Uğursuz tale yaxud naləyə
çevrilmiş şərqilər
Pedaqogika üzrə fəlsəfə doktoru Hər bir xalqın, millətin mənəvi dəyərləri sırasında onun ədəbiyyatı xüsusi yer tutur. Ədəbiyyat – bədii söz sənəti olmaqdan əlavə, millətin tarixi-ictimai-siyasi və bədii-estetik təqdimini verən mənbələrdəndir. Xalqın həyat salnaməsi, psixologiyası, dünyaduyumu haqqında zəngin məlumat verən ədəbiyyat tarixinin bir çox görkəmli nümayəndələrinin həyat və yaradıcılıqları layiqincə öyrənilməyib, ayrı-ayrı şəxsiyyətlərin ömür yoluna mənsub olduqları regional mühitinmi deyək, yaşadıqları dövrünmü deyək, şəxsi həyatlarında baş verən olaylarınmı deyək – fərqi yoxdur – saldığı kölgə onları anıb-sanılmağa qoymayıb, ədəbi irsləri layiqincə araşdırılmayıb.
Belə sənətkarlardan biri də XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist cərəyanın nümayəndəsi, şair, pedaqoq, xəttat Mirzə Şəfi Vazehdir. Yaradıcılıq nöqteyi-nəzərdən Vazehi həm xoşbəxt, anılan-sanılan, həm də nakam, yada-gümana düşməyən şair sanmaq olar. Xoşbəxtdir ona görə ki, hələ sağlığında şeirləri dünyanı gəzərək, adını olmasa da, ruhunu, duyğularını, sevincini, kədərini, şikayətini, Şərq milli koloritini dünyadan köçənə qədər ağlına belə gətirmədiyi xalqların dilində səsləndirib. Bu şeirlər ona özündən xəbərsiz şöhrət gətirib, incə, lirik duyğular müəllifinin – şərqli aşiqin könül çırpıntılarını qərb şeirsevərlərinə yaşada bilib. Bədbəxtliyi ondadır ki, saf, təmiz məhəbbət hisslərini, sevgilisinin gözəlliyindən doğan həyəcanı, ona qovuşmaq üçün çəkdiyi iztirabları səxavətlə Şərq şeiriyyətinin incəliklərini öyrətdiyi bir qərbli bunları yaşamaya-yaşamaya özününküləşdirib (demə, taleyin bizə qismət yazdığı nemətə, qismətə, paya (ən nəhayət, torpağa) şərik çıxanlar tarix boyu olub). Sənətkarın əsərini oğurlamaqsa (bu deyim kobud səslənsə də, fikrin sərrast ifadəsinə daha dəqiq xidmət edir) ananın övladının əlindən alınmağına bənzəyir. Şairin şeirlərinin – ruhunun, qəlbinin, ömür yaşantılarının, ən əsası, mənsub olduğu millətin ağrı-acısının, özünütanıtımın əlindən alınması deməkdir. Taleyin biganə qaldığı, uğursuz taleli bu şairin – Mirzə Şəfinin həyatı və ədəbi-elmi yaradıcılığı ilə bağlı mübahisəli olaylara ədəbiyyatşünas alim, professor Zaman Əsgərli də biganə qalmayıb, vazehşünaslığın son nailiyyətlərini ümumiləşdirib tədqiqatçı süzgəcindən keçirib. Şərq-Qərb müstəvisində Vazeh-Bodenştedt paralelizminin qaranlıq cəhətlərini aydınlaşdırmağa cəhd edən alim şairin həyatı və bədii irsi ilə bağlı araşdırmalarını yenicə sapdan çıxmış “Mirzə Şəfi Vazeh” adlı tədqiqatında ədəbi ictimaiyyətə təqdim edib.
