Sofu və Barbi

 

TOY MÖVZUSUNDA KARİKATURA

 

Məxsusən teatr sənətçiləri üçün yazılıb!

 

“Evlənmə”... Nikolay Vasilyeviç Qoqolun hələ XIX əsrdə yazdığı komediyasının tarixdən bəlli adı. Təzəliklə bizim Musiqili Komediya Teatrının repertuarına daxil edilib.

“Nadir və Simin: boşanma”... İran kinorejissorunun 51-ci Berlin Beynəlxalq Kinofestivalında “Qızıl ayı” mükafatına layiq görülmüş filmi...

“Boşanaq, evlənərik”... Bu da XX yüzildə Azərbaycan teatr tarixində özünə yer bulmuş bir tamaşa...

“Evliykən subay”... mövzu ətrafında Azərbaycan bəstəkarının dramaturji fantaziyası....

“Haradasan, ay subaylıq”... evlənmədən öncəki həyatla bağlı nostalji haqqında pyes. Yenə deyim? Bomarşeni, Çexovu yada salım? Toydan, gəlindən, qaynanadan o ki var, yazılıb... o ki var, oynanılıb... o ki var, tamaşaçılar buna gülüblər, ağlayıblar... ağlayıblar, yenə gülüblər... Amma “dəli” ürək (!), neynək, soyumur ki, soyumur.

Yəqin ki bu mövzunun permanent aktual olduğuna görə. Evlənmə həmişə gündəmdədir: aradüzəldən, elçilik eləyən adamlar da boydan... Elçilər iş açdılar, iş açdılar, qaçdılar... evlənənlər çaşdılar... Qoqolda da eynən belədir.

İnsanlar tələsirlər ki, evlənsinlər... Evlənib tələsirlər ki, boşansınlar. Boşanırlar ki, tələsib təzədən evlənsinlər. Yaşın da, maşallah-namxuda, fərqi yox. Absurd yoxsa karikatura? Həqiqətənmi, camaatı ayrı heç nə maraqlandırmır?

Bəlkə Qoqol “Evlənmə” pyesini elə bizim hamımızı lağa qoymaq üçün yazıb? Güman eləyirəm ki, tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov da bunda görüb klassik bir komediyanın müasirliyini. Axı indi bir evlənmək kampaniyası dəbdədir: cəmiyyət izdivac dalğasına köklənib; şou-proqramlar “ay, evlənmək istəyən, bəri gəl” deyib şəhərləri, bölgələri, kəndləri qatıb bir-birinə: bollu xına, bollu cehiz, bollu kef, bollu tafta-bafta... telekamera qarşısında... Sual olunur: niyə? Millətin soyartımı xatirinə, ünsiyyətsizlik problemini aradan qaldırmaq naminə? Nə ona, nə də buna azərbaycanlıların heç bir ehtiyacı yox... Onda milli efir məkanında bu toy həngaməsi nəmənədir? Ehtimal ki, məqsəd toy biznesini bir az da alovlandırmaqdır, köhnə şakərə yeni çalarlar gətirməkdir. Çünki toya pul xərcləyirlər, toydan pul çıxarırlar: biri kasıblaşır, biri varlanır, yüzü, mini bəhrələnir, dolanır toy ucbatından... Bəyəm pisdir? Elə isə köhnə sovet mahnısının nəqarəti: “toy olsun, bayram olsun”...

Lakin və bir də lakin... toy dönüb iş olanda, peşə olanda ironiya ilə, kinayə ilə qarşılaşır. Sevgisiz toy həmişə alver variantıdır, sxemdir, sazişdir, müqavilədir. Bax, Qoqol da buna gülüb, buna istehza eləyib. Bəhramı da elə bu çəkib özünə: çünki klassikada günümüzün və evlənmək güzəranımızın bənzərini, oxşarını, paralelini tapıb aşkarlayıb.

Doğrusunu söyləyim ki, bu komediyanın müəllifinin Qoqol kimi dünyalarca məşhur birisi olmasına baxmayaraq, onun əsərini heç vaxt bəyənməmişəm. Hətta rusların tanınmış aktyorlarının iştirakı ilə gördüyüm tamaşalarda belə darıxmışam: pyes saqqız kimi uzanıb-uzanıb dilxor eləyib məni. Hərçənd bu dəfə canlı seyrçi marağı ilə izlədim tamaşanı və başladım pyesi Bəhramın oxuduğu kimi oxumağa. Elə onda aşkarladım ki, bu pyes improvizələr üçün əsl xəzinədir... və rejissor da bundan kefi istədiyi və peşəkarlığının icazə verdiyi qədərincə faydalanıb.

