“Qərbin hər zaman ehtiyat variantı olub”
ELÇİN AĞAMALI: “AZƏRBAYCANIN TÜRKİYƏ
İLƏ VİZA REJİMİNİN LƏĞVİNDƏN
İMTİNA ETMƏSİNİN SƏBƏBİ BUDUR...”
Ana Vətən Partiyasının Beynəlxalq məsələlər
üzrə sədr müavini Elçin Ağamalının
“Qafqazinfo”ya müsahibəsi
– Partiyanın beynəlxalq əlaqələrinə
məsul şəxs kimi Yaxın Şərqdə baş verən
proseslərə münasibətiniz necədir?
– Yaxın Şərq regionu
və Şimali Afrika ölkələri hazırda
dünyanın inkişafına təkan verən ən
mühüm regionlardan biridir. Bu da həmin ölkələrdə
mövcud olan böyük neft ehtiyatları ilə əlaqədardır.
Neft ehtiyatları dünyada inkişafa təkan versə də
təəssüflə qeyd etmək lazımdır ki, həmin
ölkələr neft satışından əldə olunan vəsaitləri
öz xalqlarının güzəranının
yaxşılaşdırılması üçün səmərəli
istifadə edə bilməyiblər. Bu ölkələrdə,
xüsusən Şimali Afrika ölkələrində keçən
əsrin 50-ci illərindən sonra dəyişən geopolitik
maraqları nəzər alsaq, sözügedən ölkələr,
əsasən Fransanın maraq dairəsinə daxil idi. Bu
günədək Fransanın maraqları xüsusilə Əlcəzair
və Tunis kimi ölkələrdə özünü daha
aydın göstərirdi. Hüsnü Mübarəkin Misirdə
hakimiyyətə gəlməsindən sonra isə bu ölkə
daha çox Amerika maraqlarının təhkim olunduğu
ölkəyə çevirilmişdi. 1969-cu ildə
Liviyadakı çevrilişdən sonra hakimiyyətə gələn
Qəddafi Sovet İttifaqı ilə geniş əlaqələr
qurmağa başlayaraq, Fransa və ümumiyyətlə Qərb
maraqlarının Şimali Afrikada təmin olunmasına
qarşı inadla çıxış etməyə
başlamışdı. Faktiki olaraq, neftdən gələn gəlirlər
keçən əsrin 80-ci illərindən əsasən
dünyadakı terrorist qruplarının maliyyələşməsinə
xərclənmiş və hakmiyyətdə olan qüvvələrin
şəxsi vəsaitinə çevrilmişdi. Vəsaitin bu
cür öz xalqının rifah halının
yaxşılaşdırılmasına deyil, digər istiqamətlərdə
xərclənməsi təbii ki, uzun illər ərzində
insanların narazılığının artmasına,
üst-üstə toplanmasına və sonra bu cür
partlayışlara səbəb olmuşdu. Eyni sözləri
qonşu ölkələrdə də Yəmən, Tunis, Misirdə
gedən proseslərə aid etmək olar.
– Bu çaxnaşmaları Qərbin
başlatdığını demək doğru olarmı?
– Sırf Liviyadakı prosesləri
deyirsinizsə 2003-cü ildə İraqda baş verən hadisələrdən
sonra Qəddafi Amerika ilə, ümumiyyətlə Qərb aləmi
ilə münasibətlərinin düzəldilməsinə
çalışmışdı. Bir çox Liviya vətəndaşları
tərəfindən törədilən, birbaşa Qəddafinin
əlinin olduğu iddia edilən terror aktlarında ölən
Qərb vətəndaşlarına kompensasiyaların verilməsinə
başlanmış, ölkə sərhədləri
açılmış, xarici şirkətlər ölkəyə
buraxılmışdı. İstər Amerika olsun, istər digər
böyük Qərb ölkələri, onlar hər zaman
iqtidarla yanaşı, müxalifətlə də geniş əməkdaşlıq
edirlər. İqtidardan sonra hakimiyyətə gəlmək
ehtimalı olan bütün qüvvələrə istər
maddi, istərsə də mənəvi dəstək verirlər.
Bunun ən bariz nümunələrindən biri vaxtilə həm
Tunis, həm Liviya, həm də Misirdən xaricə
qaçmaq məcburiyyətində qalmış siyasi partiya
nümayəndələri və liderlərin əksəriyyəti
həmin Qərb bölgələrində sığınacaq
tapmış və öz ölkələrinin rəhbərlərinə
qarşı mübarizələrini davam etdirmişlər. Amma
Tunis, eləcə də Misirin devrilmiş rəhbərlərinin
Fransa, Amerika ilə geniş əlaqələri olub. Qərb
ölkələrinin isə hər zaman ehtiyat variantları
olub. Yəni, bu hakimiyyətdən sonra hakimiyyətə kimlər
gələ bilər. Bu çaxnaşmaların sırf Qərb
tərəfdən
qızışdırıldığını və
başlandığını sanmıram. Hesab edirəm ki, bu
uzun illər boyu toplanmış, neçə illərdir həll
olunmayan problemlərin sonunda baş verən bir sosial
partlayışdır.
