Naxçıvanda tarixi yer adları və ya mənəvi dəyərlərimiz erməni məkrinin daimi hədəfi kimi

 

Firudin Rza: “Dil və etnogenez tariximizi yaşadan adlar sistemi və qədim mədəniyyət abidələrimiz dağıdılıb, Əski yazılar “ermənilƏşdirilməklə” bütün coğrafi adlar dəyişdirilib” Şərqin ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda bu günə kimi heç bir yad mənşəli toponimə, yazı və abidəyə rast gəlinməyib. Naxçıvan bölgəsində xarici və yerli alimlər tərəfindən son illər aparılan tədqiqatların elmi nəticələri də bu qədim mədəniyyətin məhz Azərbaycan türklərinə məxsusluğunu sübut edir. Bu isə ermənilərin uydurma Naxçıvan iddialarını elmi cəhətdən təkzib edir. Öz tarixini müəyyənləşdirə bilməməklə saxta bir tarix formalaşdıran ermənilər qədim tarixə sahib olan Azərbaycana və onun ayrılmaz parçası Naxçıvana qarşı ərazi iddiaları ilə bu gün də çıxış etməkdədirlər. Torpaqlarımızın bir hissəsini işğal edən ermənilər yalanlarını sübut etdirmək, saxta erməni tarixini qanuniləşdirmək üçün tez-tez maddi və mənəvi mədəniyyətimizlə bağlı məkirli, bədnam niyyətlərini gündəmə gətirirlər. Xalq nağıllarımıza, mahnılarımıza, sahib çıxmağa cəhd göstərən düşmənlərimiz hətta milli mətbəximizi də göz dikirlər. Ancaq dərk etmək istəmirlər ki, bir millətin milli varlığını sübut edəcək əsas şərtlərdən biri onun qədim mədəniyyətidir.

Qaynaqlar ermənilərin çirkin siyasətlə Naxçıvana köçürülməsindən sonra burada zaman-zaman gizli, və ya aşkar şəkildə həm insanlara, həm də yer adlarına qarşı soyqırım törətdiklərini sübut edir. Mövzunun aktuallığını nəzərə alaraq, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmlər üzrə fəlsəfə doktoru Firudin Rzayevlə görüşüb həmsöhbət olduq. “Başqa xalqların tarixindən oğurlanmış “erməni tarixi” bu gün bəzi dövlətlərin siyasi marağı fövqündə tarixə daxil olur, muzdlu tarixçilər tərəfindən müdafiə olunmaqla konfliktlərə, müharibələrə, soyqırımlara yol açır. Azərbaycan xalqı bu acıların canlı şahidləridir” – deyə söhbətə başlayan müsahibim öz fikirlərini tarixi faktlarla əsaslandırdı:

– Qədim Mitan, Manna, Midiya türk dövlətlərinin qüdrətli əyaləti olan Naxçıvanı İ. Flavi “bəşər nəslinin ilk beşiyi” adlandırmış, K. Ptolomey isə onu “Naksuana” kimi Cənubi Qafqazın ən böyük şəhəri olaraq göstərmişdir. E.ə. IV minilliyə aid I və II Kültəpə, tunc dövrünə aid Qırlar, Albantəpə, Axura, Xoşkeşin, Maxta arxeoloji abidələrdən əldə olunan mədəniyyət əşyaları burada dövlətçilik ənənələrinin e.ə. III minilliyə aidliyini təsdiq edir.