Öncə onu deyim ki, quruluşçu rejissor tamaşanı pyesin mətninə xələl gətirmədən tam şəkildə azərbaycanlı davranışının, azərbaycanlı plastikasının, azərbaycanlı düşüncəsinin, azərbaycanlı qavrayışının müstəvisinə köçürüb və onu əvvəldən-axıracan bir karikatura kimi sərgiləyib: sanki personajlar canlı, orqanik ünsiyyətdən məhrum edilib, müəyyən səciyyə əsasında avtomatlaşdırılıb; əvəzinə isə faktura və funksiya gücləndirilib, bədii şişirtmə, buffonada səviyyyəsinə çatdırılıb. Aktyorların ifa tərzi də buna uyğunlaşdırılıb. Onlara imkan verilib ki, rejissorun təklif etdiyi faktura və funksiya kontekstində oyun qurub improvizə eləsinlər.

Bu da alınıb. Məsələn, Yaiçnitsa aktyor Elçin Həmidovun ifasında dönüb olub xalis yumurta adam: o, səhnədə yerimir, iri yumurta kimi ləngərli-ləngərli gəzişir və hətta... yumurta kimi “danışır”, yumurtalaşır. Lakin bu da aktyora bəs eləmir: o, Yaiçnitsanı qaxsımış, lax yumurta kimi “oynamaqla” öz məmur personajının evlənmək şansını apriori sıfra endirir. Bu, Elçinin öz aktyor karyerasında ən uğurlu işidir. Əhsən Bəhrama ki, aktyordan istədiyini yüzdə yüz yapa bilib, mənalar bolluğuna çıxa bilib.

Eləcə də Şükufə Yusupova, bizim pərqu aktrisamız. Səhnə onun üçün həmişə bulud timsalıdır. Bulud üstündə gəzişən kimi gəzişir Şükufə səhnədə... Bu dəfə o, aradüzəldən elçi qadın Fyokla İvanovnanı tülkü mahiyyətində və plastikasında çıxarıb səhnə məkanına. Onun personajı tülkü qədər yumşaq, tülkü qədər ehtiyatlı, tülkü qədər cilvəli və elastik görünür seyrçilərə. Fyokla İvanovna Şükufə xanımın təqdimatında tülkü-tülkü davranan nağıl personajıdır, küpəgirən qadın Baba Yaqa variantıdır. Plastikada və geyimdə bunun bildiriciləri yetərincə... sadəcə, müşahidə etmək gərək...

Quruluşçu rejissior öz yığma komandası ilə birgə Qoqolun “Evlənmə” komediyasını yox, onun kontekstini oynayır: yəni biz “slavyanlaşmağa” iddia eləmirik, azərbaycanlı olaraq qalırıq və rus ədəbiyyatının klassik mətnini milli teatr mədəniyyəti parametrlərində təcrübədən, sınaqdan keçiririk. Ona görə səhnədə məişət minimaldır, etiket minimaldır: yalnız geyim detalları, fonda görünən rus şəhərinin “kölgələşdirilmiş” silueti, bir də ştangetlərdən asılmış uzun, ağ dəsmallar haradasa rusluğu eyhamlaşdırır. Təbii ki, qarmonu da, milli rus geyimində səhnəyə çıxarılmış rus qarmonçusunu da, rus milli rəqslərini ifa edən balet artistlərini də bu siyahıdan kənar etmək olmaz. Bundan, yəni rusluğu eyhamlaşdırmaqdan, əlavə onlar həm də tamaşada zarafat leytmotivinin daşıyıcılarıdır. Məhz bolluca zarafat elementləri təhlilin ciddiliyini “pərdələyib” arxa planda saxlayr. Çünki bu təhlilin pyesdən qopardığı mənalar üzlənib aşkarlansa əgər, tamaşa göz yaşı ilə qurtarar, melodramatik olar.

Tutalım, Nikolay Vasilyeviçin, allah sənə rəhmət eləsin, nəsillərə göndərdiyi bir mesaj: status, vəzifə insanı “ölü canlar” sırasına qata bilər. Belə ki, insan statusa, vəzifəyə görə yaşayanda mexanizmə çevrilir, cansızlaşır və müqəvva olur. Qoqolun saray müşaviri (çar Rusiyasında yeddinci dərəcəli mülki rütbə) Podkolyosin də elə bu səbəbdən arvad almır. O, iki od arasında qalıb, bilmir neyləsin. Bir tərəfdən ehtiyatlanır ki, evlənər, amma işi uğurlu alınmaz, qızın cehizi yetərli olmaz və o, urvatdan, gözdən düşər. Digər tərəfdən isə Podkolyosin pyesin əvvəlində məhz statusa görə evlənmək istəyir, statusa görə toya hazırlaşır və sonucda yenə statusa görə sözünü dəbbələyib evlənməkdən boyun qaçırır.

