Nəriman Həsənzadənin yubileyi Yazıçılar Birliyində qeyd edilib

  

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda xalq şairi, dramaturq Nəriman Həsənzadənin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Mərasimi giriş sözü ilə açan AYB-nin sədri, xalq yazıçısı Anar əvvəlcə tədbirin iştirakçısı olan xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Daha sonra Nəriman Həsənzadə haqqında danışan Anar xalq şairini böyük sənətkar, istedadlı qələm ustası kimi dəyərləndirib: “Nəriman Həsənzadə maraqlı qələmi, zəngin dünyagörüşü, yüksək intellekti ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şəxsiyyətlərdəndir”. AYB-nin birinci katibi Fikrət Qoca N.Həsənzadənin şeirlərinin canlı və axıcı dilə, dərin ideya və məzmuna malik olduğunu bildirib.

Nizami Cəfərov N.Həsənzadənin yubiley tədbirlərinin ilin sonuna qədər davam edəcəyini bildirib: “Azərbaycan Yazıçılar Birliyi mütəmadi olaraq söz, qələm ustalarını yad edir, yubileylər, görüşlər, təqdimat mərasimləri gerçəkləşdirir. Nəriman Həsənzadənin yubileyinə həsr olunmuş tədbir mərasimi bu qəbildən olan tədbirlərdəndir. Biz öz ünsiyyət bacarığı ilə insanları ətrafına yığmağı bacaran Nəriman Həsənzadənin poeziyasının işığına toplaşmışıq. Nəriman Həsənzadə elə bir qələm sahibidir ki, biz onu bütün dövrlərin ən görkəmli şairləri ilə müqayisə edə bilərik. Onun əsərləri lirik şeirlərindən tutmuş, dramatik poeziyası, lirik-fəlsəfi düşüncəsi ilə ədəbiyyat qarşısında duran bütün tələblərə cavab verir. Yaradıcılığa başladığı ilk dövrlərdən şair hansı əhval-ruhiyyədə, həyat eşqi ilə necə yazırdısa, hazırki şeirlərində də bu ehtirası duymaq mümkündür”.

AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev şairin mənalı ömür yoluna nəzər salıb: “Həsənzadə Nəriman 1931-ci il fevralın 18-i Qazax rayonunda anadan olub. 1949-1953-cü illərdə Həsənbəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Moskvada Maksim Qorki adına Ədəbiyyat institutunda təhsilini davam etdirib. “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Dövlət Mətbuat komitəsinin sədr müavini olub. 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür”. Tənqidçi Vaqif Yusifli Azərbaycan ədəbiyyatının son 60 ilini N.Həsənzadə yaradıcılığı olmadan təsəvvür etməyin mümkünsüzlüyünün diqqətə çatdırıb: “Nəriman Həsənzadə bütünlüklə lirik şairdir. Bunu deməyə onun şeirləri əsas verir. Lakin onun yaradıcılığında qəribə bir təzadın da şahidi oluruq. Kövrək şair qələmindən çılğın, qəzəbli misralar da çıxır. Bu misralar onun düşmənə olan qəzəbini ifadə edir”.

Tədbirdə çıxış edənlər N.Həsənzadə ilə bağlı fikirlərini dilə gətiriblər, şairin şeirlərindən nümunələr səsləndirilib.

Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 10 mart.- S.7.