Ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı Təhsil Nazirliyində
kollegiya iclası olub
Dünən Təhsil
Nazirliyində Ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət,
ilkin nəticələr və təkliflərə dair kollegiya
iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, maliyyə
naziri Samir Şərifov, ölkədə fəaliyyət
göstərən ali təhsil müəssisələrinin
rektorları, Nazirlər Kabineti və Təhsil Nazirliyinin
müvafiq şöbələrinin əməkdaşları
iştirak ediblər.
Kollegiya iclasında
çıxış edən təhsil naziri Misir Mərdanov
deyib ki, prezidentin “Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə” 10 fevral 2010-cu il tarixli fərmanına
əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan
ərazisində fəaliyyət göstərən ali təhsil
müəssisələrində dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirmənin dövlət
sifarişi əsasında adambaşına maliyyələşdirmə
prinsipi əsasında həyata keçirilməsinə
başlanılıb. Ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə əlaqədar Təhsil, Maliyyə
və İqtisadi İnkişaf Nazirliklərinin müvafiq əməkdaşları
ilə birlikdə müzakirələr aparılmış,
yeni maliyyələşmə mexanizminin tətbiqi ilə
bağlı normativ sənədlər hazırlanıb. Nazirin sözlərinə görə, fərmanın
icrası istiqamətində mühüm işlər
görülüb. Nazirlər Kabinetinin “Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi haqqında” qərarı qəbul
olunub, ayrı-ayrı ixtisaslar üzrə dövlət
sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyəsində hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilib.
“Azərbaycan Respublikasında ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi ilə
bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi
Qaydalar”ı təsdiq edilib, 2010-2011-ci tədris ilindən
başlayaraq dövlət və özəl ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata keçirilib,
51 ali təhsil müəssisəsindən 35-i dövlət
sifarişinin yerinə yetirilməsində iştirak edib,
16-sı isə iştirak etməyib. Ali təhsilin bakalavriat səviyyəsində
dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul
planı 10529 nəfər olduğu halda, dövlət
sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 9788 nəfər
təşkil etmiş, nəticədə dövlət
sifarişi 741 nəfər kəsrlə yerinə yetirilib:
“Hazırda ali məktəblərə qəbul olunan 27612 tələbədən
9788 nəfəri dövlət sifarişi ilə, 17824 nəfəri
ödənişli əsaslarla təhsil alırlar. Magistratura səviyyəsində
dövlət sifarişi üzrə təsdiq edilmiş qəbul
planı 2070 nəfər olduğu halda, dövlət
sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 1125 nəfər
təşkil edib, nəticədə dövlət sifarişi
945 nəfər kəsrlə yerinə yetirilib. Təhsil
Nazirliyində Təhsil, Maliyyə, İqtisadi İnkişaf
Nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədrinin, Nazirlər Kabinetinin şöbə
müdirinin, ali məktəb rektorlarının iştirakı
ilə “Ali təhsildə yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət,
təkliflər və qarşıda duran vəzifələr”
haqqında kollegiya iclası keçirilib.