“Evlənmə” tamaşasının konseptual yeniliyidir Podkolyosin Qurban İsmayılovun ifasında.Qurbanın personajı evlənmir ona görə ki, sadəcə, tənbəl və qorxaqdır, bəlkə də patoloji qorxaqdır, haradasa Oblomov variantıdır: öz fikri, rəyi olmayan, başqalarından asılı birisidir; külək hayana əssə, o yana da əyilir. Elə beləcə də bir azcana havalı kimi, bir azcana çaşqın, bir azcana axmaq kimi, bir azcana sofu kimi oynayır akyor bu obrazı. Amma “sofu soğan yeməz, yesə də qabığını soymaz!” Bəhramın tamaşa versiyasında da Podkolyosin, necə ki onu Qurban təqdim edir, coşmağa da, qafqazlı ehtirası ilə qadına yanaşmağa da qabildir, evlənməyə də. Lakin cəmi bir anlığa. Saniyə, dəqiqə ötüşdümü, ehtiras söndümü, Podkolyosin düşünəcək və fikrindən daşınacaq, sofuluğunu xatırlayacaq və tamam öz soyadının mənasına uyğun davranacaq. Qapıdan çıxmağa utanıb, pəncərəni seçəcək. Səhnə fırlanacaq, bayaqdan arxada qoyulmuş iri formatlı pəncərə önə gələcək və Podkolyosin ayağını aşırıb pəncərədən küçəyə hoppanacaq.

Bax, elə buradaca rejissor B.Osmanov sanki balaca pauza götürür və küçəyə tullanmış Podkolyosini, – Qurban İsmayılovu, –işıq topasının altında “yaxalayır”, iztirabdan qurtulmuş personajın üzünü elə bil ki iri planda seyrçilərə yaxınlaşdırır.

“Ura, azadlıq. Hayıf deyil, yaxşı qurtardım türmədən”?! Rejissorun verdiyi mizanı bu cür də mənalandırmaq mümkün. Çünki növbəti mizanda Podkolyosin seyrçi salonundan yüyürüb gözdən itəcək, insanlar arasında itib batacaq.

Pyesdə Podkolyosin arabaçıya iki şahı verib evlənmə “zülmü”ndən (oxu: “cinayət yeri” kimi) qurtulur və karetaya əyləşib yox olur. “Kareta verin mənə, kareta!” Niyə məhz Podkolyosini Qoqol karetaya mindirməliydi? Bu saray müşaviri həmən o Çatskinin oğlumu, nəvəsimi? Yenədəmi “Ağıldan bəla” əhvalatı? Bəlkə Bəhram Osmanov pyesin belə yozumunda ruslardan daha yaxındır Qoqolun həqiqətinə?

Hər halda Bəhramın bu mizanı heç də birmənalı qavranılmır: çünki burada Podkolyosinə münasibətdə bir bəraət jesti gizlənib. Bəs kimdən qaçır Podkolyosin? Bəhramın “Evlənmə” versiyasında – Barbidən. Çünki aktrisa Məleykə Əsədovanın ifa tərzində və görkəmində rusluq və ya marfuşalıq heç nə ilə özünü sezdirmir. Aqafya Tixonovna xanım Məleykənin təqdimatında oyuncaqlar vitrinindən təzəcə götürülmüş Barbi kuklasını xatırladır. Bir sözlə, aktrisa tamaşa boyu düşüncə vektorunda problemləri olan xalis Hollivud gözəlçəsini oynayır. Tez-tez göz qırpmalar, mexaniki jest və hərəkətlər elə bunun əlaməti. Aqafyanı Barbi kimi təqdim etmək ideyası əla tapılıb tamaşada: Sofu və Barbi... maraqlı uzlaşdırmadır! Sofu, sən bir işə bax, cansız kukla Barbidən qaçır! Lakin ara-sıra olur ki, aktrisa öz içinin romantik palitrası, lirik danışıq intonasiyaları ilə bacara bilmir və tamaşanın konsepsiyası çərçivəsində müəyyənləşmiş rol partiturasından çıxır. Barbinin, yəni Aqafya Tixonovnanın, bu tamaşada ədaları, davranışı nə qədər çox qrafik olarsa, tamaşa bundan yalnız qazanar. Hərçənd mən hökmən vurğulamalıyam ki, Aqafya Tixonovna Məleykə Əsədovanın sənət ömrünün son dərəcə uğurlu bir məqamıdır. Çünki Bəhram Osmanov bu xanımda tamam yeni bir keyfiyyət, – komediya oynamaq, səhnədə ironik olmaq bacarığı, – aşkarlayıb.