Gərgin axtarışların və elmi təhlilin məhsulu olan əsərini “Gəl sənə də bir kitab, buna kitab demək olmaz, dəftər verim” deyə sadə tərtibatda nazik bir kitabçanı təvazökarlıqla mənə uzatdı. Zaman müəllimin tədqiqatçılıq səriştəsini, alimlik axtarışlarını, nəhayət, öz sözünü deyə bilən bir ədəbiyyatşünas olduğunu və Vazehlə bağlı dərin bilgiyə malik olmadığıma görə əsəri birnəfəsə oxumağa başladım. Təbii ki, tədqiqat əsəri bədii əsər sürətilə oxunmur və qavranmır. Tədqiqatdakı hər bir fakt, gətirilən sitat, istinad olunan elmi mənbə və s. səni düşündürür, müqayisəli təhlilə aparır. Lakin baxışlarım öncə tədqiqatın sərlövhələri, daha sonra sətirlər üzərində gəzdikcə qəribə bir uyarlığın şahidi oldum (öz qənaətimə görə) və mənə elə gəldi ki, Zaman Əsgərli ilə Mirzə Şəfini bir-birinə məhrəm edən, tapındıran eyni şeydir: sadəlik, səxavətlilik, paklıq. Məhz bu üç amil Şəfi xislətli təvazökar alimi cild-cild irsi əldə olan sənətkarlara deyil, xəyanətin qurbanı olan, sözü-söhbəti əsir düşən Vazehin qaranlıq dünyasına baş vurmağa təhrik edib. Elmi faktlara, yanlış mülahizələrə yüngüllük gətirmək məqsədilə obrazlı sığal verilən əsər “Uğursuz tale” adlandırılan ilk fəsildəncə oxucunu sehrləyir. Müəllif Mirzə Şəfinin həyatı ilə bağlı özünəqədərki tədqiqatları ümumiləşdirərək şairin doğum tarixi, təhsili, dünyagörüşünün formalaşmasında müstəsna rolu olan şəxslərlə tanışlığı, müəllimlik fəaliyyətinə başlaması, ilk sevgisi, ailə məhrumiyyətləri, kimsəsizliyi ilə bağlı yeni araşdırmalarını arxiv materiallarına əsaslanaraq şərh edir.
M.F.Axundzadənin
keçmiş müəllimini ağır dolanışıq
və cansıxıcı mühitdən uzaqlaşdırmaq məqsədilə
yerinə tatar məktəbinə müəllim təyin olunarkən
Azərbaycan dilini, eyni zamanda fars və ərəb dillərini
tələb olunan səviyyədə bilməsinə baxmayaraq,
“rus, gürcü və erməni dillərini qətiyyən
bilmədiyinə görə şagirdlərin yalnız
tatarlardan ibarət olmadığı məktəbdə tatar
dili müəllimi vəzifəsinə layiq görülə
bilmədiyi”, “heç bir gizli cəmiyyətə mənsub
olmadığı, həmçinin pravoslav dininə etiqad edən
uşaqlara şərq pravoslav kilsəsinin təliminə zidd
olan qaydaları təlqin etməyəcəyi haqqında
yazılı vəkalətnamə” verməli olduğu
haqqında faktları təhlil etməklə Z.Əsgərli
şairin şəxsiyyəti ilə yanaşı,
yaşadığı mühit, mənsub olduğu cəmiyyət
haqqında da dolğun təsəvvür yaradır. Xüsusilə
Mirzə Şəfinin soyuq Gəncə hücrələrindən
