Ötən günlərdən səhifələr

 

“ÜRƏYİMDƏN KİMLƏR KEÇDİ” SİLSİLƏSİNDƏN

 

Bir zaman yazmaq istədiyim elə fikirlər, xatirələr, duyumlar olub ki, nəyə görəsə yazmamışam, atmışam yaddaşımın bir “küncünə”. İndi zaman keçəndən sonra o sözlə, duyumlar, anmalar, xatirələr yaddaşımın “dolaylar”ından elə hey bu işıqlı dünyaya çıxmaq istəyir.

 Filologiya elmləri namizədi, pedaqoq, stomatoloq Bəylər Məmmədovla ilk tanışlığım 1982-ci ildə olub. İşlədiyim “Yazıçı” nəşriyyatı onun “Xurşudbanu Natəvan” monoqrafiyasını çapa hazırlayırdı. Şahidiyəm ki, Bəylər müəllim hər kəlmənin, ibarənin, faktın üstündə necə əsirdi. Yeri gəlmişkən deyim ki, Bəylər müəllimin bu monoqrafiyası X.Natəvan haqqında yazılmış əsərlər içərisində öz dolğunluğu, tarixi faktların zənginliyi və oxunaqlığı ilə seçilən əsərdir.

1982-ci ildə “Mənim dünyamın adamları” adlı ilk nəsr kitabım nəşr olunmuşdu. İndi minnətdarlıq hissilə xatırlayıram ki, mənim hekayələr kitabım haqda ilk sözü də Bəylər müəllim demişdi, “Təbii lövhələr” adlı məqalə yazaraq “Azərbaycan gəncləri” qəzetində çap etdirmişdi. Bəylər Məmmədov öz imzası ilə oxucunun gözünü “qabar” edənlərdən deyildi. Az-az yazırdı, amma yazdığı maraqla qarşılanardı. Çünki hər yazısı tapıntı idi. 1984-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində onun “Xurşudbanu Natəvanın şair qohumları” sərlövhəli maraqlı bir məqaləsi çıxmışdı. Mən o zaman “Yazıçı” nəşriyyatında klassik ədəbiyyat və folklor redaksiyasının müdiri işləyirdim. Eyni zamanda nəşriyyatın Həmkarlar İttifaqının sədri idim. Ona görə də, istər-istəməz, unudulmaz direktorumuz, gözəl naşir Əjdər Xanbabayevlə, demək olar, hər gün ünsiyyətdə olurdum. “Ədəbiyyat və incəsənət” qəzeti həftədə bir dəfə, cümə günü çıxırdı. Bəylər müəllimin məqaləsi qəzetdə çıxan gün səhər-səhər Əjdər müəllimin kabinetində onunla görüşdüm. Əjdər müəllim ona çox yaraşan təbəssümlə:

 – Bəylər Məmmədovun məqaləsini oxumusan?soruşdu.

 – Bəli.

 – Yaxşı məqalədi, – dedi.

