Bəmbəyaz gəlinlik paltarı... Həyatın ironiyası... Alqışa layiq Ölüm...

 

11 iyun 2010-cu ildə YAP Respublika Qadınlar Şurası “Qurtuluş” günü münasibətilə möhtəşəm tədbir keçirdi. YAP Respublika Qadınlar Şurasının sədri, çox sevdiyim Nurlana xanım Əliyeva gəncliyin nümayəndəsi kimi mənə də söz verdi. Təvazökarlıq etməyəcəyəm: çıxışım çox yaxşı qarşılandı. Bu barədə ilk xoş sözü tədbirin aparıcısı, Milli Məclis sədrinin müavini Bahar xanım Muradova dedi: “Çox sevinirəm ki, Azərbaycanda bu cür gənclik yetişir. Bax, bu da Heydər Əliyev siyasətinin bəhrəsidir...” Sonra Nurlana xanım, YAP İcra katibinin müavini Mübariz Qurbanlı da ünvanıma tərif söylədilər. Tədbirdən sonra çıxışım haqqında daha bir xoş söz eşitdim – bu dəfə YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmovdan. O özünün “Gəlinlik paltarı” kitabını da mənə hədiyyə etdi. Çox sevindim... ...“Gəlinlik paltarı” romanını birnəfəsə oxudum. Sonra xeyli susdum. Əsər məni çox, çox düşündürdü... Sərt və amansız həqiqətlərdən danışan bu kitab oxucusuna ən əvvəl onu deyir ki, “həyat nə tamaşa, nə də bayramdır, həyat çətin imtahandır.” Və bu mürəkkəb imtahandan “əla” qiymət almaq heç də asan deyil... Əsərin əsas qəhrəmanı Fənayə həyat imtahanından “iki” alır. Nə yazıq ki, növbəti semestrdə bu “iki”ni düzəltmək mümkünsüzdür! Geriyə yol yoxdur! Və geriyə yol olmadığını Fənayə özü də yaxşı başa düşür. O, artıq “kəsilib”!..

 “...Hər kəsin öz yolu var. Hər kəs öz yolunu getməli, hər kəs öz ömrünü yaşamalıdır...” Kitabı açan kimi oxucunun diqqətini bu fikir çəkir. Bu, Fənayənin ölümqabağı düşündüklərindəndir, kitabın “manşeti”nə çıxarılıb. Dəyər... Çünki həyatda, həqiqətən də, hər kəs öz yolunu gedir... Əsərdə bir neçə ailənin taleyi var: Fənayə, Haris, Rahibə, Sadiqə, Sərraf, Fədai, Yusifcan, onların ailələri... Hər bir ailənin də öz dəyərləri, öz qaydaları var. Hər kəs öz taleyini yaşayır, hər kəs öz yolunu gedir. Amma bu yollar müəyyən müstəvidə kəsişir, birləşir, ayrılır...

 ...Mən daha çox Fənayədən danışmaq istəyirəm. Kimdir Fənayə? Gənc, olduqca gözəl, istedadlı bir qız, imkanlı bir ailənin ərköyün övladı. Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi, tələbə yoldaşlarının sevimlisi. Fənayənin gözəlliyinə biganə olmayanlar isə nə qədər desən. Bu gözəllik çoxlarının ağlını başından alıb. Amma Fənayə onu saf məhəbbətlə sevənlərə biganədir, onlar Fənayəlik deyil: nə Zahir, nə Sərraf, nə Faiq, nə də qəzetsatan Fədai... Bu qızın öz “ölçüləri” var. Bu qızın “kumir”i onunla üzbəüz dayanıb kəlmə kəsəndə dili tutulan, yumşaqxasiyyətli, “abır-həya düşkünü” yox, “ötkəm oğlanlar”dır. Fənayə sevgidə öz istədiyini axtarır. Kimdir onun istədiyi? “Üzünü görmədiyi, adını eşitmədiyi, güclü, qüdrətli bir kişi”... Nəhayət, bu “kişi” öz ayağı ilə gəlib çıxır. Fənayə tələbə yoldaşlarından daha çox xaraktercə özünə yaxın olan Rahibə ilə dostluq edir. Onların həyata baxışı eynidir. Heç bir çətinlik görməyən, ehtiyacın nə olduğunu bilməyən bu qızlar yüngül həyatı seçməyə çox yaxındırlar. Və həyat zəif, milli dəyərlərdən uzaq düşən bu rəfiqələrə qarşı çox amansız davranır. Onların hər ikisi həyatın dibinə yuvarlanır. Sonda Fənayə ölümü seçir. Rahibə də ömür yolunda “azır” və azdığı bu yol ona yaxşı heç nə vəd etmir, onu qarşıda hələ hansı müsibətlərin gözlədiyinə isə oxucuda şübhə yeri qalmır...

