İstedadın Vətəni və
Zamanı olmur və ya açıq cəmiyyət budurmu?
... Bu yazı bir qədər
qəribə təsir bağışlaya bilər. Məqsəd
və mahiyyətinin düzgün anlaşılmaması da
mümkündür. Amma bəlkə on dəfələrlə
mübahisə obyekti olmuş və az qala ədəbiyyatın
(təkcə ədəbiyyatınmı?) “Axilles dabanı”na
çevrilmiş bir mövzuya müraciətin
aktuallığına diqqəti yenidən cəlb etmək istəyirəm.
Atalar və babalar, sələflər
və xələflər, müəllimlər və iudalar,
sezarlar və brutlar və s. tematikası ədəbi mühitdə
son dövr ərzində, nədənsə, daha çox
müraciət edilən, “reytinq qıran” mövzular
sırasında qabaqcıl yerləri tutmaqdadır. Fikrimizcə,
bunun iki səbəbi var: birincisi, aktual mövzu
axtarışı və onun uğurla
reallaşdırılmasında açıq – aşkar sezilən
“oblomovçuluq” təzahürü, digəri isə ədəbiyyatın
bəşəri- mənəvi dəyərlərin təbliği
məcrasından daha çox psevdodemokratiya və psevdopluralizm
platformasında inadla , məqsədli şəkildə fəal
siyasətə sürüklənməsi faktıdır. Hər
ikisi ədəbiyyatın və incəsənətin irəli
doğru təkamül yolu ilə (inqilabi yox)
inkişafını buxovlayan amildir və burada yəqin ki, əks
fikir söyləyən qələm sahibi tapmaq çətindir.
Əcaba, ədəbi mühitdə
müşahidə edilən bunca qarışıqlıq və
xaosun mövcudluğu təbii və gözləniləndirmi? Bu
proses nə qədər davam edəcək? Ədəbi polemika
pərdəsi altında gedən daxili çəkişmələr
müasir ədəbiyyatımızın çaşqın və
durğun durumuna hansı aspektdən daha çox təsir
göstərir? Suala birmənalı cavab vermək xeyli çətindir.
İctimai-siyasi formasiyanın qısa müddət ərzində
ildırım sürəti ilə dəyiş(diril)məsi politoloji
əsaslandırmaya nə qədər çətin
yatırsa, dövrün güzgüsü olan ədəbiyyatın
da bu təzahürə faktoloji reaksiyası o qədər
inamsız və tutarsız təsir bağışlayır.
Bütün bu olaylar
keçid dövrünü yaşamış və ya
yaşamaqda olan məmləkətlər üçün təbii
sayıla bilərdi, əgər bir sıra istisnalar
olmasaydı...Əksər sivil ölkələrdə
posttotalitarizm dövrü ədəbiyyatının əsas
inkişaf istiqamətlərində yeni insan yetişdirilməsi
və mükəmməl ictimai münasibətlər kontekstində
modern cəmiyyət quruculuğu və cərəyanları
(modernizm və ya postmodernizm) axtarışları
qırmızı bir xətt kimi keçdiyi halda, Azərbaycan
reallığında bu proses, nədənsə, yalnız
köhnə yazılar və yazarların nəsil şəcərəsini
hərtərəfli təftiş çevrəsində,
müstəvisində cərəyan edir. Bu faktı bir daha
xatırladıb xüsusi vurğulamaqla Amerika
açmadığımın fərqindəyəm, fəqət,
hər prosesin və ya dalğanın bir sonu olmalıdır
axı!
Düz iyirmi ildir ki,
(iki-üç il o tərəfə, iki-üç il bu tərəfə
– nə fərqi?) çağdaş Azərbaycan ədəbiyyatı
ətrafında əsas ( təkrarlayıram əsas) müzakirə
mövzusu heç də qlobal inqilabi dəyişikliklər
prosesində yeni insan tipininin formalaşdırılması, vətəndaş
cəmiyyətini, hətta açıq cəmiyyəti hədəf
seçmiş, iqtisadi cəhətdən regionun ən qüdrətli
ölkəsinin siyasi və intellektual elitasının bu istiqamətdə
axtarışlarına, fəallığına dəstək
vermək deyil, soydaşlarımızı dəfələrlə
çaşdıran, ürəklərinə şübhə
və inamsızlıq toxumu səpən zərərli və zəhərli
diskussiyadır.
