Oralarda kimlər var:AKİF QƏHRƏMANOV-2

 

“YA OLDUĞUN KİMİ GÖRÜN, YA DA GÖRÜNDÜYÜN KİMİ OL”.

 

Bütün xalqlarda və bütün ölkələrdə ədəbiyyatın ən populyar qollarından biri olan tərcümə hər zaman diqqət mərkəzində olmuşdur.Və bizim də gündəlik ədəbi müzakirələrdə tərcümə işi çox mübahisə doğuran bir qol olmaqla, həm də bizim dildən tərcümələrin taleyi də həmin sahədə çalışan və bu sahəyə meyilli yaradıcılarda fikir ayrılığına gətirib çıxarmışdır.Təbii ki, bədii tərcümədən başqa bu sahənin bir rəsmi materialların və dövlət əhəmiyyətli sənədlərin və xəbərlərin, məruzələrin tərcümə məsələsi də var ki, bu da arasıra diqqətə gətirilmişdir. Bir çox zaman da bədii tərcümə ilə məşğul olan yaradıcılar elmi-populyar və siyasi ədəbiyyatla tərcümələrin keyfiyyətindən şikayətçi olmuşlar. Haqlı-haqsız.Elmi və siyasi əsərlərin tərcüməçiləri bir çox çətinliklə üzləşir ki,bu gün bu barədə o sahənin ən tanınmış və ən uzun ömürlü yaradıcılarından biri ilə üz-üzəyik.Sözün həqiqi mənasında hər iki qanadda : bədii və rəsmi sənədlər tərcüməsində ömrünün böyük bir hissəsini qoyan

AKİF QƏHRƏMANOV proyektimizdədir.

 

HƏR GÜN BİR ÇAP VƏRƏQİ TƏRCÜMƏ VƏ 30 KİTAB ÇEVİRİSİ

 

- Başağrısı olmasın.İlin 300 gününü götürsək və günə bir çap vərəqi tərcümədən hesablasaq, AzərTAC-da işlədiyim illər ərzində 4500 çap vərəqi həcmində informasiya tərcümə etmişəm. Xidməti vəzifələrimlə əlaqədər etdiyim ağlasığmaz dərəcədə çox tərcümə adsız – ünvansız olduğumdan özlüyümdə mən də bir yaradıcılıq irsi qoymağı düşünürdüm. Bu niyyətlə kitab tərcüməsinə girişdim.Desəm, inanmazsınız. Mən irili- xırdalı 30-dək kitab tərcümə etmişəm. İndi, ömrümün bu çağında təəssüflənirəm ki, onların çoxu heç kəsin gərəyi deyil. Mərkəzi Komitənin tapşırığı ilə kommunist partiyası qurultaylarının, komsomol qurultaylarının hərəsi 25-30 çap vərəqi həcmində olan cild-cild stenoqrafik hesabatlarını, ideoloji səpkili iri həcmli kitabları tərcümə etməli olmuşam. Vaxtı ilə Bakıda “Mənəvi tərbiyənin aktual problemləri” mövzusunda bir maraqlı beynalxalq konfrans keçirilmişdi. Həmin   konfransın materiallarından ibarət 24 kitabın da ikisini mən tərcümə etmişəm. Onlarda qaldırılan məsələlər bəlkə bu gün də faydalı ola bilərdi, fəqət axın başqa istiqamətdə gedir.

“İlk partiya təşkilatı katibinin məlumat kitabı”, “İlk komsomol təşkilatı katibinin məlumat kitabı” kimi kitabların, sosializm siyasi iqtisadına, təsərrüfat mexanizminin təkmilləşdirilməsinə aid kitabların tərcüməsi nə qədər enerjimi aparıb, bir Allah bilir. Mən bunları özxoşuma yox, direktiv orqanların göstərişi ilə etmişəm.

