Mənəviyyat və gözəllik
dünyasının səyyahı
Onun barəsində
yazmaq çoxdankı arzum olub, nədənsə
alınmayıb. Qırx ildən bəri silahdaşım olan və
heç vaxt məni darda qoymayan qələmim bu dəfə
sözümə baxmayıb. Bəzən saatlarla
düşünsəm də fikirlərimi bir yerə cəmləyə
bilməmişəm, ağ vərəqi qatlayıb sonraya,
hansısa bir vaxta saxlamışam. Bəzən də
yazdıqlarım özümü qane etmədiyinə görə
çırıb atmışam. Halbuki, ondan sonra onlarca insan
haqqında oçerk, zarisovka yazmışam və təvazökarlıqdan
kənar olmasın, deyilənə görə, heç də
pis alınmayıb.
Amma, şəxsiyyətinə,
ziyalılığına, alimliyinə və nəhayət,
insanlığına daim hörmət bəslədiyim, həyatda
özümə nümunə seçdiyim əziz müəllimim,
fəlsəfə elmləri doktoru, professor Əlisa Əhmədovun
portret cizgilərini oxucuya təqdim etməyə qələmimin
qüdrəti çatmayıb. Əlbəttə, nə mən
o fikirdəyəm, nə də özü bu iddiadadır ki, o,
qeyri-adi insandır. Əksinə, Əlisa müəllim
adidən adi, sadədən sadə, Tanrının verdiyi qismətə
qail olub, həmişə şükranlıq edən, sakit,
ifrat dərəcədə təvazökar, öz halal
haqqını tələb etməyə belə üzü gəlməyən,
abır-həya sahibi, “utancaq” bir insandır. “Utancaq”
sözünü fərqləndirməyim səbəbsiz deyil.
Bu sözü onun barəsində görkəmli filosof, akademik
Firidun Köçərli demişdi. Əlisa müəllim
2000-ci il noyabrın 24-də AMEA-nın Fəlsəfə və
Hüquq İnstitutunda “Estetik və etikliyin
qarşılıqlı münasibəti: tarixi
axtarışlar, nəzəri kontekst, çağdaş
problemlər” mövzusunda çox uğurlu doktorluq
dissertasiyası müdafiə etdi. Ona görə bunu inamla
deyirəm ki, həm müdafiədə, həm də
müdafiədən sonrakı ənənəvi “banketdə” mən
də iştirak edirdim. “Banketdə” təbrik üçün
söz alan institut direktorunun müavini İrşad Əliyev
dedi: “Bildiyiniz kimi, Firidun müəllim xəstə olduğuna
görə müdafiədə iştirak edə bilmədi. Mən
zəng vurub müdafiənin uğurlu keçdiyi barədə
akademikə məlumat verdim. Çox sevindi və elə beləcə
də dedi: ”Mənim əvəzimdən o utancaq oğlanı təbrik
edin”. Bu barədə xeyli sonra söz düşəndə Əlisa
müəllim dedi ki, mərhum akademik çox vaxt məni belə
çağırırdı. Bir dəfə söhbət
zamanı məndən soruşdu ki, niyə bu qədər
utancaqsan? Bilirsənmi ki, bu xasiyyət indiki dövrdə insana
nə qədər mane olur? Ən azı, layiq olduğun qiyməti
ala bilmirsən, öz halal haqqını belə istəməyə
utanırsan... “Nə bilim, vallah, beləyəm, başqa
cür ola bilmirəm”, – deyə cavab verdim. Firidun müəllim
diqqətlə məni süzüb gülümsünərək:
“Yaxşı ki, elə beləsən, yoxsa sənin xətrini
bu qədər istəməzdim.
