“Toplum” – toplumun güzgüsü kimi
Demokratiya problemləri və vətəndaş cəmiyyəti məsələlərindən bəhs edən “Toplum” jurnalı nəşr olunub. “İnam” Plüralizm Mərkəzinin rəhbəri, publisist Vahid Qazinin redaktorluğu ilə nəşr edilən jurnalın redaksiya heyətində Rövşən Ağayev, Rəhman Bədəlov, Mehman Əliyev, Əliməmməd Nuriyev, Mehriban Rəhimli, Rəna Səfərəliyeva və Elxan Şahinoğlu təmsil olunur. Nəşrin redaktor müavini yazıçı-publisist Fəxri Uğurludur. Martın 2-də “Demokratiyanı Öyrənmə” İctimai Birliyi bu jurnalın və www.qht-resurs.azsaytının təqdimatını keçirib. Hər iki təşəbbüsə Avropa Komissiyası dəstək verib. “Toplum” jurnalı vətəndaş cəmiyyətinin ölkənin ictimai-siyasi həyatında iştirak imkanlarının, vətəndaş cəmiyyəti təşkilatları və onların fəaliyyətinin ictimaiyyətə daha keyfiyyətli təqdim olunması məqsədi güdür. Jurnalın yaradıcıları “Toplum”un Azərbaycanda və dünyada vətəndaş cəmiyyətinin inkişaf məsələləri və problemləri ətrafında müzakirələr, demokratik ideyaların təbliği üçün yeni imkan olacağını düşünür. Rübdə bir dəfə nəşr olunacaq jurnalda vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrinin, politoloq, publisist və tədqiqatçıların fikirləri, məqalələri, müsahibələri yer alacaq. Oxucular demokratiya və azadlıq ideyalarına, cəmiyyətin ictimai, siyasi, mədəni həyatınına konseptual yanaşmalar, fərqli baxışlarla tanış ola biləcəklər. Jurnalın ilk sayında (Qış, 2011) görkəmli alim Rafiq Əliyevin müsahibəsi (“Wikileaks” tamam başqa dünya yaradacaq”), dissident Rafiq Turabxanoğlunun “Məhbəs xatirələri” memuarı, jurnalist Məmməd Süleymanovun “İnternet üzərində senzura” məqaləsi, filosof Niyazi Mehdinin “Avropa və müsəlman Şərqi – sualların nədən və necəliyi” yazısı və başqa materiallar dərc olunub.
525-ci qəzet.-
2011.- 5 mart.- S.17.