Cavaba ehtiyacı olmayan suallar

 

“Dünya qəribəliklərlə doludur...” Görəsən, bu ifadədən daha bəsit, daha bayağı deyim varmı? Deyəsən, var: “Sənət dünyası sirli-sehirli olaylarla doludur...”

 Düzünə qalsa, dünyada baş verən, həyatımızda qarşımıza çıxan hadisə və olayları dəyərləndirməyə dursaq, bəlkə də bir qismi bəsit və bayağı görünəcək, bəziləri uydurma kimi qavranılacaq, amma istisnasız hamısı tanış gələcək. Və bu anda da Ramiz Rövşənin Dünya mənə tanış gəlir” misrası Adamı müəyyən bir ovqata kökləyir... Bu yaxınlarda qarşıma çıxan bir hadisəni danışmaq istəyirəm. Dəyərləndirməni oxucunun ixtiyarına verirəm:bəsitdirmi danışacağım, bayağıdırmı düşüncələrim, siz qərara gələcəksiniz. Məndən danışıb ürəyimi boşaltmaqdır.

 ... Bir neçə ay bundan əvvəl bəstəkar Cavanşir Quliyev bizə danışdı ki, bəs Güney Kıprıs Cümhuriyyətinin Bələdiyyə teatrında pyesinin premyerasında iştirak edən müəllif qəribə və hardasa sirli-sehirli əhvalat danışıbmış. Əhvalatın da “baş qəhrəman”ları müəllifin özü ilə bizim rejissor Vaqif İbrahimoğludur. Nə qədər çalışdısa, Cavanşir bəy nə müəllifin, nə də ki, pyesin adını yada sala bilmədi. Biz də etiraf eləyək ki, səhlənkarlıq elədik, yəni ha bu gün-sabah onu axtarıb taparıq deyə, yavaş-yavaş məsələni unutduq.

 ... Sirli –sehirli qəribəliklər sonradan başladı və bizləri öz axarına salıb istədiklərini elədi...

 ... Allahın işidir, heç kim heç nədən sığortalana bilməz. Həyatın burulğanı bir yekə dalğaya dönüb məni Ankaradakı Qazi universitetinin xəstəxanasına rejissor Vaqif İbrahimoğlunun rəfaqətçisi sifətində saldı. Yəni, mən xəstə dostumun tam hüquqlu nümayəndəsi olaraq yanında qalıb onun əvəzinə gərəkli olan bütün işləri görür, məsələləri həll edirdim. Günlərin bir günündə Cavanşir Quliyevin danışdığı əhvalat yadıma düşdü və Ankaradakı dostlarımı işə qoşaraq həmin o dramaturqu tapıb əlaqə yaratmağa müyəssər oldum.

Öncə bir arayış: Turqay Nar 1961-ci ildə Türkiyənin Van şəhərində anadan olub. Van Ticarət Litseyini bitirdikdən sonra Bursaya köçüb. 1984-cü ilə qədər tarlada, tikintidə, fabrikdə, yanacaqdoldurma məntəqəsində fəhləlik edib. 1984-cü ildə bankda məmur vəzifəsində çalışmağa başlayıb. Anadolu Universitetində İqtisadiyyat üzrə ali təhsil alıb. 1996-cı ildə bankdakı işindən çıxaraq, özünü bütünlüklə yazıçılığa həsr edib. Bir müddət nəşriyyatlarda korrektor və nəşriyyat koordinatoru kimi çalışıb. 2000-ci ildə TRT-də dramaturq kimi fəaliyyətə başlayıb. İstanbul Böyük Şəhər Bələdiyyəsi Teatrları Repertuar Kurulu (Bədii Şura) üzvü olub. Mədəniyyət və Turizm Nazirliyinin Özəl Teatrlara Dövlət Dəstəyi Dəyərləndirmə Komissiyasının və Dövlət Teatrları Ədəbi Kurulunun üzvüdür. Xeyli sayda şeir, tərcümə kitablarının müəllifidir. Pyesləri Türkiyənin ən nüfuzlu teatrlarında tamaşaya qoyulub. Türkiyənin sənət sahəsində müxtəlif ödüllərinə layiq görülüb.

