Gövhər Baxşəliyeva:
“Azərbaycanda İslam
faktorunun perspektivi beynəlxalq şəraitlə
də bağlıdır”
MÜSAHİBİMİZ MİLLƏT VƏKİLİ,
PROFESSOR GÖVHƏR BAXŞƏLİYEVADIR
– Son zamanlar Azərbaycanda müxtəlif dini təşkilatların fəallığı müşahidə olunsa da, bütövlükdə İslam faktorunun siyasi həyatda aparıcı rol oynamaq ehtimalı zəifdir. Bu, ilk növbədə İslam dininin özü ilə deyil, həmin dindən siyasi ideologiya kimi istifadə etməyə çalışan qüvvələrin cəmiyyətdə tutduğu siyasi, iqtisadi, mədəni mövqeyi, həmin qüvvələrin qarşılıqlı münasibətləri ilə bağlıdır. Islam dinindən Azərbaycanda öz siyasi, iqtisadi mövqelərini möhkəmləndirmək məqsədi ilə istifadə etməyə çalışan xarici qüvvələr, demək olar ki, siyasi təşəkkül prosesinin erkən mərhələsini yaşayırlar və hələlik bir sıra kiçik qruplar yaratmağa nail olublar...
– Söhbət konkret olaraq hansı qruplardan gedir? – Bu deyilənlər ilk növbədə Türkiyə və Ərəb ölkələri islam təşkilatlarının fəaliyyətini xarakterizə edir. Onların fəaliyyətinin nisbətən zəif olması Azərbaycan əhalisinin dini strukturu və ilk növbədə azlıq təşkil edən sünni məzhəblərə istinad etmələri ilə bağlıdır.Bu baxımdan İranın Azərbaycanda təsir göstərmək imkanı daha genişdir, çünki bir tərəfdən əksəriyyət təşkil edən həmməzhəblərə arxalanır, digər tərəfdən dövlət və rəsmi siyasətlə gücləndirilir. Lakin, bizə belə gəlir ki, perspektivdə İran təsiri də elə bir uğur qazanmayacaq. Bu hər şeydən əvvəl İranın özündə dini hakimiyyətin və bu hakimiyyətin daşıyıcıları olan ruhanilərin hakimiyyətinin sonunun başlanması ilə izah oluna bilər. İranda 20 illik dini, ruhani hakimiyyəti İslamın irəli sürdüyü sosial ədalət prinsiplərini reallaşdıra bilmədiyindən indi, necə deyərlər, geri çəkilmək mərhələsinə qədəm qoyub.İranda ruhanilərin hakimiyyəti uzun illər xalqın xatirində insanların şəxsi həyatı üzərində amansız və sərt nəzarət və bu nəzarəti təşkil və icra edənlərin özbaşınalıqlarının acı təcrübəsi kimi qalacaq. Geyimə nəzarət, adət-ənənələrin yerinə yetirilməsinin İslam normalarına tabe etdirilməsi, hətta ev şəraitində bu normaların pozulmasının qarşısının alınması, dini ayinlərin yerinə yetirilməsinə sərt nəzarət və sairə buna tutarlı sübutdur. Hətta parlamentə son seçkilər zamanı deputatlığa namizədin cümə namazlarında və dövlətin təşkil etdiyi nümayişlərdə iştirak etməsi seçilmək şərtlərindən biri kimi qeyd olunub. Gənclərin həyat tərzinin onların yaş və psixoloji xüsusiyyətlərinin – özünüdərk, özünütəsdiq, kiçik qrupların maraq prinsipi ilə formalaşması və sair tələblərinin ziddinə qurulması, əsas diqqətin dini ayinlərin yerinə yetirilməsinə yönəldilib. Qızların valideynləri tərəfindən ərə verilməsi, onların idmanla məşğul olmasının mümkünsüzlüyü, şahmatın qadağan edilməsi, velosiped sürmək İranda əhalinin orta təbəqələri, xüsusən tələbə gənclər və qadınlar ilk növbədə, həmin nəzarətdən xilas olmağa cəhd edərək bu sahədə hər hansı bir müsbət addım atmağa hazır olan qüvvələri dəstəklədiyini nümayiş etdirməyə çalışıb.Iranda son üç ildə keçirilən hər üç seçkidə (prezident, şuralar və parlament) İslam dəyərlərini qoruyub saxlaması və insanları bu dəyərlərə, xüsusən də ikinci dərəcəli davranış normaları ilə bağlı dəyərlərə riayət etməyə məcbur etmək istəyən və mühafizəkar adlanan qüvvələrin həqiqətdə ağır məğlubiyyəti məhz həmin faktorla, gənclərin (seçicilərin az qala yarısı) və qadınların onlara yox cavabı ilə bağlı olub...