...Təsadüf Fənayəni Rahibənin əmisi Harislə qarşılaşdırır. Dünya malına, var-dövlətə həris, mənəviyyatdan uzaq, yüngül həyat tərzi keçirən, qadın düşkünü olan Haris Fənayəyə “aşiq olur”, onun “saqqızını oğurlayır”... Haris uzun illər prokurorluq orqanlarında işləyib, özünü tutub, sonra hansısa “cəncəl iş”i onun karyerasına son qoyub. İndi özünün “biznesi” var. Haram yolla yığılan var-dövlət onu harınlaşdırıb. Haris normal ailə sahibi də deyil. Yeganə qızı ərə gedəndən sonra həyat yoldaşı da Harisin əməllərinə dözməyib, qızının yanına köçüb. Haris isə dəbdəbəli evində eyş-işrətlə məşğuldur. Harınlığın dərəcəsinə baxın ki, növbəti qurban kimi qardaşı qızı Rahibənin yaşıdı, özündən 25 yaş kiçik Fənayəni seçir, onu tora salır. “Yer kürəsi insanın tələbatlarını ödəmək üçün nə qədər böyükdürsə, insan hərisliyi qarşısında bir o qədər kiçikdir.” Haris oxucuya bu aforizmi xatırladır. Yazıçı onun üçün çox uğurlu ad seçib – xarakterinə uyğun, özünə bənzəyən... ...Nə yazıq ki, Fənayə Harisin “tor”una çox yaxındır. Haris Fənayənin “pis vaxtı”nda onun qarşısına çıxıb! O, Fənayənin çoxdan yolunu gözlədiyi namizəddir! Fənayə onun aldanışına hazırdır! Onu bu yoldan döndərmək çox çətindir! Və o, seçimində yanılır! Faiq, Fədai, yaxud qeyrisi yox, məhz Haris – Fənayənin xəyallarında gəzdirdiyi odur! Yalnız Haris onun varlığına hakim kəsilir! Amma o, Harisi qadın düşkünü yox, “əsl kişi” sayır, səadətini bu kişidə tapacağına inanır...

...Həyatda ən asan şey səhv etməkdir. Və təbii ki, heç kim bundan sığortalanmayıb. Amma məncə, insan o vaxt yanlış addım atır ki, onun qorxacağı, çəkinəcəyi heç kim və heç nə yoxdur, o, məsuliyyət hissindən tam uzaqdır. Məsuliyyət isə elə bir hissdir ki, insanı atacağı addım qarşısında düşünüb-daşınmağa məcbur edir. Fənayə çox sərbəstdir. Ailədə “yağ içində böyrək” kimi bəslənir, onun üçün heç bir problem yoxdur, heç kimin qarşısında da hesabat vermir. O, “qapalı ailə sıxıntılarını öz taleyinə yük etmək” fikrində deyil. Fənayəyə görə, ailə içində keçən həyat cansıxıcı qayda və qanunları ilə insanın sərbəst yaşamaq istəyinə mane olur... ...Ən acınacaqlısı odur ki, ata-anası da ondan heç nəyin hesabını sormur. Bu ailədə ən ali duyğu olan sevgidən əsər-əlamət yoxdur. Bu ailədə məhəbbət zənciri çoxdan qırılıb, lap elə Qadirlə Zinayənin evləndiyi gündən. Bu ailədə hər kəs özü üçün yaşayır. Fənayənin atası Qadir öz “işində”, anası Zinayə də öz hayındadır. Yeri gəlmişkən, Zinayənin anası Zinaida erməni qızı olub, açıq-saçıq həyat sürüb, qızı da anasına çəkib. Qadir Zinayə ilə onun atasının vəzifəsinə görə evlənib, bu yolla da irəli gedib. Zinayə isə Qadirlə evlənəndən sonra da eşq macəralarını davam etdirib, hətta öz “aşiq”lərini haram pullar hesabına ucalan dəbdəbəli evinə gətirməkdən belə çəkinməyib. Qızı Fənayə həmin “sevgi”lərə şahidlik edib. Ailədə hökm sürən bu vəziyyət, heç şübhəsiz, Fənayənin tərbiyəsinə təsirsiz qalmır. Onun xarakterini də məhz bu mühit formalaşdırıb. Yeniyetmə bir qızın səhvlərinin kökünü, hər şeydən əvvəl, burada axtarmaq lazımdır. Sözümün bu yerində filologiya elmlər doktoru, professor Nurlana Əliyevanın “Gəlinlik paltarı” əsərinin Azərbaycan Dövlət Pedaqoji Kollecində müzakirəsi zamanı söylədiyi fikirləri yada salmaq istəyirəm. “Bizə mənəviyyatlı analar verin, biz sizə ləyaqətli gənclik yetişdirək” deyə bir müdrikin fikrini xatırladan Nurlana xanım qızların tərbiyəsində anaların rolunu xüsusi qeyd etdi, dedi ki, “Qızların tərbiyəsi çox mühüm məsələdir. Çünki millətin gələcəyi anaların əlindədir”, “Gəlinlik paltarı” romanı isə bütün mahiyyəti ilə cəmiyyətdə vətəndaş tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının təbliğinə xidmət edən ən gözəl əsərlərdən biridir...