Tiflisin qaynar ədəbi mühitinə düşməsilə
bədii-estetik görüş dairəsinin genişlənməsi,
dövrünün ziyalıları ilə “Divani-hikmət” ədəbi
məclisini təşkil etməsi, dərslik tərtibçisi
kimi fəaliyyətinə dair vazehşünaslıqdakı
fikirlərə tənqidi yanaşan Z.Əsgərli
yanlış mülahizələri arxiv sənədləri ilə
müqayisə edərək şairin ədəbiyyat tarixindəki
mövqeyini dəyərləndirir. “Vazeh şeirlərinin
dünya şöhrəti qazanması və Qərb ölkələrinə
yayılmasında Bodenştedtin müəyyən xidmətləri
olduğunu” qeyd edən tədqiqatçı alim alman mütəfəkkiri
Fridrix Bodenştedtin şəxsiyyəti, Vazehlə
yaxınlığı ətrafında mülahizə
yürüdən tədqiqatçıların birtərəfli,
subyektiv fikirlərinə fərqli rakursdan yanaşıb,
Bodenştedtin xidmətini plagiatlıq və ədəbi
oğurluqdan çox Vazeh irsinin yayılmasında
görüb. Bodenştedtin ailəsi, təhsili, Qafqaza gəlib
çıxması, “şərqli Mirzə Şəfi ilə”
tanışlığı və Almaniyaya qayıtdıqdan
sonra Qafqazın ədəbi fikrinə, tarix, coğrafiya və
etnoqrafiyasına dair gördükləri və eşitdikləri
ilə bərabər şərq dili müəlliminin şeirlərini
də “Şərqdə min bir gün” əsərində verməsini,
Bodenştedtin müəlliminin şairliyini, bədii
istedadını ehtiramla xatırladığını Z.Əsgərli
qarşılıqlı münasibətlərin “sədaqət
bəslənilən” dövrü kimi səciyyələndirir.
“Nəğmələr”in Almaniyada çox tez və
sürətlə yayıldığı, iki-üç ildən
bir təkrar nəşri, 1863-cü ilə qədər 12 dəfə,
təkcə 1865-ci ildə 6 dəfə, 1870-ci ildən sonra isə
nəşrlərin və tirajın genişlənərək
hər ildə 6-7 dəfə çap olunması məhz
Bodenştedtin tarixi xidmətidir. XIX əsr
ədəbi mühitində nəinki Vazehin, heç bir
şairin şeirlərinin dünyanı
qarış-qarış gəzməsi üstəlik müxtəlif
dillərdə reallıqdan kənardır. Lakin çox təəssüf ki, bu sədaqətə
Bodenştedt öz qərbli xislətinə xas xəyanət
edir. Tədqiqatçı alim yazır: “...XIX əsrin
60-cı illərində “hədsiz dərəcədə təkəbbürlülük
azarına mübtəla olmuş”, “müstəqil şair kimi
bəxti gətirməyən” Bodenştedt öz müəlliminin
əsərlərinin böyük, heyrətamiz bir şöhrət
qazandığını görüb riyakarlığa üz qoyur.
O, 1874-cü ildə Berlində Alman Ədəbiyyatı Cəmiyyətinin
nəşriyyatında çap etdirdiyi “Mirzə Şəfinin
irsindən. Fridrix Bodenştedtin proloqu və əlavə
izahı ilə” adlı kitabda yazdığı
“Sözardı”nda: –
“Mirzə Şəfinin
şərqiləri tərcümə deyil, yaradılması
üçün yalnız mənə borclu olan şeirlərdir”
– deyə açıq şəkildə Vazehin müəllimliyini
danaraq, özünü Mirzə Şəfi adı ilə
çap olunmuş kitabların müəllifi elan edir. Beləliklə,
