Azərbaycanda orta ixtisas təhsili:
inkişaf üçün məqsədyönlü
addımlar atılır
Ölkənin sosial-iqtisadi
inkişafı ilə bağlı məsələlərin həllində,
formalaşan bazar münasibətləri şəraitində
şəxsiyyətin və cəmiyyətin təhsilə olan
tələbatının ödənilməsində orta ixtisas
təhsilinin özünəməxsus yeri var. Təhsilin
bu pilləsi iqtisadiyyatın müxtəlif səhələrinin
ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol
oynayır. Orta ixtisas təhsili ölkədə milli təhsil
sisteminin nüfuzunun yüksəlməsində və cəmiyyətin
intellektual potensialının formalaşmasında əhəmiyyətli
rola malikdir. Bu təhsil kifayət qədər kütləvi
ixtisas təhsili kimi vətəndaşların təhsil və
mədəni səviyyəsinin yüksəldilməsinə
xidmət edir. Onun əsas üstünlüklərindən biri
də odur ki, bu təhsilin məzmunu əmək
bazarının dəyişən şəraitinə və
işəgötürənlərin tələblərinə
daha tez uyğunlaşır, burada nəzəriyyəçilər
deyil, bilavasitə praktiklər hazırlanır. Hazırda bu
pillənin məzunları ölkədə sosial-iqtisadi
inkişafın aparıcı qüvvəsinə çevrilirlər.
Onların mürəkkəb texniki və texnoloji sistemlərin
fəaliyyətinin təmin olunması, informasiyaların
toplanması və işlənməsi sahələrində
rolu xüsusilə böyükdür. Belə mütəxəssislər
istehsalatda daha çox texnik, texnoloq, mexanik, elektrik,
elektronçu, proqramçı, konstruktor vəzifələrində,
maddi-texniki təchizat və məmulatlara texniki nəzarət
xidmətlərində, qeyri-istehsal sahələrində
uğurla çalışırlar. Təhsil naziri Misir Mərdanovun
sözlərinə görə, bir çox gənclər
müvafiq peşələrə yiyələnmək
üçün əlçatmaz olan ali təhsil müəssisələrinə
üz tutmaqdansa müasir tələblərə cavab verən
orta ixtisas təhsili müəssisələrini seçməyi
daha əlverişli hesab edirlər. Azərbaycanın 2010-cu il
statistik göstəricilərinə görə məşğul
əhalinin 10,9 faizini orta ixtisas təhsillilər təşkil
edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən təsdiq olunan Mütəxəssis Vəzifələrinin
və Digər Qulluqçuların Vahid Tarif-İxtisas
Sorğu kitabçasının təhlili göstərir ki,
müxtəlif vəzifələrin 55 faizinə həm ali, həm
də orta ixtisas təhsillilər, 16 faizinə isə
yalnız orta ixtisas təhsilli mütəxəssislər təyin
oluna bilərlər. Göründüyü kimi, bu gün orta
ixtisaslı kadrların geniş fəaliyyət spektri
mövcuddur və onlara ehtiyac böyükdür. Təhsil
naziri bildirib ki, hal hazırda ölkədə 55 dövlət
orta ixtisas təhsili müəssisələri fəaliyyət
göstərir. Onlardan 45-i nazirliyin tabeliyindədi. Bu müssisələrin
bir isə özəldir.
