevilən və oxunan, ustad aşıqların ən çox müraciət etdiyi şairlərdəndir.

İndiyədək onun bu ölkədə 7 kitabı işıq üzü görüb. “Aftab Azərbaycan” jurnalının yazdığına görə Z.Yaqub bu ölkədə kitabları ən çox nəşr olunan və yayılan şairlərimizdəndir. Qəzet və jurnallarda dəfələrlə yaradıcılığı ilə bağlı məqalələr dərc edilib. Şairin “Peyğəmbər” poeması isə burada daha böyük əkls-səda doğurub.

“Aftab Azərbaycan” jurnalının ötənilki 47-ci sayında “Peyğəmbər” poeması ilə bağlı dərc olunmuş məqaləni oxucularımıza təqdim edirik.

Ramazan ayının üçüncü günündə şair və tədqiqatçı dostum “Səxavət İzzəti” (Əndəlib Əhəri) həmişəki kimi gülər üzlə təzə çapdan buraxılan kitabını mənə hədiyyə verdi. Kitabı öpüb göz üstünə qoydum və təşəkkürlər etdim. Ramazan gecələrinin bir hissəsini bu kitabı oxumağa vaxt qoydum. “Peyğəmbər” adlı kitab, “Quran” nazil olan gecələrdə məndə bir şirin mənəviyyat yaratdı. Gecələr, gündüzlər oxuyurdum. Nəhayət, nurlu “Qədr gecəsi” gəldi yetişdi. Məscidlərə yığışdıq, sübhədək əhya saxlayıb, namaz qılıb dua elədik. “Əbu Həmza Səmali” duasını oxuduqca “Peyğəmbər” kitabının lövhələri zehnimdən sovuşurdular. Zəlimxan Yaqub bu kitabında Allahdan belə bir istəyi var imiş:

 

Ey qadir Allah!

Bir qədr gecəsi,

İstəyirəm mən.

Yerdən də, göydən də,

Savab göndərə.

Saça işığını

Qaranlıqlara.

Gizli suallara,

Cavab göndərə.

Bir qədr gecəsi,

İstəyirəm mən,

Hər sətri Allahın

Nuruyla dola.

“Peyğəmbər” adına,

Kitab göndərə.

 

Necə ki, Zəlimxanın duası Haqq dərgahında müstəcab olub və “Peyğəmbər” kitabını yazmağa ona zərfiyyət verilib. Mənə də elə bu kitab bu Ramazan ayında verildi. Ta nurlu o başdanlarda və müqəddəs gecələrdə peyğəmbər, Quran və İslam tarixinə məni vurğun eləsin və bu dəyərli kitab ehtiramına mənim də qapımı mələklər açsın!

Bu dua gecələrində, bu ətirli, hörmətli ləhzələrdə, Zəlimxan mənim gözümün önündə durmuşdu. Hər nə raz və niyazım oldu. Bu, “Peyğəmbər şairi” olmağın şirin əsərlərindəndir!

Mən Zəlimxanı bir neçə kitab toplusuyla tanıyırdım. Onu necə ki, var bir zirvəli şair bilmişəm. Sehrli şeirləri, güclü qələmi, şücaətdən, şəhamətdən söz verən qoşmaları Zəlimxana ürəklərimizdə bir böyük yer açıb. Lakin “Peyğəmbər” poemasını yaradan Zəlimxan ayrı bir şəxsiyyətə çevrilib, müqəddəslik, müdriklik, mənəvi və ürfani sima və fikir sahibi, bir islamşünas və Quran müfəssiri kimi ulu bir ilahi müəllimə bənzəyir. Zəlimxan özünü “Peyğəmbər şairi” adlandırmaqla “Həsan bin Sabit” kimi böyük şairlə addımlaşıb və elə ki, ulu peyğəmbərimiz Həsan bin Sabitə buyurub: “Sənin şeirinin hər beytinə Cənnətdə bir qəsr verilər.” Elə düşünürəm ki, Zəlimxan da bu töhfələri Həzrət peyğəmbərdən alıb və odur ki, “Peyğəmbər”də yazılan lövhələr ilahi sözlər olub və Zəlimxana peyğəmbər əliylə “sevgi dolu cam veriblər, yandırmağa qaranlıqda şam veriblər, tükənməz bir həyat eşqi, sönməz bir inam veriblər! Hər sözünə, söhbətinə dad veriblər, tam veriblər!” və Zəlimxan Yaqub “Peyğəmbər şairi” olub:

 

Nə böyük bəxtəvərlik –

Su kimi aydın, duru,

Bal kimi şirin olmaq.

