“Payız
prospekti”ndə görüş
Xaosun at oynatdığı
1990-1992-ci illər idi.
İşlədiyim “Qala”
qəzeti sırf ədəbiyyat yönlü
olsa da, yurdumuzu-xalqımızı yaxalamış
çaşqınlığa münasibətdən qələmimi
heç cür yayındıra bilmirdim. Zörən “siyasi icmalçı”ya çevrilmişdim...
Bu məhkumluğun məni
hara aparıb çıxaracağını düşünməyə
macal tapmamış, cəlilabadlı şair Abbasağa Azərturkün
qəzəbinə tuş
gəldim. Dostlarımın
birindən göndərdiyi
barmaq boyda kağız parçasında
yazırdı : “İçini
talayırsan, özünü
öldürürsən. Otur
yerində, şeirinlə
məşğul ol
!..”
Əli Nəcəfxanlının
yenicə nəşr edilmiş poeziya toplusunu əlimə götürəndə, həmin
ustad öyüdü düşdü yadıma.
Və əlbəttə,
təsadüfən yox.Axı
o da, bir qərinədir, qələmini
arakəsməsiz yaşadır.Sağında
şeir, solunda irili-xırdalı məqalələr,
oçerklər, reportajlar...
Tanrı tərəfindən
bəxşiş verilən
birincinin ikincidən umacağı yox, peşə seçiminin zəruriləşdirdiyi ikinci
isə birincidən hər dəfə nəyisə qoparır.Onda
qalmış, adi fermer təsərrüfatından
bəhs edərkən
belə, mövzunu poetik deyimlərə qıpçayan, fikrini metaforalarla yoğuran Əli kimi jurnalist
ola,..
Nə yaxşı
ki, narahatlığım-nigaranlığım
çox çəkmədi.Kitabı
açıb, son dövrdə
yazdığı şeirləri
oxuyanda, gördüm
, “içini talamayıb”.
Bir qış günü “Payız prospekti”ndə “özünü
öldürməmiş “bir
şair çıxdı
qarşıma ...
Keçən il Masallı rayon İcra Hakimiyyətində atüstü
söhbətimizi nəzərə
almasaq, çoxdandı
rastlaşıb kef-əhval
soruşmurduq.İndisə “Payız prospektin”də onunla arın-arxayın görüşmək ,söyləyəcəklərini
doyunca dinləmək fürsəti düşmüşdü
əlimə...
Əli Nəcəfxanlının
yaradıcılığına yaxşı bələdəm.Tanımadığını, sevmədiyini
heç zaman qələmə gətirməz.Həmişəki kimi, yenə ilk sözü
qarış-qarış gəzib,
irəliləyişini, kəm-kəsirini
şəxsən seyr
edib-duyduğu,öyündüyü-ağrıdığı
vətən oldu :
Çox da sənə sevdiyimi söylərəm,
Əməlimdə görməyincə
inanma !
Tərifini ha qaldırım
göylərə,
Yolunda can verməyincə
inanma !
... Öz ömrümü
bircə uçuq qalana
Kərpic-kərpic hörməyincə inanma !
Dəfələrlə aldanmışa, sadəlövhlüyü ucbatından tarix boyu başı bəlalar çəkmişə deyiləsi bundan yana sözmü var?!.Həmin şeir ikicə bənddən ibarətdir.Amma oxuyub qurtarandan sonra qan yaddaşın uzun müddət oyaq qalır. “Payız prospekti”ndə müəllifi tək-tənha qoyub, Qarabağsızlıqdan, Zəngəzursuzluğa, Zəngəzursuzluqdan Təbrizsizliyə havalanırsan.Baş alırsan Azərbaycanın bütöv çağlarına doğru.Yol gedirsən türkün belini qıran Çaldıran döyüşünə qədər ...
İşğalsız vətən bakirə hissləri ifadə etmək üçün ən uca təşbehdir . Heç zaman qələmini ilahi eşqdən endirməyən böyük Məhəmməd Füzulinin hər hansı müqayisəsini kiçik Kərkük eli ödəməzdi.Adilərdən olmayan yarının “səri-kuyi”ni şair yalnız, yalnız yuxuda gördüyü əcdadının yaşadığı yurdun o vaxtki möhtəşəmliyi ilə qoşalaşdıra bilərdi:
Edəməm tərk Füzuli, səri-kuyin yarın,
Vətənimdir,vətənimdir, vətənimdir,
vətənim !