– Əjdər müəllim, – dedim, – bu məqaləni genişləndirib kitab kimi çap etmək də olar. Əjdər müəllim fikrimlə razılaşdı. Yeri gəlmişkən deyim ki, Əjdər Xanbabayev nəşriyyat direktoru olaraq hər bir dəyərli təklifi müsbət qarşılayardı və həyata keçməsinə çalışardı. Otağıma qayıdandan sonra Bəylər müəllimə zəng vurdum, məqalə münasibəti ilə təbrik edib dedim ki, yaxşı olar, məqalədə adı çəkilən şairlərin şeirlərini toplayasınız, biz də kitab halında çap edək. Bəylər müəllim belə bir niyyəti olmadığını söyləsə də təklifimi qəbul etdi. “Amma xeyli axtarış aparmaq lazımdır” – dedi. Bəylər müəllim düz bir il material topladı. 1989-cu ildə bu kitab işıq üzü gördü. “Natəvanın şair qohumları” adlanan bu kitabında Bəylər Məmmədov oxuculara ilk dəfə Gövhər ağa, Bədircahan bəyim, Fətəli bəy Hali, Müsahib Gəncəvi, Axund Molla Abbas Cavanşir, Mirzə Məmmədqulu Hakim, Xanbikə və başqaları haqqında dolğun məlumat vermiş, əsərlərindən nümunələr gətirmişdir. Bəylər müəllimin təbiətində bir rəssamlıq da vardı. O, şəkli əldə olmayan sənətkarların portretini sözlə elə rəsm edirdi ki, sanki XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış Ağabəyim ağanı, Əbülfət xan Tutini, Gövhər ağanı, Müsahib Gəncəvini və b. elə bil öz gözü ilə görmüşdü. Məhz buna görə kitabın rəssamı mərhum Azər Ələkbərov adlarını andığımız şairlərin portretlərini çox canlı işləyə bilmişdi. Bəylər müəllim Qarabağın tarixini, ordan çıxmış şair və ədiblərin həyatını çox gözəl bilirdi. Söhbətlərini zərif lətifələrlə, ibrətli kəlamlar, mənalı beytlərlə süsləyərdi. Çünki onun təbiətində yazıçılıq, şairlik xisləti vardı. Yaxşı yadımdadır, şair Məmməd İsmayılın, mənim, jurnalist Elçin Cabbarovun iştirak etdiyi xudmani bir məclisdə Bəylər müəllim bizə öz şeirlərini oxumuşdu. Xan qızı Natəvana həsr etdiyi şeir belə başlayırdı Açıb vərəq-vərəq can dəftərini, Üzündə qüssəni, məlalı gördüm. Həssas şairin titrək qəlbini Hicran pəncəsində yaralı gördüm. Bəylər Məmmədov o dövrdə “Ulduz” jurnalında “Ənqa” adlı ibrətamiz bir hekayə də nəşr etdirmişdi. “Yazıçı” nəşriyyatında “Azərbaycan romanı” seriyasından kitablar nəşr olunurdu. Öz milli ruhu ilə mənə çox doğma olan, əsərlərini sevə-sevə oxuduğum Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” və “Qızlar bulağı” romanları nəşriyyatın tematik planına salınmışdı. O zaman nəşriyyatın baş redaktoru Sabir Rüstəmxanlıya dedim ki, bəlkə, Yusif Vəzirin “Qan içində” romanını “bərpa” edək. Bilirdik ki, bu roman zamanında müəyyən ixtisarlara məruz qalmış, hətta adı da (“İki od arasında”) dəyişdirilərək “Qan içində” adı ilə nəşr olunmuşdur. Sabir Rüstəmxanlı nəşriyyatın baş redaktoru olaraq çox demokratik və cəsarətli idi. O zaman Mətbuat Komitəsinin iclasları bir qayda olaraq rus dilində keçirilirdi. Əlbəttə, ürəkdə heç kəs dilimizə olan bu sayğısızlıqla barışmırdı. Sabir Rüstəmxanlı isə açıq şəkildə etiraz edərək rəhbər işçilərdən ana dilimizə sayğı ilə yanaşmalarını tələb edirdi. Lakin o zaman onun bu etirazı sükutla qarşılanırdı. “Yazıçı” nəşriyyatı əvvəl “Kommunist” – indiki “Xalq qəzeti”nin, “AzərTAc”ın binasında yerləşirdi. 1984-cü ildə nəşriyyat “Növbahar” restoranının üstünə – Natəvan meydanına köçdü və məlum oldu ki, nəşriyyatın yerləşdiyi ünvan “kirvələr”dən birisinin adını daşıyır. Nəşriyyatın direktoru Əjdər Xanbabayev və Sabir Rüstəmxanlı (o cümlədən əməkdaşlar) heç cür razılaşa bilmirdilər ki, Azərbaycan yazıçılarının 20-30 min tirajla çap olunan kitablarının ünvanı “yan” familiyalı birisinin adı ilə getsin. Böyük inadkarlıqdan sonra Bakı Soveti icazə verdi ki, “Yazıçı” nəşriyyatının ünvanı Natəvan meydanı – 1 yazılsın. Nə isə, nəşriyyatın baş redaktoru Sabir Rüstəmxanlının razılığını aldıqdan sonra əlyazmasını bərpa etmək üçün Y.V.Çəmənzəminlinin tədqiqatçısı filologiya elmləri doktoru Tofiq Hüseynova müraciət etdim. Tofiq müəllim bu işi çox həvəslə gördü. Vaxtilə romandan Böyük Pyotrla, onun işğalçılıq planları, ermənilərə arxa durması, Çar Rusiyasının məkrli siyasəti haqda yazıçının fikir və düşüncələrini əks etdirən məqamlar ixtisar edilmişdi. Və əlbəttə, bu ixtisara görə kimsəni qınamağa haqqımız yoxdur. Çünki əks təqdirdə əsər Qlavlitdən keçməzdi. (Yazıçının 1937-ci ilin aprel ayında tamamladığı bu əsər ilk dəfə “Azərbaycan” jurnalının 1960 (¹ 11, 12) və 1961-ci il (¹ 1) nömrələrində çap olunmuşdur.) İndi romanın ilk çapından çox zaman keçdiyindən belə yenidən “bərpa” etmək cəsarətində bulunmuşduq. Kitaba öz söz yazan Tofiq Hüseynov qeyd etmişdi ki, “yeni nəşrdə 1976-cı il nəşri əsas götürülmüş və bir daha avtoqrafla onun arasında müqaisə aparılmış, əlyazmasına uyğun bir sıra mühüm düzəlişlər edilmiş, ixtisarlar bərpa olunmuşdur”. Mən kitabın redaktorluğunu – əslində isə bu işin məsuliyyətini öz üzərimə götürmüşdüm... Doğrusu, sonda romanın əvvəlki “İki od arasında” adı ilə çap olunmasından ehtiyat etdim. Roman “Qan içində” adı ilə dəfələrlə çap olunmuşdu, indi birdən-birə “İki od arasında” adı ilə çap edilərdisə, diqqəti cəlb edə bilərdi. Nəhayət romanı çapa hazırladıq. Adətən təkrar nəşrlər Qlavlitə göndərilmirdi. Mən isə ön sözü bəhanə edərək romanın bütün korrektura nüsxəsini Qlavlitə göndərdim ki, məsuliyyəti bölüşdürüm. Beləliklə Y.V.Çəmənzəminlinin romanı 1987-ci ildə ixtisarsız nəşr olundu. Və bu ərəfədə Bəylər müəllimlə Y.V.Çəmənzəminli haqqında, onun ədəbi və şəxsi taleyi barədə söhbətlər edirdik. Y.V.Çəmənzəminlinin Qurban Səid imzası ilə xaricdə çap olunmuş “Əli və Nino” adlı romanının çap olunması barədə də ilk dəfə ondan eşitmişdim. (Bu romanın müəllifinin kimliyi barədə dövri mətbuatda çoxlu sayda müzakirələr aparılıb, mühakimələr irəli sürülüb və hələ də mübahisələrə son qoyulmayıb.) Onu da deyim ki, Mirzə Xəzərin tərcüməsində “Əli və Nino” romanı “Azərbaycan” jurnalında dərc olunduqdan sonra bu əsərin Y.V.Çəmənzəmnliyə məxsusluğu barədə mətbuatda ilk yazanlardan birisi də Bəylər Məmmədov idi. Roman jurnalın iki nömrəsində çap olunmuşdu, mən əsərin jurnal variantını cildlətdirib növbəti il üçün nəşriyyatın tematik planına saldırmışdım. Bəylər müəllimin təşəbbüsü ilə 1989-cu ilin mart ayında Balaxanıda M.Ə.Sabir adına məktəbdə Sabir Rüstəmxanlı ilə mənim görüşümüz keçirildi. Adını unutduğum yerli bir rəssam kitablardakı şəkillərimizə əsasən iri portretlərimizi çəkmişdi. Heyrət doğuracaq qədər oxşarlıq vardı və bu portreti o günün əziz xatirəsi kimi saxlayıram. Bir də o gün ona görə yadımdan çıxmır ki, filarmoniyada unudulmaz xanəndə Hacıbaba Hüseynovun yubiley gecəsi keçirilirdi. Sabir Rüstəmxanlı ilə Bəylər Məmmədov başqa bir tədbirə gedəcəkdilər, ona görə də onlara bağışlanan qərənfilləri də mənə verdilər. Filormoniyaya bir qucaq güllə gəlmişdim. Çox möhtəşəm bir gecəydi və bu tədbirdə ünlü sənətkarlarımız iştirak edirdilər. O gecə doqquz yaşlı oğlum Ceyhun çıxış edənlərə gül daşımaqdan yorulmuşdu. Bəylər Məmmədov həm də musiqini, klassik muğamlarımızı çox sevirdi. O zaman mənim Respublika radiosunda musiqili-ədəbi verilişlərim müntəzəm səslənirdi. Bəylər müəllim bu verilişlərin hamısına qulaq asar və öz fikrini hökmən bildirərdi. Bir dəfə nəşriyyata gələndə dedi ki, yaxşı bir kitab hazırlayıram. Soruşdum ki, kitab nə barədədi? Dedi ki, Qarabağdan çıxmış baməzə adamlar haqqında portret oçerklər yazıram, onların lətifələrini toplayıram. Bəylər Məmmədov çox keçmədi ki, əhdinə sadiq çıxdı.