Dövlət orta ixtisas təhsili
müəssisələrinin 22-i Bakıda, 4-ü Gəncədə,
1-i Bərdədə, 1-i Astarada, 4-ü Şəkidə, 2-i
Şamaxıda, 1-i Zaqatalada, 1-i Lənkəranda, 1-i Ağcabədidə,
3-ü Naxçıvanda, 3-ü Sumqayıtda, 2-i Məngəçevirdə,
1-i Şirvanda, 1-i Ağdaşda, 1-i Sabirabadda, 1-i Göycayda,
1-i Qazaxda, 2-i Ağdamın, 2-i isə Şuşanın
işğal altında olmayan ərazilərində fəaliyyət
göstərir. Nazirliyin tabeliyində olan müəssisələr
Rəssamlıq Akademiyasının nəzdində İncəsənət
Kolleci, Bakı Texniki Kolleci, Bakı Neft – Energetika, Bakı
İdarəetmə və Texnologiya, Maliyyə – İqtisad,
Bakı Qida Sənayesi, Bakı Dövlət Sosial İqtisadi,
Dövlət Pedaqoji, Bakı Sosial Pedaqoji, Bakı Humanitar,
Kompüter, Milli Konservatoriyası nəzdində Musiqi, Bakı
Sənaye Pedaqoji və Sumqayıt Dövlət Texniki Kolleci. Həmçinin
Sumqayıt Musiqi Kolleci, Gəncə Texniki Kolleci, Gəncə
Humanitar, Gəncə Musiqi, Lənkəran Dövlət
Humanitar, Naxçıvan Musiqi, Şəki Pedaqoji, Şəki
Dövlət Texniki, Şəki Musiqi, Şirvan Dövlət
İqtisadiyyat və Humanitar, Ağdaş Dövlət
Humanitar, Ağdam Musiqi, Şamaxı Humanitar, Şuşa
Humanitar, Şuşa Musiqi, Astara Pedaqoji və Ağdam Dövlət
Sosial İqtisadi, Bakı Dövlət İqtisadi Humanitar,
Göyçay Dövlət İdarəetmə və
Texnologiya, Zaqatala Dövlət İdarəetmə və
Texnologiya, Bərdə Dövlət İdarəetmə və
Texnologiya, Qazax Dövlət Sosial İqtisadi, Tovuz Dövlət
Sosial İqtisadi, Naxçıvan Dövlət Texniki, Sabirabad
Dövlət Sosial İqtisadi, Şamaxı Dövlət Sənaye
İqtisad, Quba Dövlət Sosial İqtisadi, Bakı Rabitə
və Nəqliyyat, Dəniz Balıq Sənayesi, Ağcabədi
Pedaqoji və Azərbaycan Memarlıq və İnşaat
Universiteti nəzdində İnşaat Kolleci. M.Mərdanov
vurğlayıb ki, “Azərbaycan Respublikasında təhsil
sisteminin təkmilləşdirilməsi haqqında” prezidentin
müvafiq fərmanı ilə bir sıra dövlət
qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin
Təhsil Nazirliyinin tabeliyinə verilməsi təhsilin məzmununda
köklü dəyişikliklərin aparılmasına, kadr
hazırlığı strukturunun və təhsil müəssisələri
şəbəkəsinin təkmilləşdirilməsinə
geniş imkan yaradıb. Həmin dövrdə ölkədə
bir sıra texnikumların birləşdirilməsi nəticəsində
onların maddi-texniki bazası, pedaqoji kadr potensialı və
bu sahədə olan beynəlxalq təcrübə nəzərə
alınmaqla yeni tipli orta ixtisas təhsili müəssisələri
– kolleclər və təhsil komplekslərinin
yaradılmasına başlanılıb: “2001-ci ildə Təhsil
Nazirliyinin müvafiq əmri ilə “2001-2004-cü illər
üçün Azərbaycan Respublikasında orta ixtisas təhsilinin
İnkişaf Proqramı” təsdiq olundu və həyata
keçirildi. Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrinin
şəbəkəsinin təkmilləşdirilməsi
haqqında” qərarı ilə bir sıra orta ixtisas təhsili
müəssisələrinin fəaliyyəti
dayandırıldı, bir qismi birləşdirilərək
bazalarında yeni tipli tədris müəssisələri
(kolleclər) yaradıldı, bəzilərinin isə profilləri
genişləndirildi. 2009-cu ildə qəbul olunan “Təhsil
haqqında” Qanunun 21-ci maddəsində orta ixtisas təhsilinin əsasən
kolleclərdə, ali təhsil müəssisələrinin nəzdində
yaradılan müvafiq strukturlarda həyata keçirilməsi və
