Mənim “Ruhlar Şəhəri”m
“Ümidini
itirənin itirməyə başqa nəyisə qalmaz” – deyib
bir müdrik. Biz də 18 ildir ki, hər gün, hər dəqiqə,
hər an Qarabağa – Ağdama qayıdacağımız
günə ümid edirik. Və bu ümidimizi də Qarabağ
kimi əllərimizdən buraxmaq niyyətində deyilik. Mən
o müqəddəs torpaqda – Ağdamda doyunca gəzib,
havasını içimə çəkib, göz yaşı
kimi duru sularından içməmişəm. Allahım mənə
Ağdamda doğulmaq, ağdamlı olmaq nəsib etsə də,
vətənimi tanımaq, dağlarına, düzlərinə
uzanan yollarını, cığırlarını öyrənmək
imkanı vermədi. Uşaqlığımın dumanlı
yaddaşında yalnız iki ünvan qalıb: Qızıl Əsgər
küçəsi və İmarətin həyəti. Amma mən
Ağdamı doğulduğum gündən bəri sevdim.
“Haralısan?” sualını verənlərə
“Ağdamlıyam” cavabını verməyin ləzzətini, fəxarətini
anlatmağa layiqli cümlələr qura bilmirəm. Amma bir o qədər
də xəcalət çəkirəm. Ona görə ki,
Ağdamsız ağdamlı olmağın dərdi də, xəcaləti
də, nə yerə, nə göyə, nə də
yumruğum boyda ürəyimə sığmayacaq qədər
böyükdür. Vətənimdən qoparılıb qəribliklərə
atılanda 5 yaşındaydım. Vətən nədi, torpaq nədi,
dost nədi, düşmən nədi bilmədiyim
yaşımda ilk öyrəndiyim, hiss etdiyim duyğu qorxu, təlaş
oldu. Qorxunun təsirindən hədəqəsindən
çıxan gözlərimindəki parıltı indiyə
kimi yadımdan çıxmır. Anamın bizi
ayaqqabılı yatırtdığı, nənəmin hər
gün ağı deyib şəhidlərə laylay
çaldığı, başımızın üstündən
qırıcıların, mərmilərin uçuşduğu
illərdə uşaq oldum mən. Qorxunun təsirindən titrəyərək
qısıldım anamın soyuq qoynuna. Anamın isti
qucağı hər gün axıtdığı göz
yaşlarından islanıb buz bağlamışdı sanki. Ağlım
yenicə dünyanı, həyatı dərk etməyə
başladığı vaxtlarda ağlaşma, ah-nalə,
güllə səsləri ilə, faciə nağılları
ilə, qaçhaqaçda, qovhaqovda böyüdüm. Çox
kitab oxudum Ağdamla bağlı, çox hekayələr,
nağıllar eşitdim. Amma bu yaxınlarda ruhlarımızın,
ölülərimizin şəhəri olan, yağılara əsir
düşən qara bəxtli Ağdamın ağ günlərindən
bəhs edən daha təsirli bir kitab oxudum – Vahid Qazinin “Ruhlar
Şəhəri” kitabını. Əslində bu kitabdakı
yazılar təkcə müəllifin Ağdamlı günlərinin
xatirələrindən ibarət deyil. Bu kitabda tinbətin,
döngəbədöngə, küçəbəküçə
Ağdam təsvir olunub. İnsanların
mehribanlığını, istiqanlılığını,
bir-birinə olan sevgisini duydum mən bu kitabda. Oxuduqca
Ağdamı gəzdim, bir səhifədə öz evimizi, bir
səhifədə nənəmgilin evini, bir səhifədə
getdiyim bağçanı, bir səhifədə ata-anamın
oxuduğu məktəbi, bir səhifədə
doğmalarımın ünvanlarını tapdım. Hara,
hansı küçə ilə getmək lazım olduğunu
öyrətdi bu kitab mənə. Düzdü, indi Ağdam
yerlə yeksan olub. Nə tini, nə küçəsi
qalıb. Amma Vahid müəllimin yazılarından ümid
qığılcımları səpildi könlümə.