“Qarabağın baməzə adamları” kitabının əlyazmasını nəşriyyata təqdim etdi. Mən onu o zaman “Yazıçı” nəşriyyatının baş redaktoru, hörmətli yazıçımız Cəmil Əlibəyovla tanış etdim və dəyərli bir kitab hazırladığını söylədim. Beləcə “Qarabağın baməzə adamları” kitabı nəşriyyatın tematik planına salındı. Lakin min təəssüf ki, Bəylər müəllimə kitabının nəşrini görmək qismət olmadı. Bəylər Ağalar oğlu Məmmədov 1991-ci il fevral ayının 15-də Bakıda vəfat etdi. Vəsiyyətinə görə onun cənazəsini oğlu Elşən doğulduğu (1924) Şuşa qalasına apararaq ata-anasının uyuduğu torpağa tapşırdı. Qarabağın tarixini, əbədi mühitini çox gözəl bilən Bəylər Məmmədovun ürəyi erməni qəsbkarlarının yersiz iddialarına dözəmmədi. O tez-tez təəssüf hissilə deyirdi: Şuşa bir Günəşdi, Şuşa bir Aydı, Parisə bənzərdi, dağılmasaydı. Min təəssüf ki, mən “Qarabağın baməzə adamları” kitabını onsuz çapa hazırladım. Əlyazmasını oxuduqca hər səhifəsindən Bəylər Məmmədovun gülər sifəti canlanırdı. İndi də onun yumor dolu söhbətləri, gülüşü, səsi yaddaşımdadır. “Qarabağın baməzə adamları” kitabı 1992-ci ildə15 min tirajla çap olunaraq oxucuların sevimli kitablarından biri oldu. Hər dəfə bu kitabı əlimə götürəndə Bəylər Məmmədovu minnətdarlıq hissilə yad edirəm.

 

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2011.- 12 mart.- S.19.