Əjdər Ol – fərqli şair
Bir neçə illik fasilədən sonra tanınmış şair Əjdər Ol yeni şeir kitabı ilə oxucuların görüşünə gəlib. Ədəbi mühitimizdə müşahidə olunan qəribə bir “qanuna” uyğun olaraq, yarıyaşda Əjdər Ol da publisistikaya, nəsrə, dramaturgiyaya meyl etdi və şeirdə olduğu kimi bu yazıları da sıradan bir nümunə olmadı, ədəbiyyat axınında itib-batmadı, oxucu diqqətinə və marağına səbəb oldu. Bu arada çap olunan esseləri, ədəbi portretləri, hekayələri fərqli yanaşma tərzinə, müşahidə zənginliyinə, vərdiş etmədiyimiz ifadə üslubuna görə ədəbi mühitə yeni nəfəs gətirdi, çağdaş ədəbiyyatımızın uğurları kimi qiymətləndirildi.
Əjdərin dramaturgiya sahəsində ilk qələm təcrübəsi olan “Molla Nəsrəddin və Əmir Teymurun filləri” komediyası Gənc Tamaşaçılar Teatrında, “Son məktub” pyesi isə Akademik Milli Dram Teatrında tamaşaya qoyularaq teatr həvəskarlarının rəğbətini qazandı. Bu əsərlərdə Əjdər Ol bir dramaturq kimi də hadisələrə və insanlara münasibətdə hazır qəliblərdən, stereotip yanaşmalardan qaçaraq orijinal mövqe nümayiş etdirməyi bacardı. Məsələn, H.Cavid, İ.Muğanna kimi ustad sənətkarlarımızın əsərlərində, bir çox kinofilm və televiziya tamaşalarında faciəvi qəhrəman kimi verilmiş və bu cür ehkamlaşmış Əmir Teymur obrazını Əjdər Ol milli ədəbi təfəkkürümüzün ilkin qaynaqlarının – Molla Nəsrəddin lətifələrinin ruhuna uyğun olaraq komediya qəhrəmanı kimi təqdim etdi və onun təfsirində yeni çalarlar aşkara çıxardı.
Əjdər Olun “Portret hekayələr” adlı nəsr kitabı ötən il Milli Kitab Müsabiqəsinin qalibləri sırasında yer aldı.
Amma, nə yaxşı ki, bütün bu nəsr və dramaturgiya “gəzişmələri” Əjdər Olun poeziyadan uzaqlaşması anlamında deyilmiş... “Yaşa” şeir kitabı Əjdərin varlığında poetik ruhun əvvəlkitək yaşadığını, onun bir yaradıcı şəxsiyyət olaraq ilk növbədə şair olduğunu bir daha təsdiq edir.
Bəli, Əjdər Ol şairdir, həm də fərqli şairdir. Yaradıcılığının başqa sahələrində olduğu kimi, poeziyada da bir-birinə bənzəyən, bir-birini təkrarlayan, eyni cür düşünən, eyni cür yazan “şairlər ordusu”nun sıra nəfəri deyil. Dünyaduyumunda da, bədii düşüncə tərzində də, poetik deyim və ifadə üslubunda da yeni və bənzərsizdir...
Ənənəvi poeziya üslubuna, pafoslu ifadə tərzinə, dəbdəbəli patetikaya, standart təşbeh və metaforalara, hay-haraylı təsvirlərə, “axar-baxarlı” söz oyunlarına, obrazların mübhəm, duyğuların yanıqlı, düşüncələrin ədalı təqdiminə vərdiş etmiş, ədəbi zövqü bu axarda formalaşmış oxucuya Əjdər Olun şeiri “yad” görünə bilər.
Sosial və estetik təhlili ədəbi dəyərləndirmənin qoşa qanadı sayan V.Belinski yazırdı ki, ədəbi əsəri dürüst qiymətləndirmək üçün onu təkcə həyat həqiqəti ilə deyil, həm də sənət idealı ilə tutuşdurmaq lazımdır. “Yaşa” kitabını tamamlayan bir qeydində Əjdər Ol öz estetik idealını belə ifadə edir: “Şeir bu gün də az oxunur. Şeir kitablarının alıcıları barmaqla sayıla bilər. Ona görə də şeiri sadə, aydın danışıq dilində yazmağa üstünlük verirəm. Məncə, şeirdə məna dərin, duyğu şəffaf, obrazlar anlaşıqlı, qafiyələr yumşaq, ritm yatımlı, dil şux, misralar diri və nəhayət fikir sağlam olmalıdır”.
