Yetmiş ilin ədəbi-tarixi mənzərəsi
ELÇİNİN “SOSREALİZM
BİZƏ NƏ VERDİ?” KİTABI ƏSASINDA
Azərbaycanda ədəbi tənqidin kökləri çox qədimlərə gedib çıxsa da, əslində onun əsryarımlıq yaşı var. Ədəbi-ictimai fikrimizin nəhənglərindən biri-M.F.Axundzadənin tarixi xidmətləri sırasında onun ilk milli tənqidçimiz kimi şərəfli missiyası da haqlı olaraq qeyd edilir. Axundzadədən sonra F.Köçərli, A.Sur, Ə.Hüseynzadə, Seyid Hüseyn bu estafeti davam etdirdilər. Ancaq əsl, professional tənqid keçən əsrin hadisəsidir. İyirminci-otuzuncu illərdə Əli Nazim, Mustafa Quliyev, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Atababa Musaxanlı, İbrahim Xəlil, Məmməd Arif, Mikayıl Rəfili, Mehdi Hüseyn, Mir Cəlal, Əziz Şərif, Cəfər Cəfərov, Mirzə İbrahimov, Hidayət Əfəndiyev, Əkbər Ağayev, daha sonrakı illərdə Kamal Talıbzadə, Mehdi Məmmədov,Əziz Mirəhmədov, Qulu Xəlilov, Pənah Xəlilov, Bəkir Nəbiyev, Yaşar Qvarayev, Şamil Salmanov, Gülrux Əlibəyli, Akif Hüseynov, 70-80-ci illərdə bu estafeti davam etdirən Aydın Məmmədov, Kaml Vəliyev, Nadir Cabbarlı, Kamal Abdullayev, Rəhim Əliyev, Məryəm Əlizadə, Qurban Bayramov, Nazif Ələkbərli, Şirindil Alışanlı, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Vilayət Quliyev, Arif Əmrahoğlu, İlham Rəhimli, Tehran Əlişanoğlu, Əsəd Cahangir, Cavanşir Yusifli, Nərgiz Cabbarlı, Aydın Talıbzadə kimi tənqidçilər yetişdi. Bu sırada məxsusi yer tutan bir tənqidçinin də adını unutmaq olmaz – bu, görkəmli bir yazıçı kimi tanıdığımız Elçin Əfəndiyevdir.
Elçin Əfəndiyev professional tənqidçidir. “Yazıçı tənqidi” deyilən bir ifadə var və bu haqda düşünəndə bir çox şair və nasirlərimizin öz qələm dostları barədə yazdıqları “dostyanə” məqalələrini, bəzən isə ədəbiyyatın müxtəlif problemlərilə bağlı çıxışlarını xatırlayıram. Elçinin tənqidi yazıları isə “dostyanə” deyil, müasir ədəbi prosesi dərindən duyan, bu prosesi məhz tənqidçi meyarları ilə qiymətləndirən, ədəbiyyatın təəssübünü çəkən bir müəllifin fikir və düşüncələrini əks etdirir.
Elçin Əfəndiyev o tənqidçilərdəndir ki, həmişə ədəbiyyatın bu və ya digər problemi ilə bağlı ilk həyəcan təbili –SOS siqnalı ilə
ədəbi prosesdə bir canlanma yaradır.Onun hələ
keçən əsrin yetmişinci illərində yazdığı bir çox məqalələr- “Şeir axını”. Nə etməli”, “Hekayə
canrı. İmkanlarımız və iddiamız”, “Uman yerdən
küsərlər” (ədəbi tənqidlə bağlı),
“Azərbaycan uşaq ədəbiyyatı haqqında”, daha
sonrakı illərdə “Tənqidimizin metodoloci problemləri”,
“Ədəbi proses. Olum ya ölüm?”, “Azərbaycan ədəbi
prosesində nələr baş verir” ..bu yazılar ədəbi
fikri mübahisəyə, polemikaya, fikir mübadiləsi aparmağa
səfərbər edən tənqid nümunələridir. Yenə
bir faktı xatırlatmaq istəyirəm. Keçən əsrin
70-80-ci illərində, SSRİ vaxtında “Drujba narodov”,
“Voprosı literaturı” “Literaturnaya qazeta” səhifələrində
ən çox çıxış edən Azərbaycan tənqidçisi
məhz Elçin Əfəndiyev idi. “Sosrealizm bizə nə
verdi?” – Elçinin keçən ilin sonlarında “525-ci qəzet”də
çap olunan böyük məqaləsi də çox
mühüm bir mövzuya həsr edilib. Otuz il, qırx il, əlli
il bundan öncə istər Ümumsovet, istərsə də
Azərbaycan ədəbi tənqidində sosrealizm birmənalı
şəkildə təbliğ olunurdu. Elə bir tənqidçi,
ədəbiyyatşünas tapılmazdı ki, hər hansı
bir problemdən və əsərdən söz açanda,
sosializm realizmi prinsipləri ilə hərəkət etməsin.
