Türkün söz karvanı

 

(“Duyğular” silsiləsindən)

 

Bu, xırdaca bir türk şeiridi, ilk dəfə eşitdiyimdə məni necə sarsıtmışdısa, bu gün də hər səslənişində məni məndən eləyir. İntəhası nə qədər yığcam, aydın, təsirli olsa da paradoksal haldır ki, heç cürə yadımda qalmırdı. Bəlkə də gündəlik udduğum hava, yediyim əkmək, içdiyim su kimi təbii olduğuna görə. Zamandı ki, böyrümdən, başımdan, qulağımdan, gözümün ucundan yan keçirdi. Tutub saxlaya, yaddaşıma həkk eləyə bilmirdim. Bəlkə yuxarıda gətirdiyim səbəblərə görə, ya bəlkə zamanın qaçdı-qovdusunda bulunduğum üçün. Kim bilir bəlkə də məlun şeytan işiydi bu... Sonra, günlərin birində ANS telekanalında istedadlı həmkarım Sevil Nuriyevanın aparıcısı olduğu “Zərif çərşənbə” proqramında həmin şeiri Xalq artisti, kaman ustadı Habil Əliyevin dilindən bir də eşitdim. Həmişə şux zarafatları, yandırıcı atmacaları, öldürücü satirasıyla seçilən qocaman sənətkarın körpə uşaqlar sayağı ağlamsına-ağlamsına dilə gətirdiyi o şeir məni bir daha ovsunladı. Ən çox da həmin şeiri dinləyə-dinləyə Sevil Nuriyevanın doluxsunmuş gözləri, indicə döyülüb-söyülmüş körpə uşaq misallı sifət cizgiləri əbədilik yaddaşıma köçdü. Digəlki zahiri görüntülərə varıb da şeiri başdan ayağacan öyrənə bilmədim. Anladım ki, hə, yaş öz sözün deyir yavaş-yavaş. Zarafat deyil gör ömrün neçənci pilləsindəyik. Sonra Mədəniyyət və İncəsənət Universitetində birgə çalışdığımız yazıçı-dramaturq, professor Aqşin Babayevin Türkiyəni, onun ədəbi mühitini yaxşı tanıdığını bildiyimdən ona yan aldım. Şeirdən, onun müəllifindən xəbəri olsa da əzbər bilmədiyini dedi. Amma sonra qayıtdı ki, “Ədəbiyyat və Azərbaycan dili” kafedrasında bilavasitə belə məsələlərdə usta olan bir müəllim həmkarımız var- Aydın Abi adında. Sən ona genəşsən istədiyini alacaqsan.

Bu da Aydın Abi. Sakit, kövrək bir insan, “Sənətşünaslıq” fakültəsinin ən hörmətli professorlarından biri, tələbələrin sevimlisi. Üstəlik də türk ədəbiyyatının mahir bilicisi, sinədəftər. Dərdimdən xəbər tutan kimi məni çəkdi boş auditoriyalardan birinə, dedi ki, aç dəftər-kitabını, mən deyim, sən yaz. Yaz ki, ötən əyyamlarda İstanbul Türkiyəsində “Beş hecaçı” adında cərəyana bənzər bir birlik olub. Bu beş nəfər istedadlı şair əlbir-dilbir olub türk heca vəzninin müdafiəsinə qalxıblar. Özü də bu vəzndə gözəl şeirlər yazmaqla. Onlardan biri də Faruk Nafis Çamlıbel olur. Günlərin bir günündə şair körpəcə bir qız uşağıyla anası arasında çox da uzun çəkməyən bir dialoqun şahidi olur. Qadın da kim olsa yaxşıdır, bu vaxtacan üç qız övladını dünyaya gətirib, minbir əzab-əziyyətlə onlara cer-cehiz düzəldib ər evinə köçürən, ən sondasa bütün ümidlərini son beşiyi olan qız yavrusuna bağlayıb da günlərini bir təhər yola verən zavalı bir türk anası...

Nə isə, körpəcə qızla anasının arasında gedən deyişmədən sarsılan şair evə gəlib sonralar türk poeziyasının şedevrlərindən birini kağıza köçürür.