Hər bir ciddi sənətkar kimi Əjdər Olun da əsərlərini dəyərləndirmək üçün onlara kiminsə basmaqəlib arşını ilə yox, şairin özünün estetik idealı, bədii məramı mövqeyindən yanaşmaq lazımdır. Görək, şair poetik yaradıcılığında hansı məqsədi güdür, nəyə can atır və buna necə nail olur.
Müasir
oxucu ilə “dil tapmaq” üçün onun
dünyagörüşünü, həyat mövqeyini, bədii
zövq və maraqlarını, qəlbinə hakim olan mənəvi
dəyərləri dərindən bilmək gərəkdir. Səməd
Vurğun demiş, “ürəkdən ürəyə yollar
görünməlidir”. Təbii ki, şeir ya ürəkdən
gəlməlidir, ya da bu, şeir deyil. Amma ürəkdən
ürəyə də fərq var. Əjdərin şeirlərində
əks olunmuş duyğuların fərdiliyini, özünəməxsusluğunu
nəzərə almadan onun poeziyasının “koduna” açar
tapmaq olmaz. O, könlünə məhrəm bildiyi oxucuya
üz tutaraq yazır:
Qəlbimdən
başlanıb mənim yolum da,
Hər şeyi yaxşıya yozmuşam elə.
Bizim taleyimiz oxşadığından
Mən öz taleyimdən yazmışam elə.
Yoldu bu sevgi də, dəniz də, göy də,
Keçdim xeylisini, qalan azdımı?!
Yazdım ki, ölümə məhkum canımdan
Xırda qayğılarda əridi
ömrüm,
Nə qədər yarpaqlar
döndü xəzələ.
Əlimdən alınan
vaxtları yığsam,
Başqa bir adama ömür
düzələr.
Əjdər Olun şeirlərini
“ədəbiyyatda həyat həqiqəti” tələbinin
fonunda nəzərdən keçirərkən onun dildə və
ifadə tərzində olduğu kimi, mövzu və məzmun
seçimində də, başqalarından fərqli olaraq, sadə
mətləblərə, adi həqiqətlərə
üstünlük verdiyini müşahidə edirik. Onun
poeziyası bir daha sübut edir ki, dünyanın, həyatın,
insanın ən ali həqiqətləri əslində elə
adi həqiqətlərin toplusudur. Həyatı yazmaq
üçünsə ilk növbədə həqiqəti bilmək,
dərk etmək, etiraf eləməyi bacarmaq lazımdır. Həm
də razılaşaq ki, adi həqiqətə poetik
biçim, bədii məna vermək şairdən daha
artıq ədəbi istedad tələb edir.
Və bu mənada Əjdər
Ol özünü zahirən adi həqiqətlərdən
sonsuzluq qədər uzaq olan, fəqət iynə-sap məsələsi
kimi adidən adi bir həqiqətdən –
Bu nə işdir ki, bizi iynə
kimi incəldib,
Salır iplik kimi hər dəm
bir uzun sevdayə? –
deyə dahiyanə bir obraz
yaradan Füzulinin davamçısı sayaraq – “mən də
bir Füzuli qırığı kimi...” – deməkdə
haqlı görünür.
Xaqanidən üzü bəri
lirik poeziyamızın aparıcı mövzularından olan,
xüsusən XX əsr şeirində örnək nümunələr
ortaya çıxaran və indi daha çox ehtiyac duyulan Vətən
mövzusu, vətənpərvərlik ideyası, təəssüf
ki, bugünkü ən yeni şeirimizdə tabuya çevrilir,
müəlliflərin çoxu bundan qaçır,
çünki bu mövzu üçün stereotipə
çevrilmiş süni patetikada, pafosçuluqda
qınanmaqdan ehtiyat edirlər. Əjdər isə bu mövzuda
çox yazır, ittihamlardan qorxmur. Çünki bütün
şeirlərində olduğu kimi, burada da sünilikdən,
saxtalıqdan uzaqdır, səmimidir, olduğu kimi
görünməkdən çəkinmir.