Sosializm realizm sovet ədəbiyyatının əsas
yaradıcılıq metodu kimi yetmiş il ədəbiyyatın
başı üzərində hakimi-mütləq idi.
O, şüurlu və həm
də süni şəkildə yaradılmışdı, əvvəlcə
müxtəlif termin və məfhumlarla (“neorealizm”,
“tendensiyalı realizm”, “monumental realizm”, “proletar realizmi”,
“ictimai realizm”, “qəhrəmanlıq realizmi”)
adlandırılan, sonra Stalin və Qorki tərəfindən bu
cür terminlə tənqidi fikrin ruporuna çevrilən bu
metod yetmiş il ərzində Azərbaycan ədəbiyyatında
da dəyişməz qaldı. Onu klassik realizmlə
üz-üzə qoyaraq ən doğru bir metod kimi, özü
də novator bir metod kimi təbliğ elədilər. Bu metodun,
cərəyanın əsas prinsipləri partiyalılıq, xəlqilik,
tarixi nikbinlik, inqilabi romantika, çoxmillətli ədəbiyyat
ideyası, formaca milli, məzmunca sosialist ədəbiyyatı
kimi siyasi doktrinalar təşkil edirdi. Biz “şüurlu” və
“süni” ifadələrini işlətdik. Bəli, sosrealizm
şüurlu şəkildə yaradılmışdı,
çünki proletar inqilabı qalib gəlmişdi və
Leninin ideyalarını mədəniyyətə, ədəbiyyat
və incəsənətə də məhz şüurlu
şəkildə tətbiq etmək lazım idi. Çünki
onlar yaxşı bilirdilər ki, kütlələri inqilabla,
sosializm ideyaları ilə tərbiyə etmək
üçün ədəbiyyat böyük silahdır. Amma
bu metod həm də süni idi, çünki zorla , ədəbi
prosesin öz qanunauyğunluğu kimi deyil, təzyiqlə,
göstərişlə yaradılmışdı.
Elçin də “bu
danılmaz həqiqəti, yetmiş illik ədəbi vaqeələri,
onun ədəbi irsini” obyektiv şəkildə təhlil edir,
elmi-nəzəri təsnifatdan keçirir. Müəllif
yazır: “Bir küll halında götürsək, sovet
dövrü ədəbiyyatının ...bədii-estetik faciəsi
onda idi ki, fərdi səciyyəli bu seçimi istedadlar yox, Sistem
seçmişdi: sosrealizmi məcburi ədəbi metod kimi
hakimliyəgətirmişdi və təxminən 1924-56-cı
illər arasında –Sistemin ədəbi ideologiyası
formalaşdığı vaxtdan Sov.İKP-nin XX qurultayında
Nikita Xruşşovun Stalin kultuna qarşı söylədiyi məruzəyə
qədərki dövrdə-yaradıcılığa
başlamış yazıçılar (eləcə də rəssamlar,
bəstəkarlar, memarlar, recissorlar və s.) sosrealizmə məhkum
edilmiş yaradıcı insanlar idi”. Elçin Sistemin ədəbi
ideologiyasının daşıyıcısına çevrilən
sosrealizmin yetmiş il ərzində Ümumsovet və Azərbaycan
ədəbiyyatında yaratdığı ziddiyyətləri,
təzadları, inzibatçılığı,məhdudluğu
diqqətlə izləyir. Beləliklə məlum olur ki,
sosrealizm deyilən bu metod Sistemin əlində çox zərərli
bir silah olmuşdur.
“Ədəbiyyat nədir?
