Yoxuş
(Romandan parça)
Balaca Allahverdi
oğluna
Doqquz yaşlı
Balaca bu dəfə tək-tənha
yola düşüb evlərindən beş
kilometr aralıda olan Tey kəndinə
gedəndə qarşılaşacağı
itin, qurdun, ayının, ilanın qorxusundan çox, iki şey onun
gözünə dururdu.
Bir, yaz vaxtı qan-qan deyən Mığrı çayının
üstündən körpü
əvəzinə yan-yana
uzadılmış əyri-üyrü,
yerində oynayan bir cüt sürüşkən
ağacın üstündən
keçmək, bir də çayı keçib iyirmi-otuz addım gedəndən sonra başlayıb, bitib tükənməyən
ələmə-dolama sərt
yoxuş. Balaca əyri-üyrü ağacların
üstündən qabaqlar
anasıyla bir neçə dəfə keçmişdi, oraya çatcaq yenə ayağını ağacın
ucuna dayayıb güc verdi,
yerində dingildəməsini,
oynayıb-oynamadığını yoxladı. Su qalxıb
hərdən şümal,
parıldayan ağaclara
dəyir, onları yerindən oynadırdı.
Hər dəfə Tey kəndinə gedəndə, anasının
dönə-dönə dediyi ”Körpünü
keçəndə ehtiyatlı
ol.
Çaya baxma, gözün axar” sözlərini xatırladı. Kölgə yoxuşun yarısınacan
qalxmışdı. Balaca dünəndən
ac olduğundan ürəyi
uçunurdu. Çayı adlamağı gözü
yemədiyindən yolun
yarısından dönüb
evlərinə qayıtmaq
istədi. Ancaq evlərində
bir loxma çörək olmadığı,
dünəndən bəri
özü kimi balaca bacısının, qardaşının, yorğan-döşəyə
düşən anasının
ac olması yadına düşəndə qayıda
bilmədi. Doluxsundu,
birdən at kişnərtisi
qulağına dəydi,
başını qaldıranda
yoxuşun ortasında
qarşı-qarşıya oturmuş
iki kişi
gördü. Əllərini ağızlarına aparırdılar.
Elə bil uşağın gözlərinə işıq,
qıçlarına güc
gəldi. “Bircə qırıq, bircə loxma versəydilər...” düşündü.
Yerində oynayan, islanıb
parıldayan şümal
ağacların üstündən
dik yeriyib keçə biləcəyini
gözü yemədiyindən
ağacların üstünə
sinərək, gözlərini
qapayıb qolları, qıçları, əsə-əsə
iməkləyib islanmış
halda çayı adladı. Yoxuşu haçan yarı
elədiyini bilmədi.
Uzaqdan dağdağanı görsə
də, onun altında oturan kişilər yox idi. O, bir an yerində donub qaldı. Yenidən qəhər onu boğdu. Ayaqlarını güclə sürüyə-sürüyə
gəlib dağdağanın
altına çatdı.
Yan-yörəsini, yoxuşun dolamalarını
tələsik gözdən
keçirdi. Kimsəni görməyəndə
hıçqırıb bərkdən
ağlamağa başladı.
Sanki ürəyi içindən sıyrılıb
yerə düşdü.
Əlinin dalıyla gözünün
yaşını sildi.
Ayaqlarından azca aralıda
qaynaşan topa-topa qarışqaları birdən
gördü. Qara-qara qarışqalar
iri çörək tikəsinin üstünə
yığışmışdı.
Hərdənbir onu yerindən
dəbərtsələr də,
aparmağa gücləri
çatmırdı. Balaca qarnıüstə
yerə uzandı, qabaqca iri çörək
qırıntılarını götürərək üfləyib
qarışqalardan təmizlədi
və tələsik ağzına qoydu. Sonra barmağını dilinə
toxundurub yaşladı,
göy otları bircə-bircə aralayıb
xırdaca çörək
qırıntılarını qarışqalardan ehmalca alıb ağzına qoydu. Hirslənmiş
qarışqaların könlünü
almaq istədi, ucadan dedi: – Axı, mən yeməsəm, bu yoxuşu çıxammaram.
Mənnən küsməyin də,
nə olar, balaca bacım, qardaşım məni gözlüyür. Görsəydiniz onların gözləri necə böyüyüb.
Anam öz payını bizə verdiyindən heydən düşüb,
yataqdadı. İnciməyin də, nə olar. Görürsünüz də mən
sizi əzib öldürmədim. Səhər tezdən
qayıdanda əvəzini
çıxacam. Bir
ovuc buğda verəcəm... Balaca başını qaldırıb yan-yörəsinə
baxdı. Şər qarışırdı.
O, tələsik
ayağa qalxdı, fit
çala-çala inamla
yoxuşu qalxmağa başladı. Pərcahan qarı səhər tezdən Balacaya şor dürməyi ilə şirin çay verdi.
– Bu da yoluna – deyib bir dürmək
də pencəyinin cibinə qoydu. Axşam dediklərini bir də söylədi – Nəbadə qayıdıb
gəldiyin körpüdən
keçəsən. Mənim qoçaq
balam, vur-tut kəndimizdən iki kilometr dik yuxarı
qalxassan, enli, irahat “Taxta körpü”dən
keçəzsən, o qədər
də üzüaşağı.
Gəldiyindən dörd kilometr
artıq gedəssən.
Uzun yaz günüdü, günortayacan evizdə olassan. Balacanı anbar evinə
aparıb onun torbasına yarıdan keçmiş davarcıqdan
üç kasa kəhraba kimi sapsarı buğda tökdü, başını
qaldırmadan kasaya işarəylə – Bir
kilo tutur. – dedi, əlini belinə qoyub dikəldi, divara yaxınlaşıb mismardan asılı nimdaş qadın corabını endirib oradan götürdüyü
iki qoşa ovuc quru lobyanı
qalın kağaza büküb torbaya qoyaraq ağzını bərk-bərk bağladı.
– Qollarını
bəri elə – deyib torbanın iplərini onun çiyinlərinə aşırdı.
Qarı Balacanı qapılarından
ötürərkən – De görüm, yadında qaldımı necə gedəssən?
– nigarançılıqla
soruşdu. –Kəndin başında ayrılan yoldan sağa... Sonra üç yuva olan palıd
ağacına çatanda
genə sağa...
–Bərəkallah,
fərəsətli balam.
Ancaq yoxuşu tələsik çıxma, tərliyərsən.
Di tərpən, Allah amanında... Balaca on beş-iyirmi addım
yoxuşu qalxıb geri çevrildi, qarını qapılarının
ağzında görməyəndə
qayıdıb qaçaraq
üzüaşağı sallandı.
Dünən qalxdığı
yoxuşun az
qala yarısınacan enib dağdağanın altına gəldi. Sanki bir sapın üstüylə sakit, nizamla yeriyən qarışqaları gördü,
yaxınlaşıb sallağı
oturdu, – Dünən elə bildiz sizi alladıram – deyib cibindən çıxartdığı dürməyin
bir tikəsini kəsib ovaraq yuvanın yan-yörəsinə
tökdü.- Buğda
söz vermişdim, torbamın ağzını
açsam, sora bağlaya bilmərəm. Yolum uzaqdı, tələsirəm,
sağ olun, mən getdim – deyib ayağa qalxdı, kefikök yenidən yoxuşu qalxmağa başladı.
1943-cü ilin
yazıydı...
Azər ABDULLA
525-ci qəzet.-
2011.- 12 mart.- S.28.