Təhsil Nazirliyində Maliyyə
Nazirliyinin məsul əməkdaşının iştirakı
ilə ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi,
qarşıya çıxan problemlər, onların həlli
yolları və təkliflər” mövzusunda ali məktəblərin
baş mühasiblərinin seminar-müşavirəsi
keçirilib. Dövlət sifarişinin yerinə yetirilməsində
iştirak edən ali məktəblərlə
Təhsil Nazirliyi, həmçinin ali məktəblərlə
tələbələr arasında müvafiq müqavilələr
bağlanılıb. 2010-cu ildə dövlət
sifarişi üzrə kadr hazırlığının
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi
məqsədilə Maliyyə Nazirliyi tərəfindən təsdiq
edilib müvafiq bölgüyə əsasən Təhsil
Nazirliyinə 6 081 933 manat məbləğində vəsait
ayrılıb. Ayrılan vəsait bölgüyə
uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına
köçürülmüş və təyinatı üzrə
xərclənilməsi ilə əlaqədar həmin ali məktəblərə
tapşırıqlar verilib”. Nazir vurğulayıb ki,
2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə
ali təhsil müəssisələrinin I
kurs bakalavriat və magistratura səviyyələrinə qəbul
olmuş tələbələrin təhsili ilə
bağlı xərclərin maliyyələşdirilməsi
üçün 2011-ci ilin sonunadək tələb olunan vəsaitin
ali məktəblər üzrə bölgüsü Maliyyə
Nazirliyi tərəfindən təsdiq olunub və icra
üçün Təhsil Nazirliyinə göndərilib. Təsdiq
olunan bölgüyə əsasən 2011-ci ildə ayrılacaq
vəsaitin təyinatı üzrə xərclənilməsi ilə
bağlı müvafiq tədbirlərin görülməsi
üçün aidiyyəti ali məktəblərə
müvafiq tapşırıqlar verilib. 2011-ci ilin I yarımili
üçün ayrılmış və ümumi məbləği
9 122 900 manat olan vəsait Təhsil Nazirliyi tərəfindən
33 ali məktəbin hesabına
köçürülüb. Ötən il keçirilən
kollegiya qərarına əsasən Maliyyə, İqtisadi
İnkişaf, Təhsil Nazirliklərinin, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının məsul əməkdaşları
və digər aidiyyəti şəxslər daxil olmaqla 13 nəfərdən
ibarət işçi qrupu yaradılıb.
M.Mərdanovun dediyinə görə,
yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində
mülkiyyət formasından və tabeçiliyindən
asılı olmayaraq bütün ali məktəblərin
dövlət sifarişi üzrə kadr
hazırlığında iştirakı üçün bərabər
imkanlar yaradılıb, abituriyentlərin, həmçinin
dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin
seçim imkanları artırılıb, dövlət
sifarişi üzrə kadr hazırlığının yerinə
yetirilməsi üçün ali məktəblərə vəsait
ayrı-ayrı xərc maddələri ilə deyil, bir xərc
maddəsi ilə ayrılmış və bu vəsaitlərin
xərclənilməsində ali məktəblərin səlahiyyətləri
artırılıb. Dövlət ali məktəblərinə
əvvəlki illərdə dövlət hesabına qəbul
olmuş və II, III və IV kurslarda bakalavriat və
magistratura səviyyələrində təhsil alan tələbələrin
xərclərinin ödənilməsi məqsədilə bu il
üçün nəzərdə tutulan vəsait 4 xərc
maddəsi üzrə proqnozlaşdırılıb. Maliyyə
Nazirliyi ilə aparılmış danışıqların nəticəsi
olaraq 2010-2011-ci tədris ilində dövlət sifarişi
üzrə kadr hazırlığının yerinə yetirilməsi
üçün ötən ilin sentyabr-dekabr ayları üzrə
dövlət ali təhsil müəssisələrinə
ayrılmış vəsait Maliyyə Nazirliyinin müvafiq əmrinə
əsasən ilin sonunda dövlət büdcəsinə silinməmiş
və növbəti ilə keçirilib, 2010-11-ci tədris
ilində dövlət ali məktəblərinə ödənişli
əsaslarla qəbul olan və təhsil haqlarından azad olunan
məcburi köçkün tələbələrin təhsil