Şairin
yaradıcılığında önəmli yer tutan “Azərbaycan”,
“Soyadım Vətən”, “Azərbaycanım”, “Atam-anam Vətən”,
“Oxşama”, “İstiqlal”, “Vətəndaşlıq işi”,
“Qeyrət məsələsi”, “Gözaydınlığı”,
“Bir bayraq, doqquz əsgər” şeirləri bu qəbildəndir.
Bu tipli şeirlərində
müasir cəmiyyətimizin ən həssas ağrı
nöqtələrinə toxunmaqdan çəkinməyən
şair “Vətəndaşlıq işi” şeirində Vətənin
taleyinin, istiqbalının bizim hər birimizdən – adi
adamlardan asılı olduğunu vurğulayaraq yazır:
Toz basmış beyinlərin
tozu çəkilən kimi,
Vuruşan əl, görən
göz, ayıq baş
düzəldərik.
Dəmir
qırıqlarından qılınc tökülən kimi,
Min-min əfəl-üfəldən
Vətəndaş düzəldərik.
Daha belə olacaq
sözümüzün əvvəli,
Hər kəs özünə
görə bir ərdir, bir kişidir.
Keyi, boynubüküyü, ərincəyi,
əfəli
Hərəkətə gətirmək
vətəndaşlıq işidir.
Ədəbiyyatın,
ümumən incəsənətin ən mühüm vəzifələrindən
biri insana ümid, inam hissi aşılamaqdır. Bunsuz sənət
öz mənəvi funksiyasını yerinə yetirə bilməz.
Etiraf edək ki, müasir poeziyamızda bu cəhət
çox zəifdir. Həyat eşqini, yaşamaq əzmini təlqin
edən lirika nümunələri az-az yazılır. Əjdər
Olun bir sıra şeirləri çağdaş
poeziyamızdakı bu boşluğu doldurmağa xidmət edir.
Yeri gəlmişkən qeyd edim ki, elə kitabın oxucuya
ünvanlanmış adı da rəmzi məna
daşıyır: “YAŞA”!
Ölümdən betərdir
ölüm qorxusu,
Ölümün
şip-şirin yuxusu da var.
Sizləri bilmirəm, mənim,
doğrusu
Canımda ölməmək
qorxusu da var.
Tamarzı yaşamaq
düşkünə düşüb,
Özümü
düşkünə tay eləmərəm.
Əbədi yaşamaq
eşqinə düşüb
Ömür fürsətimi
zay eləmərəm.
Zənnimcə, yuxarıda
qeyd olunan vəziyyətin bir səbəbi də
yaradıcı şəxslərin özlərinin xaraktercə
məzlum, həyat uğrunda mübarizə əzmindən məhrum,
ruhən bədbin olmalarıdır. Həyatda olduğu kimi, sənətdə
də nikbinliyi sadəcə olaraq şadyanalıq, dünya qəminə
biganəlik kimi başa düşmək lazım deyil.
M.P.Vaqifin mövqeyini yada salaq: “Toy bayramdır bu dünyanın
əzabı!” Demir ki, dünyanın əzabı yoxdur, deyir,
dünyanın əzablarını toy-bayram kimi
qarşılamaq, sınmamaq lazımdır. Əjdər Ol “Bir
bayraq, doqquz əsgər”, “Atam, ay, atam”, “Sağlıq dostum”,
“Solaxay”, “Yas çiçəyi”, “Ehtiramın son gününə”,
“Ölümlərin ucuz vaxtı”, “Süd qardaşım”,
“Göz dəyəndən sonra” kimi kədərli, hətta
faciəvi mövzularda yazılmış şeirlərində
belə yersiz sızıltıdan qaçmağı, həyata
pozitiv münasibəti, dözüm və dəyanət
duyğularını qoruyub saxlamağı bacarır. Sağ
qolunu Qarabağ savaşında itirən əsgərin dilindən
deyir:
Öyünməli nə var
ki, nə itkin tək itmişəm,
nə də Vətən
yolunda bütöv qurban getmişəm.
