MƏHKUM QAYSI AĞACININ NAĞILI

 

“Nağıllar” silsiləsindən

 

Qaysı Ağacı qayğısız böyüyə-böyüyə bilmirdi ki, həyatda onu nə gözləyir və elə ki, növbəti yaz gəldi, Qaysı ağacı tumurcuqlamağa başladı, İnsan – bu bağın sahibi – bu bağ isə, o cavan Qaysı ağacı üçün bütün dünya demək idi – dünyanın sahibi – gəlib iri bağban bıçağı ilə onun bir budağını kəsdi. O zaman o Qaysı Ağacı həyatında ilk dəfə ağrının nə olduğunu bildi və sonralar isə – yaz yazı əvəz etdikcə – ağrılara dözməyə məhkum olduğunu da başa düşdü.

 İnsan o iri bağban bıçağının iti ucu ilə Qaysı Ağacının kəsilmiş yerində budağın qabığını araladı və hansı ağacdansa kəsib gətirdiyi kiçik budaq qırığını ora pərçim etdi, o yeri parça ilə bərk-bərk bağladı, parçanın da üstündən məftil sıxıb sarıdı. Qaysı Ağacının bütün gövdəsi, budaqları o kəsik yarasına görə sızıldayıb ağrıyırdı, ancaq o yara yerinə pərçim edilmiş o qırıq o qədər yad, özgə idi, o qədər naqolay, rahatsız idi ki, bu yadlıq, özgəlik, bu naqolaylıq, rahatsızlıq hissi o ağrını üstələmişdi. Cavan, təcrübəsiz olduğu üçün Qaysı Ağacı bilmirdi ki, calaq nədir?ona görə də, heç cürə başa düşmürdü ki, İnsan nə üçün belə etdi? üçün onun gözəl budağını kəsdi? ona belə işgəncə verdi? Qaysı ağacı bütün varlığı ilə o yad budaq qırığını özündən ayırmaq, kənar etmək istəyirdi, ancaq o nə edə bilərdi?

 

lll

 

O yad Budaq Qırığı da ağrı və qorxu içində idi, o da başa düşmürdü ki, İnsan nə üçün onu ana ağacdan kəsib, gətirib bu tanımadığı, yad qoxulu, yad nəfəsli ağacın budağına pərçim etdi və o Budaq Qırığı pərçim olunduğu yad budağın qabığı altında ağlaya-ağlaya bütün kiçik varlığı ilə ayrıldığı ana ağacın xiffətini çəkirdi. Elə ki, günorta gəlirdi, gün düz Qaysı Ağacının üstünə şığıyırdı, həmin xiffət daha dözülməz olurdu, çünki İnsanın sarıdığı və məftillə bərkitdiyi o sarıq günün şüası altında elə bir bürkü, elə bir xəfəlik yaradırdı ki, Budaq Qırığı nəfəs ala bilmirdi.

Qaysı Ağacı əvvəlcə o yad Budaq Qırığına su, şirə vermək istəmirdi, torpaqdan çəkib topladığı şirəni öz budaqlarına ötürürdü, amma yavaş-yavaş hiss etdi ki, o Budaq Qırığı susuzluqdan, istidən büzüşüb quruyur və Qaysı Ağacının ona yazığı gəldi, İnsanın nə üçün o qırığı gətirib, kəsilmiş budağına pərçim etdiyini heç cürə anlamasa da, fikirləşdi ki, bu yad Budaq Qırığının nə təqsiri var? – ona su verdi, şirə buraxdı və o Budaq Qırığı yavaş-yavaş canlanıb, pərçim olunduğu budağa yapışdı, yavaş-yavaş böyüdü, cücərməyə başladı.

 İnsan tez-tez gəlib o Budaq Qırığına baxırdı, onu yavaşca ora-bura tərpədirdi, yoxlayırdı və bir gəlişində də sarığı açıb tulladı. Cücərməyə başlamış Budaq Qırığı isə Qaysı Ağacına pərçim olunduğu vaxtdan etibarən ilk dəfə özünü sərbəst hiss etdi və doyunca nəfəs aldı.