Necə də acısız-zədəsiz bənzətmədir.Basqısızlığından xumarlanıb geri dönmək istəmirsən.Bilirsən, azacıq üzü bəri gələn kimi “məzlumluq” başlanacaq :
Öz diyarından könüllər mülkü
bəs hərdəm neçün.
Çalü-çap eylər xəyalın
yağıyi-xunxar tək...
(Qövsi Təbrizi)
Qayıtdıqca qayıtmağına peşiman olursan.Yenə Təbrizsizlik,yenə Zəngəzursuzluq, yenə Qarabağsızlıq-
Qürbətdən vətənə baxdı Füzuli,
Vətəndən vətənə baxır Şəhriyar.
(Bəxtiyar Vahabzadə)
Əcəb təzaddır ! Fransız anlamaz, ingilis düymaz !..
Bunlar isə Əli Nəcəfxanlının iyirmi birinci əsrin ilk onilliyində gerçək dərdlərimizə ayna tutan yanğı dolu misralarıdır :
Tərifini ha qaldırım göylərə,
Yolunda can verməyincə inanma !
“Payız prospekti”nin girəcəyindəcə sanki bomba kimi partlayır və qəlpələri kitab boyu səpələnir :
Ölüncə yaramın qanı dayanmaz,
Üstünə qoymasan xarı bülbülü...
Dönəydi yurdunun çaylaq daşına,
Dönüncə vətəndə qaçqına qaçqın...
Vətən dərdi şor balıqdı,
Yedikcə yandırır canı...
Öz oxucuları ilə söhbətinə ovsar seçdiyi kiçik həcmli “Vətən” şeiri səhifələri çevirdikcə, bu cür deyimlərlə beləcə tamamlanır, dolğunlaşır, bitkinləşir.
Hansı mövzuda yazırsa-yazsın, Əlinin qələmi milli nisgilimizdən şirə çəkir. “Mənim şeirim”də, o :
Millətin yolunda məşəl deyilsə,
Demək fəraridir mənim şeirim –söyləyir.
Adicə papirosdan bəhs edəndə də, hələlik üzünə həsrət qaldığımız əzəli yurd-yuvalarımız yadına düşür :
Hardadı Laçınım, hardadı Şüşam?
Yaralı aslanam, qanadsız quşam...
Lap “Gül balam-bülbül balam”-deyə uşaqlar üçün yazanda belə, sadə nəğmələrinə mürəkkəb “vətən” anlayışından nəyisə hopdurur :
Küləklər-bayraqlarda ,
Bayraqlar ucalarda ...
Əli Nəcəfxanlının “Payız prospekti”ndə böyük ədəbiyyata boy verən xeyli cəhətlər var. İlk növbədə, bədii yaradıcılıq üçün vacib şərt sayılan söz sərrastlığı, şeirlərində özünü bariz şəkildə göstərir.Məsələn, çoxlarından fərqli olaraq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı kimi həssas bir mövzuya müraciətində,göz yaşına bələnib, bu acı həqiqəti məğlubiyyətə yozmur, ruh düşgünlüyünü, ataların babalardan geri qalmayan mərdliyinə şəkki yeniyetmələrin şüuruna pərçimləmir.Dəqiq seçdiyi “Ürəyi gedən vətən” uğurlu deyimi məhvərində fikrini başlayıb-qurtarır:
Qoynunu o qədər geniş açdı ki,
Hər yetən
daraşıb daraltdı
onu ...
Ehey, neçə
ildi ürəyi gedib,
Özünə gələmmir
gör neçə ildi ...
Məğlub olub sınan dikəlməz. Bayılan əvvəl-axır
ayılar.Bu misralarda yaşanan ağrı-acıda
bir müvəqqətilik,
sabaha nikbinlik var...
Yan-yörəsindəki həmyaş
qələmdaşlarının bəzisi şeirlərində
böyük hərfi kiçik hərflə əvəzləyəndə, sətirlərin
arasından nöqtəni-vergülü
yığışdıranda, poeziyaya münasibətində
Əli heç bir “yenilik” eləmədi
və bu günkü söz “yağışı” altında
məhz onun da sadiq qaldığı
“köhnəlik” təzə
kimi görünür.Belə
poetik tapıntılardan
qurulmuş şeirlərdən
ötrü intellektli oxucunun burnunun ucu göynəyir:
Babəkin qolları
yaşıl ağacdı,
Siz –onun qırmızı yarpağı,
qardaş...