 Naxçıvan əhalisinin təşəkkülündə iştirakı olmuş As, Naxər, Türükkü, Kuti, Lulubi, Koman, Kas, Sak, Oğuz və digər prototürk-Azərbaycan boylarının adı Herodot, Plutarx, Strabon, Ptolomey və başqa antik müəlliflərin əsərlərində e.ə. VI-I minilliklərin hadisələrində xatırlanır. Bu yazılarda Asturikan, Etrüsk, Turdetan, Bastul və qarqarların As nəsli olduğu göstərilir. Onlar isə naxçıvanlıların etnogenzində iştirakçı olmuş, Asər-Azərbaycan xalqı və ölkəsinin adını, dilini yaratmaqla, “Ön Asiya”-Azərbaycan, “Kiçik Asiya”-Doğu Anadolu, “Orta Asiya”-Qazax, Türkmən, və s. türk ərazilərini öz təsiri altına almışlar. Bu müəlliflər qədim Azərbaycanın Mitan, Manna, Midiya, Atropatena, Albaniya dövlətlərini “Asiya” adlandırırdılar. Aslara aid əlifbanın Qobustan, Kəlbəcər, Pirallahı, Təbriz, Nüvədi, Gəmiqaya kimi işarə-yazılarda təkrarı, 6 minillik əlifba tariximizdən xəbər verir ki, burada Nüvədi ərazisi e.ə. III minillikdən eramızın XX əsrinə qədər Naxçıvan torpaqları idi. Asların e.ə. II minillikdə 350 ilə yaxın “qeksos”-gök As adı ilə Misiri idarə etməsi, çarların xian-xan adlanması dünya tarixində tarixi yaddaşımızdır.

Yuxarıda adları çəkilən prototürklərin varisləri Sak, Massaget, Xəzər, Kaspi, onların Qazan, Kulas, Tərkə kimi qolları naxçıvanlıların etnogenezi tarixində e.ə. IV-II minilliklərdən Assur mənbələri və Herodot, K.Taçsit, İ.Flavi, F.Buzənd, Asoqik və başqa müəlliflərin yazılarında da qeyd olunur.

– Firudin müəllim, bəs bu qədər tarixi faktlar qarşısında ermənilər hansı mənbələrə istinad edərək torpaq iddiasına qalxırlar?

– Təbii ki, tarixi faktları saxtalaşdırmaq, təhriflər və uydurmalar hesabına Q.Kapansyan, Y.Manandyan kimi “erməni alimləri” öz kökləri friqlərin e.ə. VII əsrdə Balkanlardan Hetlər ölkəsinə gələrək “Hay”, e.ə. VI əsrdə isə Ərmən yaylasına köçərək “erməni” adlandıqlarını yazırlarsa, bu tarixi proses onların assimliyasiyasından xəbər verir. Herodotun “Tarix”i Balkanlarda Frakiya dövlətinin yaranma və süqutu, friqlərin siyasi vəziyyəti, köç səbəblərinə dair konkret faktlar verir. Bu kitab friq-briqlərin hetlər və prototürklər tərəfindən assimliyasiya olunduqlarını, “ərmən” etnoniminin isə əski dövrlərdə Subar türklərinin Ərmən adlı boylarına aidliyini sübut edir. “Ərmən” yer adı e.ə. III minillikdə Akkad çarı Naram-Suen və onun babası ulu Sarqona aid yazılarda “Arman” və “Armi” şəklində qeyd olunur. Bu da friqlərin köçündən ən azı 2000 il qabaqdır. Y.Yusifov, T.Hacıyev, F.Ağasıoğlu, Q.Qeybullayev, C.Cəfərzadə kimi yüzlərlə alimlərimizin tədqiqatlarında, eləcə də II cildlik “Dünya tarixi”, V.Avdiyev, L.Vasiliyev, C.Mellart, V.Masson kimilərin qədim Şərqlə bağlı əsərləri də bu yöndən qiymətli məlumatlarla zəngindir. Lakin bu problem geniş araşdırılmaqla tam həllini tapmamış, F.Ağasıoğlunun qeyd etdiyi kimi qədim ərmən türk tarixi friqlər tərəfindən oğurlanmışdır. Qafqaza Livan, Suriya, Türkiyə ərazilərindən köçürülən ermənilər, rus siyasəti ilə hər cür uydurmalar və vəhşiliklərlə tarixdə olmayan “erməni dövləti” qurmuşlar. Hələ 1904-cü il V.Veliçko bu köçün tarixi haqqında yazırdı: “Bütün qafqazlılar bilirlər ki, ermənilər Türkiyədən qaçaraq XIX əsrdə Qafqazda peyda olublar və olmayan tarixə sahiblənməyə çalışırlar”. “Erməni xalqının əsli nədir, bu ərazilərə nə zaman, haradan gəlmişlər, onlar kimdir? Əfsus ki, bütün bunlar haqqında əlimizdə heç bir dəlil, sübut yoxdur”-deyən M. Abekyan da özlərinin Qafqaza gəlmə olduqlarını yazır.

