Media rəhbərləri Bakı
Slavyan Universitetinin tələbələri ilə
görüşdülər
Dünən Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) təşəbbüsü ilə
Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində təhsil
alan tələbələrlə ölkənin aparıcı
media qurumlarının rəhbərləri arasında
görüş keçirilib. Tədbirdə KİVDF-nin
icraçı direktoru Vüqar Səfərli, Bakı Slavyan
Universitetin rektoru, professor Kamal Abdulla, Mətbuat
Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, “Ayna-Zerkalo” qəzetinin
baş redaktoru Elçin Şıxlı və 20-dən
artıq digər qəzetin rəhbəri iştirak edib.
Tədbiri giriş
sözü ilə açan BSU-nun rektoru Kamal Abdulla bu
görüşün tələbələr üçün
böyük əhəmiyyətə malik olacağını
deyib. O bildirib ki, tədbirin əsas məqsədi jurnalistika
fakültəsində təhsil alan istedadlı tələbələrə
qəzet redaksiyalarında təcrübə keçmək və
gələcəkdə işlə təmin olunmaları
üçün şərait yaratmaqdır.
Tədbirin davamında
çıxış edən KİVDF-nin icraçı
direktoru Vüqar Səfərli vurğulayıb ki, bu
görüş tələbələr üçün
çox mühüm əhəmiyyətə malikdir. Onun
sözlərinə görə, belə görüşlərin
təşkil olunmasında məqsəd bu sahədə
çalışanlara, jurnalistika peşəsini sevənlərə
dəstək verməkdir. Onun sözlərinə görə,
görüşlərdə universitetdə oxuyan tələbələrin
təcrübə keçəcəyi qəzetlərin rəhbərləri
ilə təcrübə mübadiləsi aparılacaq: “BSU-nun
jurnalistika fakültəsinin sonuncu kursunda təhsil alan tələbələr
müxtəlif qəzetlərdə təcrübə keçməyə
göndəriləcək. Onlar 5 ay müddətində
müxtəlif qəzetlərdə təcrübə keçəcək
və hər ay 100 manat məbləğində əmək
haqqı alacaqlar. 5 aydan sonra onlar özlərini doğrultsalar
və ya işləri ilə redaksiya rəhbərliyini qane etsələr,
həmin yerdə işə qəbul olunacaqlar. Hər il jurnalistikada
oxuyan tələbələr müxtəlif redaksiyalarda təcrübə
keçir, amma onların təcrübəsi bizləri qane
etmir. Onlar təcrübə müddətində işləmək
əvəzinə, sanki sonda kağıza qol çəkilməsini
gözləyirlər. Bizim isə istəyimiz ondan ibarətdir
ki, istedadlı tələbələr, həqiqətən
jurnalist olmaq istəyənlərin hamısı işlə təmin
edilsin. Qeyd edim ki, fevralın 23-də analojı tədbir
Bakı Dövlət Universitetində keçirilib və
artıq BDU-nun jurnalistika fakültəsinin 22 tələbəsi
qəzet redaksiyalarında işə başlayıblar”.
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov isə
çıxışında bu məsələlərə
optimist yanaşdığını deyib. O bildirib ki, bu
görüşlər KİVDF-nin həyata keçirdiyi ən
mühüm layihələrdən biridir: “Bu layihədən
sonra jurnalistika fakültəsini bitirən 5-10 tələbə
müxtəlif redaksiyalarda işləyəcəksə, bu
artıq mətbuatımızın uğurudur. Hazırda
işləmək istəyən tələbələrin
çoxu televiziyaya üstünlük verirlər. Ancaq unutmaq
lazım deyil ki, televiziya jurnalistikası öz spesifik
xüsusiyyətlərinə görə, yazılı mətbuatdan
fərqlənir. Tələbələrə məsləhət
görürəm ki, iş yerlərini seçərkən qəzetlərdən
başlasınlar. Bundan sonra böyük uğurlar qazanmaq olar.
Bir məsələni də
qeyd edim ki, son zamanlar elektron jurnalistika yaranıb və bu da
yeni bir sistemdir. Ancaq unutmayaq ki, hər bir qəzetlərin də
onlayn sistemləri var və gənclər sosial şəbəkələrdə,
bloklarda daha çox vaxt keçirməkdənsə, jurnalist
olmaq istəyənlər daha çox buraya yazılar versin və
onlarla əməkdaşlıq etsin”.