(“Şəhidlər”)
Heç kəsin
yazısı belə yazılmır,
Mənimki ilahi zarafatıdı.
(“Tərsinə
oxuyun alın yazımı”)
Sənli xatirələr
qəm düyünçəsi,
Götürüb gedirəm
ayrılıqlara ...
(“Ayrılıqlara”)
“Könlümüzün
Yardımlısı”, “evimizin
ay işığı”, “cavabsız
məktub-alın yazısı”,
“ölümə könüllü
varmaq”, “yol eşqi”, “rəxşəndə
su”, “qəlbim-nanəm”,
“səmənisayağı boy”. “gülləylə güllə
köksümü”... Heç
bir şairin dəst-xəttinə meyillənməyən
bənzərsiz poetik ilmələrdir bunlar... Sadə dəmiryolçu taleyi yaşamış atasına həsr etdiyi “Ömrümüzün
yük qatarı” şeirini, Əli, görün, necə orijinal deyimlə sonuclayır :
Qarışıb paravoz tustulərinə,
Göylərə çəkilib
atamın ruhu ...
Sözü oynatmaq bacarığı hər şairdə olmur.Bu, fikri təkcə formaca pardaqlamır, həm də məzmuna şirinlik gətirir. Əli Nəcəfxanlı kitaba iki təcnis də daxil edib.
Can qurban
demişdik bu dağlara,can,
Dağlıyıq biz kökdən
budaqlaracan.
Darıxsan,bilirsən, bu dağlaracan
Neçə ağac
yoldu aran, a yarım ?
Bu misralar
təkcə müəllifin
dili gözəl bilməsini,sözlə işləmək
məharətini təsdiqləmir.
Həm də tətbiq etdiyi uğurlu forma sayəsində
şair oxucunu yormamağı, məzmunu
kəsə çatdırmağı
bacarır.
... Xeyli vaxtdır, Əli Nəcəfxanlı ilə
“Payız prospekti”ndəyik.
Mənə olanlardan, ola biləcəklərdən
danışır :
İllər bir-birini
nə yaman qovdu,
Aylarmı ovçudu,
günlərmi ovdu ?
Qərib duyğulara
könlüm girovdu,
Yaman ağlamalı
fəsildi payız...
Mənimlə söhbətin
mövzusunu dəyişməyə
çalışsa da,
bacarmır,söz sözü
çəkir :
Nə qapım
açıldı,nə qaşqabağım,
Ovcum-göz yaşımın
qəm piyaləsi.
Bu payız
sonrası,bu qışqabağı
Məni yerə
vurdu həsrət şələsi-
Bu payız
özünə oxşamadı
heç ...
...Kitabının
adını ismarladığı
əllinci səhifədəyik.Yaşımızın
əllini ötməsinə
eyham vura-vura,özünü
mənə, məni özünə güzgüləyir.Hər
ikimiz həyatın hökmüylə razılaşırıq
:
Onda bahar küçəsiydi,
İndi-payız prospekti...
Üzünü bu vaxta tutub
soruşur :
Kim qalıb o vaxtın
uşaqlarından ?...
Bir səda gəlmədiyini
görüb, sağ əlini ürəyinin başına, sol əlini
çiynimə qoyur.Dalğın baxışından bir qəribə
təskinlik boylanır :
Qoymadım tamahım yalquzaq
olsun,
Demədim qayğıdan can
uzaq olsun.
Oğlumun, qızımın
canı sağ olsun,
Çatıram
ömrümün yarı yaşına ...
Sonra da mənə ətrafı
göstərib gülümsəyir.Əcəb təsəlli
tapıb ömrün payızında:
Xəzəlləri
döşək-döşək ağaclar,
Çılpaqlaşan,
Qəşəng-gəşəng
ağaclar –
Yaxşı çəlik
çıxar budaqlarından !..
Həyatımızın
“Bahar küçəsi”ndə olsaydıq, yəqin başqa
şəkildə cilalayardı bu mənzərəni. “Hərəsi
bir saz şuppuluqdur, əla çiling-ağaclıqdır,
rezin-daş üçün yaxşı
haçalıqdır”-deyərdi. Neyləsin ki, əsa ədalı
“Payız prospekti”ndə idik və
Günəş qürüb
edirdi
Prospektin sonunda ...
Arif FƏRZƏLİ
525-ci qəzet.- 2011.- 10 mart.- S.6.