– Bu məqam Azərbaycanla da bağlı hansısa bir anlam kəsb edirmi? – Heç şübhəsiz. Azərbaycanla bağlı bu, o deməkdir ki, bizim ölkədə İslam dininin mövqeyinin güclənməsi, əgər güclənərsə, İranda dini hakimiyyətin tamamilə zəifləməsi və hətta dinin dövlətdən ayrılması ilə eyni vaxta düşəcəyindən ən güclü faktor olan İran faktoru öz-özünə sıradan çıxacaq. Eyni zamanda qeyd edim ki,Islam dininin güclü siyasi amilə çevrilə biləcəyinin şərtlərindən biri də Azərbaycanda fəaliyyət göstərən xarici təşkilatların öz aralarında güclü rəqabət aparmasıdır. Bu amil həmin təşkilatlara oriyentasiyalanan yerli təşkilatların da parçalanması və zəifləməsi deməkdir.
– Məqamı düşmüşkən, milli islamçıların siyasi gələcəyi barədə nə deyərdiniz? – Dövlətin bu və ya digər dərəcədə nəzarəti altında olan rəsmi dini təşkilat – Ruhani İdarəsinin müstəqil siyasi qüvvəyə çevrilmək ehtimalı azdır, hərçənd münasib şərait yaranarsa bu ehtimal gerçəkləşə bilər. Hazırda isə bu təşkilat daha çox xarici İslam və digər dinlərin nümayəndələrinin Azərbaycanda fəallaşmasına qarşı mübarizədə daha maraqlıdır. Hələlik, xarici oriyentasiyası olmayan müstəqil milli dini təşkilatın və dini liderin mövcud olmasından danışmaq inandırıcı görünmür. Azərbaycanda İslam faktorunun perspektivi beynəlxalq şəraitlə də bağlıdır. Azərbaycanın demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu istiqamətində inkişaf etməsi, beynəlxalq əlaqələr sisteminə, xüsusən də Avropaya inteqrasiyası, təbii resursları və geopolitik mövqeyinə görə müxtəlif güclü dövlətlərin nüfuz dairəsinə daxil olması, ölkənin özünün Qərbə daha çox meylliyi burada İslam dininin və ruhanilərin (hələlik belə bir təbəqənin mövcudluğu aydın hiss edilmir) güclənə biləcəyi ehtimalını son dərəcə zəiflədir. Bütün bunlarla yanaşı İslam dinindən siyasi məqsədlərlə istifadə etmək cəhdlərinə laqeyd qalmaq olmaz. Bir sıra ümumbəşəri əxlaqi və sosial ədalət dəyərlərini əks etdirən İslam dini müəyyən şəraitdə bəzi siyasi qüvvələrin ideologiyasının mühüm tərkib hissəsinə çevrilə bilər. Azərbaycanın müasir ictimai durumu, mövcud problemlər, korrupsiya, azsaylı yuxarı və çoxsaylı aşağı təbəqələr (orta təbəqənin mövcudluğu az hiss olunur) arasında fərqlərin sürətlə artması, milli-əxlaqi dəyərlərin yeni mühitə adaptasiyasının çətinlikləri İslam dəyərlərinin müəyyən dərəcədə canlana bilməsinə şərait yaradır. Bununla belə, sürətlə dəyişən, qloballaşan və sərhədsizləşən dünyada özünə layiqli yer tutmağa çalışan Azərbaycanda geriyə, Orta əsrlər dəyərlərinə qayıdış, bu dəyərlərin daşıyıcılarının cəmiyyətə rəhbərlik etməsi ehtimalı, bir daha qeyd etməyi lazım bilmirik ki, sıfır həddindədir.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 8 mart.- S.4.