– Azərbaycanın dəyişiklik
baş verən ölkələrin risk qruplarına aid edilməsi
fikrinə münasibətiniz necədir?
– Bu fikirlə qətiyyən
razı deyiləm. Birinci ona görə ki, həmin ölkənin
rəhbərləri ilə bizim ölkənin rəhbəri
arasında fərq böyükdür. Azərbaycan iqtidarı
istər neft gəlirlərini, istər digər gəlirləri
insanların sosial rifahlarının
yaxşılaşdırılmasına sərf edir. Həmin
dövlətlərdən fərqli olaraq, Azərbaycan çox
gənc dövlətdir. Ancaq buna baxmayaraq, bu gün Azərbaycanda
turizm, regionların sosial-iqtisadi, inkişafı insanların həyat
səviyyəsinin yüksəldilməsi ilə bağlı,
sosial müdafiəyə ehtiyacı olan insanların sosial vəziyyətinin
yaxşılaşdırılması ilə əlaqədar, həmçinin
təhsillə bağlı böyük layihələr həyata
keçirilir. Mən bu gün Azərbaycanda belə bir riski,
kütləvi narazılıq olduğunu təsəvvür
etmirəm. Bu gün Azərbaycanı həmin risk qrupuna daxil
edən şəxslərin siyasi vəziyyəti kifayət qədər
düzgün analiz etməsinə, həmin ölkələrdə
baş verən hadisələri köklü bilmələrinə
şübhə ilə yanaşıram. Bu fikirləri irəli
sürənlər sadəcə olaraq, hansısa bir analizə əsaslanmır,
eyforiya ilə danışırlar.
– Azərbaycanda bir qrup
müxalif partiyalar etiraz aksiyalarına hazırlaşırlar.
Bu barədə nə deyə bilərsiniz?
– Azərbaycan demokratik bir
ölkədir. Zaman-zaman müxalif qüvvələr öz
fikirlərini ifadə etmək üçün dəfələrlə
mitinqlər keçiriblər. Dövlətimiz də o mitinqlərin
keçirilməsi üçün geniş meydanlar
ayırıb. Müxalifət nümayəndələrinin
keçirdikləri mitinqlər hamıya bəllidir. Həmin
mitinqlərə bir neçə min nəfərdən
artıq adam toplaşmayıb. Mitinqlərə gələn
adamların sosial bazasını hamımız bilirik. Onlar
vaxtilə hakimiyyətdə olmuş, sonra hakimiyyətdən
getmiş və həmin hakimiyyətə qayıdış
arzusundadırlar. Mən həmin mitinqlərin böyük bir
auditoriya yığacağına inanmıram. Bu mitinqlər də
həmin müxalifət nümayəndələrinin öncə
təşkil etdiyi mitinqlərdən fərqlənməyəcək.
Bir neçə min insan toplayıb, öz fikirlərini səsləndirib
dağılışacaqlar. Bu mitinqlərdən qorxmağa,
çəkinməyə ehtiyac yoxdur. Azərbaycan demokratik
ölkədir. Hər bir siyasi qüvvə öz
maraqlarını ifadə etmək üçün bu cür
mitinqlər keçirə bilər. Azərbaycan iqtidarı da
buna yetərincə şərait yaradır.
– İnqilab baş verən
ölkələrdə əsas rolu sosial şəbəkələr
oynadı. Bir neçə müddətdir ki, Azərbaycanda da
sosial şəbəkələrdə mitinqlə bağlı
çağırışlar edilir. Bizdə bu əhaliyə nə
qədər təsir edə bilər?
– Doğrudur, Şimali Afrika
ölkələrində baş verən hadisələrin
qaynağı sosial internet şəbəkələri vasitəsilə
olub. Səbəbi odur ki, həmin ölkələrdə
müxalifət və müxalifət qəzetləri yox idi. Eləcə
də onlar öz fikirlərini azad şəkildə ifadə
edə bilmirdi. Ona görə də, onlar sosial şəbəkələrdən
istifadə edib, insanları mitinqlərə dəvət edirdilər.
Azərbaycanda bu gün müxalifət partiyaları var, fəaliyyət
göstərirlər. Özlərinin xeyli sayda qəzetləri
var. İstədiklərini yazırlar, öz fikirlərini ifadə
edirlər. Orda baş verən hadisələrlə Azərbaycanın
durumunu müqayisə etmək qətiyyən düz deyil. Hadisələrin
kökünü analiz etmədən burda da “kopyalama işi” ilə
məşğul olmağa çalışırlar. Bunu,
artıq yenidən onların iflasa uğramasının
göstəricisi kimi qeyd etmək olar. Sosial şəbəkələrdən
istifadə edilməsinin səbəbini bilmədən burda da
eyni şeylərə cəhd etmək Azərbaycanda müxalifət
nümayəndələrinin fantaziyasının
kasadlığından xəbər verir. Onlar sərbəst fəaliyyət
göstərirlər, az da olsa rayon və şəhər təşkilatları
var. Və belə bir şəraitdə sosial şəbəkələrdən
istifadə edilməsini anlamaq çətindir.