Tək qol ? təkcə
qanaddır, yetməsə də uçmağa,
amma ki, bəs eləyir tək
balamı qucmağa.
Bircə şeyə
yanıram – nə yara, nə xəstəlik,
Əsir getdi Qarabağ,
sağ qolum da üstəlik.
Həyata bu cür müdrik
münasibət Əjdər Olun
yaradıcılığına bizim poeziyamızda az-az təsadüf
olunan daha bir məziyyət – ironiklik (hətta özünəironiya)
gətirir. Hər hansı bir sənətkarın əsərində
bu keyfiyyətin varlığı onun cəsarətliliyinin, həyatın
xırdalıqlarına yuxarıdan baxa bilməsinin,
özünə, öz yaradıcılığına ayıq
yanaşmağı bacarmasının, ruhən və fikrən
gümrahlığının, yaşayıb-yaratmaq əzmində
olmasının göstəricisidir.
Hansı gələn
qaldı, qalam, mən kiməm?!
Çox şişirtmə, əziz
balam, mən kiməm?!
Eh, kişilər can
çürüdüb, ad qoyub,
İsgəndərəm,
Rüstəm-Zalam, mən kiməm?!
Gördüm, duydum,
yazdım, sevdim, çalışdım,
Uzaq başı Əjdər
Olam, mən kiməm?!
Əjdərin “Gizlənən”,
“Adaş”, “Təhvil-təslim”, “Kağız-qələm
vaxtı”, “Sözün yalanını düzə çevirmək”,
“Nə zəhmətdir, çəkirsən”, “Füzuli
qırığı”, “Hökmdar”, “Acı”, “Yazdım
yaddaşına” kimi şeirləri bu cür ironik duyğularla
zəngindir.
Təbiət mövzusu
poeziyamızın əzəli qaynaqlarındandır.
Yaradıcılığının ilkin dövründə bu
mövzudan uzaq olan Əjdər Ol“Aran balasıyam” şeirində
cansız dağdan-daşdan yazmaqdansa, canlı insanlardan
yazmağı üstün tutduğunu vurğulayırdı.
Ancaq ötən illər onun poeziyasına yeni bir çalar gətirdi
– Əjdər Ol maraqlı təbiət şeirləri yazmağa
başladı. Lakin yenə də başqalarının
yazdıqlarına bənzəməyən, təbiət
detallarına orijinal münasibətilə fərqlənən
şeirlər. Onun təbiət şeirləri göz
önündə əlvan rənglərlə çəkilmiş
parlaq mənzərələr yox, poeziyasının ümumi
ovqatına uyğun olaraq sakit, toxtaq boyalarla əks olunmuş
konkret tablolar canlandırır. Rəssamlıqla müqayisə
etsək, təxminən Tahir Salahovun, yaxud Rasim Babayevin
Abşeron mənzərələrində olduğu kimi... Mənə
elə gəlir ki, bu şeirlərdə Əjdərin nəsr
yaradıcılığından gələn müşahidə
ustalığı və detalları mənalandırmaq
bacarığının da təsiri duyulur.
Gün əyilib, di gəl
ki, göydən od yağır hələ,
Hər qara daş
qızıxmış bir şeytan qafasıdır.
Qarışqalar vurnuxur, gəzir
belədən belə
Hava, elə deyəsən,
qarışqa havasıdır.
Qaynayıram, daşıram,
tər tökürəm durmadan,
Bura isti məskəni, bura
aran bölgəsi.
Məni, çölün
düzündə qoruyur günvurmadan
Bapbalaca sərçənin
bapbalaca kölgəsi.
Yarımton, yumşaq
boyalarla, emosiyalara “xəsis” bir üslubda çəkilmiş
bu tablo göz önündə aran düzəngahının
real bir mənzərəsini canlandırır. Diqqət yetirin,
ənənəvi təbiət şeirlərindən fərqli
olaraq, Əjdərin detal kimi istifadə etdiyi quş da adi boz sərçədir
və quşun cəh-cəhli nəğməsindən, əlvan
lələklərindən yox, bapbalaca kölgəsindən
söhbət gedir. Əjdər Olun “təbiət lirikasına”
aid olan “İsti”, “Elə xoşum gəlir...”, “Küləkli
yağış”, “Mənzərə”, “Pirquludan gələrkən...”,
“Yazda”, “Mənim gəzdiyim yer elə buradır...”, “Quzey”,
“Günəşli yağış” tablo-şeirləri də
oxucuya belə bir ovqat aşılayır.