haqlarının dövlət büdcəsinin vəsaitləri
hesabına ödənilməsi ilə bağlı təklifə
Maliyyə Nazirliyi tərəfindən müsbət
yanaşılıb və bu məqsədlə prezidentin sərəncamı
və Nazirlər Kabinetinin qərarı layihələri
hazırlanıb. Təhsil naziri bildirib ki, yeni maliyyələşmə
mexanizminin tətbiqi nəticəsində bir sıra ali məktəblərdə dövlət
sifarişi üzrə tələbə qəbulu gözləniləndən
az olmuş, ödənişli əsaslarla tələbə qəbulu
isə artıb, bu da həmin ali məktəblərin büdcədənkənar
gəlirlərinin artmasına səbəb olmuş və
müəyyən xərclərin, əsasən əməkhaqqı
xərclərinin büdcədənkənar gəlirlər
hesabına ödənilməsinə zərurət yaradıb. Bu
səbəbdən Maliyyə Nazirliyi ilə
razılaşdırılmaqla ali məktəblərin
2011-ci ilə büdcədənkənar vəsaitlər üzrə
icmal gəlir və xərclər smetasında əməkhaqqı
üzrə vəsaitin artırılması nəzərdə
tutulub. Eyni zamanda 2011-2012-ci tədris ilində
ödənişli əsaslarla tələbə qəbulunun nəticələrindən
asılı olaraq əməkhaqqı xərc maddəsi üzrə
büdcədənkənar xərclərin həcminin cari ildə
əlavə olaraq yenidən artırılmasına ehtiyac
yaranıb. Yeni maliyyələşmə mexanizminin tətbiqi
ilə əlaqədar ali məktəblərə
2011-ci ildə büdcə vəsaitlərinin müvafiq olaraq
yuxarı kurslar üzrə 4 xərc maddəsi və dövlət
sifarişi üzrə I kurslar üçün isə 1 xərc
maddəsi üzrə ayrılması nəzərdə tuulub. Bununla
əlaqədar olaraq Maliyyə Nazirliyi ilə
razılaşdırılmaqla 2011-ci ilə ali
təhsil müəssisələrinin büdcədənkənar
vəsaitlər üzrə gəlir və xərclər
smetası 6 xərc maddəsi üzrə təsdiq olunub:
“Təqdim olunan məlumatlardan
göründüyü kimi dövlət sifarişinin yerinə
yetirilməsində iştirak edib dövlət ali
məktəblərinin 2011-ci il ərzində xərcləri əsasən
aşagıdakı 3 istiqamət üzrə əldə edilən
vəsaitlər hesabına maliyyələşəcək”. Nazir
dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin
nəzərinə çatdırıb ki, əvvəlki qaydada
dövlət büdcəsindən bakalavriat səviyyəsində
II, III və IV kurslar, magistratura səviyyəsində II kurslar
üçün ayrılan vəsaitlərin həcminə
yalnız əməkhaqlarının, təqaüd məbləğlərinin,
kommunal xidmət haqlarının və sair bu kimi digər xərclərin
artımı ilə bağlı yenidən baxıla bilər. Digər
hallarda il ərzində bu vəsaitlərin
həcminin artırılması mümkün olmayacaq. Bu səbəbdən
ali məktəblər tərəfindən
mövcud resursların daha rasional istifadəsi ilə
bağlı təxirəsalınmaz tədbirlər
görülməlidir. Bu kimi tədbirlərə paralel və
lüzumsuz kafedraların, fakultələrin
bağlanılması, artıq ştatların ixtisar
olunması, əlavə xərclərə yol verilməməsi,
kommunal xərclərə qənaət edilməsi və sair
aiddir: “2010-cu ilin yekunlarının ilkin təhlili göstərir
ki, dövlət sifarişi üzrə kadr
hazırlığının yerinə yetirilməsi ilə
bağlı ayrılmış vəsait bir sıra dövlət
ali təhsil müəssisələri tərəfindən ilk
növbədə müdafiə olunmuş xərc istiqamətlərinə
deyil, digər istiqamətlərə istifadə olunub. Dövlət
büdcəsindən məqsədli ayrılmış maliyyə
vəsaitinin bir sıra ali təhsil müəssisələri
tərəfindən düzgün idarə edilməməsi
2010-cu ilin sonunda əməkhaqqı və təqaüdlər
üzrə borcların yaranmasına səbəb olub. Cari ildən
başlayaraq ali təhsil müəssisələrinə
bu məqsədlə ayrılan büdcə vəsaitlərinin,
həmçinin büdcədənkənar gəlirlərin ilk
növbədə müdafiə olunan xərclərə və
prioritet istiqamətlərə yönəldilməsi zəruridir”.