 Çox tez dostlaşdığımız Turqay bəydən bizə danışdığı “qəribə”, “sirli-sehrli”, hardasa məzəli, bəzən isə bədii uydurmanı andıran əhvalatı qələmə almasını xahiş etdik. Sağ olsun, sözümüzü yerə salmadı, yazıb internet vasitəsilə bizə göndərdi. Biz də azcana bu yazını dilimizə uyğunlaşdırıb hörmətli oxucularımıza təqdim edirik. Hörmətli Turqay Nar yazır: “

 

”Dramaturgiyada ilk ustadım VAQİF İBRAHİMOĞLU”

 

1979-cu ildə Vanda litseyi bitirib Bursanın kiçik bir qəsəbəsinə köçdük. Teatr aləmi ilə ilk görüşüm də elə bu şəhərdə olmuşdu. Bir gün oyun izləmək keçmişdi içimdən. Bursa Dövlət Teatrı Əhməd Vefik Paşa Səhnəsinə bağlı olan “oda tiyatrosu”nda Melih Cevdet Andayın “Mikadonun çöpleri” pyesi səhnələnməkdəydi. Təxminən 1988-ci il idi. “Kişi” rolunu Murad Karasu ifa edirdi. O günə qədər izlədiyim iki, ya da üçüncü tamaşa idi. Tamaşanı izlədikdən sonra Murad Karasuya məktub yazıb təbrik etdim. O da tanış olmaq üçün məni teatra dəvət etmişdi. Bu görüş Murad Karasuyla aramızda illərcə sürən sağlam bir dostluğun başlanğıcı olmuşdu. Aradan bir neçə il keçmiş və mən yaşantımın çox sıxıntılı bir dönəminə girmişdim. Anamın ölümündən sonra yalnız qalaraq, ciddi ruhsal sıxıntılar və maddi çətinliklərlə mücadilə edirdim. O dönəmdə mənə maddi sıxıntıları aşmaqda Murad Karasunun xüsusi köməyi olmuşdu. Təbii, bu arada bir il boyunca hər axşam teatrın yeməkxanasında yediyim ciyəri və içdiyim pivəni də onun hesabına yazdırırdım. Təbii, yemək yeyərkən yazdığım şeirlərin macəralarını da ona və sayəsində tanış olduğum teatr adamlarına böyük coşqunluqla danışırdım. Bir də mən uzun illər hamballıq, nökərçilik kimi işlərdə çalışdıqdan sonra bir dövlət bankında məmur olaraq işə başlamışdım. Bir gün Murad yenə məni səbrlə dinlədikdən sonra, deyəsən, artıq məndən qurtulma zamanının gəldiyini düşünürmüş kimi “Xocam, sən nədən pyes yazmırsan? Yaxşı pyes yazarsan. Həm də bu sferada yazar yoxdur, yerli yazara çox ehtiyac var” – deyincə öncə ciddiyə almadım, zarafat edir sandım. Çünki pyes yazmaq ağlıma da gəlmirdi. Həyatım boyu bir pyes də oxumamışdım. Səhnədə gördüyüm də üç-beş tamaşadan çox deyildi. Ağlıma batmadığını görüncə “Bax, xocam, pulsuzluqdan qurtula bilərsən. Pyes Dövlət Teatrının repertuarına salınarsa, avans verərlər sənə. Vəziyyətin düzələr. Sən yetər ki, yaz, gerisinə qarışma!” – dedi. Avans sözünü eşidər-eşitməz söhbət ağlıma batmışdı (hərçənd, avans deyə bir şeyin olmadığını çox sonralar öyrəndim). Ancaq pyesi necə yazacaqdım? Əvvəl bu problem heç ağlıma da gəlməmişdi. Heç bilmədiyim bir sahəydi pyes yazmaq. Qorxmağa başlamışdım. Amma işin digər ucunda da bütün sıxıntılardan qurtulmaq vardı. Birtəhər yazaram, deyə düşündüm. “Yaxşı, narahat olmayın, bir-iki günə sizə bir pyes yazıb gətirərəm” – dedim Murada. Asan hesab edirdim. Bu arada teatrın