Aydın Abi bunları deyib də şeiri özünə xas olan ahəstə səslə, gözləri dola-dola söylədi, mən də nəhayət ki, qələmə ala bildim. Sonra hər ikimiz yaşarmış gözlərimizi silib ayrıldıq. O gündən həmin şeir dilimin əzbərinə çevrilib. Gecənin bir aləmi yuxumdan eləyib soruşsalar çaşmadan söyləyə bilərəm. Təkrar da olsa sizin də nəzərinizə yetirmək istərdim o şeiri, əziz oxucular. Adı “Zeynəb”dir. Amma bu yerdə bir qədər ara verib ümumiyyətlə türkün sözü, şeiri, şərqiləri barədə bəlkə də çoxuna bəlli olan fikirlərimi sizlərlə bölüşmək istərdim.

Burası məni çox düşündürüb: türk dilli, türk mənşəli xalqlar, tayfalar, qövmlər arasında niyə Türkiyə türkcəsində araya gələn poeziya nümunələri, eləcə də mahnı mətnləri bu qədər mənalı, təsirli, bütün dövrlərin insanlarının ruhuna bir bu qədər yaxındır? Kim hökm verə bilər ki, Mövlanə Cəlaləddin Rumidən üzü bu yana Əbdülhəq Hamidin, Dadaloğlunun, Qaracaoğlanın, Aşıq Veysəlin, Məhmət Akifin, Tofiq Fikrətin, Rza Tofiqin, Nihal Atsızın, Yəhya Kamalın, Nazim Hikmətin şeirləri, yaxud mahnı kralları Zəki Mürenin, Yaşar Özəlin, Nəsrin Sipahinin, Əməl Sayının, Qaraböcəyin, Adnan Şənsəsin, Sibel Canın, Bülənd Ərsoyun oxuduğu mahnıların xoş sədaları uzaq-uzaq əsrlərə gedib çatmayacaq? Axı bu sözlər, bu şeirlər nəinki seçmə zatların, elitar cəmiyyətin, bütünlükdə sadə türk xalqının, türk uluslarının ürəyindən xəbər verib və verməkdədir. Və mən heç də orijinal olmayan bu qənaətə gəlmişəm ki, əsrlərlə yer kürəsinin bir sıra məmləkətlərini təsir dairəsində saxlayan türklər aydın, anlaşıqlı, eyni zamanda təsirli danışmağa, fikir və düşüncələrini poetik biçimdə, özü də tez qavranılan tərzdə biri-birilərinə çatdırmağa nail olmaq üçün uzun, çox uzun yollardan keçməli, çeşidli coğrafi əzazilər qət etməli, iqlimlərlə üzləşməli olublar. Osmanlı imperiyasının tərkibində bulunmuş məmləkətlərin tam olmayan siyahısına nəzər yetirək: Bolqarıstan (545 il), Egey adaları (541 il), Yuqoslaviya (539 il), Rumınya (490 il), Suriya (402 il), Fələstin (402 il), Gürcüstan (400 il), Ərəbistan (399 il), Misir (397 il), Somali (350 il), Əlcəzair (313 il), Ukrayna (308 il), Kipr (293 il), Cənubi Rusiya (291 il), Macarıstan (160 il), Hindistan (100 il), Albaniya (43 il), Polşa (25 il), Qərbi Rusiya (25 il), Belarusiya (25 il), Çexiya (20 il) və sairə.