Od içində zəmzəmin,

Suyu tək sərin olmaq.

Sənin xidmətçin, qulun,

Sənin şairin olmaq.

Ey mənim Peyğəmbərim,

Sənin şairinəm mən!

Sənin dediklərini,

Başımda tac eylədim.

Könlümün bağçasında,

Ərşi-arğac elədim.

Eşqini Kəbə bildim,

Qəlbimi Hacc eylədim.

Ey mənim peyğəmbərim,

Sənin şairinəm mən!!!

 

Zəlimxan bu əsəri özü yaratmayıb. Onun “çiyninə mələklər dəstə-dəstə qonub, Nur dağının işığı beyninə düşüb mələklərə danışıb, mələklərdən güc alıb, fələklərin dilini bilib, peyğəmbərin eşqinə dayaqlanıb, qədr gecəsində ayların sultanı Ramazanı alqışlayıb.” Nəhayətdə, bu əsəri yazmaqla Həzrət Məhəmmədin əllərini sıxıb! Allah ilə dost olub. “Ondan gələn bağları kəsməyib, qəlbində səslənən teli qırmayıb”, özünü böyük Tanrıya vəsl edib, mərtəbə-mərtəbə yüksəlibdir.

 

Allah ilə dost olanın,

Yolu qırılmaz yarıda.

Yeddi qatdan yetmiş qata,

Keçər mərtəbə-mərtəbə.

Allah özü əzizləyir,

Ən sevimli bəndəsini.

Könüllərdən-könüllərə,

Keçər mərtəbə-mərtəbə.

Tanrı dostu olanlara,

Göylər açar qapısını.

Məhəbbət öz işığını,

Saçar mərtəbə-mərtəbə.

 

Zəlimxan bu ilahi ilham əsərində bir tükənməz mənəvi sərvət sahibi oldu. Kamil bir ustad məqamına çatdı. “Peyğəmbər”ə olan eşqini göyə yazdı. “Peyğəmbər” kitabını “Allah” deyə-deyə yazdı. Bu kitabı Allahdan bir qismət bilib şükürlər elədi:

 

Quş budağa, ağac kökə,

Arılar şana bağlandı.

Can cana körpülər saldı,

Cahan cahana bağlandı.

Şükür haqqın qismətinə,

Gəldi Qurana bağlandı.

Mənim ulu, mənim uca,

Mənim müqəddəs qismətim!

 

Zəlimxan bu müqəddəs qismətindən faydalanıb Həzrət peyğəmbərin həyatını sehrli qələmində yazır, poema yaradır, peyğəmbər deyəni yazır və bu şairliyə fəxr eləyir və şeirlərini peyğəmbərin gözəl camalına bir salavat bilir və Allahdan istəyir ki, yerlə-göy arasında peyğəmbərə olduğu məhəbbətini qəbul eləsin.

Hələ şair elə məqamətə çatır ki, peyğəmbərin Quran oxumağın dinləyir:

 

Taxtı uca, baxtı yeyin,

Bu avaz şah avazıydı.

Durulanıb təmizlənmiş,

Ulu dərgah avazıydı.

Bu, bəndənin işi deyil,

Bu bir Allah avazıydı.

Məhəmmədin nəfəsiylə,

Onu bir insan oxuyur.

Bax peyğəmbər avazına,

Gör necə Quran oxuyur.

 

Zəlimxan bu ürfani məqaməti mərtəbə-mərtəbə keçirdib peyğəmbər şairi yox, bəlkə peyğəmbərə ürək verib, ona aşiq olub, bu eşqdən belə yazıb:

 

Nuru şərbət kimi içib gedirsən,

Könüldən könülə köçüb gedirsən.

Haradan yeriyib keçib gedirsən,

Sən keçən yolların izindən öpüm.

Sən mənim ruhumun laylası, şeiri,

Zəvvar ziyarətdən qalarmı geri?

Göstər qədəmlərin toxunan yeri,

Gəlim, ayağının tozundan öpüm.