direktoru və dəyərli sənətçi Feyha Çələng də işə qarışmışdı, məni ürəkləndirməkdəydi. O da mənə kültür təməlli bir mövzunun daha aktual olduğunu və Bursada səhnələnə biləcəyini söylədi. Həmən evə gedib düşünməyə başladım. Sonunda bir Dədə Qorqud hekayəsi işləməyə qərar verdim. Dəli Domrulu Güngör Dilmən yazmışdı. Mən də “Təpəgöz”ü yazmağı düşündüm. Məna və məzmunu ilə o günki Türkiyənin sosial və siyasi durumunu əks etdirmək üçün olduqca əlverişli idi “Təpəgöz” əhvalatı. Ancaq mən hələ də pyesi necə yazacağımı bilmirdim. Hətta pyesin neçə səhifədən ibarət olması haqqında ən kiçik bir təsəvvürüm də yox idi. Qarşıma çıxandan soruşduqca, hərə bir şey deyir, fikrim əməlli-başlı qarışırdı. Aradan uzun zaman keçdi: Feyha Çələng məndən “Pyes nə vəziyyətdədir? Yeni mövsümdə ona görə proqram qurmalıyıq. Bitirdinmi?” – deyə soruşmuşdu. Mən də “Pyesi bitirdim. Gözdən keçirib verəcəyəm”, – kimi sözlərlə zaman qazanmağa çalışırdım. Bir gün mənə “Nə qədər yazmısansa, gətir, son kurul toplantısına çatdırmalıyıq, yoxsa çox gec olacaq. Başqa pyes axtarmalı olacağıq!” – deyəndə yazmadığımı etiraf etməyə məcbur oldum. Yalnız üç-dörd səhifə yaza bilmişdim... Feyha Çələng mənim “Dədə Qorqud” haqqında informasiyaya ehtiyacım olduğunu duymuşdu. “Mən səni tanıdığım və çox sevdiyim bir teatr ustadı ilə tanış edəcəyəm, o, bu mövzuda sənə çox yardımçı olacaq” – dedi. Bu adam daha öncə Bursa Dövlət Teatrında tamaşa hazırlayan azərbaycanlı ustad rejissor Vaqif İbrahimoğlu idi. Vaqif bəy o vaxtlar Bakıda idi. Türkiyədən Bakıya telefon açdıq. Feyha Çələng məni Vaqif İbrahimoğlu ilə calaşdırdı. Səhv etmirəmsə, 1993-cü il idi. İştə, həmin gün o telefon görüşməsi mənim oyun yazarlığımda çox önəmli bir üfüq açdı. Bu qısa telefon danışığı məndə illərcə davam edən təsir yaratmışdı. Vaqif İbrahimoğlu mənə necə yardım edə biləcəyini soruşanda ona pyes yazmağa yeni başladığımı və mövzu olaraq da “Dədə Qorqud” dastanından bir boy seçdiyimi söylədim. O, çox sevindi. Vaqif İbrahimoğlu da mənim “Dədə Qorqud” haqqında bilgilərə ehtiyacım olduğunu anlamışdı. Amma utana-utana əsl problemin yalnız bu olmadığını söylədim. “Mən pyes yazmağı bilmirəm. Bir pyes necə yazıla bilər? Pyesdə personajlar necə danışmalıdır? Neçə pərdə? Neçə səhnə? Neçə personaj? Neçə səhifə?” – kimi suallar verib, heç bir şey bilmədiyimi söyləyincə Vaqif bəy işin nə yerdə olduğunu anladı. Qısa bir sükutdan sonra söylədiyi sözləri bugünkü kimi xatırlayıram: “Səni anlayıram. Bax, sən heç bunları düşünmə. Get, makinanın qarşısında otur və içindən neçə gəlirsə, nə cür anlada biləcəyinə inanırsansa, elə də yaz. Düşünmə ki, rejissor bunu necə edər. Qoy, o necə bilirsə, elə də etsin. Özünü məhdudlaşdırma”. Təəccübləndim. “Elə bu qədər?” – deyə sordum. O da “bəli, bu qədər. İndi get, yazmağa başla!” – dedi.

