Rəqs sənəti və professor Gülrux Əlibəyli dünyası

 

Dünyada elə adamlar var ki, auraları işıqlı olur. Ətraflarına nur saçırlar. Onlar öz cazibəsi ilə hamıya sirayət edir və başqalarını da dəyişməyə qadir olurlar. Belə insanlara xarizmatik insanlar deyirlər. Filologiya elmləri doktoru, fəlsəfə professoru, publisist, 500-ə yaxın esse və tənqidi məqalənin, portretlərin, 20-yə qədər kitabın müəllifi Gülrux Əlibəyli belə insanlardandır. O, Bakıda doğulub. Leninqrad Dövlət Universitetini bitirib, dissertasiyalarını Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda müdafiə edib. Ədəbi fəaliyyətinə tənqidçi, incəsənət xadimi (teatr-kino) kimi başlayıb. Hazırda da böyük coşqu ilə yaradıcılıqla məşğuldur. İsti yay günlərinin birində Gülrux xanımla Buzovnadakı bağında görüşdük. Həyətdə qoyulmuş masanın arxasında əyləşib onun yenicə çapdan çıxmış “Dəyişən dünyamız” adlı kitabı haqqında danışırdıq. “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” – dahi Sabirin bu ölməz sözləri kitabın epiqrafıdır. Nitşe, Höte, Napoleon, Monten, Van – Qoq, Qastin Qrass, Dostayevski və s. kimi sevdiyi şair və filosofların seçilən ifadələri əvvəlki kitabların epiqrafı olub. Gülrux xanım XVIII əsrin dahi Amerika esseisti, filosofu Emersonun konsepsiyasını dəstəkləyib, yazı prinsipini özü üçün üslub seçir: “Danışmaq kimi yazmaq, yazmaq kimi danışmaq!” Elə buna görədir ki, Gülrux Əlibəylinin kitabları rahat oxunur, lirikdir, yorucu deyil. Bütün kitablarında yazıçı əsaslandığı həyati prinsipə sadiq qalıb: həyatda öz daxili azadlığını və şəxsi müstəqilliyini qoruyub saxlamağı bacarmaq, dünyada sonsuz dərəcədə əhəmiyyətli olan mənəvi ucalığa nail olmaq.

 

Söhbətimiz çox çəkdi. Ailə qayğılarından, uşaqlardan danışdıq. Mənim işimdən, məktəbdən söhbət açdıq. Və həmişəki kimi yenə də rəqs bizim sevimli mövzumuz oldu. Axı biz ikimiz də rəqs etməyi çox sevirik.

Gülrux xanım dedi:

– Rəqs həyatdır, dinamikadır. Rəqs ali hisslər yaradır. Azərbaycan rəqsləri gözəl, zəngin və hərarətlidir. Onlar insanı özünə qaytarmağa, sağlamlaşdırmağa, mənən zənginləşdirməyə qadir olan sənət növüdür. Böyuk qrup və kollektiv tərəfindən ifa edilən həmin rəqslər insanları birləşdirə bilir, onlarda ruh yüksəkliyi yaradır, fiziki cəhətdən inkişaf etdirir, paklaşdırır.Mürəkkəb dövrümüzdə insanların qəlbində bəzən qəribə boşluq, bədbinlik, ruh düşkünlüyü əmələ gəlir. Yalnız milli rəqsimiz, gözəl oyun havalarımız bizi köklərimizə qaytarıb, bu soyuq dünyada boşluğu doldurub, insanlara sevinc və həyat eşqi gətirə bilər. Mən toylarımızda, qonaqlıqlarımızda rəqs edənlərə çox tamaşa eləmişəm və nəhayət başa düşmüşəm ki, yaxşı əhval – ruhiyyə məhz doğma, milli rəqslərin təsirindən baş verir. Heç fikir vermisənmi, bir kişi yaxud qadın rəqs edərkən necə qəribələşir, necə dəyişir! Ürək açan musiqi sədaları altında o, utancaqlığını, ciddiliyini bir kənara atıb ürəkdən rəqs edərkən göz qabağında, sözün əsl mənasında gəncləşir. İnsana rəqs etməzdən əvvəl, bir də rəqs etdikdən sonra diqqət et. Ürəkdən rəqs edən adamın bütün varlığı, sanki işıq şüalarına hörülür. Mən rəqs edəndə xoşbəxt oluram. Ən çox da qarmonun ifası ilə rəqs etməyi sevirəm.