Bir də ki, insanın xasiyyəti
genlə gəlir və ailədə, yetişdiyi mühitdə
formalaşır”- dedi. Əlisa müəllim 1972-ci ildə
“Estetik zövqün formalaşmasında və
inkişafında estetik tərbiyənin rolu” mövzusunda
dissertasiya müdafiə edərək fəlsəfə elmləri
namizədi, 2000-ci ildə isə “Estetik və etikliyin
qarşılqlı münasibəti: tarixi axtarışlar, nəzəri
kontekst, çağdaş problemlər” mövzusunda dissertasiya
müdafiə edərək, fəlsəfə elmləri doktoru
alimlik dərəcəsi alıb. 1981-ci ildən Azərbaycan
Memarlıq və İnşaat İnstitutunda işləyir: əvvəlcə
dosent vəzifəsində çalışmış,
2006-cı ildən isə professordur. Əlisa müəllimlə
tanışlığımızın 45 illik tarixi var. Ağsunun
Ərəbsarvan kəndindəki səkkizillik məktəbi
bitirdikdən sonra dörd yoldaş orta təhsilimizi tamamlamaq
üçün 1965-ci ildə nisbətən
yaxınlıqdakı Növcü kənd orta məktəbinə
getməyi qərara aldıq. Sentyabrın 1-də yeni dərs
ilinin başlanması münasibətilə məktəbin həyətində
keçiriləcək tədbirqabağı bəstəboy,
gülərüz, xoşsifət bir oğlan bizə
yanaşıb hansı kənddən gəlməyimizlə
maraqlandı və adımızı soruşub əlindəki
vərəqdə qeydlər apardı. Sözün doğrusu,
elə bildik ki, 10-11-ci sinif şagirdlərindəndir, onlardan seçilmirdi.
Sonradan bildik ki, Əlisa müəllimdir. Onun haqqında
eşitmişdik. Bilirdik ki, iki il əvvəl universiteti bitirib,
rayonun ən qabaqcıl müəllimlərindəndir. Lakin
özünü görməmişdik. Əlisa müəllim
iki il bizə Azərbaycan dili və ədəbiyyatı fənnindən
dərs dedi və tədris işləri üzrə direktor
müavini kimi məktəbdə çox böyük işlər
gördü, yeniliklər etdi, müxtəlif dərnəklər
açdı, müsabiqələr, “açıq dərs”lər
keçirdi, nəticədə şagirdlərdə təhsilə
maraq oyada bildi. Ən başlıcası isə o, müəllim
barədə bizdə formalaşmış təsəvvürləri
büsbütün dəyişdi. O vaxtadək belə
görmüşdük və bunu ehkam kimi qəbul edirdik ki,
müəllim zəhmli və tələbkar olmalı, dərsə
hazır gəlməyən, məktəbdə, yaxud dərsin
gedişində səs salan, şuluq şagirdləri cəzalandırmalı,
hətta lazım gəlsə, döyməkdən belə
çəkinməməlidir. Tərbiyədə “döymə”
üsuluna o vaxtlar nəinki şagirdlər, onların valideynləri
də təbii baxırdılar. Görünür, bu səbəbdən
şagird döyməkdə ad çıxaran müəllimlər
kifayət qədər idi. Şübhəsiz, məktəblilər
belə müəllimlərdən qorxurdular, amma onlara hörmət
etmirdilər. Əlisa müəllim isə onlardan tamam fərqlənirdi.
İki il ərzində biz onun nəinki kimisə
vurmasının, heç səsini qaldırmasının da
şahidi olmadıq. Daim şagirdlərin arasında olur, onlara
qayğı göstərir, zəif oxuyan, nadinc uşaqlarla
ayrılıqda, fərdi söhbətlər edirdi. Belə tərbiyə
metodunun səmərəsi açıq-aydın hiss olunurdu. Təkcə
bir faktı deyim ki, ən çox uşaq döyən müəllimlərin
dərslərində səs-küydən ağız deyəni
qulaq eşitmirdi. Əlisa müəllim dərs deyəndə
isə sinifdə milçək uçsaydı, səsi
eşidilərdi. Hamı onun xətrini istəyirdi, dərslərinə
ciddi yanaşır, tapşırıqlarına əməl
edirdi. Əlisa müəllimin orta məktəbdə dərs
dediyi axırıncı buraxılış sinfi bizimki oldu. Həmin
il o, imtahan verib aspiranturaya qəbul olundu... Onun keçdiyi həyat
yolu heç də rahat və hamar olmayıb.