Mən hər dəfə Bəhramın qurduğu tamaşalarda onun aktyorları necə ustacasına “restavrasiya” elədiyinin, “diriltdiyinin” şahidi oluram. Bu dəfə də belədir. Amma bunu xırdalamamışdan öncə gərək bir-iki məsələyə də toxunum: birinci; hamı mətni əla mənimsəyib, özünküləşdirib, diləyatımlı eləyib, baxmayaraq ki, tərcümə Sabit Rəhmanın köhnə tərcüməsidir. İkincisi: rol bölgüsü son dərəcə peşəkar dəqiqliklə, yüksək rejissor zövqü ilə və hətta haradasa qəfil və gözlənilməz bir istiqamətdə aparılıb. Üçüncüsü: aktyorların müxtəlif teatrlardan yığılmasına rəğmən tamaşada oyun tərzi vahid karikaturaçı ifa manerasına köklənib. Busa artıq əsl buffonada astanasıdır. Buffonada isə aktyorların fokus elementlərindən istifadəsini belə mümkünləşdirir.

İndi gələk “restavrasiya” məsələsinə. Elə aktyorlar var ki, onları “sındırmaq”, dəyişmək mümkünsüzdür. Misal üçün Arif Quliyev. O, rejissora çox diqqətlə qulaq asa bilər, amma səhnəyə çıxan kimi yenə öz bildiyini eləyəcək. Odur ki, bu tip aktyorlardan yalnız ustalıqla faydalanmaq lazımdır. “Evlənmə” tamaşasında da Arif Quliyev hamımızın tanıdığı elə həmin Arif Quliyevdir. Sadəcə, bu səhnə oyununda onun yeri konkret çərçivələrlə hüdudlanıb. Hətta tamaşanın birinci hissəsində rejissorun Jevakin Baltazar Baltazaroviçə geyindirdiyi ağır dənizçi şineli haradasa “arifliyi” “söndürməyə” yardımçı olur. II hissədə Arif Quliyev elə ki, şineli əynindən çıxarır, həməncə keçir solo buffonada nömrələrinə. Yaxşı ki, bu tamaşanın bütövlüyünə heç bir xələl gətirmir. Çünki personajların hamısı karikaturadır, Stepan və Dunyaşkadan savayı... Dediklərimi haradasa Ramiz Məmmədova (Anuçkin), Çingiz Əhmədova (Koçkaryov) da ünvanlamaq olar. Xüsusilə, bu Çingiz Əhmədova aiddir. O, bütün tamaşa boyu “toylar kralı” enerjisini “püskürür”, az qala səhnədə “diktator sərpayı” rolunu ifa edir. Halbuki Koçkaryov da o birilərin tayıdır. Əgər “dostunu mənə göstər, deyim sən kimsən” məntiqinə istinad eləsək, onda görəcəyik ki, elə Koçkaryovun özü də Podkolyosin variantlarından biri olmalıdır.

Bütün bunlardan sonra məndə belə bir təəssürat yarandı ki, tamaşanın konseptual həlli axıracan işlənilməyib; tamaşanın fikir partiturasında vurğular yayğındır; musiqi, işıq, rəqslərlə çalışmalar sona yetirilməyib. Axı bir az da səy göstərilsə, tutalım, Starikovun yeri mizan və ifa partiturasında dəqiq tapılsa, Çingiz Əhmədovun oyunu ansambla uyğunlaşdırılsa, motivlərin (hər personaj bir ideya, bir motiv kimi) rus xalq musiqisilə reprezentasiyası səlis qaydasına salınsa, akyorların ifasında azacıq korrektələr aparılsa, Bəhram Osmanovun Musiqili Komediya Teatrında qurduğu “Evlənmə” həngaməsi əla tamaşaya çevrilə bilər! Sonra da get, lap rusların özlərini dəvət elə tamaşaya: bəyəniləcək!

 

 

Aydın TALIBZADƏ

 

525-ci qəzet.- 2011.- 5 mart.- S.14.