– Bəs AXCP fəallarından
olan Cabbar Savalanı niyə həbs ediblər?
– Biz əgər Qərb dəyərlərindən
danışırıqsa, ilk öncə qanuna hörmət etməkdən
başlamalıyıq.
– Adını çəkdiyim
gənci narkotikə görə həbs ediblər. Partiya isə
iddia edir ki, gənci siyasi fəaliyyətinə görə həbs
edilib.
– Mən o, şəxsin siyasi arenada, müxalifət nümayəndələri arasındakı siyasi çəkisini bilmirəm. Mənim üçün yeni addır. Əgər iqtidar hansısa müxalifət nümayəndəsi ilə mübarizə aparmaq istəyirsə, onun birinci, ikinci, üçüncü, beşinci dərəcəli funksionerləri dura-dura hansısa bir sıravi üzvünü narkotik adı ilə həbs etdirməsi ona heç nə verməz. Ona görə də mən bu iddia ilə razılaşmıram. Bu, radikal müxalifətin çoxdankı peşəsidir. Müxalifət daim hər hansı bir cinayət əməllərində, hüquq pozmalarında həbs olunmuş üzvlərinin siyasi baxışlarına görə həbs olunduğunu iddia edir. Dəfələrlə televiziyadan izlədiyimiz müxalifətin ermənilərlə əməkdaşlıq etmək istəyən üzvü Ruslan Bəşirlini misal kimi xatırlatmaq istəyirəm. Bu gün onun siyasi baxışlarına görə həbs olunduğunu deyirlər. Əlahəzrət fakt isə başqa şərh verir. Ənənəvi tendensiyalarla radikal müxalifət qərbdə özünə rəğbət və dayaq yaratmaq məqsdədi güdür.
Ümumiyyətlə, Azərbaycanda siyasi baxışlarına görə həbslərin olması fikrinin tamamilə əleyhinəyəm. Çünki müxalifət partiyalarının sədrləri, müavinləri, məclis üzvləri rayon təşkilatının sədrləri, hətta kənd təşkilatı sədrləri belə həbsdə yox, siyasi fəaliyyətlərini davam etdirmək üçün sərbəstdirlər. .
– Partiyanızda dünyada baş verən hadisələri müzakirə edirsiniz?
– Partiya sədri ilə, digər müavinlərlə də daim müzakirələrimiz olub, fikir mübadiləsi aparmışıq.
– Yəqin ki, bu proseslərin Azərbaycanda baş verməyəcəyi qərarına gəlibsiniz.
– Əlbəttə. Həmin ölkələrdə baş verən proseslər bu günlə bağlı proseslər deyil. Hadisələrin baş verdiyi ölkələr diqqət edin, birində prezident 30 il, birində 40 ildir hakimiyyətdədir. Onların artıq öz xalqlarına bir şey vermək üçün potensialı və imkanları yoxdur.
– Yəni, Azərbaycanda da iqtidar tutaq ki 40 il hakimiyyətdə olarsa, o hadisələrin baş verə bilər?
– Azərbaycanda o hadisələrin baş verməsi üçün gərək şərtlər mövcud olsun. Siyasi, sosial, iqtisadi şərtlər olmadıqdan sonra hansısa bir ərəb ölkələrində baş verən hadisələri mütləq biz də bir müsəlmanıq deyə, bizə də aidiyyəti var demək düzgün yanaşma deyil. Digər tərəfdən söhbət fərdlərdən gedir, siyasi komandadan yox.
– Azərbaycan Türkiyə ilə viza rejimini lğv etməkdən imtina edib. Siz bunu necə qiymətləndirirsiniz?
– Bu gün Azərbaycan qonşu dövlətlə münaqişə vəziyyətindədir. Azərbaycanın bu məsələyə yox deməsi sırf dövlətçilik, təhlükəsizlik maraqlarından irəli gəlir. Bilirsiniz ki, istər Türkiyə olsun, istərsə də digər ölkələrdə çoxlu sayda soyadlarını dəyişmiş ermənilər yaşayır. Viza rejiminin ortadan qalxması ilə onların çox sərbəst şəkildə hərəkət etmək imkanları olacaq. Bu məsələyə hələlik yox deyilməsinin iki qardaş xalq və ölkə arasında münasibətlərin sərinləşməsi kimi deyil, sadəcə olaraq təhlükəsizliklə əlaqələndirmək daha düzgün olardı. Sadəcə olaraq yox cavabının verilməsini mən təhlükəsizliklə bağlı məsələlərlə əlaqələndirirəm. Hesab edirəm ki, vizanın verilməsi də uzun çəkən proses deyil. Türkiyə vətəndaşları Azərbaycana gəldikdə asanlıqla müəyyən proseduru keçməklə viza əldə edə bilirlər.
ELÇİN AĞAMALI
525-ci qəzet.- 2011.- 5 mart.- S.9.