 Yay gəldi, o cavan Qaysı Ağacının budaqları ilk dəfə bar – iri, sarı qaysılar – gətirdi, o uzanmış, yarpaqlamış calağ isə yalnız gələn yazda çiçəklədi və bar gətirdi, amma onun bitirdiyi qaysılar tamam başqa cür idi – kiçik, qırmızımtıl. O kiçik, qırmızımtıl qaysıların qoxusu da başqa idi və Qaysı Ağacının budaqları, o iri, sarı qaysılar bu qoxunu, bu başqalığı və belə bir qonşuluğu heç cürə qəbul edə bilmirdi, ancaq nə etmək olardı? – bu qoxuya da, bu başqalığa da və bu qonşuluğa da dözməyə məcbur idilər, çünki hansısa bir çıxış yolu yox idi. İki il bundan əvvəlki Budaq qırığı indi bar gətirən Calaq Budaq olmuşdu və özünün kiçik, qırmızımtıl qaysıları ilə fəxr edirdi, ancaq o da Qaysı Ağacının iri, sarı qaysılarının qoxusunu, başqalığını, qonşuluğu heç cürə qəbul edə bimirdi. Nə olsun? O, nə edə bilərdi? – bu qoxuya da, bu başqalığa və daimi qonşuluğa da dözməyə məcbur idi; iki il bundan əvvəl ayrıldığı öz doğma ağacını yalnız təsəvvürünə gətirə bilirdi, yalnız xəyalında görürdü.

O Qaysı Ağacının Calaq Budağın düşüncələrindən xəbəri yox idi. Qaysı Ağacının bundan da xəbəri yox idi ki, eləcə qəddarlıqla budağını kəsib, o yad budaq qırığını ona pərçim etmiş İnsan – həvəskar bioloq idi, cürbəcür təcrübələr aparırdı, eyni ağaca cürbəcür calaqlar vururdu. Düzdü, Qaysı Ağacının bundan xəbəri yox idi, ancaq tez-tez yuxuda o böyük bağban bıçağını görürdü, bıçağın iti ucunu budaqlarında hiss edirdi, hövlnak yuxudan ayılırdı və həmin gecəni daha yata bilmirdi. Və doğrudan da növbəti yaz gələndə İnsan həmin qorxunc bağban bıçağı ilə Qaysı Ağacının daha iki budağını kəsdi və o kəsik yerlərinin də qabıqlarının arasına yad budaq qırıqları pərçim edib, onları da eləcə parça ilə dolayıb, məftillə bərk-bərk sarıdı.

 İnsan kəsilən budaqların qışqırtısını, fəryadını eşitmirdi, amma ağrı içində, işgəncə içində olan Qaysı Ağacı öz budaqlarının naləsini, əlbəttə, eşidirdi, ancaq o tamam əlacsız idi – İnsanın əlindən tutub, saxlaya bilməzdi ki – və bu əlacsız ağrı, işgəncə içində olan Qaysı Ağacı kəsilib, yerə atılan budaqlarına baxırdı. Sonra İnsan o budaqları qucağına yığıb aparırdı və hərdən elə olurdu ki, qırılmış budaqladan biri İnsanın qucağından sürüşüb, yerə düşürdü. Qaysı Ağacı günlər keçdikcə baxa-baxa yerə düşmüş o doğma budağın quruyub taxtaya dönməyini görürdü.

 

lll

 

Get-gedə yaşa dolan və öz taleyi ilə barışmaqdan başqa əlacı qalmayan Qaysı Ağacı o təzə (və yad!) budaq qırıqlarına da su verdi, onlar da yerlərini bərkitdilər, bu ağacın kəsilmiş budağına yapışdılar, onlar da cücərdi, onların da ürəyi ayrıldıqları ana ağacın xiffətini çəkdi və qəribədir, bu calaq budaqlar uzandıqca, yarpaqladıqca o xiffət hissi nəinki azalırdı, əksinə daha da artırdı və onlar – o calaq budaqlar gecələr yatanda çox vaxt ana ağaclarını yuxuda görürdülər. Və o budaqlar da bar verməyə başladı, amma onların barları nə isə tamam başqa bir şey idi və ətrafda şaftalı ağacı olmadığı üçün, Qaysı Ağacı da, meyvələri də bu şaftalıları tanıya bilmirdi, amma o bəhrələrin qoxusu, özgəliyi kiçik və qırmızımtıl qaysılardan qat-qat artıq idi. Hərdən külək əsəndə, budaqlar bir-birinə toxunanda, şaftalının tükləri qaysılara toxunurdu və bu zaman Qaysı Ağacının bütün varlığı sarsılırdı, ona elə gəlirdi ki, külək yox, qara bəxtidir onu beləcə sığallayan.