Müasir poeziyamızda,
xüsusən orta və gənc nəslə mənsub müəlliflərin
yaradıcılığında müşahidə olunan
nöqsan cəhətlərdən biri də forma və şəkil
yeknəsəqliyidir. Bəzən bütöv bir kitabı
oxuyanda görürsən ki, içindəki bütün
şeirlər nəinki eyni vəzndə, hətta eyni şəkil
və ölçüdə yazılıb. Şeirlərin
misra düzümündə və qafiyə sistemindəki
eynilik dərhal nəzərə çarpır və oxucunu
yorur. Klassik şifahi və yazılı poeziyamızın bu
baxımdan son dərəcə zəngin potensialından, demək
olar ki, bəhrələnilmir.
Əjdər Olun “Yaşa”
kitabına həm əruz, həm heca, həm də sərbəst
vəzndə yazılmış müxtəlif formalı
şeirlər daxil edilmişdir. Bir daha vurğulamaq istərdim
ki, bu şeirlər şəkil baxımından da fərqli,
orijinal xüsusiyyətlərlə zəngindir və hər dəfə
də forma seçimi şeirin ümumi səciyyəsindən
doğur, buna görə də təbii və qanunauyğun
görünür. Məsələn, əruz vəznindən Əjdər
Ol ruhən klassik əruz poeziyamızı xatırladan bir qədər
təmtəraqlı və ağır ləngərli şeirlərdə
istifadə edir:
Əjdər Ol,
qarşıda yol, bir balaca çən görürəm,
Özümü şölə
saçan istəyimə tən görürəm.
Qalibiyyət
günümüz qarşıdadır, mən görürəm.
Sevgilim tək qoluna girdim,
Azərbaycanım!
Ölmədim, ağ
gününü gördüm,
Azərbaycanım!
yaxud,
Deyirəm həm yaxına, həm
uzağa, həm özümə,
Vermərəm əldən
onu, diqqət elə son sözümə,
Amma ortaq edərəm Zəncanıma,
Təbrizimə,
Adlasın qoy Arazı
sürgün olan İstiqlal!
Dayağım, Ərkim olan,
görküm olan İstiqlal!
Sərbəst vəzndə
yazılmış şeirlərində də Əjdər Ol qələminin
orijinallığını, üslubunun fərdiliyini qorumaqla
mükəmməl nümunələr yaratmağa nail olur.
Burada da vəzn şeirin xarakterindən doğaraq forma və məzmun
vəhdətinin bütövlüyünə xidmət edir.
Nədən
ötrüdür axı, bu
İstəyirsən sənin
olum hər an.
Hərdən özümdən
çıxıb deyirəm:
Ay Günəş,
ay bulud,
ay dəniz,
ay tənək,
ay böcək
görürsünüz,
məni bir qısqanc qoymur
hərdən sizi
düşünməyə.
Amma, zalımın
qızı,
ayrı aləmsən,
adam ölər səninçün...
Bir cəhəti də qeyd
etmək lazımdır ki, Əjdər Ol hər bir vəzndə
yazdığı şeirlərində məhz həmin vəzn
üçün səciyyəvi olan dil və üslub elementlərindən
bacarıqla istifadə edir.
Təbii ki, bütün müasir
poeziyamız kimi “Yaşa” kitabındakı şeirlərin də
əksəriyyəti heca vəznindədir. Ancaq burada da Əjdər
Ol yeknəsəqlikdən qaçaraq həmin vəznin
müxtəlif şəkilli, müxtəlif
ölçülü və müxtəlif qafiyə sistemli
nümunələrini təqdim etmişdir.
Məsələn, daha
çox əruz vəznli klassik poeziyamızda (məsnəvi
formasında) rast gəlinən qoşa qafiyəli formanın
hecada nisbətən az işlədilən nümunələrini
yazır.
Elə yaxşı yerdə
idik, elə yaxşı...
