Türkmən şairi Nurməhəmməd Əndəlibin Azərbaycan dilində nəşr olunmuş kitabı təqdim edilib

 

Türkmənistan şairi və mütəfəkkiri Nurməhəmməd Əndəlibin Azərbaycan dilində nəşr edilən “Şeirlər, poemalar, dastanlar” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bu kitab TÜRKSOY tərəfindən nəşr olunmuş 7-ci kitabdır. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, kitabın nəşri qardaş Azərbaycan və Türkmənistan xalqlarının ikitərəfli əlaqələrinin inkişafına böyük töhfədir. O, AMEA-nın Folklor İnstitutu və Əndəlibin əsərlərini tərcümə edən Ramiz Əsgərə öz təşəkkürünü çatdırıb. Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov kitabın təqdimatını vahid dilə, mədəniyyətə və tarixə malik xalqların bayramı adlandırıb. O qeyd edib ki, bu il ədibin 350 illiyi qeyd olunur. İki ölkə arasında əlaqələrin inkişafından danışan səfir, humanitar sahədə əməkdaşlığın xüsusi yer tutduğunu söyləyib. Onun sözlərinə görə, Türkmənistanda Azərbaycan şairlərinin əsərləri tərcümə olunur və nəşrə hazırlanır. Yazıçılar Birliyinin sədri Anar bildirib ki, Əndəlib “Oğuz” dastanını ilk dəfə şeir formasında yazdığına görə yaradıcılıqda mötəbər pilləyə ucalıb. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da kitabın nəşrini çox önəmli hadisə adlandırıb və Türkiyə türkcəsinə də tərcümə olunmasını arzulayıb. Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan sammitində türk mədəniyyətinin inkişafı üçün önəmli qərarlar qəbul olunduğunu xatırladıb. Həmin qərarlar əsasında Astanada türk xalqlarının kitabxanasının açıldığını diqqətə çatdıran diplomat deyib ki, Qazaxıstan rejissoru Dədə Qorqud haqqında film çəkib. Çəkilişlər Azərbaycanda da aparılıb. Tədbirin sonunda tələbələr Əndəlibin əsərlərindən parçalar səsləndiriblər.

 

 

525-ci qəzet.- 2011.- 10 mart.- S.7.