At belində, payi-piyadə yollardan keçdilər, gah yağışlar, qarlar, gah küləklər döydü onları, ərəb səhralarında günəş qovurğa kimi qovurdu. Amma dözdülər. Bu dözümüsə onlara bağışlayan türk olduqlarından, türkcə danışmalarından və türk dilinin qədimliyindən, ululuğundan duyduqları fəxarət hissi idi. Bu uzaq, tarixi səfərlərdə onlar lal-dinməz yol ölçə bilməzdilər. Biri-biriləriylə sıx ünsiyyət yaratmalı, deyib-gülməli, şaka yapmalı, lətifələr düzüb qoşmalı, yollar boyu rast gəldikləri, ilk dəfə gördükləri hər nəsnəyə ad yaraşdırmalı, ona öz dillərində yer verməliydilər. Tutduqları, aldıqları, bəzilərinin haqsız yerə yazdığı kimi “zəbt elədikləri” yerləri türklər viran qoymur, yerlə yeksan etmirdilər, insanlarını qırmır, incitmir, dinlərinə, inanclarına hörmətlə yanaşırdılar. Bu ünsiyyətin sayəsində türklər türk olmayanlarla qohumluq əlaqələri də yaratdılar, bir-birinə qız verib qız aldılar. Dillərini öyrəndilər. Onlara türk dilini öyrətdilər. Və beləcə qocaman türk dili dünyada ən zəngin lüğət fonduna sahib oldu. Sonra, bu möhtəşəm qabarmalar öz yerini çəkilmələr erasına verdi. Türkü, türk dilini gözü götürməyənlər tarix səhnəsində peyda oldular. Onu müxtəlif dini, mifik, siyasi ideologiyaların təsiri ilə hər yandan sıxışdırmağa başladılar. Bu da bir iri çevriliş, savaş, təbəddülat, çatışma idi. Vaxtilə qət etdiyi uzun yollar indi onu geriyə, sonralar əbədi məskunlaşacağı yerlərə qaytarırdı. Bu da bir tarixi fəlakət, bəşər narahatlığı, başlıcası isə böyük dil hadisəsi, yaxşı mənada dil renesansı idi. Türk itirdiyindən daha çox qazandıqlarıyla geri dönürdü. İçində, xəyalında yüz illərlə sahibi olduğu torpaqların, düşürülmüş bayraqların, ünsiyyət yaratdıqları qövmlərin, qan qohumlarının həsrəti, xiffəti. Formasiyaları, etapları, ömrü, zamanı bir yerdə qərar tutmadan, eləcə yollarda, at belində, Ayın, Günəşin şöləsi, ulduzların ziyası altında yola salmışdılar. Tarixi yaradırdılarsa da, özlərinə, başlıcası isə uludan ulu sandıqları türk dilinə o qədər arxayındılar ki, onu qələmə almırdılar, heç buna vaxtları da yox idi, eləcə dövrün, zamanın öhdəsinə buraxmışdılar. Bu dil yalnızca ətdən, damardan ibarət dil deyildi, bu həm də bəlağətli idi, nida idi, hər ləhzəsi, vurğusu, gözəlliyi ilə yaddaşda əbədiləşən bir hadisəydi. Ayaqlar üzəngidə, sol əldə cilov, sağ əldə qılınc, gözlərsə bitib-tükənməz yollarda. Necə yazaydı türk öz tarixini? O özü bir tarix idi və onu başqaları istər-istəməz yazırdılar. Kimisi düzünə, kimisi tərsinə. Amma bu, türkün eyninə deyildi. Onu daim qayım saxlayan, qanına hərarət gətirən dili vardı. Eləcə sevə-sevə danışırdı, bu dildə biri-birilərini hoylayırdılar, qonuşurdular.

Bir vaxt üzünü dərin göylərə tutub öz işlərini Aydan, Günəşdən, ulduzlardan bilən türk zaman gəldi ki, onları da uca Allahın yaratdığına inandı və Allahın nişan verdiyi tanrı evinə- məscidlərə, ibadətgahlara sığındı. Sonralarsa xaçpərəst məkrinə, səlib yürüşlərinə məruz qalanda “Allahu Əkbər!” deyib irəli şığıdı. Bu da bir dil hadisəsi, paradoksuydu. Böyük, dünyəvi dinə, bir olan Allaha tapınmaqları bir yandan, bir yandan da zaman-zaman geridə qoyub gəldikləri səfalı yerlərin –uca dağların, mavi göllərin, yovşanlı çöllərin, axar çayların xiffəti... Davamlı olaraq yaşayırdı bu həsrəti türk. Bu gün də yaşamaqdadı. Su gələn arxa bir də gələr, demiş atalar. 1976-cı ildə Yuqoslaviyada, Sarayevonun qədim camesində bir türk ağsaqqalından eşitdiyim sözlər daim qulaqlarımda çınlayır: “Bu çarx fırlanıyor, oğlum, növbə bizə də yetişəcək. Sadəcə artmalı, artmalı, 100 milyonu ötməliyiz”.