Qızıl qaya,
yaşıl gədik, elə yaxşı...
Hava yumşaq, sərin idi,
yerin məlum!
Əsl sənin yerin idi, yerin
məlum!
...Dolaşmaqdan nə
usandıq, nə də doyduq.
Bir daş üstə
yanımızı yerə qoyduq.
Sakitlikdi, bir budağı əyən
yoxdu,
“Gözün üstə
qaşın var” da deyən yoxdu.
...Bərk acmışdıq,
hərəyə bir qoğal düşdü,
Ehtiyatlı bələdçiyə
“sağ ol” düşdü.
Çən yayıldı,
çöl büründü ipək tülə,
Elə səni arzuladım elə...
elə...
Bu şeirin ifadə etdiyi həzin,
lirik ovqatın yaranmasında, şübhəsiz ki, ləpələnmə
təəssüratı yaradan qoşa qafiyə sisteminin də
təsiredici rolu var.
Əjdərin heca vəznli
şeirlərdə işlətdiyi çarpaz qafiyə sistemi
isə misralara xüsusi çeviklik verərək ritmik ahəng
effekti yaradır.
Ağrıya, əzaba qənim
ürəyim
Hamını yatırdıb
gecə ağrıyır
Bircə mən bilirəm, mənim
ürəyim
Hərdən həzin-həzin
necə ağrıyır.
Başdan eləyirəm,
başdan əkirəm,
Kim doğan səhərə
şükür eləmir.
Əzabı mən elə
gözəl çəkirəm,
Bir kimsə dərdimdən
fikir eləmir.
“Yaşa” kitabındakı
heca vəznli şeirlərdə bu vəznin, demək olar ki,
bütün heca ölçülərinə, hətta
çox az işlədilən nümunələrinə də
rast gəlmək mümkündür.
- Məsələn, dörd
hecalı:
Öz imzamdır,
öz qolumdur.
Bayrağımda
üç yolumdur.
Addımbaşı
parolumdur.
“Sağ olumdur,
“Var olumdur.
Hər nədirsə,
qəbulumdur.
“Vətən” dedim,
Vətən, Vətən!
- beş hecalı:
Başmaq cütləyən,
dəsmal tutandır.
Bir him eləsən
papaq atandır.
Qoltuğa qarpız,
Ələ əsadır.
Dili gah uzun
gah da qısadır.
Qılığı
qalıq,
Ədəbi ədəb –
İş buyurmalı
adamdır əcəb.
- Altı hecalı:
Yelləndi
çilçıraq,
töküldü qab-qacaq.
Zəlzələ, zəlzələ,
vahimə, vəlvələ.
Binamuz oynayır,
beynimiz qaynayır
Bakımız laxlayır,
özünü yoxlayır.
- Yeddi hecalı. Klassik
şeirimizdə yeddi hecalı misra bayatı
ölçüsüdür, ancaq Əjdər Ol bu
ölçülü şeirin tamam başqa-başqa formalarda
nümunələrini yaradır:
Külək əsir,
budaqlar
nə üstəsə
dalaşır.
Yağışın
ayaqları
bir-birinə dolaşır
yaxud,
Arılar lap kefdədir,
Yəqin bu gün siftədir.
Başlayır bal ayları,
Səfdədir alayları.
Yanımdadır balacam,
Qalsa, burda qalacam.
Başqa bir misal:
Can bacı, qanlı yanvar
Bizlərə gör neylədi,
Bakı qərənfilini
Yas çiçəyi eylədi.
Daha qaragünlülər
Anar, xatırlar onu.
Qəbirstanlıq yanında
Cüt-cüt satırlar onu.
Bu sonuncu nümunə qafiyə
düzümünə görə gəraylı
formasıdır, ancaq bayatı ölçüsündədir.
Bayatı ölçülü, gəraylı quruluşlu bu
şeir şəklinə poeziyamızda nadir hallarda rast gəlinir.
- Səkkiz hecalı:
Sussa da, gülməz
ağılar,
Üzdə barışar
yağılar
Evlər, saraylar
dağılar,
Uşaqlar evcik qurmasa.
- On bir hecalı:
Elə xoşum gəlir, tənəkdən
dərəm,
Yuyub qoyub gedəm sarı
salxımı.