1993-cü ildə Vaqif İbrahimoğlu ilə bu qısa telefon danışığından sonra aylardır yaza bilmədiyim pyesi bir-iki günə yazıb teatra təqdim etdim. Pyes Dövlət Teatrları Ədəbi Kurulundan həmən keçdi və Bursa Dövlət Teatrında ustad rejissor Yılmaz Onay tərəfindən səhnələnərək maraqla qarşılandı. Hətta İstanbul Şəhər Teatrı genel sənət yönətməni Erol Kəskin pyesi bəyəndiyini və mənimlə görüşmək istədiyini bildirmişdi. Pyesi yazarkən remarkaları belə şeirvari yazmışdım və ağlıma, xəyal dünyama, düşüncəmə, dilimə heç bir sərhəd qoymamışdım. Amma bu özgür davranışımı da bir şair dissiplini və ədəbiyyatçı ciddiyyəti ilə tənzimləmişdim. Pyes səhnələnmədən öncə Salihli Bələdiyyəsi Pyes Müsabiqəsində mükafat almışdı. “Təpəgöz” daha sonra Konya Dövlət Teatrında da səhnələndi. 1993-cü ildəki o telefon danışığından sonra Vaqif İbrahimoğlunun bu sözlərindən dramaturji yaradıcılığımda açar kimi istifadə etdim. Sonrakı pyeslərim də əməlli-başlı teatr hadisəsinə çevrilirdi. Mən adi bir oyun yazarından bu gün əsərləri bir çox ciddi teatrların səhnələrində oynanılan dramaturq səviyyəsinə yüksəldim. Doğrusu, bunları heç gözləmirdim. O zamandan bu günə qədər tamaşalarımı diqqətlə izləyən, sayğı göstərən tamaşaçı kütləsi formalaşdı. Ancaq bir dramaturq kimi nə qədər davam gətirəcəyimi zaman göstərəcək, mən bilmirəm. Amma bir şey mənə gün kimi aydındır. Nə yazdımsa səmimi oldum. Ürəyimdən nə qopdusa, içimdən gəldiyi kimi yazdım. İstər pyeslərimi universitetlərdə tamaşaya qoyan tələbələrimlə söhbətlərimdə, istərsə də dramaturji yaradıcılımla bağlı bütün müsahibələrimdə Vaqif İbrahimoğlu ilə bağlı olan bu əhvalatımı həmişə anlatdım. İllərcə ona olan təşəkkür borcumu ürəyimdə daşıdım. Onu tanıyanlardan salam göndərdim, əlaqə yaratmağa çalışdım. Bu ilin əvvəllərində Kipr Dövlət Teatrında oynanılan tamaşanın premyerasında iştirak etmək üçün oraya getmişdim. Universitetdə azərbaycanlı bir xocayla tanış oldum. Vaqif İbrahimoğlunu soruşdum, tanıdığını söylədi. Telefonumu aldı. Bundan təxminən bir ay əvvəl heç gözləmədiyim anda telefonuma zəng gəldi. Zəng edən Vaqif bəyin dostu pedaqoq rejissor Rasim Aşın idi. Vaqif İbrahimoğlunun adından zəng etdiyini və Vaqif bəyin mənimlə görüşmək istədiyini deyəndə çaşdım. Vaqif bəyin səsini eşidəndə həyatımın ən böyük çaşqınlığını yaşadığımı desəm, yalan olmaz. Kiprdə tanış olduğum adam Vaqif bəyə onu illərdir ki, axtardığımı