Bu qədər işin içində çox demirəm, ikicə dənə bədii kitab tərcümə etsəydim, minlərlə olmasa da yüzlərlə oxucu məni tanıyardı. Lakin sovet dövründə rəsmi sənədlərin tərcüməsi ilə məşğul olanlara bədii ədəbiyyat vermirdilər. Guya bizlər bədii tərcümənin öhdəsindən gələ bilmərik. Halbuki bədii tərcümənin ən yaxşı nümunələrini ortaya qoymağa bəlkə də elə biz qadir idik. İşin çoxluğu isə sərbəst surətdə bədii əsər götürüb tərcümə etməyə imkan vermirdi. Təskinliyim bircə bu idi ki, işimə görə haqq ödəyirdilər.

 

“BÖYÜKLƏR”LƏ OTURUB-DURMAĞIMA, ÇOX PUL QAZANMAĞIMA BİR VAXTLAR HƏSƏD APARMIŞ QƏLƏM DOSTLARIM İNDİ GÖRÜRLƏR Kİ, ONLAR DA HEÇ NƏ İTİRMƏYİBLƏR.

 

- Başqaları deyək ki, müəllifinə şöhrət qazandıran əsərlər yazıblar, bədii yaradıcılıq mühitinin adamları ilə daim təmasda olub öz auralarını qazanıblar. Mən isə, Siz dediyiniz kimi, pərdə arxasında qalmışam. Yaxşı ki, Gerşkoviçin və Medvedkonun “Allahın adı ilə”, Gennadi Şvetsin “Mən marafon qaçıram”, Branko Çopiçin “Özümüz zillətdə, xəyalımız cənnətdə”, Sabir Kərimovun “Niyazi”, Qasım Kərimovun “Şəriət və onun sosial mahiyyəti”, Boris Oleynikin “Zülmət sultanı” əsərlərini, “İslam” qısa məlumat kitabını, “Müsəlman bayramları” kitabçasını tərcümə etməyə imkan tapmışam. Bu əsərlərin oxucuları həmişə tapılacaq, lap latın əlifbası ilə təkrar nəşr edilməsə də.

–Ədəbiyyatda tərcümə hər zaman problemli iş olub və bu sənətin bir neçə istiqamətdə inkişaf etdiyi məlumdur. Siz uzun müddət dövlət strukturlarında dövlət əhəmiyyətli sənədlərin tərcüməsi ilə məşğul olmusunuz və bildiyimə görə, oxucularımıza bədii əsərlərin tərcüməsini də təqdim etmisiniz. Kənddə anadan olduğunuz məlumdur. Amma dövlət statuslu tərcümə sahəsinə necə gəlib düşdüyünüz o qədər aydın deyil. Axı oralara yol tapmaq çox zor bir işdir. Xeyirxahlarınız kimlər olub? Tərcümə yaradıcılığınızda hansı yeniliklər var?

– Cavanlığımda tez-tez zarafatla deyirdim ki, rus dili bizim “doğmaca” dilimizdir, onu azərbaycancaya çevirmək tərcüməçilik deyil. Hərçənd hələ sovet dövrlərində rus dilindən ustalıqla, mükəmməl tərcümə etməyi bacaranları çıraqla axtarırdılar.Elə bu səbəbdən də mən ali dövlət idarəetmə orqanlarına getdikcə daha tez-tez çağırılırdım və nətiçədə bütünlüklə dövlət məmuru oldum. Etiraf etməliyəm ki, rəsmən tərcüməçi peşəsində işləməsəydim, oralara da yol tapmazdım. Bax, bu işdə mənim ilk xeyirxahım Ənvər Quliyev olub. O zaman Azərbaycan Dövlət İnformasiya Agentliyi respublikada yeganə rəsmi tərcümə idarəsi idi və ölkənin bütün ali idarəetmə orqanlarının rəsmi sənədlərinin tərcüməsini bu idarəyə tapşırırdılar. Məni Metropolitendən Azərinforma Ənvər müəllim dəvət etmişdi. Agentlikdə çalışdığım ilk vaxtlarda kitab tərcüməsinə qoşula bilməmişdim. Bu sahəyə məni çıxaran isə qüdrətli sənətkar mərhum Cəlil Xəlilov olmuşdur. Adını çəkdiyim insanlar məni tanıtdıqca müxtəlif yerlərdən sifarişçilərimin sayı da artır və mən ictimai-siyasi tərcümə dəryasına getdikcə daha çox gömülürdüm. Sualınızın xeyirxahlarıma aid hissəsinin tamamlanması üçün qələm yoldaşımız İsrafil Qurbanovun da adını çəkmək yerinə düşər. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına məni məhz onun məsləhəti işə qəbul etmişdilər.