Düşünürəm ki, Vahid Qazi məndən və
yaşıdlarım olan ağdamlılardan qat-qat xoşbəxtdir.
Xoşbəxtdir ki, onun Ağdamla bağlı bir kitablıq
xatirələri var. Dərdliyik, yaralıyıq. Bəlkə
də səsimizi dünyaya çatdıra bilməkdə
acizik. Amma ən azından buna sevinməliyik ki,
Qarabağın-Ağdamın bizim olduğunu sübut edəcəyimiz
saysız dəlillərimiz var. Bu dəlilləri beynində,
ruhunda daşıyanlar var, Vahid Qazi var. Biz
gözümüzü müharibəyə açdıq.
Çoxumuzun dili qəriblikdə söz, ayağı qürbətdə
addım tutdu. Çoxumuz ağdamlı ata-analarımızdan
bakılı, şəkili, gəncəli, imişlili kimi
doğulduq. Bizim qismətimizə, bayramlardan çox, faciələri
qeyd etmək yazıldı. Bizim xatirələrimizdə
çiçəkləri qurumuş, otları saralmış,
ağacları kötüklərə çevrilmiş,
bulaqlarına, çaylarına qan qarışmış
Ağdam var. Amma Vahid Qazinin xatirələrindəki Ağdam
al-əlvan, canlı, toylu-bayramlıdır. “Ruhlar şəhəri”ni
oxuduqca sanki Vahid müəllimlə bir vaxtda yenidən
doğuldum, onunla dil açdım, ayaq açdım. Onunla məktəbə
getdim, oxudum, oynadım, kinoya baxdım...
Vahid Qazinin yazılarına
nabələd deyiləm. Həmişə olmasa da,
ara-sıra “525-ci qəzet”dəki məqalələrini
oxuyurdum. Onun yazılarında pafoslu cümlələr,
beynimizin, qulaqlarımızın doyduğu sözlər yoxdur.
Bəziləri kimi “asaram, kəsərəm, düşmənin
qanını içərəm” yazmır. Çeynənmiş
sözlər işlətmir, gözdən pərdə asmaq
üçün tarixin yaddaşını qurdalamır.
İntiqam hissi yaratmaq üçün qan saçan hekayələr
qurmur. “Ruhlar şəhəri” kitabı Vahid Qazinin, bizim
ruhumuzun eləcə də Ağdamın səmalarında
dolaşan əsir ruhların fəryadının səsidir.
Yalnız rəsmindən tanıdığım bu insanın
üzündəki qəriblik ifadəsi həmişə diqqətimi
çəkib. Vahid müəllimin simasında dərdin cizgiləri,
həsrətin xəritəsi görünür. “Baxmayaraq ki,
ermənilər bizim millətə qarşı görülməmiş
vəhşiliklər törədib. Mən heç bir zaman erməni
başı kəsə bilmərəm”.
Kitabın təqdimatında Vahid müəllimin işlətdiyi bu cümlə onu mənim aləmimdə bir pillə də ucaltdı. Ona görə ki, bəziləri kimi, hap-gop eləyib, sonra da qaçıb gizlənmir. Bəli Vahid Qazi düşmənin başını sözü, əməli ilə kəsir. “Qafqaz Xirosiması” ilə, “Ruhlar şəhəri” ilə... Kitabın sonunda yer alan “Xəyal memarı” essesi Ağdama gedəcəyimiz günün ümidlərinin yaşıl yarpaqlarıdır. O yarpaqlar kimimizin qəlbində hələ tumurcuqdu, kimimizin qəlbində pöhrələnib, kimimizin də qəlbində gündən-günə böyüyür. Amma heç birimizin qəlbində xəzan olmayıb və nə qədər ki, qəlbimizdəki bu ümid yarpaqları vətənə məhəbbət bulağından su içir, deməli, heç zaman solub, məhv olmayacaq.
Günel CABİRQIZI
525-ci qəzet.- 2011.- 5 mart.- S.10.