 

Şairin ömrünün ən gözəl çağlarında dəfələrlə Məkkə ziyarəti ona nəsib olur. Kəbənin qapıların, daşların öpüşə qərq edir. Bu səfərlərə bağlı şeirlər yazır ki, “Peyğəmbər” kitabında da gəliblər. Bu şeirlərdə Zəlimxan böyük ürfan məqamına çatıb və “fənafi Allah” mərtəbəsində görünür:

 

Necə keçdi ziyarətin,

Qoy onu bir xuda bilsin.

Bir canım var, qadir Allah,

Onu haqda fəda bilsin.

Kəbə mənim qəlbimdədir,

Mən ondayam, o məndədir.

Heç olarmı şair könlüm,

Canı candan cuda bilsin.

Tanrım ilə vəhdətdəyəm,

Allah ilə söhbətdəyəm.

Haqqı bilən hər sözümü,

Haqdan gələn səda bilsin.

Əgər bir gün unudarsa

Peyğəmbərim yatan yeri,

Ulu Tanrı Zəlimxanı,

Xan bilməsin, gəda bilsin.

 

Zəlimxan Yaqub mərtəbə-mərtəbə fərşi yaşayışdan ucalıb Allahın ərşində dildə Quran ayələri, üfüqləri öpdü. Haqqa bağlandı:

 

Haqqın vuran ürəyi,

Eşqi, ağlı mənəm, mən.

Saçından dırnağına,

Yaradana – Allaha,

Haqqa bağlı mənəm, mən.

 

“Peyğəmbər şairi” günbəgün nurlandı, işıqlandı, dayaz sahillərdən üzüb keçdi. Peyğəmbər ayağından çiçəklər dərib peyğəmbər gedən yolların tozundan öpdü. Allahdan qeyri heç kəsə göz dikmədi. Allahın dostuna çevrildi və oldu bir haqq aşiqi:

 

Güvən bu dünyanın yaraşığına,

Peyğəmbər nuruna, haqq işığına.

İşıqlan Kəbənin nurunda, könlüm.

 

Zəlimxan “Peyğəmbər” kitabında “Münacat” lövhəsində belə arzulamışdı:

 

Ey ulu Yaradan,

Ey qadir Allah!

Bir qədr gecəsi,

İstəyirəm mən.

Hər sətri Allahın,

Nuruyla dola.

“Peyğəmbər” adına,

Kitab göndərə.

Tanrı sevgisiylə,

Dinim, dindirim.

Yazdıran Haqq ola,

Yazan mən ollam.

 

Haqq məni döndərə,

Haqq aşiqinə.

Bu eşqin yolunda,

Ozan mən ollam.

 

Şair bu məqama çatmağa üz tutub Allah dərgahına şükürlər edib sevinclər göstərir:

 

Çaldım öz havamı bir kitab üstə,

Dil verdim sazıma, əlhəmdulillah!

Haqqın özü vurdu naxışlarını,

Xəttimə, yazıma, əlhəmdulillah!

Məndən salam olsun ulu dərgaha,

Tapındım Tanrıya, yetdim Allaha.

Ölsəm də bir zərrə dərdim yox daha,

Çatdım muradıma, əlhəmdulillah!

 

Zəlimxan Yaqub “fənafi Allah” mərhələsindən keçib, varlığa çatıb, Allahdan bu kitabına, yaxud eşqinə, aşiqliyinə təyid möhürü istəyir:

 

Allahdan istədim,

Öz kitabımı.

Yox yerdən var olar,

Allah istəsə!

 

Elə bu əsərlə,

Vurar möhrünü,

Zəlimxan var olar,

Allah istəsə!

Yeri gülzar olar,

Allah istəsə!!!

 

Beləliklə, Zəlimxan Yaqub altmış yaşına çatarkən ürfani mərhələləri sıralayıb öz muradına çatıb “Peyğəmbər qulu”, “Peyğəmbər şairi” və nəhayət, Haqq aşiqi oldu!

 

Gəl-gəl dedi mənə eşqin əzabı,

Çəkdi ürək mənlə haqqı, hesabı.

Xaliq istədi, Mövlam verdi kitabı,

Sinə dolu bir dəftərlə gəlmişəm.

 

Bəlli toxum, bəlli sünbül, bəlli dən,

Haqq özüdür müşkülləri həll edən.

Yük bağladım, maya tutdum əllidən,

Altmışa “Peyğəmbər”lə gəlmişəm.

 

“Aftab Azərbaycan”

¹47, səh. 50-51

 

 

Hüseyn DUSTİ

 

525-ci qəzet.- 2011.- 5 mart.- S.16.