Gözəlliyin tərənnümünə
həsr olunan sənətkar ömrü
Bugünlərdə 90
yaşı tamam olan görkəmli fırça ustası, Azərbaycanın
Xalq Rəssamı Oktay Sadıqzadə 1921-ci ildə “hər
daşından, divarından qoca tariximizin boylandığı
İçərişəhərdə”, poetik ruhla dolu bir aləmdə,
yazıçı Seyid Hüseynin ailəsində dünyaya
göz açıb. H.Cavid, Ə.Cavad, Y.Vəzir, S.Mümtaz,
Müşfiq kimi ədiblərin söhbətləri, ədəbi-mənəvi
müzakirələri mühitində böyüyən
körpənin poeziyaya, gözəlliyə qarşı sevgisi
vardı, incəsənətin gözəlliyi onu valeh
etmişdi. Gözəlliyi qiymətləndirməyi və onu
qorumaq bacarığı Oktayın rəssamlığa olan həvəsini
daha da gücləndirirdi. Bu səbəbdən də o, rəssamlıq
sənətini seçərək onun sirrlərinə dərindən
bələd olur.
Bu gün görkəmli sənətkarımız
Oktay Sadıqzadə müasir təsviri sənətimizin
müxtəlif sahələrində həvəslə işləyən,
öz yaradıcılıq təcrübəsində realizm və
müasirlik ənənələrini təsdiq edən
istedadlı rəssamlardan biridir. Müxtəlif mövzularda
yaratdığı boyakarlıq və qrafika əsərləri
ona plakat və portret ustası kimi geniş şöhrət gətirib.
Onun özünəməxsus yaradıcılıq
üslubu, orijinal təsvir dili var. İllərdən bəri
kitab qrafikası, plakat, tematik tablo və portret janrlarında
yaratdığı gözəl əsərlər milli təsviri
sənət xəzinəmizi daha da zənginləşdirib.
1930-cu illərdəki siyasi
repressiyalar dövründə qara buludlar bir çox ziyalı
ailələri kimi onların da ailəsindən yan keçməmişdi.
20 yaşlı Oktay 1941-ci ildə “xalq düşməninin
oğlu” damğası ilə Altay diyarına sürgün
edilir. 5 illik sürgün həyatı yaşasa da, çətin
şərait və məhrumiyyətlər onun iradəsini
qıra bilməmiş, əksinə, xeyirin qələbəsinə
olan inamını daha da qüvvətləndirmiş və məhz
bu duyğularla aşılanmış əzmkarlığı
yaradıcılığının əsas məğzini təşkil
etmişdi.
Oktay müəllim fəaliyyətinin
mühüm bir dövrünü kitab qrafikasına həsr
edib, təsviri sənətin ən kütləvi növlərindən
biri olan bədii illüstrasiya sahəsində böyük səylə
çalışıb. Dünya klassiklərinin, Azərbaycan
yazıçılarının əsərlərinə
çəkdiyi illüstrasiyaları ilə bu sahənin
inkişafına böyük təkan verməklə poliqrafiya
mədəniyyətini yüksək səviyyəyə
qaldırmağa nail olub. İlk işləri N.Ostrovskinin pyeslərinə,
“Əlibaba və qırx quldur” nağıl kitabına, Nizami Gəncəvinin
sujeti əsasında yazılmış “Fitnə” uşaq
kitabına çəkdiyi illüstrasiyalardır. Eləcə
də “Uzaq sahillərdə”, Hüqonun “Səfillər”əsərinə
də illüstrasiyalar çəkib. Daha sonralar O.Sadıqzadə
H.Cavidin, C.Məmmədquluzadənin, S.Hüseynin,
C.Cabbarlının, M.F.Axundovun “Aldanmış kəvakib” əsərinə,
həmçinin Rəşad Nuri Güntəkinin
“Çalı quşu” romanına illüstrasiyalar da
yaradıb. Portretlərinə gəldikdə isə: “Mənim
yaradıcılığımda əsas insan obrazıdır.