Təkliflərə gəlincə M.Mərdanov qeyd edib ki,
dövlət sifarişi üzrə
kadrhazırlığının yerinə yetirilməsi məqsədilə
ayrılmış vəsait əksər ali
məktəblərdə yalnız əməkhaqqı və təqaüd
xərclərinin ödənilməsinə kifayət edir. Bu da dövlət sifarişi üzrə keyfiyyətli
kadr hazırlığının təmin edilməsi
üçün müvafiq maddi-texiki bazanın
yaradılmasına və saxlanılmasına şərait
yaratmır. Digər tərəfdən dövlət
sifarişi üzrə hər bir təhsilalana düşən
xərclərin miqdarı təsdiq olunduqdan sonra, yəni
2010-cu ilin sentyabrında tələbələrə,
doktorantlara ödənilən təqaüdlərin məbləğləri,
eyni zamanda cari ildə su və kanalizasiya xidmətləri ilə
bağlı kommunal xərclərin dəyəri artıb. Qeyd
olunanlara əsasən dövlət sifarişi üzrə hər
bir təhsilalana düşən xərclərin miqdarına
yenidən baxılması və bu məbləğlərin
artırılması vacibdir: “Bir sıra oxşar və
eynitipli ixtisaslar üzrə təsdiq olunmuş bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı
arasında kəskin fərqlər mövcuddur. Məsələn,
instrumental ifaşılıq üzrə bu məbləğ
7000 manat, xalq çalğı alətləri
ifaçılığı üzrə isə 1500 manat müəyyənləşdirilib.
Bəzi hallarda isə bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilərkən
bir sıra ixtisasların spesifikası nəzərə
alınmayıb. Məsələn “Uçuş mühəndisliyi” ,“Gəmiçilik və gəmilərin hərəkətinin
idarə edilməsi” və digər bütün texniki mühəndislik
ixtisasları üzrə bir təhsilalana düşən təhsil
xərclərinin miqdarı eyni məbləğdə müəyyənləşdirilib.
Oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı yenidən
baxılaraq uyğunlaşdırılmalıdır. Dövlət sifarişi üzrə bir təhsilalana
düşən təhsil xərclərinin miqdarının
vaxtaşırı indeksasiyası aparılmalıdır.
Dövlət əhəmiyyətli ixtisaslara
dövlət sifarişi ilə qəbulla bağlı
müsabiqə ballarının müəyyənləşdirilməsinə
fərdi yanaşılmalıdır. Ali məktəblərin
bəzi ixtisaslarına olan inhisarçılığın
aradan qaldırılması ilə bağlı tədbirlərin
görülməsi zəruridir. Dövlət
sifarişi üzrə müsabiqə ballarının ixtisas
qrupları üzrə deyil, eyniyönümlü ixtisaslar
üzrə müəyyənləşdirilməsi məqsədəmüvafiqdir.
Ali məktəblərin ayrı-ayrı ixtisaslarına ödənişli
əsaslarla qəbul üzrə təhsil haqlarının həmin
ixtisasa dövlət sifarişi üzrə müəyyənləşdirilmiş
təhsil xərclərinin miqdarının 60 faizindən az olmayaraq müəyyənləşdirilməlidir.
Tələbə statusu qazanmış şəxslərə
güzəştli təhsil kreditlərinin verilməsi ilə
bağlı müvafiq Qanunun qəbul edilməsinə ehtiyac
vardır. Büdcədənkənar vəsaitlər
üzrə gəlir və xərclər smetalarının təsdiq
edilməsi, il ərzində büdcədənkənar
vəsaitlər üzrə gəlir və xərclərin
dürüstləşdirilməsi prosedurlarının sadələşdirilməsi,
bu səlahiyyətlərin ali məktəblərə və Təhsil
Nazirliyinə verilməsi məqsədəmüvafiqdir. İlin sonunda büdcədənkənar vəsaitlər
üzrə gəlirlərin dövlət büdcəsinə
silinməməsi və bu vəsaitin növbəti ilə
keçirilməsi vacibdir. Dövlət ali
təhsil müəssisələrinə tələbə qəbulunun
planlaşdırılması və tələbələrin
yerləşdirilməsi zamanı dövlət sifarişi
üzrə və ödənişli əsaslarla təhsil alan
tələbələrin sayı arasında mütənasibliyin
yaradılması qaydaları hazırlanmalıdır. Özəl
ali məktəblərin dövlət sifarişində
iştirakı stimullaşdırılmalıdır”.
Maliyyə naziri Samir
Şərifov isə çıxışı zamanı “Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə” prezidentin fərmanı
və fəamanın icrası ilə əlaqədar
görülən işləri müsbət qiymətləndirib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 11 mart.- S.4.