Sumqayıtın Tarixi Muzeyi – zəngin mədəni irs və yaddaş xəzinəsi

 

 “Srağagün Sumqayıtın Tarixi Muzeyinin təntənəli açılışı oldu. Təntənəli açılışda şəhər Soveti icraiyyə komitəsi sədrinin müavini K.Axundov qısa giriş nitqi ilə çıxış etdi. Sonra şəhər komsomol komitəsinin I katibi G.Rzayev, keçmiş partizan Şahbaba Məcidov və mərkəzi şəhər kitabxanası kitabxana şurasının üzvi S. Nuriyev çıxış edərək tarixi muzeyin yaradılmasının əhəmiyyətindən danışdı. Şəhər partiya komitəsinin I katibi N.Balakişiyev yoldaş lenti kəsdi. Budur, muzeyin açılışına gələnlər otaqları bir-bir gəzib eksponatlarla tanış olurlar. “Sumqayıt haqqında əfsanə”, “Sumqayıt sənayesinin inkişafına qədər” “Məişət əşyaları” “Sumqayıt kolxozçularının həyatı”, “Sumqayıt belə yaradılmışdır” eksponatları bir-birindən rəngarəng, dolğun və cəlbedicidir. İctimai əsaslarla yaradılmış Sumqayıtın Tarixi Muzeyi fəaliyyətə başlamışdır.