Bəli, türk uzun əsrlərdi bu həsrəti içində daşıyır və dilə gətirir. Bir zaman yaza bildiklərini ərəb hürafatında qələmə almağa başladı. Möhtəşəm yazılı türk ədəbiyyatının bünövrəsi beləcə qoyuldu. Yazıya ala bilmədiklərini isə eləcə havaya, suya, Aya, Günəşə, ulduzlara- başqa sözlə desək boşuna söyləyirdi. İntəhası “boşuna” söylədiklərini əsrlərdən, minilliklərin dərinliklərindən qopub gələn elə sözlər, kəlmələr, hikmət dolu deyimlərlə, üstəlik də elə duyğulu, təsirli, axıcı bir biçimdə süsləyirdi ki, həmən yaddaşlara hopur, gələcək əsrlərə yol alan söz karvanına qoşulurdu- Mövlanə Cəlaləddin Rumini, Yunus Əmrəni, Nəsimini, Füzulini, Əbdülhəqq Hamidi, Sabiri, Məhməd Akifi, Yəhya Kamalı, Nazim Hikməti, Aşıq alını, Dədə Ələsgəri, Səməd Vurğunu, Rəsul Rzanı, Əli Kərimi, Məmməd Arazı, Xəlil Rzanı, Musa Yaqubu, Ələkbər Salahzadəni, Fikrət Qocanı, Ramiz Rövşəni bizlərə yetirən türk SÖZ KARVANINA...

İndi isə mənə bu yazını yazdıran şeiri-müəllifi XX əsrin böyük türk şairlərindən olmuş Faruk Nafis Çamlıbelin “Zeynəb” adlı 16 misralıq poetik incisini oxucuların nəzərinə çatdırıram.

    

Annesi dün Zeynəbə

“Mələk yavrum” diyordu.

Eşidincə bu sözü

Qız merak etdi, sordu:

“Mələk yavrum nə demək?

Doğrusu anlamadım.

Mələk kanatlı olur

Hanı benim kanadım?”

Cavab verdi annesi:

“Üç yavrum daha vardı

Onlar kanatlanaraq

Əlimdən uçmuşlardı

Həp yalnız buraxdılar

Bu zavalı qadını

Barı sən uçma deyə

Kopardım kanadını”.

    

Əlbəttə, mən sözümü bu yerdəcə tamamlaya bilərdim. Amma “525-ci qəzet”in bu səhifəsini tərtib edən həmkarımdan üzürxahlıq edib bir məqamı yazıma əlavə etmək istərdim. Məsələ burasındadır ki, bu yazımdaca adı keçən daha bir Azərbaycan şairinin demək olar ki, analoji şeirindən yan ötüşə bilmədim. Mənə belə gəlir ki, fərqli münasibətlərlə və tamam başqa dövrlərdə yazılsalar da bu iki şeiri son dərəcə doğma bağlar birləşdirir; aydın, təmiz türkcə ən adi həyat faktlarına qeyri-adi, şairanə baxış, fikri, məramı, poetik obrazı çox adi, gündəlik həyatda işlətdiyimiz sözlərlə ifadə eləmək bacarığı. Söhbət həyatdan vaxtsız getmiş istedadlı şairimiz Əli Kərimin 17 misradan ibarət “Nəğmələrin yuvası” şeirindən gedir.

 

Gecə düşür...

Susur bütün nəğmələr,

Susur şəhər.

Oğlum Paşa

Oğlum Azər

Deyirlər:

Nəğmələr harda yatır,

Yuvaları hardadır?

Deyirəm ki:- ay Paşa

Deyirəm ki:- ay Azər

Sizin ürəyinizdə

Gecələyir nəğmələr...

Bir azdan oğlum Paşa

Bir azdan oğlum Azər

Yatırlar, ürəklərinin

Başına qoyub təmiz,

Balaca əllərini.

Vəssalam.

 

20 yanvar 2011 

 

 

İntiqam Mehdizadə

 

525-ci qəzet.- 2011.- 12 mart.- S.20.