“Bodenştedtin Vazehə xəyanət mərhələsi”
başlanır. Bu mərhələdə o, müəllimi
Mirzə Şəfinin bədii istedadını inkar edir, onun adına çap olunmuş əsərlərin
hamısının özü tərəfindən
yazıldığını, Mirzə Şəfi
sözünün isə zarafatyana uydurulmuş bir ad
olduğunu söyləyir”. Şərq
yalanının ayaq tutsa da yerimədiyini bilməyən
Bodenştedtin bu şöhrəti uzun sürmür, xristian ədəbiyyatı
tarixçiləri “Nəğmələr”in alman
poeziyasından, Avropa bədii təfəkküründən
uzaq olduğuna, Almaniyanın sosial-siyasi həyatında baş
verən hadisələrlə əlaqələndirilmədiyinə
görə “Şərq poeziyasının yüksək
zövqünü özününkü hesab edib nəzmə
çəkilən xoşagələn nəğmələrin
ətinin, qanının bizim xalqın (yəni – almanların –
Z.Ə.)” olmadığını söyləyir. M.Ş.Vazehin 1821-ci ildə üzü
köçürülmüş “Şeir məcmuəsi”
adı altında bizə gəlib çatan əsərlərinin
məzmunu və poetikasına əsasən ədəbiyyatşünas
alim şairin bədii yaradıcılığa ən geci XIX əsrin
onuncu illərində, yeniyetmə çağlarında
başladığı, “klassik Şərq, o cümlədən
Azərbaycan poeziyasının ənənələrini davam
etdirərək ilk əsərlərini farsca
yazdığı” qənaətinə gəlir. Məsihi,
Qövsi, Saib, Vaqif, Vidadi, Zakir kimi Vazehin də Füzuli ənənələrindən
qidalandığını, “ürək qanı ilə”
yazmağı, ictimai həyata, cəmiyyətə fəal
müdaxilə etməyi, real gerçəklikdə baş verən
hadisələri ümumiləşdirərək sənətkar
süzgəcindən keçirməyi, xalqın istək və
arzularından, sevinc və kədərindən yazmağı
öyrəndiyini vurğulayan müəllif bu bədii bəhrələnmənin
xüsusən məhəbbət mövzusunda
yazdığı qəzəllərində daha aydın
göründüyünü qeyd edir. Onun fikrincə,
“Füzuli kimi Vazeh də həqiqi eşqi, təmiz məhəbbəti
yüksək qiymətləndirir, eşq məkanı olan
könülləri xoş, eşqə həyan olan fikirləri
düzgün, əbədi sayır, məhəbbətin dərdini,
sevginin qəmini duya bilməyən, eşqdən xali ürəkləri
susuz çeşməyə bənzədir”.
Xoş olsun ol könül eşqə
məkandır,
Var olsun ol fikir
eşqə həyandır.
Susuz çeşməyə
bənzər ol ürək kim,
Nə eşqin
dərdini, nə qəm duyandır.
Məcmuədə
qorunub saxlanmış qəzəl və təkbeytlərdə
lirik qəhrəmanı müəllif məhəbbət
dünyasının padşahı adlandırır. Dərdinin
dərmanı, xəstəliyinin əlacı sevgilisinin vəsli
sayılan aşiqin mənəvi-əxlaqi dünyasını,
həyata ziddiyyətli baxışını Z.Əsgərli
şairin təkbeytlərində də göstərir: Ba
entezarı – həlakəm çü zəhre – hecr konəd,
Degər çe sud dəhd avəri əgər teryak. (Hicran zəhərinin
əlindən ölüm gözləyirəm, tiryək gətirsən
də fayda verməyəcəkdir).