...Fənayənin anası Zinayə üçün müqəddəs ailə dəyərləri öz mahiyyətini çoxdan itirib. Belə bir ananın tərbiyəsini görən Fənayə həyatda asanlıqla büdrəyir, səhv addım atır. Bu bağışlanmaz, əfvi olmayan səhv isə ona həyatı bahasına başa gəlir. Professor Nizami Cəfərovun yazdığı kimi: “...azadlıqda da ifrata varmaq elə böyük təhlükələr törədir ki, onun xeyrindən çox ziyanı olur. Və “Gəlinlik paltarı”nın qəhrəmanı Fənayənin faciəli taleyinin əsas səbəbi də məhz bu cür qeyri-məhdud, heç bir mənəvi-əxlaqi dəyərlə motivlənməyən azadlıqlar desək, elə bilirəm ki, səhv etmərik...”

 ...Fərqinə varsaq, görərik ki, Fənayə öz hərəkətlərində qeyri-adi heç nə görmür, o, necə düşünürsə, o cür də hərəkət edir. O, aldanmaq üçün Harisi seçmir, onun seçimi budur, o, Harisə vurulur və öz xoşbəxtliyini onda axtarır. Əsərdən kiçik bir sitat: “Fənayə Harisin qoynuna sığınmışdı. İmkanı olsaydı, onun ürəyinin içinə girərdi...” Fənayənin həyata baxışı, düşüncə tərzi kimi, seçimi də yanlışdır! Bu isə təkcə onun gözəlliyini, gəncliyini əlindən almır, gələcəyini də puc edir. Haris onun inamından istifadə edərək istəyinə çatır. Amma bu “sevgi” də onun üçün sonsuz, əbədi deyil. O, bir müddət sonra yaxasını Fənayədən qurtarmaq istəyir. Özü də necə? Haris o qədər mənəviyyatsızdır ki, o, Fənayənin həyatını məhv edəndən sonra onu pul qazanmaq üçün “xaricə” – Dubaya göndərmək istəyir! Bu, onun lənətə gəlmiş biznesidir! Onun İşi-peşəsi bu murdarlıqla məşğul olmaqdır! Haris üçün “ən şərəfli iş pul qazanmaqdır”, nə yolla olursa-olsun! Hətta Fənayə ondan indiyədək Dubaya nə qədər qız göndərdiyini soruşanda o, utanıb-çəkinmədən: “Əgər imkanım olsaydı, Azərbaycandakı bütün qızları Dubaya göndərərdim” deyir. Yazıçı onun bu əxlaqsızlığını çox ustalıqla təsvir edir və həm də nifrətlə lənətləyir: “Fənayə diqqətlə Harisin gözlərinin içinə baxdı. Həmin gözlərdə bir canavar hərisliyi gördü. Bu pul, var-dövlət düşkünü doğma anasını da, bacısını da, hətta onu da Dubaya yola salmağa hazır idi. Görəsən, doğrudanmı, o bu qədər qorxunc bir həqiqətlə üzbəüzdür?” Fənayə “mələk” cildli Harisin əsl simasını gec də olsa, tanıyır. “Fənayə dinmədi. İçərisində baş qaldıran təlatüm ağlını başından aldı.