Uşaqlığı
ağır dövrə – müharibə və aclıq illərinə
təsadüf edib. Atası cəbhədən
qayıtmayıb. Kasıb ailə çətin vəziyyətlə
üzləşib. Ailənin bütün
ağırlığı anasının – sadə kənd
qadını Mələk xanımın və böyük
bacısı, o vaxtlar kənddə müəllim işləyən
Humay xanımın üzərinə düşüb. Əlisa
müəllimin sonrakı taleyində və inkişafında
qardaşı Ağaisanın böyük rolu olub (onların hər
üçü dünyasını dəyişib. Allah rəhmət
eləsin!). Çətinliklə olsa da, o, təhsilini davam
etdirib. Dərk edib ki, həyatda bir mövqe qazanmaq
üçün güman ancaq özünədir, yeganə
yolu yaxşı oxuyub ali təhsil almaqdır. Gecəni
gündüzə qatıb, çalışıb, oxuyub,
öyrənib, həmişə nümunə göstərilib.
Buna baxmayaraq, işlər heç də rəvan getməyib.
Bu barədə özü belə deyir: “Orta məktəbin
axırıncı sinfində buraxılış imtahanı ərəfəsində
valideynlər yığıncağı
çağrılmışdı. Orada valideynim əvəzi
olaraq böyük qardaşım Ağaisa iştirak edirdi. Məktəb
direktoru yığıncaqda bildirdi ki, builki məzunlarımızdan
iki nəfəri – Əlisa Əhmədov və Fazil Vahidov
qızıl medala namizəddir. Lakin sonra məlum oldu ki, medal
almaq üçün müəyyən qədər
“şirinlik” verilməlidir. Buna heç birimizin imkanı yox
idi. Bunu gördükdə medal verməmək
üçün yollar axtarmağa başladılar. Direktor ədəbiyyat
müəllimimiz Almas xanım Nuriyevadan xahiş edir ki,
yazılı imtahandan mənə “4” yazsın. Lakin o, qətiyyətlə
bildirib ki, əllərimi kəssələr də mən Əlisaya
”5”-dən savayı qiymət yazmaram. Çıxılmaz vəziyyətdə
qalan direktor mənə minnətçi düşdü. Dedi
ki, müəyyən səbəblər üzündən sənə
medal vermək mümkün deyil. Birinci sinifdən bəri sənin
bütün qiymətlərin “5”-dir. Şikayət eləməsəydin,
yeddillik şəhadətnaməndəki ”5”-lərin ikisini “4”
edərdik ki, səni medala təqdim etməməyə əsasımız
olsun. Mən etiraz etmədim. Sənədlərimi universitetin
filologiya fakültəsinə verdim. O vaxtlar dörd fəndən
qəbul imtahanı vermək lazım idi: Azərbaycan dili və
ədəbiyyatından (yazılı və şifahi), tarixdən
və rus dilindən. İmtahanların hamısından “əla”
alaraq 20 bal toplayıb universitetin tələbəsi oldum. Həmin
il filologiya fakültəsində cəmi iki nəfər
maksimum bal toplamışdı... – Bəs necə oldu ki, elmi fəaliyyətinizdə
filologiyanı yox, fəlsəfəni seçdiniz? – deyə Əlisa
müəllimdən soruşdum. – Rəhmətlik Aslan Aslanov
bizə estetikadan dərs deyirdi. O vaxt dosent idi, sonradan fəlsəfə elmləri doktoru,
professor, akademik oldu. Estetikaya məndə marağı Aslan
müəllim oyatdı. Həm namizədlik, həm də
doktorluq işim də estetikadandır. Əvvəldə
vurğuladığım kimi, Əlisa müəllimin doktorluq
müdafiəsində mən də iştirak etmişdim. Birinci
dəfə idi ki, belə müdafiədə iştirak edirdim.