məzunlara subbakalavr dərəcəsinin verilməsi nəzərdə
tutuldu. Buna görə də təhsilin bu pilləsinin fəaliyyətini
tənzimləyən yeni normativ sənədlərin
hazırlanması zərurəti yarandı”. Nazirin dediyinə
görə, son illərdə bir sıra orta ixtisas təhsili
müəssisələri nazirlik, şirkətlər və
konsernlər, işəgötürənlərlə sıx əlaqələr
yaradaraq, onların köməyi ilə maddi-texniki bazanın
möhkəmləndirilməsində, dərs, dərs vəsaitlərinin
hazırlanmasında müsbət nəticələr əldə
ediblər. Məsələn, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə
Bakı Rabitə və Nəqliyyat Kollecində bir sıra dərslik
və tədris-metodiki vəsaitlər çap edilib, “Rabitə
sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri”
laboratoriyasında müasir tələblərə cavab verən
10 ədəd kompüter dəsti quraşdırılıb,
onlar lokal şəbəkə şəklində birləşdirilərək
geniş zolaqlı internet şəbəkəsinə
qoşulub, “Kompüter sistemləri və kompleksləri”
laboratoriyası da 10 ədəd müasir tələblərə
cavab verən kömpüterlə təchiz edilib. Bakı
Neft-Energetika Kolleci Neft Şirkətinin müvafiq qurumları
ilə sıx əlaqələr yaratmış, məzunların
işlə təmin olunmasında, istehsalat təcrübələrinin
keçirilməsində birgə tədbirlər həyata
keçirilib: “Milli Konservatoriyası nəzdində Musiqi
Kollecinin tələbələri ölkədə və ondan kənarda
keçirilən müsabiqələrdə uğurlu nəticələr
əldə edir, həmin müsabiqələrin laureatı
adını qazanırlar. Bu kollecin bir sıra tələbələrinin
adları ölukənin istedadlı gənclərinin
“Qızıl kitab”ına daxil edilib, onlar Prezident təqaüdünə
layiq görülüblər”. M.Mərdanov son 5 ildə orta
ixtisas təhsili müəssisələrində təhsil alan
tələbələrin sayı bir qədər
aşağı düşüb. Belə ki, 2005-2006-cı tədris
ilində tələbələrin sayı 55 min olduğu halda,
2009-2010-cu tədris ilində bu rəqəm 51,1 min nəfər
olub. 2005-2006-cı tədris ilində ödənişli əsaslarla
təhsil alan tələbələrin sayı 31,8 faiz təşkil
etdiyi halda, 2009-2010-cu tədris ilində bu rəqəm 37,8 faiz
olub. Son 5 ildə tələbələrin sayının
ölkə üzrə təxminən 4000 nəfər
azalmasına baxmayaraq ştatda olan müəllimlərin
sayı 307 nəfər artıb: “Göründüyü kimi,
2005-2010-cu illərdə tələbə qəbulu nisbətən
azalıb. Bununla bağlı bir məsələni qeyd etmək
istərdik.
Məlumdur ki, bir ali təhsilli
mütəxəssisə 2-4 orta ixtisaslı mütəxəssis
düşür. Məsələn, 1 həkimə 4 tibb
bacısı, 1 mühəndisə 2 texnik-texnoloq, tələb
olunur. Bu rəqəmlər inşaat, maşınqayırma, kənd
təsərrüfatı, nəqliyyat, neft-qaz sahəsində
daha yüksəkdir. Lakin 2010-cu il üzrə Azərbaycanın
statistik göstəricilərinə görə məşğul
əhalinin 21,5 faizi ali təhsilli olduğu halda, cəmi 10,9
faizi orta ixtisas təhsillidir. Bu da onu göstərir ki, ölkədə
bir ali təhsilli mütəxəssisə cəmi 0,5 orta
ixtisaslı mütəxəssis düşür. Belə bir
fikir də mövcuddur ki, əhali arasında orta ixtisas təhsili
almaq istəyənlərin sayı ilbəil azalır. Lakin təhlil
göstərir ki, 2005-2010-cu illərdə qəbul planı demək
olar ki, tam yerinə yetirilib. 2005-2010-cu illərdə ərizə
verənlərin sayı artmışdır. Belə ki, 2005-ci
ildə 1 yerə ərizə verənlərin sayı 2,1
olduğu halda 2010-cu ildə həmin rəqəm 3,1 nəfər