...Harisin üzünə tüpürmək və çıxıb getmək istədi. Ancaq nədənsə ayağa qalxa bilmədi. Bəlkə, Harisə çox bağlanmışdı? O, Harisin öz əməllərindən peşman olacağını, hərəkətlərinə hədd qoyacağını, hətta Fənayə razı olmasa belə, ondan üzr istəyəcəyini düşündü.” Fənayə yenə də yanılır, qatilindən aman gözləyir. Çox təəssüf, Haris öz ovuna aman verənlərdən deyil!.. Bu “gözəl ov”u isə Harisin zənn etdiyi qədər də mənəviyyatını itirməyib. O, Dubaya gedəcək birisi deyil!.. Fənayənin Harisə etirafı da bunu təsdiq edir: “Yaxşı bilirsən ki, var-dövlətində gözüm olmayıb və səndən ləyaqətdən, mərdlikdən başqa heç nə ummamışam... Amma sən mənim ümidlərimi daşa çırpdın, puça döndərdin...”

 ...Nə yaxşı, heç olmasa, Harisin Fənayəni Dubaya göndərmək niyyəti gözündə qalır. O, çirkin əməlinin layiqli cəzasını alır... Fənayənin atası Qadir də Haris qədər mənəviyyatsız və riyakardır. Onun əməlləri “öz başında çatlayır”. Həyatın ironiyasına baxın, Harisin qardaşı qızı Rahibə də Fənayənin atası Qadirin qolları arasında öz təmizliyini itirir. Bunlar, əslində yazıçının qənaətidir. Bir atalar sözündə deyildiyi kimi: nə tökərsən aşına, o da çıxar qaşığına. Yaxud, nə əkərsən, onu da biçərsən. Bəd niyyət, şərəfsiz əməl də bumeranq kimidir – mütləq insanın özünə qayıdır...

...İnsan ləyaqəti – bu, həm də insanın özünün özünə verdiyi dəyərdir. Əgər özünə qiymət verirsənsə, başqaları da mütləq səni qiymətləndirəcək. Fənayə öz ləyaqətini şərəfsiz bir insanın ayaqları altına atır. Onun dəyərini o vaxt dərk edir ki, artıq çox gecdir... ...Əsərin, demək olar ki, hər bir səhifəsi ibrətli həyat həqiqətləri ilə doludur. Bu, yazıçının daha çox gəncləri ayıqlığa çağırmaq istəyindəndir. Başı daşdan-daşa dəyəndən sonra ayılan Fənayənin düşüncələrində onun gecikmiş etiraflarını, ona əzab verən peşimançılıq hissini də yazıçı çox böyük məharətlə qələmə alır. Tələbə yoldaşları Sərrafla Sadiqənin toy məclisində Fənayənin keçirdiyi hisslərə laqeyd qalmaq mümkün deyil. Bu toyda Fənayə yeganə qonaqdır ki, içində bitib-tükənməyən təlaş var, əzab var, ağrı var, peşmançılıq var.

