“Zirvə”yə layiq görülən
sənətkarlar mükafatlandırılıb
Dünən – Milli Teatr Günündə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatlarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2007-ci ildən təsis olunan mükafat mədəniyyətin hər sahəsini əhatə edərək 7 nominasiya üzrə verilir: “Mükafatın qalibləri ilə bağlı verilən qərarlar ədalətlidir, buna kimsə şübhə edə bilməz”.
Sonra “Zirvə” mükafatı qaliblərinin adları açıqlanıb. Təsviri sənət sahəsi üzrə “Zirvə” mükafatı Azərbaycan təsviri sənətinin inkişafı və təbliğindəki müstəsna xidmətlərinə görə xalq rəssamı Toğrul Nərimanbəyova, teatr sahəsi üzrə Şekspirin “Yay gecəsində yuxu” tamaşasına görə Rus Dram Teatrına, musiqi sahəsi üzrə Qəbələ Beynəlxalq Musiqi Festivalının, pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin bədii rəhbəri kimi xalq artisti, dövlət mükafatı laureatlı Fərhad Bədəlbəyliyə, kino sahəsi üzrə Azərbaycan kino sənətinin təbliğinə görə əməkdar incəsənət xadimləri, kinoşünas Aydın Kazımova və kinorejissor Cəmil Quliyevə, peşəkar gənc kadrların yetişdirilməsinə görə “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında tanınmış rejissor, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğluna, “Milli sərvət” bölməsində teatr və kino sahəsindəki müstəsna xidmətlərinə görə xalq artisti Yaşar Nuriyə, “Debüt” bölməsində 2010-cu ildə qazandığı yaradıcılıq uğurlarına görə gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı Cavid Səmədovaya təqdim edilib.
Azərbaycanın xalq artisti, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib ki, ona təqdim olunan mükafata Mərdəkanda yerləşən uşaq evinə piano alacaq: “Qərara gəldim ki, bu gün aldığım pul mükafatı ilə Qəbələdə istehsal olunan pianolardan alıb onlara hədiyyə edim”.
525-ci qəzet.-
2011.- 11 mart.- S.7.