Tədqiqatda Vazehin
“Hər ca ke beznəvəm ziccəmaləş mikayəti”
(Onun üzündən harada bir hekayət eşitsəm) mətləli
qəzəlinin farscadan hərfi tərcüməsini verən
alim başqa şeirlərində olduğu kimi, bu qəzəlində
də onun Azərbaycan klassik poeziyası və milli folklor ənənələri
əsasında yetişən sənətkar olduğunu əsaslandırır
və bu mühüm əlamətin onun müxtəlif dillərə
tərcümə olunan əsərlərində də
aydın duyulduğunu göstərir. Mirzə Şəfi
şeirlərinin məkan hüdudsuzluğunu prof.Z.Əsgərli
“Səyyar nəğmələr” fəslində oxucuya
çatdırır. Şairin şeirlərinin XIX əsrdən
üzü bu yana tərcümə və nəşr
olunduğu dərgi, məcmuə, kitabların, sözlərinə
bəstələnən mahnıların, xatirəsinə həsr
olunan şeirlərin sistemli şərhini verməklə
yanaşı, o, tərcümələrin müqayisəli təhlilini
aparır. XIX əsrin müxtəlif qəzet və
jurnallarında dildən-dilə tərcümə olunaraq
yayılmasını şeirlərin fəlsəfi dərinliyi,
şairin həyata baxışı, ruh yüksəkliyi ilə
əlaqələndirir. “Mirzə Şəfinin nəğmələri”nə
xüsusi maraq və aludəçiliyə “Xarici şairlərdən
tərcümələr toplusu” kitabında Dante, Bayron, Heyne,
Lilber, A.Müsse, Şevçenko kimi qüdrətli poetik
söz ustadlarının əsərlərilə bir sırada
Vazehin “Züleyxa” şeirinin çap edildiyini göstərir. Şairin
“Süsəni” rədifli müxəmməsinin və “Nə qədər
kim fələyin sabitü səyyarəsi
var” mətləli qəzəlinin rus dilinə tərcüməsində
uyğun söz və ifadələr seçilmədiyi,
orijinaldakı fikrin təhrif olunduğu da alimin diqqətindən
kənarda qalmayıb.
O, müxtəlif şairlərin
tərcümələrindən müqayisəli nümunələr
verərək, bunu Azərbaycan poeziyasının özünəməxsus
xüsusiyyətləri, şeir dilinin poetikası ilə izah
edib. Vazehin əsərlərinin orijinallarının
tapılması və nəşri sahəsində aparılan
axtarışlar, görülən işlər əsərin
“Doğma vətəndə” fəslində tədqiqatçı
tərəfindən təhlil edilərək qiymətləndirilir,
Vazehə məxsusluğu şübhə doğuran şeirlər
içərisində prof.Z.Əsgərli Q.Zakirə,
A.Bakıxanova, Həsənəli xan Qaradağiyə aid
olanları da müəyyənləşdirir. Hicran qəminin
badeyi-gülgündür əlacı, Vazeh
danışırlar bunu meyxanələr içrə beytində
Vazeh sözünün sintaktik-semantik baxımdan müraciət
mənasında deyil, “aydın” mənasında işləndiyini
göstərən müəllif beytin Mirzə Şəfinin
deyil, Qasım bəy Zakirin məşhur “Bayram
günüdür, zövqü səfa xanələr içrə”
mətləli qəzəlinin beşinci beyti olduğunu
göstərir. “Nəğmələr”ə daxil edilən
ictimai məzmunlu şeirlər içərisində qadın
hüquqsuzluğu mövzusuna müəllif xüsusi diqqət
yetirir. Vazehin Şərq qadınlarını mənəvi əsarətdə
saxlayan qayda-qanunları pislədiyi, qadın mənliyini qiymətləndirə
bilməyən kişiləri nifrətlə
xatırladığını o, şeirlərindən
başqa Bodenştedtlə olan söhbətlərində də
xatırladır: “Vazeh qadınları təbiətdəki ən
gözəl güllərə bənzədərək deyirdi:
“Qadınlar da çiçək kimidir. Onlara yaxşı
qulluq edib qoruyarsansa, daha gözəl və ətirli olarlar”. Yaşadığı
çağların orta əsrlər feodal mühiti ilə
üst-üstə düşdüyü adət-ənənələrə
qarşı çıxan Vazehin münasibətini Z.Əsgərli
farsca şeirlərindən birində ümumiləşdirir: Gər
mərdi ze ma zəni darəd dust, Yarist neku-vo eybəş nə
nekust. Əmma ze çe ruy çon zəni mərdi xast, Dər
çeşme-cahan pəlid – o bəd siyreyi ust. (Əgər
bizlərdən bir kişi bir qadını sevsə, o, gözəl
bir dost sayılar və bu, ona eyib deyil. Bəs nə
üçün qadın bir kişini sevsə, dünyanın
gözündə xar və pozğun görünər?! – Z.Ə.)