Əllərim belimdə
qayıdıb görəm,
Quşlar dimdikləyib
yarı salxımı.
- On dörd hecalı:
Dalğalanır,
çalxanır günəbaxan zəmisi,
Çatışmır bu dənizin
bircə bəyaz gəmisi.
Düşüb qızıl
dalğaya, girib sarı dumana,
Üzəm gedəm şeh
qonan ətirli bir limana.
Amma hanı o gəmi,
hanı o şehli sahil,
Çox da məni
çağırır sapsarı zehli sahil...
Əjdər Olun heca vəznli
şeirlərinin elə orijinal nümunələri də var
ki, burada forma ardıcıl surətdə növbələnən
müxtəlif ölçülü misralardan qurulub. Məsələn,
“Nəğmə” şeiri bir və iki hecalı misraların
qaval zərbini xatırladan ritmik düzülüşü
formasında yaradılıb:
Bəh-bəh!
çöl şeh,
xoş meh.
Şax, şax
gəz,
bax,
əs,
ax!
Hey-hey,
yer,
göy
gömgöy...
Yeri gəlmişkən, bu
ölçüyə poeziyamızda çox nadir hallarda (o da
ancaq sayma xarakterli uşaq şeirlərində) rast gəlinir.
“Təəssüf”
şeirində isə Əjdər Ol həmin prinsipdə yeddi
və səkkiz hecalı misraların növbələşməsindən
istifadə etmişdir:
Xəzəl işıq
qurusudur,
Meyvə qurusu deyil.
Göz yaşım dup-duru
sudur,
Bəndə ruzusu deyil.
Əjdər Olun poetik
yaradıcılığında klassik şeir şəkillərində
yazılmış nümunələr də az deyil. Ədəbiyyatın
bütün tarixi sübut edir ki, ruhən ənənəyə
bağlı olmayan sənət heç zaman böyük mənada
yenilikçi ola bilmir. Klassik forma və janrlara müraciət
də şairdən müəyyən mənada cəsarət
tələb edir. Əvvala ona görə ki, yazacağın
şeirin təbii olaraq müqayisə ediləcəyi neçə-neçə
şedevr nümunələr var və belə bir riskə getməyə
hər şair cürət eləmir. İkincisi ona görə
ki, yaxşı mənada ehkamlaşmış forma qəlibləri
ifadə tərzində sərbəstliyi müəyyən qədər
məhdudlaşdırır və təkrarlara yol vermədən
yeni söz demək imkanlarını daraldır. Deməli, bu,
həm də bir sınaqdır.
“Yaşa” kitabında rast gəlinən
belə janrlardan biri gəraylıdır. Klassik aşıq
şeirində unikal nümunələri yaradılmış
bu şəkli son dövr poeziyamızda ilk növbədə
görkəmli şairimiz Ramiz Rövşənin və onun
davamçılarının yaradıcılığı sayəsində
yeni nəfəs qazanmışdır. Deməli, gəraylının
həm klassik, həm də müasir ədəbiyyatımızda
kifayət qədər oturuşmuş ənənələri
var. Maraqlıdır ki, Əjdər Ol bu janrda
yazdığı şeirlərə nəinki özünəməxsus
yeni rayihə verə, hətta yüz illərdən gələn
formaya yeni ştrixlər artıra bilir.
Sevən ki eş qi yolunda
Ölmürsə, neynirsən
onu?!
Gedib o dünyanı
görüb
gəlmirsə, neynirsən
onu?!
Ürəyini al əlinə,
Qoy düşməsin kal əlinə,
Toxunanda gül əlinə,
bilmirsə, neynirsən onu?!
Düşsən şərə,
qalmaqala,
Xəbər göndər Əjdər
Ola
Əjdər gərək Əjdər
ola,
Olmursa, neynirsən onu?!
Şeirin
başlığının müstəqil misra “statusunda” bu
cür üzvi şəkildə ümumi mətnə daxil
edilməsi təkcə gəraylı yox, ümumən
poeziyamız üçün forma və məzmunca tamam yeni
bir hadisədir.