– Ermənilər buraya köçürüləndən sonra türk dilli yer adlarımız, ulu maddi və mənəvi dəyərlərimizin aqibəti necə olub?

 – Dil və etnogenez tariximizi yaşadan adlar sistemi və qədim mədəniyyət abidələrimiz bu proseslərdə dağıdılmış, əski Tenqri məbədləri “xristian kilisələrinə” çevrilmiş, antik əşyalar talan edilmiş, əski yazılar “erməniləşdirilməklə” bütün coğrafi adlar dəyişdirilmişdir. Akademik Y.Mahmudovun tərtibatı ilə çıxan “Adlara qarşı soyqırım” kitabı bu prosesə tam aydınlıq gətirir. Buradakı arxiv sənədləri 700-dən artıq kənd adının dəyişdirildiyini təsdiq edir. Təəssüflə qeyd edək ki, 1928-30, 1940-50-ci illərdə “Sovet Azərbaycanı” bu zorakı tarixi prosesin qarşısını ala bilməmiş, “Böyük Ermənistan” xülyalı uydurma kitab, xəritə və digər yazılar Rusiya, Amerika və Avropa ölkələrində dərc olunmuş, XX əsrin sonu bu yazılara istinadən yerli əhaliyə qarşı vandalizm, talanlar, soyqırım törədilərək əhali öz torpaqlardan zorla qovulmuşdur. 1991-ci ildə ərazinin 25 rayon adı dəyişdirilərək, Allahverdi-Tumanyan, Ellər-Abovyan, Vedi-Ararat, Ərtik-Artik kimi şəkillərə salınmış, bu erməni vəhşiliyi ilə də keçmiş Azərbaycan ərazisi bütövlükdə işğal olunmaqla tamamilə boşaldılmışdır. Halbuki, antik müəlliflər və əski qaynaq məlumatları, eyni zamanda XVI-XVII əsrlər Osmanlı imperiyası tərəfindən hazırlanan və Z.Bünyadov, H.Məmmədov tərəfindən 1996-97-ci illərdə kitab şəklinə salınan “Naxçıvan sancağının müfəssəl”, “İrəvan əyalətinin icmal” dəftərləri qədim İrəvan və Naxçıvan xanlıqlarının etnik coğrafiyasını və tarixini yetərincə sübut edir. Sənədlərdə o dövr Naxçıvana daxil olan Əlincə, Dərəşahbuz, Qarabağ, Şərur, Dərələyəz və sair nahiyələrdə 233 kənd, Sisyan, Mülki-Arslan, Məvaziyi-Xatun, Dərəşam, Sair-Məvazi, Dərənürgüt nahiyələrində isə 111 kənd göstərilir. Ümumiyyətlə götürdükdə Naxçıvan sancağına 13 nahiyə 356 kənd daxil olmaqla, əhali bütünlükdə azərbaycan türkləri idi və oykonimlər qədim türk tayfa adları və inanclarından yaranmışdır. Bütün bu adlar Azərbaycan Demokratik Cümhuriyyətinin işğalından sonra (1920) Naxçıvan arxiv sənədlərində “sovetliyə” çevrilmə adı ilə Əliabad-Myasnikobad, Əylis-Anul Kolanı-Keləzmin, Bənəniyar-Bənəqlər, Sələsüz-Xələsüz, Bəyəhməd-Bəyliz, Ərəzin-Əzarin, kimi anlaşılmaz vəziyyətə salınmaqla dəyişdirilmişdir.