söyləmiş, Vaqif bəy də onu nə üçün axtardığımı və harda tanış olduğumuzu bilmək istəmişdi. Təxminən 18 il əvvəl aramızda olan telefon danışığını ona xatırlatdım. Ona çox şey borclu olduğumu söyləyəndə çox təsirləndi. Öyrəndim ki, sən demə, bir müddətdir, Ankarada müalicə alır, ilk fürsətdə görüşünə getdim. Yazdıqlarımda onun payının böyük olduğunu təkrar söylədim. Çap olunmuş bütün pyeslərimi apardım. Çox sevindi. Mən də içimdə daşıdığım təşəkkür borcumu qarşısına keçib, üzünə söyləmək sevincinə və onunla tanış olmaq şərəfinə nail oldum. Vaqif İbrahimoğlu mənim ilk teatr ustadımdır. Açarı o mənə verib. Murad Qarasu məni yaradıcılığa sövq etmiş, Vaqif İbrahimoğlu necə yazacağımı iki cümlə ilə anlatmış, Feyha Çələng isə məni tamaşaçıyla görüşdürmüşdü. Pyesləri Vaqif bəyə təqdim etdikdən sonra əllərindən öpdüm və xəstəxananı tərk etdim. İndi də məni başqa bir şey düşündürürdü: əcaba, pyeslərimi oxuyacaqdımı? Əgər oxusa, münasibəti necə olacaq? Aradan bir-iki gün keçmişdi ki, mənə zəng gəldi. Pyeslərimi səhhətindəki problemlərə baxmayaraq oxumuşdu. Bu dəfə mənimlə daha ətraflı danışdı, pyeslərimi analiz edib, dəyərləndirdi. Qarşımda nadir hallarda rast gəlinən intellektual bilgiyə və heyrətamiz zəngin erudisiyaya sahib olan bir insan vardı. Amma məni ən çox təsirləndirən onun böyük şəxsiyyəti idi. Onun bu nadir şəxsiyyəti hər sözünə yansımaqda, hər xırda dəyərləndirməsinə sonsuz bir dərinlik və anlam gətirməkdə idi. Vaqif İbrahimoğlunun eynən illər öncəsində olduğu kimi hər sözü məndə yeni kanallar və üfüqlər açmaqda idi. Sanki illər öncəki o qısa telefon danışığı bitməmiş, hələ də davam etməkdə idi. Oyun yazarlığımdakı ilk Ustadım, nadir şəxsiyyət Vaqif İbrahimoğluna içimdə hər zaman bir təşəkkür borcu daşıyacağam. Ondan çox şey öyrəndim, hər zaman da öyrənəcəyəm. 08 yanvar 2011” lll İndi də, sən ey hörmətli oxucum, özün söylə, dünya qəribəliklərləmi doludur, yoxsa bəsit, bayağı hadisələrlə?! İndi də sən ey müdrik oxucum! Özün söylə, sənət dünyası sirli-sehrli olaylarla dolu olmasaydı, dünyanın nə ləzzəti olardı? Və sonuncu sual: səncə, bu, gözlənilməz qəribəliklərlə həyat yolumuzu istiqamətləndirən o Böyük Qüvvənin məramı nə idi? Hansı sualın var cavabsız qala

Ümidlə, həvəslə bax istiqbala

 Rəsul Rza

 

 

Məryəm ƏLİZADƏ

Əməkdar incəsənət xadimi

Sənətşünaslıq doktoru,

professor ..

 

525-ci qəzet.- 2011.- 12 mart.- S.25.