– Yeri gəlmişkən, yaxın günlərdə məni qız toyuna dəvət ediblər. Getmək istəyisinizsə, birlikdə gedək – dedim.

Gülrux xanım böyük məmnuniyyətlə razı oldu. Biz toyxanaya gələndə artıq məclis qızışmışdı. Musiqi çalınır, qadınlar rəqs edirdilər. Məclisdəkilər müxtəlif yaş təbəqələrinə aid qız – gəlinlər, yaşlı qadınlar idi. Gülrux xanım onları müşahidə edir, hər birini rəqsi ilə xarakterizə etməyə çalışırdı. Musiqi nömrələri bir – birini əvəz edirdi, cavanlar isə oynamaqdan yorulmaq bilmirdilər. Mən Gülrux xanımı rəqsə dəvət etdim. Yadımda deyil hansı hava çalınırdı, amma deyəsən musiqi Gülrux xanımın xoşuna gəlməmişdi. O, belə musiqiləri “diringələr” adlandırır. Heç bir mənası olmayan, adamın hisslərini oynatmayan, beynini düşündürməyən, ürəyini titrətməyən diringələr...

Sonra başqa oyun havası çalındı. Sözləri mənalı, musiqisi ritmik. Gülrux xanım musiqini eşidən kimi yerindən sıçradı. O, quş kimi qollarını açıb toyxananın mərkəzində süzməyə başladı. Əllərini incə və yüngül hərəkətlərlə qaldırıb endirir, başını, gözlərini musiqinin ahəngi ilə sağa – sola çevirirdi.

Toyxanaya elə bil ki, su çiləmişdilər. Yaşlı bir insanın bu cür çevikliklə məzmunlu və heyranedici rəqsi qadınları çaşdırmışdı. Simalarda təəccübqarışıq qəribə bir ifadə hiss olunurdu.

Gülrux xanım toyda olduğundan, özündən, əllərindən xəbərsizdi, sanki. Elə bil heç kimi görmürdü, heç nə eşitmirdi. Özünü unutmuş, bütün varlığı ilə rəqsin ağuşuna atılmışdı, rəqsin içində yaşayırdı. O, başqa bir aləmdə idi. Rəqsdə uça-uça ürəyini göynədən və ona rahatlıq verməyən ağrılardan yavaş – yavaş azad olmağa başlayırdı...

Gülrux xanımın uşaqlıq illəri acı xatirələrlə dolu idi. Müharibə dövrü, aclıq illəri, bir qarın çörək üçün dəniz kənarında balıqçılardan balıq alıb bazarda ikiqat bahasına satır, əvəzində çörək, kartof, göyərti ilə evə qayıdır. İyirmi yaşlı qardaşı Leninqradda həlak olur. Anası Məsmə xanım vaxtsız vəfat edir.

1947-ci ildə baş götürüb Leninqrada gedir. Kütləvi aclıq keçirən, hələ də blokada təsiri altında yaşayan Leninqradda təhsil illərində yolda gedərkən buz qırılır, gənc tələbə qız buzun içinə düşür, iradəsi sayəsində ölümdən xilas olur.