O, “Vağzalı” sədasından diksinir, çünki bu musiqi onun üçün çalınmır və heç vaxt da çalınmayacaq! Fənayə gənclərin təmiz məhəbbətinə həsəd aparır, Sadiqənin əynindəki ağappaq gəlinlik paltarına həsrətlə baxır. O artıq Harislə ilk tanışlığında “...kim düşünüb görəsən, bu bəmbəyaz qəfəsi? O bəzəkli, zər-zibalı qəfəsin vahiməsi ancaq zəifləri, cılızları qorxuda bilər. Bax, çiynimdən, belimdən yapışan əllər mənim üçün dünyanın ən gözəl gəlinlik paltarıdır...” deyə bu libasın əhəmiyyətsiz bir şey olduğunu düşünən Fənayə deyil. İndi o, “gəlinlik paltarında nəcib mələyə bənzəyən Sadiqə ilə özü arasında olan dərin uçurumun xofu”nu yaşayır, bütün varlığını bürüyən uçuntudan ayaqları tutulur, ürəyi çiliklənir, ətrafdakılar hiss etməsə də, canı tora düşən quş kimi çırpınır. “Fənayə bir anlıq özünü ağappaq gəlinlik paltarında təsəvvür etməyə çalışdı... Dərhal da çöhrəsi payız buludu kimi bozarıb tutuldu. Xəyalda gəlin obrazı yaratmağa nə var ki?” ...Hələ bu, harasıdır, ölüm ayağında da Fənayənin gözləri bəmbəyaz bir gəlinlik paltarı axtaracaq... Bəli, Fənayə ömrünün gözəlliyini əxlaqsız bir insanla necə puç etməsinin fərqindədir! Toyda keçirdiyi sarsıntılar bunu bir daha təsdiq edir. Sadiqənin bu toy günündəki ucalığı Fənayəyə heç vaxt qismət olmayacaq! Heç Sərrafın anası Həyatın yaşadığı xoşbəxtliyi də Fənayənin anası Zinayə də heç zaman yaşamayacaq!.. ...Ən böyük əzab insanın özünün özünə etirafıdır: Fənayə “çox şirin” dünəni ilə “çox acı” bu gününün əzabı arasında çırpınır, özü ilə vuruşur, onu əzmiş, alçaltmış, həyatın girdabına atmış, təhqir etmiş “Fənayə” ilə haqq-hesab çəkir. Nə yazıq, bütün bu çarpışmaların sonunda qələbə yoxdur, bu “vuruş” onu məğlubiyyətdən xilas edə bilmir. Bu günahı ancaq ölüm yuya bilər. Onu bağışlamaq mümkün deyil. “Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.” Və Fənayə də şərəfsiz həyatdansa şərəfli ölümü seçir – ləyaqətini təmizləmək, xilas etmək üçün. Onsuz da, Fənayə artıq diri ikən bir ölüyə çevrilib. Həyatda ən dəhşətli şey isə diri ikən ölməkdir...

 ...Məncə, hər bir yazıçı öz qəhrəmanlarını sevir. Sevməsə, onları ədəbiyyata gətirməz. Hüseynbala Mirələmov da öz qəhrəmanlarını sevir, Fənayəni də... Müəllifin bu sevgisi, demək olar ki, hər səhifədə hiss olunur. O, Fənayənin atdığı hər bir yanlış addımın qarşısını kəsmək, müxtəlif bəhanələrlə ona mane olmaq istəyir. Yazıçı qəhrəmanının hərəkətlərindən narahatdır. Bu nigarançılığı hər məqamda hiss edirsən. O sanki Fənayənin getdiyi uçurumun qarşısına sədd çəkmək istəyir, “gül parçası” kimi bir qızın yolunu azmasına imkan vermək istəmir. Gah onu işıqlı adamlara tuş edir, gah ona ona ətrafdakı mənfiliklləri, pislikləri tanıtmaq istəyir... O, qəhrəmanının halına acıyır. O istəmir ki, Fənayə ona uzanan vəhşi caynaqların qurbanı olsun. Bu caynaqlar onu parçalasın, onun gələcəyini məhv etsin! Çox təəssüf, Fənayə ona “qulaq asmır”, qulaq asmaq istəmir və öz bildiyini edir... Yazıçı qəhrəmanını nə qədər sevsə də, sonda onun da seçimi ölümdür. O da seçimində qərarlıdır: Fənayə ölməlidir!.. Məncə, yazıçının bu qərarı yenə də Fənayəyə sevgisindən irəli gəlir. O yenə də öz qəhrəmanını qorumaq üçün bu hökmü çıxarır. Soruşmaq olar, axı, o, daha nədən qoruyacaq Fənayəni? Yağışdan çıxanın yağmurdan nə qorxusu? Yox!..