“Ayna-Zerkalo” qəzetinin
baş redaktoru Elçin Şıxlı da bu
görüşün KİVDF-nin ən maraqlı təşəbbüslərindən
biri olduğunu söyləyib. O bildirib ki, bir çox hallarda
jurnalistikada oxuyan, yüksək səviyyə,
dünyagörüşünə və xarici dil qabiliyyətinə
malik olan tələbələr sonrada jurnalistikaya getmək istəmir:
“Bunun bir çox obyektiv və subyektiv səbəbləri var.
Jurnalistika ixtisası üzrə universitetlərə qəbul
sistemində də müəyyən
çatışmazlıqlar var. Bu gün jurnalistikaya qəbulda
qabiliyyət imtahanlarının keçirilməsinə ehtiyac
var. Jurnalistika həyat tərzidir. Əgər kimsə öz həyat
tərzini jurnalistikada görürsə, ondan nəsə
çıxacaq. Jurnalist hərtərəfli, yüksək məntiq,
öz fikirlərini ifadə etmək bacarığına malik
olan bir insan olur”.
BSU-nun professoru Etibar Babayev
universitetin jurnalistika fakultəsinin fəaliyyəti barədə
məlumat verib. Daha sonra tələbələrin mətbuat
orqanlarının rəhbərlərinə
ünvanladıqları sualları cavablandırılıb. Tələbənin
sualını cavablandıran “Səs” qəzetinin baş
redaktoru və “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz
Quliyev ümumilikdə Bakı Slavyan Universitetində tələbələrin
fəal olduğunu deyib. O bildirib ki, bir neçə il ərzində
bu universitetdən redaksiyaya təcrübə keçmək
üçün praktikantlar gəlir və onlar arasında bu
gün işləyənlər də var: “Amma ümumi
götürdükdə bu gün Azərbaycanda jurnalist
buraxılışı aşağı səviyyədədir.
Gələn jurnalistə işləmək istədiyini sual
verdikdə, bu ixtisasa təsadüfən
düşdüyünü deyir. Belə tələbələrə
yenidən dərs keçə bilmərəm. Əgər bu
adam bəxtəbəxt bu sahəyə gəlibsə, onun
üstündə əziyyət çəkməyə dəyməz.
Gələcəkdə işləmək istəyən, həqiqətən
istəyi, marağı olan tələbələrin üzərində
daha çox işləyirik. Qəzetlərin səviyyəsinin
qaldırılması jurnalistlərdən asılıdır.
Jurnalistləri kəşf etmək və tapmaq
üçün bu cür görüşlərdən istifadə
etmək vacibdir”.
“Yeni Azərbaycan” qəzetinin baş
redaktoru Hikmət Babaoğlu isə qeyd edib ki, vətəndaş
cəmiyyətin əsas atributlarından biri vətəndaş
dövlət münasibətlərinin hüquq əsasında
formalaşmasıdır: “Hər birimizin sosial statusu gün ərzində
dəyişilir. Siz bu gün burada tələbə, burdan
çıxdıqdan və evə gedəndən sonra isə
ailənizin vətəndaşı olacaqsınız və sairə.
Bütün vətəndaşlar hüquqi dövlətlə
dövlət-vətəndaş münasibətlərində bərabər
statusa malikdir. Ancaq bir də peşə məsələsi var.
Azərbaycan jurnalist peşəsinin statusu cəmiyyətin
sosial piramidasında kifayət qədər üst mərtəbələrdədir.
Son dövrlərdə Azərbaycan dövlətinin,
prezidentinin həyata keçirdiyi siyasət nəticəsində
bu statusun peşə nüfuzu daha da artıb. Bu gün
informasiya erasında hər bir jurnalistin əsas borcu vətəndaşlıq
borcu olmalı və bütün məsələlərdə
məhz vətəndaşlıq öhdəçiliyindən
və milli maraqlarından çıxış etməlidir.
Ona görə də nə peşəsində olursunuzsa olun,
ilk növbədə vətəndaş olmaq lazımdır”.
Tədbir müxtəlif
suallar və mövzular ətrafında davam etdirilib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 11 mart.- S.2.