Yüksək bədii təxəyyülə və poetik
ustalığa malik şairin orijinal bədii nümunəsi
kimi “Kitabi-türki” dərsliyi tədqiqatçı diqqətindən
kənarda qalmır, Azərbaycan dili və ədəbiyyatını
tədris etmək üçün ilk dərsliklərdən
biri kimi qiymətləndirilir. Dərsliyin “Hikmətlər və
nəsihətlər” adlanan hissəsinin əsas məzmununun
şairin müasirlərinə tövsiyələrindən
ibarət olduğunu söyləyən alim onları nəsihət
janrının bir nümunəsi adlandırır. Elmin səmərəsi,
ağlın rolu, alimin böyüklüyünə dair fikirlərin,
nadanlıq və savadsızlığın tənqidinin
xüsusi yer tutduğu bu nəsihətləri A.Bakıxanovun,
Mirzə Nəsrullanın nəsihətlərinə bərabər
tutur və o dövrün nəsihətnamə müəlliflərindən
fərqli olaraq, Vazehin dini nəsihətlərə az yer
ayırdığını göstərir. Müəllif
M.Ş.Vazehin əldə olunan orijinal lirik şeirlərini, dərslikdə
“Hikmətlər və nəsihətlər” kimi verilən “Məzhəkələr”
və “Hekayələr”i vazehşünasların “fars və ərəbcədən
tərcümə olunmuş məqalələr, əxlaqi nəsihətlər
və təmsillər” sayması fikri ilə
razılaşmır; onlardan bəzilərinin fars və ərəbdilli
ədəbiyyatda analoqu olsa da, Vazehin bu əhvalatları
olduğu kimi köçürmədiyini, bəzilərini sərbəst
tərcümə, bəzilərini isə təbdil yolu ilə
doğma dilində verdiyini yaşadığı mühitlə,
xalqın həyat və məişəti ilə əlaqələndirir.
“Mənsur miniatür”, “miniatür hekayə” adlandırılan
bu əsərlər onun fikrincə, şən əhvali-ruhiyyəli,
gülməli məzhəkələrdir. Azərbaycan bədii
nəsrinin formalaşması baxımından bu əsərlərin
dilinin XIX əsrin 90-cı illərinə qədərki bədii
nəsrin ən sadə və anlaşıqlı dili kimi
özündən sonrakı hekayəçilik, üslub və
nəsr dilinin inkişafına təsir göstərdiyi
yüksək qiymətləndirilir.
Professor Z.Əsgərlinin
yaradıcılıq taleyi nakam Mirzə Şəfiyə həsr
etdiyi əsərdə Azərbaycan, rus, Avropa müəllifləri
ilə yanaşı, arxiv materialları da daxil olmaqla 123
müxtəlif adda mənbəyə istinadı
vazehşünaslıqda orijinal tədqiqat və təhlil kimi
önəmlidir. Sərbəst düşüncə, elmi-nəzəri
təhlil, müqayisəli araşdırma və nəhayət,
klassik ədəbi irsə sonsuz maraq və sayqı “Mirzə
Şəfi Vazeh” araşdırmasının” cild-cild əsərləri
olan bir sənətkarın yaradıcılıq yolu
haqqında monoqrafiya sambalında olduğunu söyləməyə
əsas verir. Nə heyf ki, bu “dəftər” ömrü
keşməkeşli şairin sadəcə orijinalı bir dəftərçəyə
sığan cüzi irsi haqqındadır. Nə yaxşı
ki, Mirzə Şəfinin nalə çəkən sərgərdan
şərqiləri bu gün Zaman Əsgərli
araşdırmasında daha bir sığınaq tapdı, daha
bir ömür yaşadı.
Nazilə ABDULLAZADƏ
525-ci qəzet.- 2011.- 10 mart.- S.6.