 

AZƏRBAYCAN TÜRKCƏSİ HANSI SAHƏDƏ DAHA ÇEVİKDİ: BƏDİİ YOXSA SİYASİ TƏRCÜMƏLƏRDƏ

 

–İctimai-siyasi sənədlərin, eləcə də siyasi mövqeli insanların dediklərini və yazdıqlarını dilimizə çevirərkən nə kimi çətinliklərlə üzləşirdiniz? Bədii əsərlərin tərcüməsi ilə də tanış olduğunuza görə bunu da bilmək istərdim ki, Azərbaycan türkçəsi bu iki əhatəli sahənin hansında daha çevik və ifadəlidir?

–Vaxtı ilə respublikada yaradıcılıq mühitində belə bir fikir hökm sürürdü ki, siyasi sənədlərin tərcüməsi ilə məşğul olanlar Azərbaycan dilini bərbad hala salırlar. Kökündən yanlış fikir idi! Bütün varlığım və məsuliyyətimlə bəyan edirəm ki, Abbas Gülməmmədov, Vəli Hacıoğlu, Süleyman Məlikov, Midhət Ağamirov, Cəlil Xəlilov, Hikmət Əfəndiyev, Ənvər Quliyev, İsaxan Ömərov,Azər Ələskərov, Şamil Şahməmmədov,Rəfail Nağıyev, Sahib Yusifov kimi sənətkarların ictimai-siyasi ədəbiyyat, rəsmi sənədlər sahəsindəki tərcümələri Azərbaycan dilinin gözəlliyini qoruyub saxlamaqla yanaşı onu zənginləşdirmişdir. Hər sözün, məfumun, hər ifadənin üstündə əsən, qızğın kollektiv müzakirələrin yekunu olaraq kənar dillərdən Azərbaycan dilinə ilk dəfə gətiriləcək sözlərin ən gözəl qarşılığını tapan bu adamlar dilimizin saflığını öz canları kimi qoruyurdular. O ki qaldı Azərbaycan dilinin ictimai-siyasi sənədlərin tərcüməsində və bədii əsərlərin tərcüməsində çevikliyi və ifadəliliyi məsələsinə, burada ikinci fikir ola bilməz. Bütün dillər kimi Azərbaycan dili də öz bədii ampulasında daha çevik və ifadəlidir. Hansı dildən tərcümə edirsən et, bədii əsər Azərbaycan dilinə tərcümə edilərkən xalqın ruhunu daha yaxşı oxşayır. Yetər ki, tərcüməçi öz işinin ustası olsun,Azərbaycan dilinin incəliklərini yaxşı bilmiş olsun. Siyasi sənədlər necə ciddi və qurudursa, tərcüməsi də eyni cür ciddi və quru olur. Bu, o demək deyildir ki, həmin sənədlərin tərcüməsində ana dilinin normaları və gözəlliyi qurban verilməlidir.Yeri gəlmişkən, qəlbimi və ruhumu zədələyən bir məsələdən danışmaya bilmərəm. Bu gün qloballaşma və inteqrasiya adı ilə həyata keçirilən dəyişikliklərlə əlaqədar dilimizi o qədər korlayırlar ki, bir müddətdən sonra Azərbaycan dili adlanan, amma yad və anlaşılmaz termin və ifadələrlə ucdantutma zibillənən yazıları normal Azərbaycan ziyalısının anlaya biləcəyinə şübhəm etməyə başlayıram. Dərsliklərin mətnlərində olan səhvləri görəndə adamın ağlamağı gəlir. Bugünkü mətbuatımızın dili də bərbaddır. Mən hələ əldəqayırma müəlliflərin çoxlu özəl nəşriyyatda buraxılan kitablarındakı dildən danışmıram. Bu mövzunu təhlil etməyə sizin qəzetiniz kimi onlarla qəzetin bir nömrəsi kifayət etməz. Yenə ümid Azərbaycan dilini bilən, onun təəssübünü çəkən və gözəl ana dilimizdə bədii əsərlər yaradan müəlliflərimizə qalır.Azərbaycan dilinin qrammatikası baxımından yanaşdıqda isə dilin nə kökə düşdüyünü ifadə etməyə adamın dili gəlmir. İndi bütövlükdə medianın, xüsusən televiziyanın dilində heca, bağlayıcı,şəkilçi, ədat, vurğu anlayışları büsbütün yoxa çıxıb. Sanki insanlar dilin yazılış və tələffüz qaydalarını öyrənməyi özlərinə ar bilirlər. Aparıcılar və diktorlar, ayrı-ayrı proqramların yaradıcıları öz məhəlli dialekt və şivələrini, hətta bir ailənin içərisindəki dil qüsurlarını gətirib ümumxalq dili müstəvisinə çıxarırlar. Bu azmış kimi ayrı-ayrı millətlərin və xalqların görkəmli sənətkarlarının adlarını və soyadlarını, uzağı demirəm, Rusiyanın, İranın, Gürcüstanın, hətta Türkiyənin və Qazaxistanın vilayət və şəhərlərinin adlarını təhrif edirlər. Adətən diktorluğa qəbul edilən şəxslərin tək səsi yox, dil qüsursuzluğu da həlledici rol oynayardı. İndi sanki bunlara fikir verən yoxdur. Hərə öz evində, tayfasında eşidib öyrəndiyi tərzdə bütün xalqın qarşısında danışır.