olub”. Təhsil naziri vurğulayıb ki, dövlət tərəfindən
ayrılan büdcə və ödənişdən əldə
olunan vəsaitlərin ilbəil artmasına baxmayaraq onların
həcmi bu təhsil müəssisələrinin
inkişafı üçün kifayət deyil. Məsələn,
2010-cu ildə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili
müəssisələrinə təmir üçün
ayrılan vəsait ümumi büdcənin 1,7 faizini təşkil
edir ki, bu da zəruri təmir işlərinin
aparılmasına kifayət etmir. Nəticədə həmin vəsaitlər
kolleclərin maddi-texniki bazasının inkişafını və
onun tədris avadanlıqları ilə təchiz
olunmasını təmin etmir. Bu vəziyyətdən
çıxmaq üçün Təhsil Nazirliyi tərəfindən
orta ixtisas təhsili müəssisələrinin cari və əsaslı
təmirinə ayrılan ümumi vəsaitin kolleclərin
hamısına deyil ilk növbədə təmirə zəruri
ehtiyacı olanlara istiqamətləndirilməsini qərara
alınıb. Bunun nəticəsidir ki, son illər bir sıra
orta ixtisas məktəblərində maddi-texniki bazanın
möhkəmləndirilməsi istiqamətində müəyyən
işlər görülüb. Belə ki, son illərdə
Ağdam Musiqi və Ağdam Sosial-İqtisad kollecləri
Ağdamın Quzanlı qəsəbəsində inşa olunan
yeni tədris binalarına köçürülərək
onlar zəruri avadanlıqlarla təchiz olunub, Azərbaycan
Dövlət Pedaqoji, Bakı Humanitar, Bakı Sosial – Pedaqoji, Azərbaycan
Milli Konservatoriyasının nəzdində Bakı Musiqi,
Ağdaş Dövlət Humanitar, Şəki və
Şuşa Musiqi, Şirvan Humanitar və İqtisadiyyat, Tovuz
Sosial-İqtisadi, Ağcabədi və Astara Pedaqoji və sair
kolleclərdə təmir işləri aparılıb, kabinə
və laboratoriyalar yeni avadanlıqlarla təmin edilib. Bununla
yanaşı bir sıra məktəblərin əsaslı təmirə
və istilik sistemlərinin yenidən
quraşdırılmasına ehtiyac var: “Orta ixtisas təhsili
müəssisələrində istehsalat təcrübəsi
Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Ali (orta
ixtisas) təhsili müəssisələri tələbələrinin
ixtisas üzrə təcrübəsinin keçirilməsi
haqqında Əsasnamə”nin tələblərinə uyğun
təşkil edilir. Bununla yanaşı orta ixtisas təhsili muəssisələrində
təcrübələrin təşkilində nöqsanlara yol
verilir.
Belə ki, bir çox hallarda təcrübə keçmək üçün müəssisələrlə bağlanan müqavilələrdə təcrübəyə göndərilənlərin sayı göstərilmir, təcrübə keçənlərin və təcrübə rəhbərlərinin vəzifə borcları qeyd olunmur, bəzi orta ixtisas təhsili müəssisələrində təcrübə rəhbəri kimi qeyri-ixtisaslı müəllimlər təyin olunur. Bir sıra ixtisaslar üzrə müvafiq müəssisələr müqavilə bağlamaqdan imtina etdiklərinə görə bu təcrübələr məktəblərdə keçirilməklə faktiki olaraq tədris təcrübələri ilə əvəz edilir”. M.Mərdanovun sözlərinə əsasən, təhsilin keyfiyyətini yüksəltmək, əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq, kadr hazırlığının strukturunu əmək bazarının tələblərinə müvafiq təkmilləşdirmək, istehlakçılarla işgüzar əlaqələr yaratmaq, büdcədənkənar vəsaitləri əldə etmək və sair bu kimi məsələləri həll etmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı”na müvafiq olaraq ayrı-ayrı orta ixtisas təhsili müəssisələri üzrə İnkişaf Proqramlarının hazırlanmasını təmin etmək lazımdır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 5 mart.- S.8.