Anar, Əkrəm Əylisli,
Elçin, Yusif Səmədoğlu, Fikrət Qoca, Ramiz
Rövşən, Əfqan, Çingiz Abdullayev, Mövlud
Süleymanlı, Seyran Səxavət, Afaq Məsud, Vaqif Bəhmənli
və adını çəkə bilmədiyim əsl qələm
sahibləri, yüzlərin, minlərin kumirinə
çevrilmiş onlarla digərləri...
Bəzən düşünürsən
ki, görəsən bu istedadlı, xalqın böyük bir
hissəsinin məhəbbətini qazanmış insanlar
haqqında müstəqillik illərində işıq
üzü görmüş yazılar arasında obyektivi
çoxdur, yoxsa qeyri-obyektivi? Şər-şəbədə
çoxdur, yoxsa, fəxarətlə, qürurla
yazılmış ürək sözləri? Təəsüf
ki, bəzən birincilər ikincilər üstələyirlər....
İndiyədək hər hansı bir məmləkət salnaməsi
üçün çox böyük hörmətsizlik
sayılan, dövranını sürüb bu dünyadan
köç etmiş, ölkə tarixinin müxtəlif zaman kəsiyində
öz sözü, öz mövqeyi olmuş Vətən
övladlarını sonrakı tarixlə divana çəkmək,
onların həyat yoluna az qala NKVD prizmasından nəzər
salmaq kimi aşağılayıcı hərəkət
görəsən nəyə görə Azərbaycanın
taleyinə yazılıb? Qan intiqamı , lokal bir
narazılıq ucbatından dağlara çəkilən,
sıradan biri olan dəliqanlı qaçağı-
Qaçaq Kərəmi M.F.Axundov, Nizami, Füzuli, Xətayi, M.Ə
Rəsulzadə, Səməd Vurğun, Mirzə Cəlil, N.Nərimanov
kimi mütəfəkkirlər səviyyəsinə
qaldırmaq və “dahi” tituluna “layiq görmək” hansı zəruriyyətdən
və “sosial sifarişdən” doğmuşdu? Bəs bu tənzimlənməyən,
filtrasiya edilməyən informasiya “horrası”nın təsiri
altında gənc nəslin sözügedən zərərli,
təhlükəli tendensiyanı həqiqət kimi qəbul edəcəyi
halda, bunun sonrakı məsuliyyətini – manqurt meyllərin
alovlanmasını, siyasi və mənəvi nihilizmi, kütləvi
psixoz səviyyəsinə qədər gedib çıxa biləcək
nəticələri üçün məsuliyyəti kim
daşımalıdır? Cəmiyyətmi, dövlətmi,
yoxsa demokratiya qalxanı altında milli-mənəvi dəyərlərimizi
dəyərlikdən çıxarıb ayaqlar altına salan,
diletant, məsuliyyətsiz populistlərmi? Bəlkə də
elə həmin tipli cızma-qara və birtərəfli
verilişlərin nəticəsidir ki, bu gün bir qrup gənc
yazar (təkcə gənc yazarlarmı?) arasında ən
böyük “yaradıcılıq müsabiqəsi” ədəbiyyatımızın
fəxri sayılan Əkrəm Əylisliyə, Elçinə,
Fikrət Qocaya, Ramiz Rövşənə, ələxsus, nəsrimizin
və cəmiyyətimizin işıqlı simalarından olan
Anara daha bərkdən, daha tez-tez “ilişmək” və daha
çox qurşaqdan aşağı zərbələr endirmək
sahəsindədir. Bəzən mətbuatı izləyərkən,
bu ziyalılara, xüsusən Anara hücumların necə
planlı, necə sinxron, necə inadlı və zəhərli
olduğuna heyrət etməmək olmur. O yazıları
dönə-dönə oxuyursan, məna, məntiq
axtarırsan, tapa bilmirsan, sonra xeyli fikrə gedirsən: əcaba,
görəsən mən nəyi isə başa
düşmürəm, yoxsa demokratiya və mətbuat
azadlığı anlayışı bu qədər iyrənc
və murdar imiş? Ən utanc verici də orasıdır ki, bəzən
bu “mübarizə” öz çərçivələrini
aşaraq, hətta ailə –məişət səviyyəsinə
qədər yuvarlanmağı belə özünə rəva
bilir.