 

TƏRCÜMƏÇİLƏRİN HAMISI ÜÇÜN BİR ÜMUMİ MEYAR VARDIR: AZƏRBAYCAN DİLİNİ YAXŞI BİLMƏK.

 

Bəs tərcümə işindəki vəziyyət?

- Elə tərcümə işi də bu vəziyyətdədir. Xalqın övladlarının xarici dilləri öyrənmək,xaricdə təhsil almaq imkanlarının genişlənməsi nə qədər sevindirici olsa da bəzən ayrı-ayrı “dilbilənlərin” müvafiq xarici dildən etdikləri tərcümələrə baxanda adamın qanı qaralır. Bədii tərcümənin nisbətən sərbəst olması səbəbindən bu sahədə yanlışlar daha çoxdur. Bəlkə də lazım olduğundan çoxdur. Siyasi tərcümə sahəsində isə hər kəs işləyə bilmir, çünki bu sahədə nəzarət də güclüdür, məsuliyyət də. Burada yanlış tərcümənin verə biləcəyi nəticə üçün siyasi materialın tərcüməçisi də, müvafiq siyasi idarənin məsul işçisi də cavabdehdir. Məhz bu mənada bədii ədəbiyyat tərcüməçilərinin onda doqquzu əksər hallarda siyasi tərcümə işinə uyğun gəlmir. Hazırda siyasi tərcümə sahəsində vəziyyətin o qədər də ürəkaçan olmadığını bilirəm. Amma ədəbi tərcümə sahəsindəki vəziyyəti də qənaətbəxş saymaq olmaz. Bunu söz xatirinə deyil, real vəziyyəti nəzərə alaraq deyirəm. Ancaq bir faktı inkar etmək çətindir: istər ədəbi sahədə, istərsə də siyasi sahədə tərcümə ilə məşcul olan adamlar arasında fitri istedadı, qabiliyyəti olan şəxslər həmişə olmuşdur, indi də var, şübhəsiz, gələcəkdə də olacaqdır. Sizin sualınıza cavab olaraq, eləcə də   bu müsahibəni oxuyanlar olacaqsa, onlar üçün, deyirəm ki, bədii tərcümə ilə siyasi tərcümə arasındakı fərq çox böyükdür. Və təbii ki, hər iki sahənin tərcüməçilərindən xüsusi istedad və bacarıq tələb olunur. Lakin yaddan çıxmamalıdır: tərcüməçilərin hamısı üçün bir ümumi meyar vardır: Azərbaycan dilini yaxşı bilmək.

 

 

( Davam edəcək )

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 12 mart.- S.23.