O, sanki (Əslində!!!) bu ölümlə Fənayənin hələ neçə-neçə iyrənc əllərə düşməsinin qarşısını alır... Elə isə alqışa layiqdir bu ölüm!... ...Böyük rus yazıçısı Tolstoy, onun sevimli qəhrəmanı Anna Karenina, yazıçının Belinski ilə söhbəti yada düşür. “Niyə axı, sən sonda gözəl Annanı o cür amansız ölümlə öldürürsən?” sualına Tolstoy belə cavab verir ki, mən onu öldürmək istəmirdim, mən istəmirdim Anna ölsün, o özü özünü qatarın altına atdı... Hüseynbala Mirələmov da Fənayənin ölümünü istəmir, onu bu ölümə aparan səhvlərdən uzaqlaşdırmağa çalışır. Amma o bunu istəmədikcə də, Fənayə özü uçuruma, ölümə sarı daha sürətlə addımlayır... ...Fənayə səhvini ikinci dəfə təkrarlayır. O, yenidən səadətinə can atır – bu dəfə rəssam Yusifcanla. Əfsus, bu dəfə də yanılır. Keçirdiyi sarsıntılardan sonra Yusifcanın emalatxanasına gələn Fənayə burada ömrünün daha böyük fəlakəti ilə qarşılaşır. İllərlə Fənayənin sevgisi ilə yaşayan Yusifcan onun gəlişindən “ağlını itirir”, Fənayənin qolları arasında da can verir... Görəsən, niyə axı, Fənayə xoşbəxt olmaq üçün, heç olmasa, ikinci dəfə onu dəlicəsinə sevən qəzetsatan oğlanı – Fədaini yox, Yusifcanı seçir? Bəlkə, Fədaiyə dönsəydi... O, Fədaiyə yalnız ömrünün son dəqiqələrində “üz tutur”... lll “Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.” Bu da Tolstoyun fikridir. Keçirdiyi iztirablar Fənayəyə özünü tanıdır, amma o, bədbəxt olur. O, namusla yaşamaq üçün öz səhvlərini düzəltməkdə acizdir... ...Fənayə ağır-ağır, səndələyə-səndələyə ölümünə doğru gedir. Onun daha şux yeriməyə, cəsarətli addım atmağa taqəti qalmayıb. O, iİtirib bu təqəti!... İnsan özünə güvənəndə əmin yeriyir. O, itirib bu əminliyini!.. O, itirib öz şuxluğunu! Dünyanın ən böyük gücü ümiddir. İnsan sabahına inananda güclü olur. Fənayə itirib bu gücünü! Fənayənin daha gözəl sabaha inamı yoxdur!.. ...Yazıçı qəhrəmanını “öldürmək” üçün məscidə aparır. Bunu da Fənayəyə “canıyananlıq” kimi qəbul etmək olar. O, Fənayəni alçaltmış həyatdan, onu çirkaba atrmış insanlardan ayırıb, Yerdən ayırıb, Tanrıya üz tutmaq, tövbə etmək üçün məhz bu müqəddəs məkana gətirir. Yaxın keçmişindən üz döndərmək, yaxa qurtarmaq üçün Fənayə minarənin lap yuxarı mərtəbəsinə qalxır – yenidən pak bir ömür yaşamaq arzusundadır...

