“Tarixə adını yazan qadınlar”

 

XANIM MİLLƏT VƏKİLİ AD GÜNÜNDƏ NÖVBƏTİ KİTABININ PREZENTASİYASINI KEÇİRDİ

 

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın yeni kitabı aşıq üzü görüb. “Tarixə adını yazan qadınlar” adlanan üçcildli kitabda 100 qadının tarxi şəxsiyyət kimi səciyyəvi xüsusiyyətləri verilib. Martın 7-də sözügedən kitabın təqdimat mərasimi keçirilib. Mərasimi açan politoloq Rəna Mirzəzadə bildirib ki, üç cilddən ibarət olan kitabda ayrı-ayrı fəaliyyət sahələrində böyük işlər görmüş və tarixin müxtəlif dövrlərində yaşamış 100 ünlü qadının həyat və fəaliyyəti haqqında oçerklər toplanıb. Q.Paşayevanın fəaliyyətinin çoxşaxəli olduğunu diqqətə çatdıran R.Mirzəzadənin sözlərinə görə, jurnalistika sahəsində özünü doğruldan bu gənc xanım siysətdə də özünü təsdiqləyib. Ürəyi vətən eşqilə çırpınan xanım Paşayeva Avropa Şurası Parlament Assambleyasının tribunasından daim Dağlıq Qarabağ problemini qabardıb, Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini Avropa parlamentarilərinə çatdırıb. Filosof Heyninin “dünyanı qadınlar idarə edir, ancaq tarix kişilərin adına yazılır” deyimini sitat gətirən natiq qeyd edib ki, bu kitab həm də Azərbaycan qadınının nəyə layiq olduğunu bir daha nümayiş etdirir: “Kitabda üç Azərbaycan qadını haqqında məlumat əksini tapıb ki, onlardan biri Mehriban xanım Əliyevadır. O, 21-ci əsr Azərbaycan qadını olmasına baxmayaraq, artıq qadın tarixi şəxsiyyətlər sırasında özünə yer ala bilib. Təkcə kitabda Sara xatun barədə məlumatın verilməsi bu dərginin gender bərabərliyi mövzusunda elmi mənbə kimi istifadə edilməsinə zəmin yaradır”.

 Qadın tarixi şəxsiyyətlər barədə kitab yazmağın böyük istedad və məsuliyyət tələb etdiyini diqqətə çatdıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, Azərbaycan qadını ən yüksək pillələrə layiqdir. Müasir dövrdə də Azərbaycan qadının cəmiyyətdə rolu artmaqda davam edir: “Hesab edirəm ki, bu kitab davamlı olmalıdır. Çünki tarixdə kifayət qədər qadınlar var ki, onların fəaliyyətinin araşdırılmasına ehtiyac duyulur. Düşünürəm ki, Qənirə xanım da nə vaxtsa bu qadınlar sırasında olacaq”. Adətən tarixdə qadınlara epizodik yer ayrıldığını bildirən millət vəkili Rəbiyyət Aslanovanın sözlərinə görə, əslində isə qadınların bütün sahələrdə əhəmiyyətli rolu olub. Hətta çoxlu sayda qadınlar tarixin özünü yazıb, dünyanın sülh, əminamanlıq şəraitində yaşamasında onların təsiri kifayət qədər böyük olub: “Gözləyirdik ki, bu kitabı kişilər yazsın. Ancaq görünür kişi qısqanclığı öz sözünü deyir. Qadın tarixi şəxsiyyətlər barədə həqiqəti öyrənmək üçün bu kitabın əvəzedilməz rolu olacaq. Qadınlar özləri də ağlı, zəkası ilə dünya üçün gərəkli olacaq. Lakin kişilər bundan çəkinməsinlər, çünki biz həmişə onların yanındayıq. Bu kitab isə bəşər qadınlarına bir hədiyyədir”.

Bu vaxta qədər qadınların tarixdə layiq olduqları yeri tuta bilməmələri və onlar barədə məlumatın az olması belə bir kitab yazmağa onu sövq etdiyini diqqətə çatdıran kitabın müəllifi Q.Paşayevanın sözlərinə görə, nədənsə tarix qadınlar barədə yazmağa xəsislik edib. Lakin qadınlar dünya tarixində siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə ilk cığır açanlardan olub və bu həqiqətləri tarixə çevirmək vacibdir: “Kitabda üç Azərbaycan qadınını örnək kimi göstərdim ki, onlar gənc xanımlara stimul olsunlar. Baxmayaraq ki, bu qadınlar çətin həyat tərzi keçib, ancaq inanıram ki, onlar gənc qadınlar üçün örnək ola biləcəklər. Çünki bu qadınların hər biri öz sahələrində cığır açanlardan olublar. Elm və siyasət sahələrində işıq saçıblar ki, bu da qadınlarn rolunun cəmiyyətdə nə qədər böyük olmasına dəlalət edir. Onların sırasında üç Azərbaycan qadını var ki, qadınlarımızın keçmişindən xəbər verirlər. Hökmdar, diplomat qadınlarla yanaşı, Azərbaycanda qadın hərəkatının əsasını qoyan Mehriban xanım Əliyevanın da fəaliyyəti nəşrdə əksini tapıb. Çünki onun Azərbaycan qadınlarının dünyada tanıdılması istiqamətində gördüyü işlər kifayət qədərdir”.

 Qeyd edək ki, “Tarixə adını yazan qadınlar” kitabının birinci cildinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, ikinci cildinə Latviyanın sabiq prezidenti Vaira Vike Freiberqa və kitabın məsləhətçisi Aybəniz Turan, üçüncü cildinə isə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura “Ön söz” yazıblar. Kitabın redaktoru yazıçı-publisist Əkbər Qoşalıdır. Xanım Paşayevanın özünəməxsus üslub və sənətkarlıqla qələmə aldığı bütöv bir əsər təsiri bağışlayan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 8 mart.- S.4.