... Bir neçə ay bundan əvvəl
ölkə prezidentinin sərəncamı ilə Anarın
oğlu, qələm dostumuz Tural Rzayev Azərbaycan
Respublikasının Küveyt dövlətində fövqəladə
və səlahiyyətli səfiri vəzifəsinə təyin
edildi. Açığını deyim ki, bu sərəncama
laqeyd qala bilmədim, Turalla təxminən iki-üç ay
eyni kollektivdə, eyni otaqda birgə
çalışmış bir şəxs olaraq təbii,
çox sevindim. Təkcə ona görə yox ki, vaxtilə
Turalla iş yoldaşı olmuşuq, həm də təkcə
ona görə ki, o bu vəzifəyə tamamilə layiq bir
insandır. Ötən əsrin 90-cı illərinin
sonlarında kollektivimizin əksər üzvləri Anarın
oğlunun bir qəzet redaksiyasında orta bir vəzifədə
can-başla, məhsuldar və yaradıcı şəkildə
işləməsinə çox böyük maraq göstərir
və təəccüblənirdilər. Tural sadə, təvazökar
şəkildə, başını aşağı salıb
çalışır, ona həvalə edilən işin
öhdəsindən ləyaqətlə gəlirdi. Otaqda ikimiz
çalışırdıq və boş vaxtlarda Tural
maraqlı söhbətlər edirdi və bu zaman məhz
Anarın “şinelinin”, Anar ailəsinin özəl elementləri
üzə çıxırdı. Bu müddət ərzində
ondan bir kəlmə də olsun şikayət, qeybət, dalca
danışmaq eşitmədim, Turalın söhbətləri
də onun özü kimi səliqəli, təvazökar və
maraqlı idi. O, məhsuldar və maaşını halala
çıxaran bir adam idi. Başqa işə keçdiyi
üçün kollektivdən ayrılanda onun rellaşma mərhələsində
olan çoxlu layihələri vardı. Bu layihələrin
heç birini özü ilə aparmadı, mənə təhvil
verib onları sona çatdırmağı xahiş edərək
sağollaşdı... Sonralar T.Rzayevin AzərTAcın
xüsusi müxbiri olaraq Türkiyədən
yazdığı məqalə və reportajları maraqla izləyirdik.
Bir sözlə, o, Azərbaycanın şərəfini təkcə
səfir kimi deyil, digər ali səviyyələrdə də
yüksəklərə qaldırmağa qabil bir şəxsdir
və bu təyinat da iqtidarın uğurlu kadr siyasətinin məntiqi
nəticəsi kimi dəyərləndirilə bilər. Amma nə
qədər paradoksal olsa da, bu təyinat yazıçı
Anara qarşı az qala total... hücumlara təkan verdi. Diqqət
yetirin, təyin edilən oğul, hücuma məruz qalan isə
ata olur. Rəsul Rza demişkən, “bu
biabırçılıq deyil, bəs nədir?”
...Mən o yazıların
biri ilə bu yaxınlarda sırf təsadüfən internet
vasitəsi ilə tanış oldum. Oxudum, pis oldum və bu
allahsız çızma-qaraya cavab vermək qərarına gəldim.
And içməyə hazıram ki, həmin cızma-qaranın
müəllifi Turalla nəinki tanış deyil, hətta ola
bilsin ki, heç şəkildə görsə belə onu
tanımayacaq birisidir. Bilmirəm, o insanın övladı var,
ya yox, amma olsa belə, çox güman balanın
şirinliyini, onunla qürurun zirvəsini,
nigarançılığın ləzzətini duymayan və
xoş sədasına belə gözə gətirilməkdən
dolayı ürəkdolusu sevinməyi bacarmayan bir insandır. Hər
bir insanın ən böyük şah əsəri onun
yeişdirdiyi övlad və ya övladlardır- mən
şüurlu həyatım boyu bu fikirdə olmuşam və
yenə də inancımda qalıram. Konkret məsələyə
– ədəbiyyata və onunla bağlı məqamlarda
münasibətdə fərqli mövqelərə malik
insanların mübarizə prizmasını ədəbi müəstəvidən
şəxsi məsələlər və ya ailə-məişət
meydanına sürükləməsinə ad tapmaqda acizəm. Dünyanın
bütün sivill ölkələrində müxtəlif
iqtisadi-siyasi, ədəbi- bədii cərəyanların əkslik
və ya vəhdət platformasında mübarizəsi illər
boyu baş vermişdir və indi də davam etməkdədir. Amma
bu proses heç də bütün yaxşıları, mənəvi
sərvətləri məhv və ya təftiş etmək yolu
ilə deyil, yeni, çox güclü şedevrlər yaratmaqda
ədəbiyyat və incəsənəti irəi aparmaq
missiyasının daşıyıcısna çevrilirlər.