 “Minarənin içi ilə qalxan pillələr dolandıqca dolanır, Fənayəni də özü ilə çəkib aparırdı. O, yerdən qopurdu, dünyadan və onun insanlarından aralanırdı. ...Qalan nəfəs idi. O, bir burum hava kimi qədim gümbəz divarının içiynən qalxan pilləkənlərin üstüylə burula-burula yuxarı, lap yuxarı qalxırdı. İçində göyün sonuncu qatına qədər qalxıb, göylərin dərgahına yetişmək istəyi vardı... Yuxarı, yalnız yuxarı – minarənin sonuncu pilləsinə, sonuncu qata və oradakı balaca, azad meydançaya doğru!..” Fənayə ötüb-keçənləri ömründən silmək istəyir. İndi onun bir sevgisi var: ölüm... “O, ölümünün əlini şəstlə sıxacaqdı, qorxub çəkinmədən. Deyəsən axı, Fənayənin bu günə qədər rastlaşdığı kişilərin ən güclüsü, ən mərdi bir başqası deyil, məhz ölüm idi. Qoy olsun! Əgər belədirsə, o, ölümü hamıdan, hər şeydən daha çox sevəcək! Onu soyuq pillələrlə addımlamağa nə sövq edirdi ki. Axı, o, bu gənc ömrünün hər anında xoşbəxtlik axtarırdı...” Fənayə yalnız həyatının son anında sevgi adlı müqəddəs duyğunun nə olduğunu dərk edir, bəmbəyaz gəlinlik paltarı haqqında düşünür. “Gözlərini yumdu. Göz qapaqları ağappaq bir lövhəyə çevrildi. Cürbəcür biçimdə bəyaz, qırmızı, qızılı rəngli gəlinlik paltarları yan-yana düzülmüşdü. ...Elə indi xəyalında canlanan bu bəyaz, qırmızı, qızılı gəlinlik paltarlarını xoşbəxtlik rəmzi kimi hiss etməyə başladı. Deməli, onun erkən yaşlarından gəlinlik paltarlarını ikrahla süzməyində bir yalan varmış. O, bunu indi, “yüksəldiyi bu ucalıqda” daha dərindən dərk etdi. Axı, o da əyninə gəlinlik paltarı geyə bilərdi. Axı, o da “Vağzalı” sədaları altında ər evinə gəlin köçə bilərdi. Axı, o da halal, namuslu, nəcib bir oğlanın yarı, ömür-gün sirdaşı ola bilərdi. Axı, o da başqa qızlar kimi dünyaya ana olmaq üçün gəlmişdi. Niyə bu müqəddəs borcu yerinə yetirməkdən ağılsızcasına imtina etdi? Analıq şərəfinə, bir evin xanımı, sahibi olmaq səadətinə təpik atdı...” Və qəribədir ki, Fənayə yalnız indi bir başqasını yox, məhz Fədaini düşünür. Müharibədə bir ayağını itirmiş, qeyrətli, tərbiyəli, zəhmətkeş, onu xoşbəxt edə biləcək Fədaini... “Axı niyə onu özünə yaraşdırmadı?” Bütün bunları hönkürtü ilə xatırlayır Fənayə. Sanki bu hönkürtü də, göz yaşları da onun öz əbədi dünyası qarşısında günahlarını yumaq üçün bir vasitəyə çevrilir. Fənayəyə elə gəlir ki, pillələrin üstü ilə bir uşağın əlindən tutub yeriyir. Bəs bu uşaq kimə oxşayır. “Harisəmi? Yox, zərrəcə yox. Bəs kimə? Fədaiyə oxşayırdı. Oxşayır nədi, özüdür ki, var. ...Diksinib əlini çəkdi.” Bu düşüncələr də təsadüf deyil. Körpəsini bətnində ikən məhv edən Haris yox, yalnız Fədai ona əsl xoşbəxtliyi verə bilərdi – bunu ancaq indi anlayır Fənayə... Yazıçı Fənayənin ölümü üçün də çox gözəl bir zaman seçib: sübh namazı vaxtı... Azan səsi. Məncə, bu səs qədər bizi Allaha yaxınlaşdıran ikinci bir səs yoxdur. Hər birimiz Azan səsi eşidən kimi, adətən başımızı yuxarı qaldırır, üzümüzü Allaha tuturuq... “Az sonra azançı bu pillələrlə minarənin ən uca nöqtəsinə çıxacaq, bütün müsəlmanları müqəddəsliyə, paklığa, Allaha itaətə çağıracaqdı.” Müəllifin məntiqi oxucunun da ürəyindəndir: “Məgər ölməyə yermi qəhətdi? Bu, sənin ağlına haradan gəldi, Fənayə? Gedib, öz atanın xarabasında ölə bilməzdinmi? Məgər sən ölümünü də xalqa nümayiş etdirirsən? Yox, o, hamı kimi “atasının xarabasında” ölə bilməzdi. Məgər başına gələn müsibətlərin baiskarı “o xaraba” deyildimi?” Yox, Fənayə onu bədbəxt edən bir yerdə ölməməlidir. O, səhvini anladığından, bağışlanmaq istədiyindən müqəddəs yerdə ölməlidir. Yazıçı bununla insanları din-imana, təmizliyə, paklığa çağırır sanki... Fənayə son anında da Fədaini xatırlayır. Bir vaxtlar bu kasıb, şikəst oğlana heç ağlının ucu ilə belə baxmaq istəməyən Fənayə həyatından gəlib-keçən insanları gözü önünə gətirərkən onların arasından tək Fədaini seçir. Onun düşüncələri çox təsirlidir: “Kaş o, Fədaini son dəfə görüb ona deyə biləydi ki, tüpür bu həris və murdar sifətlərə... Bəlkə də, Fənayənin son istəyi, son arzusu buydu. Ayrı bir dilək ola bilməzdi, ruhu onu müqəddəs minarənin başından Günəşə doğru çəkirdi. Daha doğrusu, Yerdən, insanlardan çox-çox uzaqlarda olan bakirə, tərtəmiz günəşə sarı. Uçmaq istəyirdi. Həm də arzulayırdı ki, əynində bəmbəyaz gəlinlik paltarı olsun...” Bu da son. Gənc bir qızın həyatının faciəli sonu... Və Fənayənin faciəsinə laqeyd qalmaq mümkün deyil...