Digərləri ilə qarşılaşdırmaq, müqayisə
etmək imkanım olmasa da, müşahidələrim və
filosofların çıxışları, verdikləri qiymət
məni inandırdı ki, Əlisa müəllifin müdafiəsi
yüksək səviyyədə keçdi. Doktorluq dissertasiyanın
müdafiəsində rəsmi opponent kimi
çıxış edən AMEA-nın həqiqi üzvü
Fuad Qasımzadə, fəlsəfə elmləri doktoru,
professor Tariyel Əhmədov, fəlsəfə elmləri
doktoru Nigar Ələkbərova tədqiqat işinə yüksək
qiymət verdilər. Akademik Fuad Qasımzadə bununla kifayətlənməyərək,
Müdafiə Şurasının üzvü kimi söz istədi.
Fuad müəllim çıxışında dedi:
“Ali Attestasiya Komissiyası
elmi dərəcəni əsərə görə yox,
müdafiəyə görə verir. Əsər də yaza bilərsən,
monoqrafiya da nəşr etdirə bilərsən. Ancaq gərək
yazdıqlarını, elmi müddəa və nəticələrini
mütəxəssislər qarşısında müdafiə
etməyə qüdrətin çata. Açıq demək
lazımdır ki, çox gözəl müdafiə
keçdi. Dissertasiya müdafiəsində aparıcı təşkilat
olan Rusiya Elmlər Akademiyasının Fəlsəfə
İnstitutundan tanınmış estetik, fəlsəfə elmləri
doktoru, prosessor N.İ.Kiyaşenkonun tədqiqat işi
haqqında yazıb göndərdiyi rəy də müzakirə
iştirakçılarının diqqətinə
çatdırıldı. Rəydə tədqiqat işi
yüksək dəyərləndirilir və göstərilirdi
ki, mürəkkəb fəlsəfi problemi müstəqil və
səmərəli şəkildə tədqiq edən, bir
sıra uğurlu yeniliklərə imza atan Ə.Əhmədov
estetika ixtisası üzrə fəlsəfə elmləri
doktoru alimlik dərəcəsi almağa layiqdir.
Ömrünün 40 ilini gözəllik aləminin tədqiqinə
– fəlsəfənin estetika və etika problemlərinin
araşdırılmasına həsr edən Əlisa Əhmədov
Azərbaycan Memarlıq və İnşaat İnstitutunun
professoru kimi pedaqoji işlə yanaşı, peşəkar
jurnalist (1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür) olmasını da unutmur, vaxtaşırı
mətbuatda elmi-publisistik yazıları ilə
çıxış edir. Ümumiyyətlə, o, beş
kitabın (“Gözəlliyin keşiyində”, “Mənəviyyat,
gözəllik, tərbiyə”, “Estetiklik və ekikliyin
qarşılıqlı münasibəti”, “İdrak
işığında”, “Kulturologiya”), iki dərs vəsaitinin,
12 tədris proqramı və metodik vəsaitin, 100-dən
çox elmi məqalənin (bir neçəsi xarici mətbuatda
dərc olunmuşdur) müəllifidir. Əlisa Əhmədov
2001-2003-cü və 2006-2008-ci illərdə Bakı Dövlət
Universiteti nəzdində fəlsəfə elmləri üzrə
doktorluq dərəcəsi verən Dissertasiya
Şurasının üzvü, 2008-2010-cu illərdə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında elmi seminarın sədri olub. Hazırda AMEA Fəlsəfə.