Gəraylı nümunəsi
haqqında dediyimiz fikir Əjdərin digər janrlarda
yazılmış şeirlərinə də aid edilə bilər.
Nümunələri nəzərdən
keçirək.
- Qoşma:
Tozu, tozanağı buluda
qalxan,
qəzəbli, haraylı
Bakı küləyi.
Çalxan, Xəzərimin suyunda
çalxan,
döngəli, dolaylı
Bakı küləyi.
Ey mənim dəcəlim,
havalım, əs-əs,
hamıya qovğalım,
davalım, əs-əs,
çalınsın hər
daşım-qavalım, əs-əs,
bayatı, gəlaylı
Bakı küləyi.
- Təcnis
Arın-arxayınam
könül sarıdan,
daha nə çək-çevir
nə elə, belə...
Ömür basməmmədi
keçdi yarıdan,
Mən elə beləyəm,
mən elə belə.
...Əjdər Ol, qalların
Nuhdanqalma qal,
Kim sənə deyir ki, burda
qalma, qal!
Nə vay-şivən qopar, nə
də qalmaqal,
nə də ki, aləmə
dərd elə belə.
- Qəzəl:
Qəlbimiz çox
yuxadır,
bir sözə ağlatmaq
olur,
Dibimiz bərkiməyib,
boşları laxlatmaq olur.
Bizə kəf gəlsə
biri, bir də dönüb aldadacaq,
Bizləri bir dəfə yox,
yüz dəfə aldatmaq olur.
...Vətəni dövrələmir
dövlətimin sərhəddi,
Bu qaxıncım var ikən,
qəddimi saxlatmaq olur?!
...Əjdər Ol, günlər
ötür, ay dolanır, il dəyişir,
Bu yerişlə deyirəm,
tısbağaya çatmaq
olur?
“Yaşa” kitabında klassik
şeir şəkillərindən tək misra, tək beyt, tək
bənd, qoşa bənd kimi nümunələrə də yer
verilmişdir və bunların hər birində klassik forma
ölçüləri saxlanmaqla müəllifin yeni və
orijinal deyim tərzi də qabarıq nəzərə
çarpır. Bunlardan başqa, Əjdərin orijinal, konkret qəlibi
olmayan formada yazılmış maraqlı şeirləri də
var. Xüsusi qeyd etmək lazımdır ki, bu cəhət, yəni
yeni poetik forma axtarışları müasir poeziyamızda, demək
olar ki, nadir hallarda gözə dəyən bir hadisədir.
Bir nümunəni nəzərdən
keçirək:
Mənim gözlərimdə
açıldı səhər
ayın üçündə.
Gəlib evimizə
çatdıq birtəhər
qan-tər içində.
Dünəndən
yoldayıq – təyyarə, qatar...
Qırıldıq batdıq.
Adam ki, yoruldu, evə gec
çatar,
axır ki, çatdıq.
Şeirin bəndləri on
birlik və beşlik misraların çarpaz qafiyə şəklində
sintezindən ibarətdir. “Yaşa” kitabında bu cür tamam
yeni bənd formalarından qurulan şeirlərlə, hətta
yarı bəhri-təvil, yarı mənsur şeiri
xatırladan orijinal bir nümunə ilə (“Sirr”)
qarşılaşmağımız toplunun müasir
poeziyamzın ciddi uğuru kimi doğurduğu xoş təəssüratı
əlavə boyalarla zənginləşdirir.
Mən demirəm ki, Əjdər
Ol şeirlərindəki bütün bu fərqliliyi, zənginliyi,
orijinallığı xüsusi olaraq bilərəkdən
düzüb-qoşub. Yəqin ki, belə olmayıb. Əslində
bu, heç şərt də deyil. O, sadəcə olaraq, qəlbinin
hökmü, ilhamının diqtəsi ilə oturub şeirini
yazıb. Şeirlərin forma və məzmunca bu qədər
rəngarəng, estetik keyfiyyətcə bu qədər zəngin
şəkildə meydana çıxması isə “adi” bir həqiqətdən
– müəllifin qəlbinin, ilhamının, poetik
istedadının zənginliyindən, özünəməxsusluğundan
soraq verir.
İlham ABBASOV
525-ci qəzet.- 2011.- 12 mart.- S.26-27.