İkicə sözlə desək: istedadın ifadəsi. Sistemin
sosrealizm vasitəsilə ədəbiyyatı idarə etməyə
çalışması, əslində, istedadı idarə
etmək istəyi və hərisliyi idi”. Ancaq Sistemin və
sosrealizmin bütün cəhdlərinə baxmayaraq istedadı
tamamilə ram etmək mümkün deyildi: “İstedad sahibini məhv
etmək olar (Mikayıl Müşfiq), onu siyasi-ideoloji
baxımdan fanatikləşdirmək olar (Mehdi Hüseyn),
istedadın müəyyən hissəsini
“özününküləşdirmək” olar (ədəbiyyatımız
partiya rəhbərliyinin, yaxud Kreml ulduzunun vəsfi əvəzinə
daha artıq “Vaqif”lərə, Səməd Vurğun; “Cənub
şeirləri”nə, Süleyman Rüstəm; “Rənglər”ə,
Rəsul Rza; sahib ola bilərdi), ancaq sosrealizmin təcrübəsi
bir daha sübut etdi ki, istedadı tam şəkildə ram etmək
mümkün deyil”. Bu kitabda Elçinin ən çox işlətdiyi
söz ZİDDİYYƏTdir. Yetmiş ilin ictimai-sosial təzadlarını,
bu təzadların bədii söz sənətində də
öz əksini tapdığını hər səhifədə
görmək olar. Doğrudan da, Sistem elə qurulmuşdu ki,
açıq-aşkar paradoks vəziyyətlər
yaranırdı. Otuzuncu illərdə proletar ədəbiyyatını
var gücüylə müdafiə edən Əli Nazim, Mustafa
Quliyev, Məmmədkazım Ələkbərli az sonra
repressiyanın qurbanı oldular.Amma məsələ
orasındadır ki, repressiya nə qədər şiddətlə
tüğyan eləsə də, Azərbaycan ədəbiyyatı
Cavidləri, Müşfiqləri, Cavadları itirsə də
bir çox istedadlar bu bəladan xilas ola bildilər. Azərbaycan
dili və ədəbiyyatı öz varlığını
hifz edə bildi. Elçin doğru qeyd edir ki, ədəbi cərəyan,
metod kimi sosrealizmin bədii-estetik əmsalı çox
aşağı idi və bunun səbəbini də belə
aydınlaşdırır ki, dünya ədəbiyyatı
tarixində siyasət, rəsmi ideologiya heç bir ədəbi
cərəyana sosrealizm dərəcəsində müdaxilə
etməyib. O zaman həmin siyasi müdaxilə, eyni zamanda,
inzibati müdaxilə, ağır, sarsıdıcı fiziki və
mənəvi zərbə idi: Sistem sosrealizmdən istifadə
edərək, nəinki ədəbiyyatın, həm də bir
insan kimi yazıçıların taleyini həll etdi.
Elçin Sistemin
yaratdığı, təlimatlandırdığı sosrealizm
realizmi ədəbiyyatının prinsiplərini şərh
edir. Vaxtilə partiyalılıq, xəlqilik, tarixi
nikbinlik, inqilabi romantika bu ədəbi metodun başlıca
xüsusiyyətləri kimi izah olunurdu. Lakin bunlara yenidən
qiymət verdikdə, bir daha əyan olur ki, bu prinsiplər milli
ədəbiyyatların inkişafına nə qədər
böyük zərbə vurmuşdur.”Bu ədəbi metod
insanın bədii təsvirini iki zidd qütbə
böldü- “müsbət” surətlər və “mənfi” surətlər.
..Romanların, pyeslərin, hətta poemaların konfliktlərini
“müsbət” insanların sosioloci mübarizələri təşkil
etdi aə həmin “mənfi”-”müsbət” təsnifatını
bədii-etik psixoloci meyarlar deyil, siyasi meyarlar müəyyənləşdirdi.
Yəni hakim ideologiyanı təcəssüm etdirən surət
“müsbət” idi və o, “mənfi” ola bilməzdi, bu
ideologiyaya yad hərəkətlərə yol verən isə
heç vəchlə “müsbət” surət ola bilməzdi”.
Stalinin ölümündən sonra ölkədə şəxsiyyətə
pərəstiş kultu aradan qaldırılmağa
başladı . Xruşşovun cirə ilə də olsa, bəxş
etdiyi demokratiya, söz azadlığı öz bəhrəsini
verməyə başladı. Artıq əllinci illərin
axırlarından başlayaraq ədəbiyyatda müəyyən
stereotiplər qırılmağa başladı, “yeni bir nəsil
ədəbiyyatı gəldi ki, bu, yalnız nəsildəyişmə
prosesi yox, bədii-estetik hadisə idi”. Bu nəsil Elçinin
özü də daxil olmaqla, “altmışıncılar” idi.