Sumqayıtın Tarixi Muzeyinin yaradılmasında idarə və müəssisələrin kollektivləri, zəhmətkeşləri yaxından iştirak etmişlər.” – “Sosialist Sumqayıtı”. ¹130 (2293). Şənbə, 4 noyabr 1967-ci il. Yuxarıdakı mətn Sumqayıtın Tarixi Muzeyi haqqında qəzetdə dərc olunan ilk məlumatdır. O vaxtdan çox şey dəyişib. Muzey 2 noyabr 1967-ci il ildə şəhərin S.Vurğun küçəsindəki 132 saylı yaşayış evinin birinci mərtəbəsində 1113 eksponatla fəaliyyətə başlayıb. 10 il sonra – 1977-ci ildə bu rəqəm 3444-ə çatdırılıb. 1987-ci ildən isə 4-cü mikrorayonda yerləşən ikimərtəbəli bina Muzeyin ixtiyarına verilib. Birinci mərtəbənin ekspozisiya zalı ilə tanış olarkən “Sumqayıt bütün Azərbaycanın gözəl təcəssümüdür” deyən görkəmli dövlət xadimi Heydər Əliyevin ömrünün Sumqayıtla bağlı məqamlarını bir daha xatırlamış oluruq. 1993-cü ilin 28 dekabrında prezident Heydər Əliyev bir daha muzeyin qonağı olub. Onun “Sabahın şəhəri” adlandırdığı Sumqayıtın mədəni həyatının canlandırılması üçün verdiyi tapşırıq və tövsiyələrdən sonra muzeyin binasında da xeyli abadlıq işləri aparılıb. Muzeyin qapısından içəri girən kimi ilk diqqəti çəkən eksponat – Sumqayıt ərazisinin orta əsrlər dövrünü əks etdirən, əməkdar incəsənət xadimi Vaqif Nəzirovun böyük zövqlə ərsəyə gətirdiyi maket insanda, bir sənədli filmin verə biləcəyi qədər, zəngin təəssürat oyadır. Digər tərəfdən də xalq şairi Rəsul Rzanın qələmə aldığı “Sumqayıt əfsanəsi” səsləndirilərək hər kəsə bu gənclik şəhəri haqqında öz əfsanəsini yaratmağa yardımçı olur. Burada 14000-dən artıq muzey əşyası qorunub saxlanılır. Muzeyin eksponatları ayrı-ayrı şöbələrdə yerləşdirilib. Sumqayıtın Tarixi Muzeyinin elmi katibi Sənubər xanım bütün şöbələr haqqında geniş informasiya verir. Onun təqdimatı ilə ilk tanıdığımız şöbədə – “Palentologiya” bölümündə yer alan daş üzərində balıq izləri və daşlaşmış ağac nümunələrini sözlə təsvir etmək çətindir. Bu nümunələr Sumqayıt ərazisi və tarixi keçmişi haqqında ilkin təsəvvür yaratmaq üçün sadəcə gözəl bir əsər təsiri bağışlayır. Sənubər xanımın dediyinə görə, 1960-cı illərin sonlarına doğru muzeyin nəzdində fəaliyyət göstərən “Tarix-diyarşünaslıq dərnəyi”nin üzvləri tərəfindən “Daş üzərində balıq izləri” nümunələri aşkara çıxarılıb. Bakı-Rostov-Moskva dəmiryol xətti yaxınlığından tapılan həmin dəyərli eksponatlar bu məkanın əvvəllər Xəzər dənizinin suları altında olması və tədricən suyun geri çəkilməsi haqqında fikirləri təsdiqləyir. Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il, “Azərbaycan regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında” 22 may 2009-cu il tarixli sərəncamları burada layiqli səviyyədə icra edilib. Sumqayıtın Tarixi Muzeyi müasir standartlara uyğun təmir edilərək muzey işçilərinin bu şərəfli və məsuliyyətli işə daha da həvəslə yanaşmalarına stimul verib. Bu həvəs eksponatlarla yaxından tanış olmağıma yardım edən muzey əməkdaşının davranışlarından aydın hiss olunur. Arxeologiya şöbəsi haqqında deyilənlər adamı orta əsrlərə qonaq aparır. Şöbədə müxtəlif dövrlərə aid saxsı qab fraqmentləri çoxluq təşkil edir. Bu nümunələr isə qədim İpək Yolunun bir hissəsi olan Sumqayıtın ərazisi haqqında daha geniş təsəvvür yaratmağa imkan verir. Muzey əməkdaşının dediyinə əsasən, bu saxsı qabların əksər hissəsi İpək Yolu ilə gedib-gələn tacirlərə məxsus olub. Burada bəzi mənbələrdə “Suqayıt” adlandırılan çayın üzərindəki taxta körpüdən bir parça da qorunub saxlanılır. Sumqayıtçayın hər iki sahilində karvansaların mövcudluğu fransız yazıçısı Aleksandr Dümanın da əsərində qeyd edilib. Düma 1850-ci illərdə Qafqaza səfəri zamanı Sumqayıtın ərazisindən keçib, burada karvansaranın qalıqlarını görüb, bu haqda öz yol dəftərçəsinə yazarkən həmin karvansaranı Şah Abbas karvansarası kimi qeyd edib. Sumqayıtçayın hər iki sahilində salınmış karvansaralar 1938-1939-cu illərdə akademiklər N.Mel və E.Axomov tərəfindən tədqiq olunub. Növbəti bölmədə yerli sakinlərin muzeyə hədiyyə etdikləri bəzək əşyaları, miniatür işləməli xurcun, tənbəki kisəsi və digər eksponatlarla tanış oluruq. Məişətimizin zənginliyindən xəbər verən bəzək əşyaları – şüşə qolbaqlar, gümüş kəmər fraqmentləri, düymələr, muncuqlar orta əsr sənətkarlığının qiymətli nümunələri kimi qorunub saxlanılır. Bütün bu nümunələr orta əsrlərdə Azərbaycanda zərgərliyin geniş inkişaf etdiyini bir daha sübut edir. Burada yerləşdirilən xurcun və tənbəki kisəsi həmin dövrdə eyni zamanda bədii tikmə sənətinin də geniş yayıldığını göstərir. Burada bəzi bölgələrdə döşək üzlüyü, pərdə, örtük kimi istifadə edilən cecim də saxlanılır. Numizmatika bölməsində XI-XX əsrlər arasında dövriyyədə olan metal pullar toplanıb. Bölmədəki gümüş, mis, nikel sikkələr, dövrlərə uyğun olaraq, draxma, tetradraxma, abbası, sonda isə qəpik adlandırılıb. Bonistika bölməsində 1898-ci ildə buraxılmış əskinasa rast gəlmək olar. Ölçülərində ciddi şəkildə fərqləri olan əskinaslar üzərlərindəki şəkillərlə də xeyli fərqlənirlər. Belə ki, onların arasında I Pyotrun, II Yekaterinanın, III Aleksandrın şəkilləri olan Çar Rusiyasına aid kağız pullar da, üzərində oraq və çəkic təsvirləri əks etdirilmiş Sovet əskinasları da var. Xalq Cümhuriyyəti zamanında dövriyyəyə buraxılan pullar, 1921-ci ildə milyonluq ilk kağız pul və 1922-ci ilinə qızıla bərabər çevronları da muzeyin bu bölməsinin eksponatları sırasındadır.

Digər ekspozisiyalara da baxdıqca Sumqayıtın yerləşdiyi ərazinin və şəhərinin özünün qədim, zəngin tarixi barədə insanda dolğun təsəvvür yaranır. Bu təsəvvür də, öz növbəsində, Sumqayıtla, onun tarixi ilə qürur duymağa imkan verir.

 

 

SƏBİNƏ

 

525-ci qəzet.- 2011.- 8 mart.- S.6.