Əsas məsələ mövcud olan ı dağıtmaq, ləkələmək,
şərləmək deyil, əsas məsələ o “bəyənilməyən”
əsərlərin fövqündə çox aktual və millətin,
cəmiyəti öz arxasınca apara bilmək gücünə
malik ədəbi cərəyan və ya cərəyanların
yaradılması və onun xəlqiliyini əyani şəkildə
isbatlamaqdır. Dünyanın əksər sivil ölkələrində
yaranan gənc ədəbi qüvvələr klassik və
müasir ədəbiyyatdan bəhrələndiklərini dilə
gətirməkdən qürür hissi duyaraq öz müəllimlərini
ötüb keçməyi bacarmışlar. Fransız ədibi
Jül Renar özünün gündəliyində incə bir
yumorla yazırdı.
“...Gənclər mənə
deyirlər ki, Siz Lafontendən güclüsünüz. Onlar gəncdirlər,
təcrübəsizdirlər, amma gör ədəbiyyatdan nə
yaxşı baş çıxarırlar...” Bu yazıda
Anarın ədəbiyyatçıların onsuz da az qala əzbər
bildiyi yaradıcılıq məziyyətləri və
bütöv bir nəslin həyatında silinməz izlər
buraxmış ədəbi irsi haqqında geniş söz
açmaq məqsədindən uzağam. Amma nəinki
Anarın, eləcə də, Elçinin, Əkrəm Əylislinin,
Fikrət Qocanın, İsa İsmayılzadənin, Əli Kərimin,
Əlağa Kürçaylının, Sərdar Əsədin,
İsi Məlikzadənin, və adlarını
sadalmadığımız bir çox yazarlar 60-70-ci illər ədəbi
– mədəni mühitin, bütövlükdə cəmiyyətin
ən sevilən, çox böyük hörmət və
nüfuza malik insanları idi. Bizim gəncliyimizin, insani hiss və
duyğularımızın formalaşması ailə ilə
paralel bu insanların bizim beynimizə,
şüurlarımıza nüfuz edən, indi həyəcansız
oxuya bilmədiyimiz təkrarolunmaz əsərlərin təsiri
altında baş verirdi. Anarın “Molla Nəsrəddin- 66”,
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”,
“Gürcü familiyası”, “Şəhərin yay günləri”,
Elçinin “Dolça”, “Gümüşü furqon”,
“Baladadaşın ilk məhəbbəti”, Əkrəm Əylislinin
“Kür qırağının meşələri”, “Kölgəsiz
ağaclar şəhəri”, “Ürək yaman şeydir”, “Mənim
nəğməkar bibim”, Nəriman Həsənzadənini
“Nabat xalanın çörəyi”... Bu siyahını nəfəs
dərmədən xeyli uzatmaq olar. Anarın “Yaxşı
padşahın nağılı” nəinki ədəbi, hətta
siyasi mühiti əməlli başlı silkələyəndə,
digəri əsəri – “Səhra yuxuları” pyesi Ümumittifaq
televiziyası ilə nümayiş etdirilərkən çox
böyük rezonans qoparanda, “Məhkəmə oçerkləri”
silsiləsinin növbəti materialını oxumaq
üçün qəzet köşklərinin
qarşısında yüzlərlə oxucu “Bakı” qəzetinin
növbəti sayını əldə etməkdən
ötrü saat 14.00-dan növbə tutanda indiki “opponentlər”
harada idi? Keçmiş SSRİ-nin ən qorxulu və
amansız tənqidçilərindən olan L.Anninski 70-ci illərdə
gənc Elçinin əsərlərini böyük
heyranlıqla araşdıraraq onları ədəbiyyatda əsl
hadisə kimi dəyərləndirəndə o, bütün
bunları təvazökarlıqla qəbul edərək,
bir-birinin arxasınga gözəl əsərələr
yaratmaqda davam edirdi. Əkrəm Əylislinin T.Kalyakinanın tərcüməsində
əsərləri nəhəng və “qiraətcil ölkə”nin
bütün guşələrinə yayılanda və Əkrəm
müəllim minnətdarlıq və təşəkkür məktubları
içində itib-batanda sizlər harada idiniz? Axı, bu
yaradıcı insanlar şöhrət və populyarlıq illərinin
sovet dönəminə düşməsinə, ədəbi
mühitdə parlamasına görə niyə məsuliyyət
daşımalı və ya mənəvi terrora məruz
qalmalıdırlar? İstedadın vətəni və
zamanı olmur. İstedad istənilən mühitdə
insanların diqqətini cəlb etməyə, hörmət və
rəğbət qazanmağa qabildir-yetər ki, bu əsl, fitri
istedad olsun. Bizim bu balaca məmləkətimizdə bir daha
anarlar, əkrəmlər, elçinlər, sabirlər,
mövludlar, fikrətlər, isilər, salamlar, isalar, nüsrətlər,
yusiflər, ramizlər və digərləri yetişməyəcək.