Onların gəlişi, Elçinin doğru qeyd etdiyi
kimi,sosrealizmin zəiflədiyi illərə təsadüf
edirdi. Rus ədəbiyyatında Y.Trifonov, V.Rasputin, V.Belov,
A.Voznesenski, Y.Yevtuşenko, V.Axmadulina, Azərbaycan ədəbiyyatında
isə F.Sadıq, F.Qoca, Y.Səmədoğlu, Anar, Ə.Əylisli,
İ.Məlikzadə, V.Səmədoğlu,
İ.İsmayılzadə, Ə.Salahzadə, F.Kərimzadə,
Ç.Ələkbərzadə və başqa
“altmışıncılar” ədəbiyyata təzə səs,
nəfəs gətirdilər. Elçin
“altmışıncılar”ın zaman baxımından miqyas
genişliyi əldə etdiyini yazır və biz də bu fikrə
şərik oluruq ki, “1950-ci illərdə
yaradıcılığa başlamış Əli Kərim,
yaxud Sabir Əhmədli də, 70-ci illərdə potensial
imkanları üzə çıxmış R.Rövşən,
M.Süleymanlı, Ç.Əlioğlu, Z.Yaqub, S.Rüstəmxanlı,
N.Kəsəmənli, V.Bayatlı Önər, S.Səxavət,
Dilsuz, Şahmar da “altmışıncılar”ın nümayəndəsi
hesab edilir”. Məsələnin bu şəkildə qoyuluşu
bir qədər mübahisə doğursa da, burada müəyyən
yaş amili yox, ədəbiyyatın ümumi, müştərək
cəhətləri nəzərə alınmışdır.
Çünki bu adları çəkilən
yazıçıların hər birinin
yaradıcılığı fərdi xarakter daşısa da,
həyata, gerçəkliyə münasibətdə bir
nöqtədə birləşirdilər.
Elçin
“altmışıncılar”ın
yaradıcılığını belə səciyyələndirir:
“Altmışıncılar” ...həqiqəti yazdı və bu
həqiqət yalnız ictimai məna kəsb etmirdi, bəlkə
də daha artıq dərəcədə insani məna kəsb
edirdi. İnsanı bir-birinə zidd “mənfi” və
“müsbət” qütblərdə təsvirdən qaçmaq,
“mənfi”də “müsbət”i, “müsbət”də isə “mənfi”ni
görə bilmək, yəni insanı mürəkkəb,
ziddiyyətli bir varlıq kimi qəbul etmək, cəmiyyətdə
tutduğu yerdən və mövqedən asılı olmayaraq,
onun psixolocisinin dərinlərinə varmaq, dünənə qədər
ədəbiyyatda yalnız gülüş hədəfi olan
personajların prototiplərinə yeni nəzərlərlə
baxaraq, onlarda tamam yeni insani keyfiyyətləri kəşf etmək-bütün
bunlar əvvəlki dövr yazıçı və şairlərin
yaradıcılığında istisna xarakteri
daşıyırdısa, məhz bu cəhətlər
“altmışıncılar”ın ən istedadlı nümayəndələrinin
yaradıcılığını səciyyələndirdi.
“Altmışıncılar” sosrealizmin əsas prinsiplərindən
biri, hətta birincisi olan “formaca milli, məzmunca sosialist”
anlayışını söz ilə yox, əsərləri
ilə rədd etdi və “formaca da milli, məzmunca da milli” ədəbiyyat
yaratdı”. Elçinin “Sosrealizm bizə nə verdi?” mini
monoqrafiyası yetmiş illik sovet dövrü ədəbiyyatı
haqqında dolğun bir təsəvvür yaradır. Olsun ki,
burada mübahisəli məqamlar yaxud nəzərdən
qaçan, ötəri toxunulan məsələlər də
diqqəti cəlb etsin, amma etiraf etmək gərək ki, ədəbiyyat
tariximizin yetmiş illik bir dövrünü sosrealizm problemi
işığında izləmək,
qazandıqlarımızın və itirdiklərimizin nədən
ibarət olduğunu yəqin etmək bizim üçün
çox faydalıdır. Bu gün bəziləri sosrealizmi
tamamilə inkar edir və bu ədəbi cərəyan
haqqında birtərəfli mövqe tuturlar. Ancaq sosrealizm ədəbi-tarixi
faktdır və lazımdır ki, bundan sonra yazılacaq ədəbiyyat
tarixlərimizdə bu faktı olduğu kimi izah edək.
Bu mənada Elçinin sosrealizmlə bağlı fikir və mülahizələri çox dəyərlidir. Və arzu edərdik ki, müəllif bu sahədə axtarışlarını davam etdirsin. Onun öz sözləriylə desək, sosrealizm dövründə Azərbaycan ədəbiyyatının inkişafı bu ədəbiyyatın tarixində çox mühüm və prinsipial bir mərhələ təşkil edir və biz bunu da görməli, tədqiq etməli, elmi-nəzəri təsnifatını verməli, əldə edilmiş bədii-estetik dəyərləri qiymətləndirməyi bacarmalıyıq.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2011.- 11 mart.- S.7.