Dünyada nə qədər insan yaşayırsa, o qədər
də obraz var. Obrazla işləmək yaradıcı adam
üçün çox maraqlıdır” – deyən rəssam
böyük zövq və məhəbbətlə çəkdiyi
obrazlarının daxili aləminə nüfuz edərək
onların xarakterini həssas sənətkar məharəti ilə
açır. Portretləri Avropa rəngkarlıq məktəbinin
ənənələrini davamı olmaqla, özündə həm
də milli koloriti əks etdirir. Azərbaycan qadınlarına
həsr etdiyi portretlər də öz dərin psixoloji
çalarları ilə təsviri sənətimizdə
xüsusi yer tutur.
Təsvir olunan
qadınların hiss və həyəcanları qabarıq
şəkildə özünü büruzə verir. Rəssamın
fırçasından çıxmış Azərbaycanın
elm və mədəniyyət xadimlərinin portretləri
romantizminə və səmimiliyinə görə çox
valehedicidir. Bu işlərin hamısında insan qəlbinin dərin
sirrlərinə nüfuz etmək, qəhrəmanlarını
sevmək, xeyirxahlığın və humanizmin qələbəsinə
inam əsas yer tutur. Rəngkarlıq həllinin incəlikləri,
cizgilərin gözəlliyi, kompozisiya üsullarının
müxtəlifliyi portretçi Sadıqzadənin yüksək
sənətkarlığından xəbər verir. Bu portretlərin
içərisində özünün
mühümlüyü, bütövlüyü və dərinliyi
ilə şairə Xurşudbanu Natəvanın, Qonça Bəyim
və Ümmügülsüm xanımın, Heydər Əliyevin,
Zərifə Əliyevanın, Fidan Qasımovanın, Xalq rəssamı
Elmira Şahtaxtinskayanın portretləri xüsusi yer tutur.
Oktay Sadıqzadə yaradıcılığından
danışarkən Hüseyn Cavidin ev-muzeyində və Ədəbiyyat
muzeyindəki işləri qeyd etməmək mümkün
deyil. H.Cavidin ev-muzeyi üçün tablolar yaradılması
tapşırığına O.Sadıqzadə mürəkkəb
hisslərlə başlamışdı. 1937–ci ildə
repressiyaya məruz qalmış yaxınlarının dərdini
yada salmaq onun üçün çox ağır idi. Buna
baxmayaraq, “1937–ci il repressiyasının qurbanları” adlı
tablo, həmçinin “Hüseyn Cavidin aləmi” triptixini
yaratdı. Bu əsərlər hazırda dahi dramaturqun ev
muzeyinin girişini bəzəyir. Təxminən həmin
vaxtlarda O.Sadıqzadə “Nizami Gəncəvi və dünya mədəniyyəti”
adlı monumental silsilə əsərləri üçün
material toplamağa başlayır. Bu əsərləri Nizami
adına ədəbiyyat muzeyi mərkəzi salonunun əsas
divarında asılacaq ekspozisiya üçün sifariş
vermişdi. 6 ildən çox vaxt sərf edildikdən sonra
1999–ci ildə beş böyük tablonun təqdimatı oldu.
Fırça ustasının qrafika və rəngkarlıq işləri hazırda İncəsənət Muzeyində, Ədəbiyyat Muzeyində, Tarix Muzeyində, Ü.Hacıbəyovun, S.Vurğunun, Bülbülün, H.Cavidin ev-muzeylərində, Naxçıvanın muzey və qalereyalarında, Moskva Dövlət Tretyakov qalereyasında, eləcə də tabloları Almaniya, Kanada, İsrail, Rusiya, Belarus və Pakistan kimi bir sıra xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Oqtay müəllimin Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, fəxri fərmanlar və mükafatlarla təltif edilib. Ömrünün 90-cı baharında olan sənətkar bu fikirlərində tamamilə haqlıdır: “...Sınaqdan üzüağ çıxmışam. Sınmamışam, əyilməmişəm. Əsas odur ki, sənətim mənə yaşamağımın məqsədini, sənətimin ideyasını və gözəlliyi tərənnüm etməyi öyrədib”
Humay YAQUBƏLİYEVA
525-ci qəzet.- 2011.- 8 mart.- S.6.