30-37-ci illərdə Naxçıvanda kütləvi həbslər aparılır, əsas idarələrə ermənilər yerləşdirilir və adları dəyişdirirdi. Arxiv sənədlərində heç bir sərəncam və fərmana olmadığı halda, 1937-ci il Naxçıvan MİK-nin I çağırış IV sessiyasında Şıxmahmud-Voroşilabad, Aliabad-Myasnikadab, Nehrəm-Stalinabad, Qulubəy Dizə-Aşağı Leninabad, Kərimbəy Dizə-Yuxarı Leninabad, Qaraxanbəyli-Stepanabad, Əznəbürd-Mikoyanabad Qoşadizə-Qızıl Ordu kənd, Dizə-Dmitrovabad, Tırkeş-İşıqkənd, Cəhri-Bağırovabad, Nəcəflibəy Dizə-Budenabad, Kənd Şahbuz-Kalinabad, Baş Dizə-Mirzə Fətəli, Düylün Dizə-Kolxozabad, Kələntər Dizə-Engelsabad, Ulya Noraşin-Şamuyanabad, Subatan Dəstə-Molotovabad (36 kənd) kimi dəyişdirilmişdir. Manandyan, Yeremyan, Parsamyan kimi “alimlərin” özləri 1828-ci ildən İrəvan xanlığında Mehri, Dərələyəz, Kafan, Vedi, Sürməli, Abaran və sair torpaqlara 40-50 min, Naxçıvan xanlığına isə, 44571 nəfər erməni köçürüldüyünü yazırlar...

 – Müstəqillik dövrümüzdə söy kökümüzə qayıdış və etnogenezimizin tədqiqi məsələsi nə yerdədir?

 – Qeyd edək ki, Sovetlər dövründə Azərbaycan, eləcə də Naxçıvan yer adlarının bir qismi müxtəlif dillərdə siyasət “geyimində” təqdim olunmuşdur. O zaman Naxçıvan MR ərazisinə daxil olan Culfa, Noraşen, Disər, Xanağa, Zeyvə, Dizə, Sirab kimi xeyli adlar müxtəlif dil vahidləri ilə izah edilsə də, bu adlardakı “van/vəng”, “berd”, “di/ti”, “sır”, “abra”, “qın” “şen” kimi tərkiblərin mənbə, qədim və müasir türk dili lüğətlərinə istinadən türk sözləri olduğu sübut olunur. Bununla bərabər istər adlar sisteminin oykonim-məntəqə adları, istərsə də oronim, hidronim qolları ciddi tədqiqata cəlb edilməklə burada əski prototürk tayfa adları və yazıyaqədərki dövr dil elementləri də aşkar edilir. Etiraf edək ki, son 15 ildə aparılan tədqiqatlar və əldə olunan elmi nəticələr bütöv Sovetlər dönəmində əldə edilməmişdir. Bu elmi nəticələr dilimizi və tariximizi e.ə. III minillikdən də qədimə aparır. Ermənilər məhz bu qədimlikdən “erməni tarixi” uydurmağa çalışırlar. Sevindirici haldır ki, bu gün əski yazılı dastanlarımız, türk dilləri lüğəti, şumer-türk leksik paralelləri və elmi tədqiqat əsərlərinə istinadən aparılan hərtərəfli araşdırmalar beynəlxalq əhəmiyyətli yeniliklərlə nəticələnir. Belə elmi yeniliklər dünya tarixi üçün də gərəkli məlumatlar verir ki, bu da elmimizin doğru yolda olduğunu sübut edir.

 

 

Türkanə BƏYLƏRLİ

 

525-ci qəzet.- 2011.- 11 mart.- S.6.