Sosiologiya və Hüquq İnstitutu nəzdində fəlsəfə
və sosiologiya elmləri üzrə doktorluq dərəcəsi
verən Dissertasiya Şurasının sədr müavini,
AzMİU-nun inşaat fakültəsi Elmi Şurasının
üzvüdür. O, 2006-cı ildə Bütün Dünyada
Sülh Uğrunda Dinlərarası, Millətlərarası
Federasiyanın təsis etdiyi “Sülhməramlı səfir” fəxri
diplomuna layiq görülüb. Əlisa müəllim nümunəvi
ailə başçısıdır. Ömür-gün yoldaşı
Sədəfxanım Əhmədova A.Şaiq adına 54
saylı orta məktəbin ibtidai sinif müəllimidir.
İki oğlu, dörd nəvəsi var. Böyük oğlu
Fuad atasının yolunu davam etdirmiş, Sankt-Peterburq Dövlət
Universitetinin fəlsəfə fakültəsini bitirib.
Kiçik oğlu Fərhad isə Azərbaycan Tibb
Universitetinin müalicə-profilaktika fakültəsini
bitirmişdir. Əlisa müəllimin həyatda
aldığı ən böyük zərbə isə
1990-cı ilin qanlı 20 Yanvarı ilə bağlıdır. Əslində,
o müdhiş gecə təkcə Əlisa müəllimin ailəsinin
yox, bütün Azərbaycan xalqının sinəsinə
sağalmaz yara vurdu. O gecə qan ağlayan Bakının
şimal tərəfdən giriş qapısı olan Tbilisi
prospektində yaşadıqları doqquzmərtəbəli
birinci binanın 8-ci mərtəbəsindən imperiya
qoşunlarının törətdiyi vəhşiliklər daha
aydın görünürdü. Hamı qorxu-təlaş içərisində
olsa da, bu dəhşətləri görmək
üçün eyvana, pəncərənin önünə
toplaşmışdı. Bu vaxt onlara tərəf atəş
açıldı, güllələrdən biri pəncərəni
dəlib içəri keçdi. Xoşbəxtlikdən
heç kəsə dəymədi. Lakin qorxudan hamı geri
çəkilsə də, ailənin yeganə qızı
Ülviyyəni pəncərənin qarşısından
ayırmaq mümkün olmadı. Həmin hadisədən sonra
Ülviyyə tamam dəyişdi. Aldığı psixoloji
sarsıntı sonrakı günlərdə nəinki onu tərk
etmədi, əksinə daha da artdı... Və bir müddət
sonra Ülviyyənin pak ruhu ömrünün 19-cu baharında
20 Yanvar şəhidlərinin ruhuna qovuşdu. Əlisa müəllim
həyatda bu yazıda qeyd etmədiyim çox
sarsıntılarla, haqsızlıqlarla üzləşib, əzab
və məşəqqət dolu ömür yolu keçib.
Bütün bunlar onun səhhətinə təsirsiz
ötüşməsə də, xasiyyətində heç
bir dəyişikliyə səbəb olmayıb. Tanıyanlar da
təsdiqləyər ki, o, indiyədək kimsənin qəlbinə
toxunmayıb. O, başqalarının qüsurlarında belə
üzürlü səbəb axtarıb tapmağa, pisliklərində
belə yaxşılıq əlamətlərini görməyə
çalışan bir insandır. Qırx ildən artıq mənəviyyat
və gözəllik aləminin səyyahı olan Əlisa
müəllim estetik və etik dəyərlərin təkcə
araşdırıcısı yox, həm də yorulmaz təbligatçısıdır.O,
hamını mənəvi saflığa, gözəllikdən
zövq almağa, yaxşılıqdan ləzzət duymağa
dəvət edir. Platonun bü müdrik kəlamını
tez-tez təkrar edir: “Yaxşı iş görüb əziyyət
çəksən, əziyyət keçər,
yaxşılıq qalar, pis iş görüb ləzzət
duysan, ləzzət gedər, pislik qalar”.
“Alimi elminin çoxluğu
ilə yox, əməllərinin faydalılığı, əxlaqının
saflığı və xeyirxahlığı ilə
sınaqdan keçir” – Bunu da Platon deyib.
Qüdrət PİRİYEV
525-ci qəzet.- 2011.- 8 mart.- S.6.