1952-ci il. Azərnəşrdə redaktor işləyərkən söylədiyi bir cümlədən başı bəlalar çəkir. Bu çox sadə bir cümlə idi. “Bütün canlılar kimi Stalin də səhv edə bilər!” Şəxsiyyətə pərəstiş dövrünün qızğın çağında bu “səhv”in nə demək olduğunu anlamaq çətin deyil. 1954 – cü il. Moskvada aspirantura illərindən sonra sevdiyi insanla ailə qurur, qızı Leylanı dünyaya gətirir, oğluna nakam qardaşı Sədyarın adını verir. 1960 – 1962 – ci illər Bakı Dövlət Universitetində estetikadan mühazirələr söyləyir. Özü də böyük ilhamla və sinədən. Xatirəsindən heç vaxt silinməyən bir epizod: “Mühazirələrinin birində qapı açılır, zala bir neçə alim daxil olur. Ön sıralarda əyləşirlər. Mühazirə sevimli faciəlik mövzusunda idi. O, faciəliyin fəlsəfi məğzini açır, misallar gətirir, bəşəriyyət tarixinin fəci mübarizələr, labüd ölümlər, ictimai formasiyaların müəyyən dövrlərdə mütləq tənəzzülü və məhvi barədə danışır. Birdən tələbələrdən biri sual verir:

– Əgər bütün ictimai formasiyalar yaranır, inkişaf edib zirvəyə qalxır və sonra mütləq ölürsə, deməli kommunizm də məhv olub öləcək?

1961-ci il üçün bu çox cəsarətli sual idi. Məntiq, elementar məntiq onu bu suala inamla təsdiq cavabı verməyə vadar edir: “Əlbəttə, kommunizm də məhv olacaq!”- deyir.

1962-65-ci illərdə böyük və məsuliyyətli işdə – mədəniyyət nazirinin müavini vəzifəsində çalışmaq da onun üçün böyük məktəb olur. İnsanları tanıyır, milli incəsənətin sirrlərini dərk edir. Sonrakı 20 il isə Gülrux xanımın Xalq Təsərrüfatı İnstutundakı mühazirələri həyatının yeni, intellektual, idrak dövrü olur. O, həyatla incəsənəti fəlsəfənin vasitəsilə tutuşdurub, bəzən özünü də heyran edən və təəccübləndirən fikirlər və ideyalar kəşf edərək, estetikanın ecazkar kateqoriyalarının sirlərini aça – aça idrak sevincləri ilə yaşamağa başlayır.

Mühazirələr dövrü başa çatır. Öz hücrəsinə çəkilib ədəbi yaradıcılıqla məşğul olan filosof bu illərdə Epikür fəlsəfəsinə gəlib çıxır. “Gözə görünmədən – fəal yaşamaq!” Məhz şəxsən kamilləşməklə məşğul olmaq. Məhz bu yolla cəmiyyətə, insanlara qulluq etmək!

Qəhrəmanım hələ ki, yoldadır. Ömrünün qalan hissəsini daha mənalı və maraqlı keçirmək istəyir, azad, sərbəst, çırpıntılarsız, niskilsiz. Öz – özü ilə harmoniyada!

Kainatın hədsiz gözəlliklərindən, sirli dənizin sahilə çırpılan dalğalarının gur səsindən, lacivərd göylərin tərpənişindən, rəngarəng quşların mahnısından, ulduzların parıltısından, insanların mövcudluğundan, bizə bir dəfə, yalnız bircə dəfə bağışlanmış ömürdən həzz almaq istəyir!

Rəqs edən qadın, sanki ayaqlarını yerə toxundurmadan meydanın tən ortasında dövrə vurur, rəqsin son akkordlarını canlandırırdı. Onun bütün siması dəyişmişdi, üzü nura qərq olmuşdu, romantik bir cavana çevrilmişdi.

Bütün toy adamları, hətta rəqs edənlər də donub həsəd qarışıq bir heyranlıqla ona tamaşa edirdilər. Üzlərdə məmnunluq, minnətdarlıq ifadəsi oxunurdu. Qadınlar bu gözəl və cazibədar mənzərəni yaradanı, onlara bəlkə də heç vaxt duymadıqları hiss və həyəcanı yaşadanı alqışlara qərq etdilər. Sadə geyimli, təvazökar, hər cür bər –bəzəkdən uzaq, onları öz gözəl rəqsi ilə məftun edən qadını tanıdılar. Bu, fenomen alim və filosof, orijinal üslublu yazıçı, ali hisslər və yüksək mənəviyyat carçısı Gülrux Əlibəyli idi.

 

 

Nəzakət MƏLİKOVA

 

525-ci qəzet.- 2011.- 10 mart.- S.7.