Onlardan zəif və ya güclüsü yetişə bilər,
amma onlar heç vaxt təkrar olunmayacaqlar. Bu insanların
öz sədaqətli və qədirbilən oxucularının
qəlbində əbədi yeri və mövqeyi var, onları həmin
hücrələrdən tərpətmək don kixotduqdan
başqa bir şey deyildir. Bütöv bir dövrü,
bütöv bir mərhələni ədəbaz bir ifadə, zəhərli
bir məqalə, çığır-bağır, isterika ilə
yazılan, nəhayət, reallığa söykənməyən
iddialar silsiləsi tarixin və insanların yaddaşından
silmək cəhdi Sizif əməyinin aqibətinə məhkumdur.
Bütöv bir dövrdə hamının pis və qüsurlu
görünməsi tədqiqat obyektinin deyil, tədqiqatçının
yanaşma tərzinin, yumşaq deyilsə, qüsurlu
olmasının məhsuludur. Əsl ədəbiyyatçı
özünün düzlüyünü özgəsinin nəsil
şəcərəsini ədəbsizcəsinə müzakirə
və təftiş etmək yolu ilə deyil, ortaya əsl sənəti
qoymaqla isbatlaya bilər. Başqa yolların hamısı
spekulyasiyadır və bəzən şou biznesdə olduğu
kimi, qalmaqallarla diqqəti cəlb etmək məqsədi
güdür və sonda bu aktyorların hamısı biabır
olmaq perspektivitilə üzləşəcəklər. ...Ötən
əsrin 80- ci illərinin sonunda milil azadlıq hərəkatının
hamımızı küçələrə, Azadlıq
meydanına tökdüyü zaman mitinqlərin birində
baş vermiş hadisə heç yadımdan
çıxmır. Topxana hadisəsindən sonra silsiləvi
şəkildə digər proseslərin yer alması
hamımızı bərk qəzəbləndirdiyindən
növbəti dəfə Azadlıq meydanına
axışdıq. Möhtəşəm mitinq başlandı.
Lakin elə əvvəldən paradoksal vəziyyət
yarandı. Meydana toplaşan insanlar xalqa müraciət etmək
istəyən insanları, tanınmış simaları
bir-birinin ardnca fitə basıb tribunadan
uzaqlaşdırırdılar. 4 və ya 5-ci natiqdən sonra
eyni aqibətlə üzləşən məşhur sənətkarımız
Nurəddin Mehdixanlı (Quliyev) levitansayağı səslə
izdihama müraciət etdi:
– Ay camaat, ay əzizlərim,
siz hamını fitə basıb buradan uzaqlaşdıra bilməzsiniz...Bu
normal deyil. Siz kimə isə iman gətirməlisiniz axı!!
Azacıq qarışıqlıqdan sonra ətrafa sükut
çökdü...
...Bu yaxınlarda Günel
Anarqızının bir müsahibəsini oxudum. Həmin
müsahibədə o, ömründə bir dəfə
atasını müdafiə etdiyini, amma sonücda bunun
altını çəkdiyini və bir də atasının
kiminsə onu müdafiə etməsindən
xoşlanmadığını bildirib. Anar məni çox
güman ki, tanımır, həyatımız boyu heç vaxt
üz-üzə duraraq bir kəlmə belə kəsmədik.
Tofiq YUSİFOV,
yazıçı-publisist
525-ci qəzet.- 2011.- 11 mart.- S.6.