 ”Gəlinlik paltarı”... Kitabı bağlayıram, onun qəhrəmanları isə uzun müddət gözümün önündən çəkilmir. Freydin bir fikri yadıma gəlir: “Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.” Görəsən, real həyatda niyə hər kəs belə düşünmür?..

...Ədəbiyyatı taleyinin bir parçası sayan Hüseynbala Mirələmov romanının çox ciddi və aktual mövzusu ilə oxucunu düşünməyə vadar edir, onu tərbiyələndirir, çirkinliklərdən uzaqlaşdırır. “Gəlinlik paltarı” xüsusilə gənc qızları ayıqlığa, paklığa, saflığa səsləyir. Yazıçı “Fənayə”si ilə qızları həyatda üzləşə biiləcəkləri səhvlərdən, yanlışlıqlardan qorumaq istəyir. O, sanki Fənayəni ədəbiyyata gətirməklə gənclərə düzgün yaşam yolunu göstərmək istəyir. Mən inanmıram ki, bu kitabı oxuyan hansısa qız Fənayəyə oxşamaq istəsin. “Gəlinlik paltarı” yazıçının həyəcan təbilidir, cəmiyyətə mesajıdır, gəncliyə ibrət dərsidir... ...Biz qloballaşan dünyada yaşayırıq, Azərbaycan bütün dünyaya açıqdır. Qloballaşan dünyada xalqın milli-mənəvi dəyərlərinin qorunması çox vacib və önəmli məsələdir. Ədəbi nümunələr də bu tərbiyədə mühüm rol oynayır. “Gəlinlik paltarı” əsərinin dəyəri ondadır ki, sırf mənəvi problemlərə həsr olunub və cəmiyyətin ağrılarını, dərdlərini ümumiləşdirərək oxuculara təqdim edir...

 ...Bakı dünyanın ən çox sevdiyim şəhəridir. Gündən-günə gözəlləşən paytaxtımızla fəxr edirəm. Amma Bakını gözəl edən təkcə binaları, yolları, parkları, xiyabanları, növbənöv gül-çiçəkləri... deyil. Onu gözəlləşdirən həm də insanlarıdır, həmçinin gözəl-göyçək Azərbaycan qızlarıdır. Mən Bakıda çirkin qız görməmişəm! Azərbaycan qızları gözəldir! Azərbaycan qızları dünyanın ən gözəl qızlarıdır! Bəmbəyaz gəlinlik paltarı bu qızlara necə də yaraşır!... ...Və mən ”Gəlinlik paltarı” əsərini yazıçının insanlara müraciəti kimi də qəbul edirəm: Gül-çiçək qızların ləçəklərini qoparmayın! Arzularını çilik-çilik edib, onları küçələrə atmayın! “Vağzalı” sədasından nazlanan ağappaq gəlinlik paltarını onlara çox görməyin! Bu don onların boyuna biçilib! Bu don onlara çox yaraşır! Bu libası ləkələməyin! Yoxsa, günahdan yaxa qurtara bilməzsiniz! Səhv edən, yanılan Fənayə(lər)nin ahı tutar sizi... ...Yazıçının bu əsərlə demək istədiyi ən böyük həqiqət də, məncə, elə budur... Bu gözəl əsərə görə Azərbaycan gəncliyinin adından hörmətli yazıçımıza – Hüseynbala Mirələmova səslənirəm: var olun! Və çox arzu edirəm ki, bizim bütün təhsil ocaqlarında “Gəlinlik paltarı” əsərinin müzakirəsi keçirilsin. Yaxşı xatırlayıram: bir tədbirdə Hüseynbala Mirələmov: “Əgər mənim əsərimi müzakirə edirsinizsə, demək, məqsədimə çatmışam” demişdi...

 

lll

 

P.S. “Qafqazinfo.az” saytında Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” romanının elektron versiyasını görüb çox sevindim. Əsər 28 yanvar 2011-ci il tarixdən saytda yerləşdirilib. Demək, bu gözəl əsəri daha çox adam oxuya biləcək...

 

 

Sitarə CABBARLI,

BDU-nun tələbəsi

 

525-ci qəzet.- 2011.- 12 mart.- S.24-29.