 İnsan biologiyanı çox sevirdi və onun üçün çox xoş idi ki, öz əli ilə təbiətdə möcüzə yaradır: Qaysı Ağacına vurduğu şaftalı calağı beləcə tutur və adi qaysı ağacı gözəl şaftalılar yetişdirir; illər bir-birini əvəz etdikcə İnsan da cürbəcür qaysı, şaftalı, hektar növlərini Qaysı Ağacına calaq edirdi, tutan tuturdu, tutmayanın yerində isə gələn il yenidən calaq edirdi. İnsan hər dəfə calaq üçün bir çubuq qırığı gətirəndə, Qaysı ağacını dəhşət basırdı – təkcə ona görə yox ki, yenə hansısa budağı kəsiləcəkdi, yenə dözülməz ağrılar başlayacaqdı, həm də ona görə ki, bütün varlığını qara bir nigarançılıq bürüyürdü: görəsən İnsan onun budağına bu dəfə nə pərçim edəcək?

 O Qaysı Ağacının özünün yalnız bir budağı qaldı, o birilərinin hamısı calağ idi və İnsan bu calaqlı ağacla fəxr edirdi, onu qonaqlarına göstərirdi. Hər budağında bir növ meyvə yetişdirilən bu möcüzə ağac haqqında qəzetlərdə yazırdılar, onu televizorda göstərirdilər, ancaq Qaysı Ağacın, aydın məsələdir, bütün bunlardan xəbəri yox idi, çünki qəzet oxumurdu, televizora baxmırdı və o, daimi bir iztirab içində yaşayırdı. O calaq budaqlar da hər gün bir-birinin yad görkəmini görə-görə, bir-birinin yad qoxusunu hiss edə-edə, bir-birinin yad dilini eşidə-eşidə bəxtlərinə düşmüş belə bir ömür yaşayırdılar.

 Artıq yaşlaşmış Qaysı Ağacı o bağda ən ağıllı ağaclardan biri idi, bütün içini sarsıdan daimi bir kədərlə düşünür və öz taleyinə etiraz edirdi: “Nə üçün belədir? Nə üçün Yaradan məni İnsanın başqa budaq qırığlarına məhəbbəti ilə mükafatlandırıb? Mən nə günah işləmişəm ki, belə bir mükafata layiq görülmüşəm? Nə üçün mən qaçıb o bıçaqdan qurtula bilmirəm? Ona görə ki, Yaradan məni belə yaradıb? Axı, mən daha Onun yaratdığı deyiləm! Mən indi adsız, eybəcər, Yaradanın yox, insanın yaratdığı əcaib bir varlıq olmuşam. Onda nə üçün mən də ağacların taleyini yaşamalıyam?” Qaysı Ağacı bunu yalnız gövdəsi və təkcə budağı – öz budağı ilə fikirləşirdi, çünki calaq budaqlar nəinki bir-birini başa düşmürdülər, onlar Qaysı ağacının düşüncələrindən, iztirablarından da tamam xəbərsiz idilər. Qaysı Ağacı öz düşüncələrinin içində qapanıb qalmışdı.

 

lll

 

Bütün bunlar azmış kimi, başqa bir bədbəxtlik baş verdi: Qaysı Ağacının tək qalmış doğma budağı həyatdan o qədər küsdü ki, Qaysı Ağacının bütün cidd-cəhdinə, var gücü ilə o son budağını xilas etmək ehtirasına baxmayaraq, qurudu.

 

lll

 

Hər yaz gələndə Qaysı Ağacının enləmiş gövdəsindən şaxələnmiş yad budaqlar cücərir, yarpaqlayır, gül açır və hər budaq da bir cür meyvə yetişdirirdi. Onları – o qoca gövdəni də, o budaqları da yalnız daimi bir kədər birləşdirirdi – hər birinin öz kədəri.

 

 

19 iyul 2009. Zuğulba.

 

Elçin EFENDİYEV

 

525-ci qəzet.- 2011.- 12 mart.- S.21.